Siyasətin obyekti, yoxsa subyekti…
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Professor Ramiz Yunus ADU-da qlobal siyasi prosesləri şərh etdi
Siyasi elmlər doktoru, professor Ramiz Yunus Azərbaycan Dillər Universitetində (ADU) professor-müəllim və tələbələr qarşısında “Subyekt olmaq” adlı mühazirə ilə çıxış etdi. Məruzənin sərlövhəsi qısa olsa da, məzmunu dərin və düşündürücü idi.
Hörmətli oxucu bizdən görüşlə bağlı təəssüratımızı soruşsa, bəri başdan deyə bilərik ki, tədbir, həqiqətən, maraqlı keçdi. Bir tərəfdən mövzunun aktuallığı, digər tərəfdən məruzə ətrafında maraqlı müzakirələrin aparılması iştirakçılarda məmnunluq doğurdu.
ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullayev görüşü giriş sözü ilə açaraq qeyd etdi ki, professor Ramiz Yunus hazırda dünyanın sayılıb-seçilən politoloqlarındandır və o, parlaq çıxışları ilə Azərbaycan auditoriyasında da dərin rəğbət qazanıb. Qeyd edildi ki, Ramiz müəllim vətənpərvər ziyalı olaraq dünyanın supergüclü dövlətində – ABŞ-da Azərbaycan həqiqətlərinin çatdırılması üçün faydalı işlər görür. Rektor, həmçinin bildirdi ki, bir neçə gün əvvəl ADU-nun Elmi Şurasının yekdil qərarı ilə Ramiz Yunus universitetin fəxri professoru seçilib: “Deməli, əlaqələrimiz daha da sıxlaşacaq. Düşünürəm ki, bu əməkdaşlıqdan həm universitet, həm də Ramiz müəllim bəhrələnəcək”.
Akademik K.Abdullayev daha sonra görüşün qonaqları haqqında iştirakçılara məlumat verdi və onları salamladı. Qeyd etdi ki, görüşdə iştirak edənlər arasında təcrübəli diplomat, Azərbaycanın Özbəkistanda uzun illər fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmış Hüseyn Quliyev, sevilən bəstəkar Cavanşir Quliyev, eləcə də insan hüquqları müdafiəçisi Rafiq Sədrəddinov da var.
…Daha sonra söz professor Ramiz Yunusa verildi. Politoloq çıxışında əvvəlcə dərin təəssüf hissi ilə hazırda planetimiz siyasi çaxnaşma və fırtınalar burulğanına düşdüyünü söylədi. Bildirdi ki, yeni dünya düzəni formalaşana qədər bu ağrılı və narahatverici proses davam edəcək: “Çox şey Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılı olacaq. Rusiya bu savaşda qalib gələrsə, yeni torpaq iddialarına düşə bilər. Azərbaycan dövləti, öz növbəsində, ən müxtəlif ssenarilərə hazır olmalı və real vəziyyətə uyğun tədbirlər görməlidir. Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi zəfər qazanıb, sonra isə 2023-cü il sentyabrın 20-də öz ərazi bütövlüyünü tamamilə bərpa edib. Bununla da böyük siyasətin subyektinə çevrilib. Rəsmi Bakı hazırda dövlətin və xalqın maraqlarına uyğun müstəqil siyasət yürüdür. Bu reallığı dünya qəbul etmək məcburiyyətindədir. Cəmi 6 il əvvəl isə bizimlə heç cür hesablaşmaq istəmirdilər, haqlı olduğumuz halda, bizi haqsız çıxarmağa cəhd edirdilər. Dünya yalnız və yalnız güc tanıyır. Biz daim güclənməli, hərbi qüdrətimizi hər vəchlə artırmalıyıq”.
Məruzəçi onu da bildirdi ki, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki silahlı münaqişələr, ABŞ-İran qarşıdurması, Avropanın təhlükəsizlik sistemində yaranmış ciddi problemlər və beynəlxalq nəqliyyat marşrutlarının yenidən formalaşması dünyada Cənubi Qafqazın geosiyasi əhəmiyyətini artırıb. Azərbaycan son illər regionda yaranmış imkanlar fürsətini qaçırmamalıdır. Ramiz Yunus dedi: “Dövlətlərin tarixində çox vacib bir xətt var: bəziləri tarixin təsirinə məruz qalırlar, bəziləri isə tarixi yaradırlar. Mənim bugünkü mühazirəmin əsas fikri məhz budur: Azərbaycan Cənubi Qafqazda başqalarının geosiyasi oyununun obyekti deyil, öz milli maraqlarını müəyyən edən və onları müdafiə edən subyekt olmalıdır”.
Azərbaycanın əlverişli coğrafi mövqeyi də ölkəyə əlavə imkanlar yaratdığını deyən R.Yunus Bakının hazırda regiondan kənarda gedən proseslərin idarə olunmasında da öz sözünü dediyini vurğuladı: “Son illər Orta Dəhlizin strateji rolu güclənib. Bu isə Azərbaycan üçün təkcə iqtisadi deyil, həm də geosiyasi üstünlüklər yaradır”.
