Icma.az
close
up
RU
Sıfırdan zirvəyə: Böyük biznesin xırda addımları

Sıfırdan zirvəyə: Böyük biznesin xırda addımları

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

İş kabinetinə daxil olub otaqda asta addımlarla gəzişməyə başladı. Bir, iki, üç... Düz 50 addım saydı. Bu gün onun 50 yaşı tamam olurdu. Əllinci addım kreslonun qarşısında sona çatdı. Orada dayandı. Əllərini kreslonun arxasına çarpazlayıb çənəsini üstünə söykədi. Yorğun idi, amma oturmadı. Səhər açılandan bəri ayaq üstə idi. Rəhbərlik etdiyi marketlər şəbəkəsinin növbəti mağazasının açılışında iştirak etmişdi. Bu açılış onun üçün xüsusi məna daşıyırdı — simvolik idi. Öz 50 yaşına özünün verdiyi hədiyyə kimi.

Yeni supermarket onun bu gün ölkə üzrə yayılan şəbəkəsinin təməlini qoyduğu ilk mağazanın düz qarşısında tikilmişdi. Aradan illər keçmiş, məhəllə böyümüş, sakinlərin sayı dəfələrlə artmışdı. Amma o ilk mağaza nə görkəmini dəyişmişdi, nə də ərazisini. Bu yer onun üçün o qədər doğma idi ki, toxunmağa belə ürəyi gəlmirdi. Onillər əvvəl necəydisə, elə də saxlamışdı - sanki açıq muzey kimi. Divarların boyası solanda belə fərqli rəngə boyamaq istəməmişdi. Hər şey keçmişin yadigarı kimi qorunurdu.

Məhəllə böyüdüyündən köhnə mağaza sakinlərin tələbatını qarşılamaqda çətinlik çəkirdi. Bu ehtiyacı nəzərə alaraq, onunla üzbəüz daha böyük bir supermarket inşa olundu. Bu gün həmin supermarketin açılışı idi. Gözləri köhnə mağazada, xəyalları isə illərin arxasında ilişib qalmışdı. Açılışa ölkənin nüfuzlu şəxsləri, yerli məmurlar, tanınmış müğənnilər və jurnalistlər qatılmışdı. İzdiham vardı. Amma o, bu gurultunun içində tək idi - keçdiyi həyat yolu kino lenti kimi gözünün qabağından keçirdi...

Ailəsi olduqca imkansız idi. Atası fəhlə işləyirdi, anası isə günlərlə tikiş maşını arxasında əyləşib evə beş-on manat qazanc gətirməyə çalışırdı. Yaşamaq üçün evdə hər kəs bir şəkildə işləmək məcburiyyətində idi. O da elə uşaqlıqdan zəhmətə alışmışdı. Həftəsonları ya bazarda su satır, ya da yaxınlıqdakı dükanlara çörək daşıyırdı. 

Həyat onun qarşısına saysız-hesabsız imtahanlar çıxarırdı. Amma içində qəribə bir inad, sükutlu dözüm vardı. Bu sınaqlardan keçdikcə daha da möhkəmlənir, həyat dərsləri ilə təcrübə toplayırdı. Hər uğursuzluqdan sonra bir addım daha irəli getməyə çalışır, hər səhvini öyrənmək fürsəti kimi görürdü.

O, heç vaxt böyük xəyalların arxasınca qaçmırdı. Sadəcə çalışırdı. Balaca addımlarla, amma inamla. Sonralar hər şeyin başlanğıcında bu səssiz, yorucu illərin durduğunu dərk edəcəkdi.

İlk qazancı ilə xırda ticarətə başladı. Həyatın bütün ağırlığını çiyinlərində daşımasına baxmayaraq, o bu yolu tək getmədi — ailə üzvləri də əllərindən gələni edərək ona dəstək oldular. Kiçik bir sərmayə yığaraq məhəllədə balaca bir dükan açdı. 

Malları özü alır, özü daşıyırdı. Nə şəxsi maşını vardı, nə də daşımaq üçün kirayə yük maşınına pulu çatırdı. Əlindəki az miqdarda pul ancaq məhsul almağa bəs edirdi. Məcburən topdansatış mağazalarından aldığı malları taksiyə və ya ictimai nəqliyyata yükləyirdi. Bəzən avtobusa üç-dörd yeşik alma qoyar, sonra utana-utana sürücünün və sərnişinlərin narazı baxışlarına tab gətirməyə çalışardı. Əsəbi sürücünün dediklərinə cavab verməz, yalnız “bağışlayın, başqa yolum yoxdur” deyə pıçıldayardı. O anda alnından süzülən tər təkcə fiziki zəhmətin deyil, həm də içindəki utanc və mübarizənin göstəricisi idi.

