Icma.az
close
up
RU
Stalinin kölgəsindəki qadın Şükriyyə əslində, kim idi?

Stalinin kölgəsindəki qadın Şükriyyə əslində, kim idi?

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az Türkan Cəfərlinin tamaşası haqqında yazısını təqdim edir.

Azərbaycanın gənc dramaturqlarının teatr səhnələrində fəallığı və tamaşaçıların diqqətini özünə çəkməsi çox önəmlidir. Bəzən düşünülür ki, gənc yazarların dramaturgiyaya, teatr üçün nələrsə etməyə marağı azdır. Bununla qismən razılaşmaq olar. Ancaq bu gün teatrlarda yeni tamaşalar, obrazlar və yanaşmalar da var.

Bu mənada Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırlanan (quruluşçu rejissor Əməkdar incəsənət xadimi Bəhram Osmanov) və 2023-ci ildən teatrın repertuarında yer alan tamaşanı qeyd etmək olar.

Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatı haqqında tamaşa həm də Azərbaycan qadınının böyüklüyünü, mərdliyini və sadiqliyini simvolizə edir.

Şükriyyə xanım 1937-ci il oktyabrın 14-də həbs olunub. Ona 8 il həbs cəzası verilib və “xalq düşməninin arvadı” kimi Şimali Qazaxıstanın Akmolinski vilayətinə – əmək koloniyasına göndərilib.

Əvvəla onu deyim ki, “Şükriyyə” tamaşası mənə Avstriya yazıçısı və dramaturqu Elfrida Yelinekin “Şəhvət” romanını xatırlatdı. Hadisələr o qədər canlı və axıcıdır ki, tamaşaçı səhnədə baş verənləri nəfəsini tutub izləməli olur. Tamaşanın həyəcan dolu səhnələri gərginliyi, bir o qədər də emosional atmosferi ilə yadda qalır.

“Şükriyyə” pyesi əsasında hazırlanan tamaşa üç istiqamətdə tamaşaçını düşünməyə və nəticə çıxarmağa vadar edir:

1. Zamanın amansız qanunları və qəddar rejimin insanlığa sığmayan siyasəti.

2. İnsanın duyğu və hisslərinin bütün çılpaqlığı ilə nümayişi.

3. Böyük sevginin dolğun və aydın fraqmentlərlə təsviri.

Tamaşa Stalin dövrünün ağır ab-havasını qabarıq nümayiş etdirir. Bir anlıq o dövrün soyuq ölüm nəfəsini duymuş olursan. Heç bir güzəştə yer olmayan soyuq bir ölüm maşınının cənginə düşürsən. Bu ölüm maşını “düşünən beyinlərin” yox olması üçün ixtira olunub.

İnsanın duyğuları müxtəlif olduğu kimi, heç də həmişə eynilik təşkil etmir. Tamaşanın əsas qayəsində duran insan duyğusu bütün çılpaqlıqları ilə səhnəni coşdurur. Bəli, məhz coşdurur. Çünki bu duyğular həm də insan təbiətindəki vəhşi heyvanı tərpətmiş olur. Şəhvət və zorakılıq insanlığın başlanğıcından etibarən onu qarabaqara izləməkdədi...

Şükriyyənin Əhməd Cavada olan sevgisi böyüklüyündən əlavə həm də o qədər incə və zərif təsvir olunur ki, tamaşaçı bunu bütün varlığı ilə hiss edə bilir. Müəllif və rejissor bu mənada alqışa layiq bir iş ortaya qoyublar.

Əməkdar incəsənət xadimi Bəhram Osmanovun qurduğu tamaşa sanki qaranlıq dünyanın fonunda işıqlı insanın sükutudur. İnsan faktoru bütün əzab və məhrumiyyətləri ilə səhnəni daha da maraqlı edir.

Əlbəttə, burada aktyor oyununu da xüsusilə vurğulamaq lazımdır.

Yaradıcılıq işində Əməkdar artist Münəvvər Əliyeva (Şükriyyə), Xalq artistləri Nurəddin Mehdixanlı (Fyodor Alekseyeviç), Əli Nur (Süleyman bəy), Əməkdar artistlər Mehriban Xanlarova (Zöhrə), Vəfa Rzayeva (Mariya), Şəlalə Şahvələdqızı (Qadın müstəntiq), eləcə də Afət Məmmədova (Tamar), Rada Nəsibova (Lola), Ləman İmanova (Suğra), Dilarə Nəzərova (Olqa), Rüstəm Rüstəmov (Nəzarətçi), Aylin Həşimova (Lali), Lalə Süleymanova (Nino), Nəzrin Abdullayeva (Ayçiçək), Elsevər Rəhimov və Tural İbrahimov (Nəzarətçilər) istedadları ilə tamaşaya rəng qatmağı bacarırlar.

Zöhrə rolunu xüsusi qeyd etmək istəyirəm. Zöhrənin tamaşanın əvvəlində “Hələ başınız çox müsibətlər çəkəcək” sözləri adamın iliklərinə qədər işləyir. Çünki özünü səhnədə, hadisələrin içində hiss edirsən. Bir anlıq özünü 37-ci ilin ağır məngənəsində, sanki o hissləri yaşamış biri kimi görürsən. Bu çox vacib məqamdır. Tamaşanın düşüncə mexanizmində əsla pafosa və yersiz replikalara yer verilməyib. Çamadanların ifadə etdiyi məna yükündə asılı qalan fikirlər çox dərinə gedir.

Ağrılı olsa da, bu bir həqiqətdir. O çamadanların içində insan taleyinin bütün ağrıları və kədəri sığışıb. Bu ağrı və kədəri daşımaq isə məhz çamadanların görüntüsündə qabardılır.

Bu, Cavid Zeynallının hekayələrində rast gəlinən tipik insan hissinin səciyyəvi xüsusiyyətidir. Bu baxımdan müəllifin “Coğrafiya müəlliminin pencəyi” hekayəsini qeyd edə bilərik.

Ümumiyyətlə, Cavid Zeynallının pyes təcrübəsi az olsa da, onun yazıçılıq imkanları uğurlu işin ortaya çıxması üçün kifayət edib. Həm də bu pyes tarixdir. Düzdür, tarixi olduğu kimi yazmaq elə də asan iş deyil. Ancaq faktların olması bir az işi asanlaşdırır.

Teatrşünas alim İsrafil İsrafilovun da qeyd etdiyi kimi, çağdaş dünyanın teatr seqmentində müşahidə edilən dekonstruksiya meyilləri və həmin dekonstruksiyanın təşəbbüskarları və müəllifləri olan teatr xadimləri çağdaş bədii yaradıcılıq ərazisində fəaliyyət göstərən rejissor sənətinə münasibətdə yetərincə güzəştsiz və tələbkar mövqe tutmaqdadırlar. Bu mənada gənc müəllif kimi Cavid Zeynallının teatr dünyasına addım atmağı olduqca cəsarətli və alqışalayiq bir hadisədir.

Tamaşanın lap başlanğıcında sükut içində böyük qışqırıq və hayqırtı səslərini duymaq olar. Bu səhnənin mərkəzində aktyorların simasında aydın sezilir. Hadisələr getdikcə hiss və duyğuların çəkisi baxımından ağırlaşır. Düşünürəm ki, bir az sentimentallığın dozasını azaltmaq olar. Çünki bu ağırlıq müasir tamaşaçı üçün çox ağırdır. Müasir tamaşaçı stress və depresiyanı asan qəbul edə bilmir.

Bu tamaşada isə stress və depressiv hal çox böyük ustalıqla, həm də təbii şəkildə oynanılıb. Düşünürəm ki, tamaşa yaş senzi etibarilə 18-in üzərindədir. Bu mənim şəxsi fikrimdir. Ola bilər ki, tamaşaçının psixoloji durumu ilə bu dəyişə bilər. Bir sözlə, tamaşa psixoloji faktorlarla həm tamaşaçını özünə cəlb edir, həm də onu bir az gərginlikdə saxlayır.

Dovşanların alma ağaclarının kökünü yeməsi və bunun qarşılığında bir tikə çörəyin həsrəti çox təsirli səhnələrdən biridir. Azyaşlı uşağın heç nədən xəbəri olmadan kimi oyuncağı ilə oynamağı isə ayrıca bir səhnədir. Bu səhnənin özü bəs edir ki, ötürülən əhvalatı dərk edəsən...

Soyuq Sibiri iliklərinə kimi hiss etdirən səhnələrdə səs amili də xüsusi vurğulanmalıdır. Qatar səsinin kövrəkliyi və həsrəti fonunda duyğulanmamaq mükün deyil. Bu qatar səsi milyonların ağrısını ifadə edir. Bu qatar səsi milyonların ayrılıq naləsidir. Sanki o doğma qatar səsində bir kədər, bir qəm, bir hicran var... Səhnənin dolğun dekorativliyi tamaşanın xarici görkəminə əlavə maraq qatır.

“Şükriyyə” pyesi “bağışlamaq” və “bağışlanmaq” arzusunun ortaq məxrəci kimi bütün zamanların ritorik sualı olan “Həyatın mənası nədir” sualına cavabdır. Həyatın mənasını getdiyin yoldan dönməmək, əqidənə sadiq qalmaq, ölümün üzünə dik baxmaq, sevginin gücünə inanmaq və beləliklə tarixin parlaq səhifəsində həkk olunmaq kimi böyük səadətin bir parçası olmaqda görən müəllif həm də insanlığın faciəsində böyük amalların varlığını göstərmiş olur. İnsan iradəsinin azadlığı və bu iradənin gücü həm psixoloji, həm də fəlsəfi aspektdən çox aydın mənzərəni formalaşdırır. Bu mənzərə təslim olmamaq, mənəvi kirlənməmək, ölümün şərəflisini seçmək, insan ləyaqətinin önəmini vurğulamaq kimi nəsnələri birləşdirir.

“Şükriyyə” müasir teatr anlayışına həm də varislik və tarixizm prinsiplərini yeni formatda təqdim etmiş oldu. Bu format daha realdır, daha inandırıcıdır, daha dəqiqdir. Tamaşaçı da reallığı, inandırıcılığı və dəqiqliyi ilk anlardan etibarən sezmiş olur. Bu fakt çox önəmlidir. Əgər belə olmasaydı, hadisələr də sönük və maraqsız olardı. Ötürülən informasiya və əsas ideya səhnəyə ölü döl kimi düşərdi. Ancaq tamaşanın təbiiliyi və inandırıcılığı elə bir səviyyədədir ki, irəli sürülən ideya səhnədə canlı doğulur.

Bir də xüsusi olaraq qeyd etmək lazımdır ki, tamaşa zaman ölçümünə görə uğurlu reqlamentə istinad edir. Aktyorların fikir və düşüncələri yorucu deyil, zaman baxımından lakonik və aydındır. Düşünürəm bu da tamaşanı bir udum su kimi içib düşüncə süzgəcindən keçirməyə şərait yaratmış olur.

“Şükriyyə” tamaşası dünənin yox, bu günün yox, sabahın tamaşasıdır. Çünki tamaşanın özəyində duran “bağışlamaq” və “bağışlanmaq” arzusu dünən bitib, bu gün gerçəkləşməyib, sabah isə yenə olacaq...

Amber Herd sənətə qayıdır Bayquş və qarovulçu - İmamverdi İsmayılovun hekayəsi Ağaddin Babayev vəfat etdi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://kulis.az
archiveBu xəbər 25 İyun 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri