Sosial şəbəkələrdəki asılılıq texnologiyanın tərəqqisidir, yoxsa insanlığın tənəzzülü? ARAŞDIRMA
Icma.az bildirir, Sia Az portalına istinadən.
Sosial şəbəkə termini elmi leksikona 1954-cü ildə ingilis sosioloqu Barn tərəfindən daxil edilib. O zamanlar sosial şəbəkə deyəndə sosial obyektlərdən ibarət olan qovşaqları birləşdirən struktur nəzərdə tutulurdu. Hazırda isə sosial şəbəkələr həyatımızın ayrılmaz bir hissəsinə çevrilib, onlarsız boş vaxtımızı təsəvvür edə bilmirik, bəzən sosial şəbəkələr hətta vacib iş aləti də olur. Dünyanın ən məhşur sosial şəbəkələri aşağıdakılardır:
1. WhatsApp
“WhatsApp” mobil və digər platformalar üçün ismarıcların ani mübadilə sistemidir. Mətn ismarıcları, şəkil, video və audio göndərməyə imkan verir. Tətbiq 2016-cı ildən pulsuzdur. Hazırda milyarddan artıq istifadəçisi var.
2. “YouTube”
“YouTube” istifadəçilərə videoların saxlanması, çatdırılması və göstərilməsi xidmətlərini təqdim edir. “YouTube” dünyada ən populyar videohostinq və ziyarətçilərin sayına görə ikinci saytdır. İstifadəçilər videoyazılara baxa, onları paylaşa, yükləyə, dəyərləndirə, şərh edə bilirlər. Hostinqin istifadəçilərinin sayı 2019-cu ilin oktyabrın ayında 2 mlrd insana çatmışdı.
3. “Facebook”
“Facebook” ən iri sosial şəbəkə və eyniadlı şirkətdir. Veb-sayt yeni açılanda “Thefacebook” adlanırdı və yalnız Harvard Universitetinin tələbələri üçün əlçatan idi. Sonra isə Bostonun digər universitetlərinin tələbələrinə də giriş verildi. Bir müddət sonra isə ABŞ-ın digər təhsil müəssisələrinin “.edu” domenində elektron ünvanı olan tələbələri də bu şəbəkədə qeydiyyatdan keçə bildilər. Sayt 2006-cı ilin sentyabrından başlayaraq isə elektron ünvanı olan 13 yaşdan yuxarı digər istifadəçilər üçün də əlçatan oldu. Sosial şəbəkənin istifadəçilərinin sayı 2019-cu ilin oktyabrın ayında 2,41 mlrd insana çatmışdı.
4. “Instagram” foto və videoları paylaşmaq üçün sosial şəbəkə elementləri olan tətbiqdir. “Instagram” “facebook” şirkəti tərəfindən 2012-ci ilin aprel ayında alınıb. Şəbəkə 300 milyon dollar pul vəsaiti və şirkətin 23 milyon səhmi dəyərində satılıb ki, bu da ümumilikdə 1 milyard dollar təşkil edib. 2018-ci ildə qeydiyyatdan keçmiş istifadəçilərin sayı 1,1 mlrd nəfərə çatmışdı.
5. “WeChat”
“WeChat” Çinin “Tencent” şirkəti tərəfindən hazırlanmış mətn və səs ismarışlarının ötürülməsi üçün mobil kommunikasiya sistemidir, ilk relizi 2011-ci ilin yanvar ayında işıq üzü görüb. Bu sosial şəbəkə vasitəsilə məlumatları eyni vaxtda bir neçə ünvana yollamaq, şəkil və video ilə bölüşmək olur. “Bluetooth” vasitəsilə kontaktları mübadilə etmək imkanı var və istəsəniz, təsadüfi insanlarla əlaqələr qurmaq üçün müxtəlif yollar mövcuddur. Servis “Facebook” və “Tencent QQ” kimi sosial şəbəkələrlə inteqrasiya olunur. Şəkillərii filtrlərlə emal etmək və onlara yazı əlavə etmək imkanı var. İstifadəçilərin sayı 2019-cu ilin oktyabr ayı üçün 1,13 mlrd təşkil edib.
6. “TikTok” musiqili qısa videolar, canlı yayımlar yaratmağa və ismarıclar yollamağa imkan verən sosial şəbəkədir. Çində “Douyin” adı ilə tanınan sayt 2016-cı ilin sentyabrından işə salınıb. 2019-cu ilin oktyabr ayına sosial şəbəkənin istifadəçilərinin sayı 500 mln nəfərə çatmışdı.