Professor daha sonra Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşan nəqliyyat və enerji əlaqələrinin regional əməkdaşlıq baxımından əhəmiyyətini vurğuladı. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əlaqələrin inkişafının da ölkəmizin regional və beynəlxalq imkanlarını genişləndirdiyini qeyd etdi.
Politoloq Azərbaycanla Ermənistan arasında sülhün yalnız iki ölkənin münasibətlərinə aid olmadığını, bütövlükdə, regionun gələcəyinə təsir göstərdiyini bildirdi. Onun fikrincə, sülh yeni regional iqtisadi əməkdaşlıq imkanları yarada və Cənubi Qafqazda yeni siyasi düzənin formalaşmasına təkan verə bilər. Professor müasir dönəmdə dövlətin gücünün təkcə silahlarla ölçülmədiyi qənaətindədir. O, çıxışında tələbələrdə milli düşüncənin və analitik təfəkkürün inkişaf etdirilməsinin zəruriliyini dönə-dönə vurğuladı: “Yalnız güclü cəmiyyətlər artan təhdidlərə müqavimət göstərə bilər. Bu gün dünyada təkcə silahlar danışmır, həm də rəqib toplumlar arasında söz və informasiya savaşı gedir!”.
Mühazirəçi qeyd etdi ki, Azərbaycan 44 günlük Vətən müharibəsində sarsılmaz milli birlik nümayiş etdirib və bu birlik ölkənin ən böyük strateji uğurlarındadır. Artan qlobal təhlükələr qarşısında milli birliyin bundan sonra da qorunması xüsusi əhəmiyyət daşıyır: “Azərbaycanda bu gün sabitlik və həmrəylik yüksək səviyyədədir və bu mühüm üstünlüyü əldən vermək olmaz”.
Azərbaycanın hazırda qalib dövlət və millət olduğunu diqqətə çatdıran politoloq bu amildən beynəlxalq hüquq və humanizm prinsipləri əsasında bəhrələnməyin vacibliyini söylədi. O dedi ki, qürur duyulası fakt budur ki, ölkəmiz tarixən multikultural dəyərlərə üstünlük verib. Bakı regiona sülh, inkişaf və tərəqqi gətirmək arzusundadır. Bu məqamda görüşə ev sahibliyi edən ADU-nun rektoru, akademik Kamal Abdullayev söhbətə müdaxilə edərək bildirdi ki, vaxtilə Azərbaycan dövlətinin multikultural siyasəti ilə bağlı dərin araşdırmalar aparıb, bu sahəni diqqətlə öyrənib. Rektor belə bir faktı xatırlatdı: hələ XVI əsrdə dahi Füzuli “Leyli və Məcnun” əsərində Qeysin (Məcnunun) dili ilə “aləmi qəmdən xali” etməyə çalışıb. Bəli, Azərbaycan xalqı əsrlər boyu məhz belə yüksək bəşəri dəyərlərlə tərbiyə olunub. Bu mənada, ölkəmizin bütün dünyada tolerantlıq nümunəsi olması təbii və başadüşüləndir.
İnteraktiv müzakirə şəraitində keçən mühazirənin gedişində tələbələr və professor-müəllim heyətinin üzvləri mövzu ətrafında R.Yunusa çoxlu suallar ünvanladılar, fikir mübadiləsi apardılar.
Toplantıda ADU-da bundan sonra da beynəlxalq mövzulara həsr olunmuş maraqlı görüşlərin davam etdiriləcəyi elan edildi. Məlum oldu ki, noyabrın əvvəllərində Ramiz Yunus həmkarı, siyasi şərhçi Mixail Qusmanla birlikdə universitet tələbələri qarşısında çıxış edəcək. Yeri gəlmişkən, Mixail Qusman da bir müddət əvvəl ADU-nun fəxri professoru seçilib.
1 saatdan çox davam edən görüş başa çatdı. Toplantı iştirakçıları kitabxananı tərk etməyə tələsmir, tanınmış politoloqa əlavə suallar verirdilər. Ramiz Yunus isə böyük həvəslə hər suala qısa, lakonik cavablar verməyə çalışırdı. Tələbələrin görüşdə fəallığı onu xüsusilə razı salmışdı. Ara-sıra professorun dilindən fəxrlə “Düşünməyi bacaran gənclik millətin sabahıdır!” sözləri qopurdu.
ADU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Həmidə Əliyevadan tədbir barədə fikrini öyrəndik. O qeyd etdi ki, belə mühazirələr həm tələbələrin beynəlxalq siyasətlə bağlı dünyagörüşünü genişləndirir, həm də cəmiyyətin təhlükəsiz gələcəyi naminə onların məsuliyyət hissini artırır.
Məsaim ABDULLAYEV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 29 Oktyabr 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