Günlər bir-birini qovurdu. O, həm işləyir, həm də səhvlərindən öyrənirdi. Qazancı az olsa da, zəhməti böyük idi.

Alış-verişdəki halallıq və dürüstlük onun həyat prinsipləri idi. Ticarətə ilk başladığı gündən etibarən heç vaxt müştərisini aldatmamışdı, malları heç zaman keyfiyyətindən kəsərək satmamışdı. Onun mağazasına daxil olanlar, buradan həm alıcı, həm də insan kimi məmnun ayrılırdılar. Bu, sadəcə ticarət deyildi, güvən, dürüstlük və qarşılıqlı hörmət üzərində qurulmuş bir münasibət idi. 

Lakin demək olmazdı ki, işləri sadəcə yağ kimi gedirdi. Çətinliklər çox idi. Ölkə müstəqillik qazandıqdan sonra iqtisadiyyatın tələbləri dəyişmiş, yeni qaydalar tətbiq olunmuşdu. Rüşvətxorluq isə bir xəstəlik kimi bütün sahələri bürümüşdü. O, işlərini böyüdükcə, rüşvət tələbləri də artmışdı. 

Bəlkə də sərf etdiyi enerji kənardan az görünə bilərdi. Amma o bütün gücünü işinə yönəltmişdi və qanunları yaxşı bilirdi. Hər zaman işinin təmiz olduğuna inanırdı, buna görə də özünü müdafiə etməyi bacarırdı. Rüşvət məbləği nə qədər böyük olursa olsun, o həmişə doğru olanı etməyə üstünlük verirdi. Ədalətsizliyə qarşı susmaq isə onun təbiətində yox idi. Nə qədər güclü olursa olsun, o, özünə doğru yolu seçmişdi. Və bu yol heç zaman asan olmamışdı.

Ölkə dəyişdi. Qanunlar sərtləşdi və sahibkarlığın inkişafı üçün yeni tədbirlər həyata keçirilməyə başlandı. Dövlət, qeyri-qanuni pul tələb etmə hallarına qarşı sərt mübarizəyə başladı. Bu, həm onun, həm də digər sahibkarlar üçün bir növ rahatlama idi. Ticarətindəki şəffaflıq daha da dərinləşdi və o, öz işini daha da mükəmməlləşdirmək üçün bütün diqqətini buna yönəltdi.

Bir neçə il sonra qonşu məhəllədə növbəti mağazasını açdı. Bu, ona həm işini böyütmək, həm də öz təcrübələrini tətbiq etmək imkanı verirdi. Ticarətin sirlərini öyrənərkən, hər gün yeni bir dərs alır, hər bir səhvindən dərs çıxarırdı. Bu səbəbdən də onun işindəki dəqiqlik və tələbkarlıq hər zaman real nəticələr verirdi. Sadə bir çatışmazlıqda belə, özünü narahat hiss edirdi.

Məsələn, bir gün mağazada bir yumurta qırıldı. Bu, kiçik bir səhv kimi görünsə də, onun üçün hər bir detal böyük əhəmiyyət kəsb edirdi. Yumurtanın qırılması nəticəsində dəyən zərəri qiymətləndirərkən, sadəcə maddi tərəfi yox, işin ümumi irəliləməsini də düşünürdü. “Bir yumurtanın qırılması, 10 yumurtanın satışından əldə olunan gəlirə bərabərdir” deyə sadə bir dildə əməkdaşlarına izah edirdi. Onun məqsədi sadəcə ziyanı azaltmaq deyil, həm də hər kəsin işinə qarşı daha diqqətli və məsuliyyətli yanaşmasını təmin etmək idi.

Buna görə də, hər dəfə yeni mağaza açanda, birinci işçi heyətinin yaxşı seçilməsinə diqqət yetirirdi. Yalnız işini yaxşı görən insanlar deyil, həm də dəyərləri onunku ilə uyğun olanlar... Bu, vaxt aparan və yorucu bir proses olsa da, onun üçün vacib idi. Müştəri məmnuniyyətini hər şeydən üstün tuturdu.

Zaman dayanmırdı...

İllər, yalnız təqvimdəki rəqəmləri deyil, həm də onun iş həyatını sürətlə dəyişdirirdi. Hər gün yeni bir çağırış, yeni bir fürsət gətirirdi. Hər yeni gün, sanki yeni bir yarışın başlanğıcı idi. O, həmişə deyirdi ki, “Biz velosiped yarışında hiss etməliyik özümüzü. Dayansaq, aşarıq...” Bu, onun həyat fəlsəfəsi olmuşdu. Nə qədər çətin olsa da, heç vaxt geri addım atmağa razı olmurdu. Hər şeyin öhdəsindən gəlmək üçün daim irəliləməli idi.