İlk sosial şəbəkələr ABŞ-da yaradılıb və bu proses 1990-cı illərin əvvəllərinə təsadüf edir. Onların əsas funksiyası profil yaratmaq və dostlarla əlaqə saxlamaq idi. 1997-ci il SixDegrees.com texnologiyanın əsasını qoydu və müasir sosial şəbəkələrin inkişafına yol açdı. Gənclər çox tez-tez onlayndırlar: Pew Research-in son sorğularına görə ABŞ-lı yeniyetmələrin böyük hissəsi gündəlik sosial mediadan istifadə edir və təxminən yarıdan çoxu “demək olar ki, daim” onlayndır. Bu məsələ gənclərin diqqət, yuxu və psixika göstəricilərini birbaşa təsir edir. Gündəlik sosial media müddəti (qlobal orta) hesablamalara görə, tipik istifadəçi gündə təxminən 2 saat 23 dəqiqə sosial şəbəkələrdə vaxt keçirir. Ümumi olaraq dünyada 5 milyard+ sosial media istifadəçisi var.
Ümumi ekran vaxtı ABŞ-da yüksəkdir (yeniyetmələr): ABŞ Mərkəzi Xəstəliklər İdarəsinin məlumatına görə 12–17 yaşlıların təxminən 50.4%-i gündə 4 saat və daha çox ekran vaxtına malikdir (2021–2023 dövrü ölçüləri). Ekran vaxtı və sosial media istifadəsi arasında əlaqə aparılmışdır. Müasir cihazlarda artıq belə bir yenilənmə var ki, həftəlik sosial şəbəkədən istifadəni müqayisəli şəkildə bildiriş edir, məsələn ötən həftə ilə müqayisə edərək istifadəçiyə bu həftə az və ya çox vaxt sosial şəbəkədə keçirdiyi məlumatını verir.
Psixi sağlamlıqla bağlı əlaqələr: 2024–2025- ci illər üzrə sistematik tədqiqatlar göstərir ki, problemli sosial şəbəkə istifadəsiçisi depressiya, narahatlıq simptomları və yuxu pozuntularına meyilli olur, xüsusilə gənclər və yeniyetmələr arasında. Bu əlaqə səbəb-nəticə tam təsdiqlənməsə də, gedişatlar bunu göstərir.
Beynəlxalq ekspertlər və uşaqlar: UNICEF-in 2025 hesabatı bildirir ki, rəqəmsal mühitin uşaqlar üçün həm faydaları, həm də zərərləri mövcuddur; xüsusən rəqəmsal bərabərsizlik, məxfilik, yuxu və inkişaf məsələləri ön plana çıxır. UNICEF həmçinin “ekran vaxtı” müzakirələrinə daha nüanslı, yəni yalnız vaxt deyil, məzmun və kontekst baxımından yanaşma tövsiyə edir.
Müsbət təsirlər: İnformasiya və təhsil mənbələrinə sürətli çıxış; onlayn təhsil, micro-learning və yeni bacarıqların öyrənilməsi asanlaşır. Biznes və sosial layihələr üçün daha geniş auditoriya (SMM, e-ticarət) , yeni gəlir imkanları. Sosial dəstək şəbəkələri (maraq qrupları, dəstək qrupları) mental sağlamlıq üçün köməkçi ola bilər.
Mənfi təsirlər: Mental sağlamlığın pisləşməsi: yüksək sosial media vaxtı depressiya, narahatlıq və yuxu pozuntuları ilə əlaqələndirilir — xüsusən risk qruplarında (yeniyetmələr). Diqqət və məhsuldarlıq itkisi: “səs-toxunma”, qısa video formatlar və davamlı xəbərdarlıqlar diqqət müddətini azaldır. Sosial müqayisə və özünüqiymətləndirmə problemləri: idealizə edilmiş görüntülər özünə inamı sarsıda bilər — uzun müddətdə cəmiyyətdə psixoloji gərginlik yarada bilər. Uşaqlarda və gənclərdə inkişaf problemləri: çox erkən yaşda yüksək ekran vaxtı sosial bacarıqların formalaşmasına, yuxu ritminə və diqqətin inkişafına mənfi təsir göstərə bilər. UNICEF bu sahədə ehtiyatlı yanaşma tövsiyə edir.
Qısa məsləhətlər (praktik)
Gənclər üçün ekran və sosial media “məqsədli istifadə” (öyrənmək, əlaqə) prioritetləşdirilsin; zəifləmiş yuxu üçün yataqdan ən az 1 saat əvvəl ekran bağlanması tövsiyə olunur. Valideynlər və müəllimlər üçün rəqəmsal savad və məzmun nəzarəti proqramları — həm təhsil, həm də təhlükəsizlik baxımından vacibdir.
Sosial şəbəkələrdəki asılılıq texnologiyanın tərəqqisidir, yoxsa insanlığın tənəzzülü?!
Texnoloq Fərid Kazımovun SİA-ya açıqlamasında bildirib ki, bu gün texnologiya və sosial şəbəkələr insan həyatının ayrılmaz hissəsinə çevrilib: "İnformasiyanın əlçatanlığı, ünsiyyətin asanlaşması və dünyanın bir “virtual məkan”da birləşməsi bəşəriyyətin ən böyük nailiyyətlərindən sayıla bilər. Lakin bu inkişafın arxasında dərin bir psixoloji problem (aludəçilik) də gizlənir.
Tarix boyu insanlar müxtəlif şeylərə aludə olublar: tütün məmulatlarına, spirtli içkilərə, təriqətlərə, ideologiyalara və s. Bu, insan psixologiyasının təməlində mövcud olan bir xüsusiyyətdir – nəyəsə bağlanmaq, asılılıq yaratmaq meyli. Müasir dövrdə isə bu aludəçiliyin yeni forması texnologiya və sosial şəbəkə asılılığı şəklində ortaya çıxıb.
İnsan sosial varlıqdır; o, ünsiyyətə və əlaqəyə təbii ehtiyac duyur. Keçmişdə bu ehtiyac birbaşa təmas və qarşılıqlı münasibətlər vasitəsilə təmin olunurdusa, indi texnologiya bu əlaqəni virtual müstəviyə daşıyıb. Artıq insan fikirlərini bölüşmək, duyğularını ifadə etmək və başqalarının həyatına baxmaq üçün real görüşlərə ehtiyac duymur. Sosial şəbəkələr bu ehtiyacın təminatçısına çevrilərək kommunikasiya, texnologiya aludəçilik üçbucağını formalaşdırıb.
Texnologiyanın inkişafı bəşəriyyətə əlçatanlıq və rahatlıq gətirsə də bu insanın psixoloji sabitliyinə mənfi təsir göstərməyə başlayıb. Qərb ölkələrində artıq “süni intellektlə emosional bağlılıq” adlı fenomen müzakirə olunur. İnsanlar süni intellektlə, məsələn, “chatbot”larla ünsiyyət qurur, onları insan kimi qəbul edir, hətta bəzi hallarda onlara qarşı emosional münasibət formalaşdırırlar. Bunun səbəbi sadədir: süni intellekt insanla danışarkən onu dinləyir, səbr göstərir və uyğun cavab verir yəni real həyatda çatışmayan mülayimliyi nümayiş etdirir. Nəticədə, insanlar real münasibətlərdən uzaqlaşaraq virtual əlaqələrə üstünlük verirlər.
Bu, yalnız fərdi psixoloji məsələ deyil. Sosial problem səviyyəsinə yüksəlməkdədir. Qərbdə artıq bu məsələ ilə bağlı “həyəcan təbili” çalınır, çünki texnologiya insanların gündəlik davranışlarını və düşüncə tərzini dəyişdirir. Təəssüf ki, biz bu təhlükəni hələ tam anlamamışıq, lakin çox yaxın gələcəkdə eyni vəziyyətlə üzləşəcəyik.
Əlbəttə, texnologiyanın özü insanın tənəzzülü demək deyil. Texnologiya yalnız vasitədir, əsas məsələ onun necə istifadə olunmasındadır. Ünsiyyət qurmaq üçün texnologiya bir zərurət deyil. Əsas olan insanın insanla birbaşa əlaqə saxlamaq bacarığıdır. Əgər insan hər şeyi texnologiya üzərində qurarsa, bu zaman o, öz təbii insani keyfiyyətlərindən – empatiya, səbr, dinləmə və anlayış kimi xüsusiyyətlərdən uzaqlaşır.
Gənc nəsil artıq “rəqəmsal nəsil” adlanır. Onların həyatı texnologiya ilə sıx bağlıdır və bu bağlılıq bəzən ayrılmaz hala çevrilib. Onları bundan tam ayırmaq, demək olar ki, mümkün deyil. Buna görə də müasir dövrdə əsas vəzifə texnologiyadan imtina etmək deyil, ondan sağlam şəkildə istifadə etməyi öyrənməkdir.
Beləliklə, texnologiya bəşəriyyətin inkişafını simvolizə etsə də onun yanlış istifadəsi insanın mənəvi və psixoloji tənəzzülünə yol aça bilər. İnsanı əsir edən texnologiya deyil, özünü idarə edə bilməməkdir. Əgər insan bu balansı qoruya bilsə, texnologiya tənəzzül yox, tərəqqi mənbəyi olacaq”.
Texnologiya asılılığı və ya müasir insanın psixoloji əsarəti
Psixoloq Gülər Məmmədova isə mövzu ilə bağlı deyib ki, sosial şəbəkələrdən asılılıq dedikdə bəzən gözümüzün önünə robotlaşmış insan obrazı gəlir, sanki onun idrak və düşüncə prosesləri tamamilə tənəzzülə uğrayır: "Lakin reallıq göstərir ki, sosial şəbəkələrdən sui-istifadə edən insanın təməlində çox vaxt əvvəldən mövcud olan psixoloji və emosional boşluqlar dayanır. Bu insanlar artıq öz yaxınlarını, sağlam həyat tərzini və şəxsi inkişafını diqqətdən kənara qoyurlar. Həyata baxış bucağı, düşüncə tərzi və inkişaf potensialı fərdi xüsusiyyətlərdir və hər kəsdə eyni səviyyədə inkişaf etməyib.
Özünü inkişaf etdirən və balanslı fərd üçün sosial şəbəkələr yalnız faydalı vasitədir. Onlar sosiallaşmağa yardım edir, utancaq insanlar üçün belə ünsiyyət qurma imkanlarını genişləndirir, maraqlı diskusiyalar aparmağa və yeni dostluqlar yaratmağa şərait yaradır. Sosial şəbəkələrdən səmərəli istifadə edən insanlar vaxtını düzgün idarə edir, özünü virtual aləmdə deyil, həm də real həyatda inkişaf etdirir və təsdiqləyir. Buna qarşılıq, boş zamanı çox olan, düzgün zaman bölgüsü aparmayan və həyatını səmərəli şəkildə təşkil edə bilməyən insanlar sosial şəbəkələrdə özünü “tapır”. Onlar real həyatda özünü təsdiqləyə bilmədikləri üçün virtual mühitdə özünü ifadə etməyə üstünlük verirlər. Belə insanların sosial şəbəkə istifadəsi həddən artıq olur və bu, müəyyən mənada asılılıq yaradır. Maraqlıdır ki, internet və sosial şəbəkələrin insana verdiyi faydalar çox genişdir: ünsiyyət, informasiya mübadiləsi, təhsil və əyləncə imkanları və s. Lakin sosial şəbəkədən həddindən artıq və səmərəsiz istifadə edən insanların aldığı mənfi təsirlər bu faydalardan qat-qat çox olur. Ağıllı və balanslı fərd sosial şəbəkədən yalnız müəyyən məqsəd üçün, səmərəli və faydalı şəkildə istifadə edir.
Əsas məsələ texnologiyanın tərəqqisi deyil, insanın öz psixikasını düzgün idarə etməsidir. Texnologiya şüuru tamamilə idarə edə bilməz. Şüuru və psixikasını nizamlayan və yönləndirən hər bir fərddir. Hər bir insan özü-özünü dərk etməli, öz aludəçiliklərini və asılılıqlarını tənzimləməyi bacarmalıdır. Həddindən artıq faydasız şəkildə istifadə edən fərdlərdə çox vaxt əvvəlcədən mövcud psixoloji problemlər var və texnologiya yalnız bu problemləri daha görünən edir. Nəticə etibari ilə sosial şəbəkələr müasir dövrdə həm böyük imkanlar, həm də potensial təhlükələr yaradır. İnsan bu vasitədən səmərəli istifadə etdikdə onun sosial və psixoloji inkişafına müsbət təsir göstərir; əks halda isə asılılıq, zaman itkisi və psixoloji narahatlıq kimi problemlər ortaya çıxır. Əsas məsələ fərdin özünü idarəetmə bacarığı, zamanın düzgün bölgüsü və balanslı yanaşmasıdır”.
Müəllif: Günay Hacıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 29 Oktyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















