Süd vəzi xərçəngi kişilərdə də yaranır
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Süd vəzi xərçəngi təkcə qadın sağlamlığı deyil, bütövlükdə cəmiyyət üçün aktual tibbi və sosial problemlərdən biridir. Hər il dünyada milyonlarla qadına təsir edən bu xəstəlik ciddi diaqnoz kimi qəbul olunsa da, müasir tibbin inkişafı və erkən aşkarlama imkanları sayəsində onun müalicəsində mühüm nailiyyətlər əldə edilib.
Oktyabr ayı isə dünyada süd vəzi xərçəngi ilə mübarizə və bu xəstəlik barədə məlumatlılığın artırılması məqsədilə “Çəhrayı Ay” kimi qeyd olunur. Ay ərzində qadınlar müntəzəm müayinələrə təşviq edilir, erkən diaqnozun əhəmiyyəti diqqətə çatdırılır.
Mövzu ilə bağlı həkim-radioloq Könül Hüseynova Modern.az-a danışıb.
Həkim bildirib ki, Oktyabr ayının əsas məqsədi qadınlarda süd vəzi sağlamlığı ilə bağlı maarifləndirməni artırmaq, müntəzəm müayinələrin əhəmiyyətini vurğulamaq və erkən diaqnozun həyat qurtardığını xatırlatmaqdır.
Onun sözlərinə görə, süd vəzi xərçəngi qadınlar arasında ən çox rast gəlinən xərçəng növlərindən biridir. Dünyada hər səkkiz qadından birinin həyatı boyu bu xəstəliyə tutulma riski olduğu bildirilir. Xəstəlik yaşından, sosial statusundan, təhsilindən və həyat tərzindən asılı olmayaraq hər bir qadında yarana bilər.
K.Hüseynova qeyd edib ki, diaqnozla qarşılaşan qadınların əsas narahatlıqlarından biri süd vəzisini itirmək, bunun fiziki görünüşlərinə, psixoloji vəziyyətlərinə və həyat keyfiyyətlərinə təsiridir.
Lakin müasir tibbin inkişafı süd vəzi xərçənginin diaqnostika və müalicə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Rəqəmsal mammoqrafiya, tomosintez və ultrasəs müayinələri xəstəliyin erkən mərhələdə aşkarlanmasına kömək edir. Erkən diaqnoz müalicənin effektivliyini artırmaqla yanaşı, bir çox hallarda süd vəzisini qoruyan cərrahi müdaxilələrə də imkan yaradır.
Həkim vurğulayıb ki, orqanqoruyucu cərrahiyyənin məqsədi yalnız xəstəliyi müalicə etmək deyil, həm də süd vəzisinin mümkün qədər qorunmasını, estetik nəticənin yaxşılaşdırılmasını və qadının psixoloji rifahının təmin edilməsini nəzərdə tutur. Zəruri hallarda rekonstruktiv cərrahiyyə vasitəsilə süd vəzisinin forması da bərpa edilə bilər.
K.Hüseynovanın sözlərinə görə, süd vəzi xərçəngi bəzi hallarda genetik mənşəli ola bilər. Xüsusilə ailəsində süd vəzi və ya yumurtalıq xərçəngi olan qadınlarda genetik məsləhətləndirmə və uyğun testlər irsi meyilliliyin müəyyənləşdirilməsinə kömək edir.
Həkim xəstəliyin erkən aşkarlanmasının vacibliyini də diqqətə çatdırıb. O bildirib ki, süd vəzilərinin özünümüşahidəsi qadınlara bədənlərindəki dəyişiklikləri vaxtında fərq etməyə imkan verir. Yeni yaranmış düyün, süd vəzi və ya gilə nahiyəsində dəyişiklik, dəridə çəkilmə, səbəbsiz axıntı və digər qeyri-adi əlamətlər müşahidə edildikdə həkimə müraciət etmək lazımdır.
Bununla yanaşı, özünümüşahidənin skrininq müayinələrini əvəz etmədiyini vurğulayan həkim qeyd edib ki, orta risk qrupunda olan qadınlar üçün mammoqrafik skrininq bir çox beynəlxalq tövsiyələrə əsasən, 40 yaşdan etibarən nəzərdən keçirilir. Müayinələrin başlanma yaşı və tezliyi fərdi risklərə uyğun müəyyənləşdirilməlidir. Süd vəzi xərçənginə şübhə yaradan əlamətlər olduqda isə yaşından asılı olmayaraq həkimə müraciət etmək vacibdir.
K.Hüseynova diqqətə çatdırıb ki, süd vəzi xərçəngi yalnız qadınlara aid xəstəlik deyil. Kişilərdə də süd vəzi toxuması mövcuddur və nadir hallarda həmin toxumada xərçəng inkişaf edə bilər.
Onun sözlərinə görə, kişilər bəzən məlumatlılığın az olması, qorxu və utancaqlıq səbəbindən həkimə müraciəti gecikdirirlər. Halbuki süd vəzi nahiyəsində düyün, gilədə dəyişiklik və ya qanlı axıntı kimi əlamətlər kişilərdə də diqqətdən kənarda qalmamalıdır. Xəstəliyin kişilərdə gec aşkarlanması bəzi hallarda daha irəliləmiş mərhələdə diaqnoz qoyulmasına səbəb olur.
Həkim qadınları süd vəzi sağlamlığına diqqətlə yanaşmağa, müayinələri gecikdirməməyə çağırıb:
“Qadınların olmadığı bir dünya boş olardı. Xoşbəxt, sağlam və özünü güvəndə hiss edən qadınların olmadığı bir dünya isə daha kədərli olardı. Gəlin, birlikdə fərqindəlik yaradaq, süd vəzi sağlamlığımıza diqqətlə yanaşaq və müayinələrimizi gecikdirməyək. Çünki erkən diaqnoz həyata verilən ən dəyərli şanslardan biridir”.
Azərbaycanda süd vəzi xərçəngi halları artır
Dünya üzrə rəsmi statistikaya əsasən, hər il təxminən 2,3 milyon yeni süd vəzi xərçəngi halı qeydə alınır.
Azərbaycanda da son illər bu xəstəliklə bağlı qeydə alınan halların sayında artım müşahidə olunur. Əldə etdiyimiz rəsmi statistikaya əsasən, 2021-ci ildə 7207, 2022-ci ildə 7322, 2023-cü ildə 7224, 2024-cü ildə 8051, 2025-ci ildə isə 8357 yeni hal qeydə alınıb.
Müqayisə üçün qeyd edək ki, 2000-ci ildə 665, 2005-ci ildə isə 958 belə hal qeydə alınmışdı.
Beləliklə, təqdim olunan statistik göstəricilər Azərbaycanda süd vəzi xərçəngi hallarının uzunmüddətli dövrdə artdığını göstərir.
Baxış sayı:53
Bu xəbər 30 Oktyabr 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