Bir zamanlar başqalarının nəzərindən kiçik bir iş adamı kimi görünən o, indi ölkənin ən nüfuzlu sahibkarlarından birinə çevrilmişdi. Bu, heç də asan olmamışdı. İqtisadi azadlıq dövrü başladı, amma bu eyni zamanda yeni rəqiblərin də yaranması demək idi. Hər tində yeni mağazalar açılır, bazara yeni oyunçular daxil olurdu. Onun mübarizəsi indi təkcə özünə deyil, bütün bazara qarşı idi.

Yenə də dayanmırdı. O, hər yeni rəqibin meydana çıxması ilə daha da güclənirdi, bu onu təkcə irəliləməyə deyil, həm də öz metodlarını daha da təkmilləşdirməyə vadar edirdi. Hər bir rəqib ona yeni bir dərs verirdi. Bu mübarizə, həm də onu daha çevik, daha zəhmətkeş, daha əzmli edirdi.

Aradan illər keçmişdi. İndi yalnız öz məhəlləsində deyil, bütün ölkə üzrə fəaliyyət göstərən nəhəng şirkətə rəhbərlik edirdi. Rəqibləri çox idi, amma onu dayandırmaq mümkün olmamışdı. Çünki o, yalnız biznesi yox, həm də həyatını daim inkişaf etdirmək üçün çalışırdı. Hər yeni gündə, hər yeni addımda, hədəfini daha da irəlilətmək üçün çalışırdı.

Bu gün ölkənin hər bir yaşayış məntəqəsində onun rəhbərlik etdiyi şirkətin mağazalarına rast gəlmək mümkündür. Onminlərlə işçisi vardı. İdarəetmə sistemi isə elə qurulmuşdu ki, hər şey dişli çarx kimi işləyirdi. O, bu sistemin bir parçası olan hər kəsin yerini və rolunu çox yaxşı bilirdi. İşləri bir saat mexanizmi kimi işləyirdi, hər bir hissə öz yerində, düzgün vaxtda və düzgün şəkildə fəaliyyət göstərirdi.

Hər kəs ona bənzəməyə çalışırdı. Multimilyoner, iş adamı, hətta bəzi yüksək vəzifəli məmurlar belə, onun izindən getməyə cəhd edirdi. Lakin onlar heç vaxt onun uğurunu təkrarlaya bilmədi. Çünki onun bu yolu keçməsi heç də asan olmamışdı. Bu işə “aşağıdan” başlamış, həyatın hər mərhələsində daha da təcrübə qazandıran və sarsılmaz bir iradə ilə özünü inşa etmişdi. Hər bir detalı, hər bir kiçik addımı ilə tanışdı. Ticarət və iqtisadiyyatdan təhsili yox idi, amma həyat ona elə bir təhsil vermişdi ki, sanki o, bu sahəni yalnız özünün kəşf etdiyi bir dünya kimi idarə edirdi.

İndi paytaxtın küçələrində hər an bu mağazalar şəbəkəsinə aid yük maşınlarına rast gəlinirdi. Şəhərdən kəndə qədər, ölkədaxili bütün şosselərdə onların yük maşınları şütüyürdü. Və bu yolda, təkcə məhsul daşınması deyil, həm də bir çox logistika, sürət, keyfiyyət və təhlil məsələləri vardı. Qida sektoru bu cür diqqət tələb edirdi; hər bir mal zamanında və düzgün şəkildə mağazalara çatdırılmalı idi. Məhsulların keyfiyyəti və təzəliyi qorunmalı, soyuduculara və rəflərə düzgün şəkildə yerləşdirilməli, anbarlara düzgün şərtlərlə vurulmalı idi.

O, indi ölkənin ən çox vergi ödəyicisi olan şirkətlərdən birinə rəhbərlik edirdi. Bu şirkət isə onun özünün doğurduğu bir varlıq idi. Həm atası, həm də anası özü idi. Hər gün, hər addım, hər uğur gözlərinin qabağında canlanırdı. 

Uğurlarına qürurla baxa bilərdi, amma o heç vaxt bu hissi başqalarına göstərməzdi. Onun qəlbində qürur hissi var idi, amma təkəbbürlü görünməkdən qorxurdu. Həmişə sadə qalmağa çalışırdı, həm də böyük ehtiramla. 

Bəzən sahibi olduğu mağazaları təsadüfi olaraq gəzir, müştəri kimi xidmətə göz yetirirdi. Bu ona işin hər detalını yoxlamağa və həmçinin, çalışanların necə işlədiyini izləməyə kömək edirdi. Bir də görürdün ki, hansısa mağazada kassanın qarşısında sıxlıq yaranıb, dərhal boş kassalardan birinin arxasına keçib müştəriləri özü yola salırdı. Bu, sadəcə onun işini sevən bir lider olaraq deyil, həm də müştəri xidmətinə verdiyi önəmi göstərirdi.

Geridə qoyduğu 50 ili cəmi 5 dəqiqəlik xatirələrdə bir anda gözünün qabağından keçirdi. Hər şeyin necə dəyişdiyini, hər çətinliyin öhdəsindən necə gəldiyini düşünürdü. Amma indi o, hər bir uğurunu təkrarlamaqdan çox, daha çox şeyi necə daha yaxşı edə biləcəyini düşünürdü. İş çox idi, çoxlu görüşlər, yeni əlaqələr, xarici qonaqlar, böyük müqavilələr, yeni sifarişlər... Amma o, özünə söz vermişdi: hara getsə də, hər işini başdan sona qədər izləyəcək, hər hansı bir detalın itirilməməsinə çalışacaq.

Ağır-ağır kresloya əyləşib, masanın üzərində qalaqlanmış sənədləri qarşısına çəkdi. 

Bu anda telefonuna zəng gəldi. Anası idi:

- Bəli, ana...

- Can ana, ana gözlərinə qurban.

- Elə demə...

Səsindəki titrəyişdən, ana səsinin içindəki narahatlıq və sevgi qarışığını dərhal hiss etdi.

- Nə yaxşı ki, mən sənin ananam.

- Nə yaxşı ki, mən sənin oğlunam, ana...

Bir anlıq susdular. Bu susqunluq onların arasında o qədər dərin bir məna daşıyırdı ki, heç biri dərhal nə deyəcəyini bilmirdi. Sadəcə, sükutda bu kiçik, lakin dərin əlaqə onların ruhlarını birləşdirirdi.

Bu susqunluq onları yenidən xatirələr aləminə apardı. Hər ikisi həmin zamanları xatırlayırdı; o günləri, o anları, necə kiçik idi, amma necə böyük arzuları vardı. O vaxtlardan indi gəldikləri yerə qədər olan hər şey gözlərinin önündən keçir və susan anın içində, onlara xatırladırdı ki, həyat uğur qazanmaq möhtəşəm hissdir. Hansı ki, sevgi və dəstək olmadan bu zirvəyə çatmaq mümkünsüzdür.

Elnur Məmmədli

Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 May 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Pezeşkianın oxuduğu şeirdəki gizlinlər: nə demək istədi?

29 Aprel 2025 20:04see173

iPhone 17e gəlir: Apple nə planlaşdırır?

29 Aprel 2025 20:46see162

Bəzi dövlət qurumları maşınlarını satışa çıxardı 1200 manatdan... SİYAHI

29 Aprel 2025 20:07see138

Bakının mərkəzində restoran yanır

29 Aprel 2025 19:26see137

Dövməsini bəyənməyib atəş açdı

29 Aprel 2025 19:58see135

ABŞ Azərbaycanda polad və ferroərintilər istehsalını araşdırır

29 Aprel 2025 19:30see133

Gənc ailələrin sosial iqtisadi çağırışları: Azərbaycan və dünya təcrübəsi ARAŞDIRMA

29 Aprel 2025 19:17see131

Siqaret çəkənlərə xəbərdarlıq!

30 Aprel 2025 02:04see129

Kreml Berlini ittiham etdi: “Ukraynalıların qanı əllərinizdədir!”

29 Aprel 2025 19:19see127

İmişlidə regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

29 Aprel 2025 19:17see126

Atletiko nun futbolçusu karyerasını La Liqanın digər klubunda davam etdirə bilər

29 Aprel 2025 19:59see123

Hindistan hökuməti Pakistanın müdafiə nazirinin hesabını blokladı

30 Aprel 2025 15:03see123

PSJ yarımfinalın ilk oyununda Arsenal ı məğlub etdi

30 Aprel 2025 01:07see121

İsveçdə silahlı hücum: 3 ölü

29 Aprel 2025 22:03see121

Onlar böyük həvəslə bu idmanla məşğul olmağa başlayıblar Elman Nəsirov

30 Aprel 2025 15:03see120

Fərid Qayıbov Göygöl Olimpiya İdman Kompleksinə baxış keçirdi FOTOLAR

30 Aprel 2025 23:40see118

Rəsmi Moskva: Kiyevlə müvəqqəti atəşkəsə deyil, şərt olmadan danışıqlara hazırıq

30 Aprel 2025 00:09see118

Türkiyəli alimlər səs yazısı ilə ağciyər xərçəngini aşkarlaya biliblər

29 Aprel 2025 19:12see117

Beyonsenin konsertində VIP qonaqlar arasında dava düşdü

30 Aprel 2025 15:05see114

Məşhur xanəndənin gizli biznesi üzə çıxdı

29 Aprel 2025 17:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri