Sufizmdən müasir fəlsəfəyə
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, akademiyanın Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi və İslam fəlsəfəsi şöbəsinin müdiri Könül Bünyadzadə Çin Xalq Respublikasının KU Leuven Universitetinin Fəlsəfə İnstitutunda elmi-tədqiqat magistr proqramının tələbəsi Yusong Çengə müsahibə verib. Müsahibə Çində fəlsəfə üzrə ixtisaslaşmış "Philellas" ("Filellas") qeyri-hökumət akademik platformada yayımlanıb.
Müsahibəni oxuculara təqdim edirik.
Könül Bünyadzadə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi və İslam fəlsəfəsi şöbəsinin müdiridir. O, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda fəlsəfə tarixi ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Hazırda Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidenti, həmçinin UNESCO-nun təşəbbüsü ilə yaradılmış Beynəlxalq Qadın Filosoflar Şəbəkəsinin üzvüdür.
Elmi fəaliyyətinə sufi fəlsəfəsinin araşdırılması ilə başlayan Könül Bünyadzadə sonralar tədqiqatlarını Qərb və Şərq orta əsr fəlsəfi düşüncəsinin müqayisəli təhlili istiqamətində genişləndirib. Hazırda onun elmi yaradıcılığının əsas istiqamətini din, fəlsəfə və elmin sərhədlərini aşan ümumbəşəri dəyərlərin araşdırılması təşkil edir. O, Azərbaycanda fəlsəfə elminin inkişafına mühüm töhfələr verib, bu sahədə yeni tədqiqat istiqamətlərinin formalaşmasına öncüllük edib.
Könül Bünyadzadə Azərbaycanda Rabiə əl-Ədəviyyə, Əbu Nəsr əs-Sərrac ət-Tusi, Cüneyd əl-Bağdadi və Mənsur əl-Həllac kimi erkən dövr sufi mütəfəkkirlərinin irsini sistemli şəkildə araşdıran ilk tədqiqatçıdır. Son illərdə isə o, sufi təfəkkürü ilə Edmund Husserlin fenomenologiyasını yaradıcı şəkildə sintez edərək Sufi fenomenologiya adlı orijinal fəlsəfi konsepsiyanı irəli sürüb.
Yusong Çeng: Hörmətli professor Könül Bünyadzadə, bu müsahibə üçün vaxt ayırdığınıza görə Sizə səmimi təşəkkürümü bildirirəm. Tədqiqatlarınızın konkret istiqamətlərinə keçməzdən əvvəl, daha fundamental bir sualla başlamaq istərdim: Nə üçün sufilik bu gün də öz aktuallığını qoruyur? O, yalnız müasir fəlsəfi müzakirələrə deyil, həm də gündəlik həyatımıza hansı özünəməxsus töhfəni verə bilər?
Könül Bünyadzadə: Sufilik həqiqətin axtarışı yoludur. Məhz buna görə də, o, bəşər düşüncəsinin bütün tarixi boyunca öz aktuallığını qoruyub saxlamışdır. Müxtəlif mədəni və dini ənənələrdə bu axtarış fərqli formalarda ifadə olunmuş, müxtəlif təcrübələrlə müşayiət edilmişdir. Lakin onun mahiyyəti dəyişməz qalmışdır: varlığın mənasını və insanın ümumbəşəri harmoniyadakı yerini dərk etmək.
Sufilik İslam dini zəminində formalaşsa da, onun ümumbəşəri ruhu və missiyası müəyyən bir dinin hüdudlarını aşmağa, digər mənəvi və fəlsəfi ənənələrlə ortaq məqamlar tapmağa imkan verir. Bu, məşhur sufi çağırışında öz ifadəsini tapmışdır:
"Gəl, gəl, kim olursan ol. İstər yolçu ol, istər ibadət edən, istərsə də ayrılığı sevən. Fərqi yoxdur. Bizim karvanımız ümidsizlik karvanı deyil. Andını min dəfə pozmuş olsan belə, yenə gəl. Yenə gəl, gəl".
Bu çağırış, ilk növbədə, insanın elm və iman vasitəsilə özünü və həqiqəti axtarmasına dəvətdir. Sufilik sadəcə mistik bir təlim deyil; o, həqiqəti yaşamaq, onu təcrübədə dərk etmək yoludur.
Fəlsəfə, hikmət sevgisi olaraq, hər zaman idrak yolu olmuşdur. Antik dövrdən bu günə qədər bir çox filosof insan idrakının yalnız rasional təfəkkür və məntiqlə məhdudlaşmadığını qəbul etmişdir. İnsan təkcə fiziki və əqli imkanlara malik deyil; o, eyni zamanda, onu İlahi ilə bağlayan və rasional düşüncənin hüdudlarını aşan təcrübəyə açan daxili mənəvi ölçüyə də sahibdir.
Sufilik məhz bu daxili potensialı oyadan mənəvi təcrübə vasitəsilə idrak yolunu təklif edir. Bu baxımdan onun müasir dünya üçün əhəmiyyəti ondadır ki, həqiqətin yalnız intellektual təhlilin predmeti olmadığını, eyni zamanda yaşanmalı və təcrübədən keçirilməli bir gerçəklik olduğunu xatırladır.
Parçalanma və özgələşmənin getdikcə dərinləşdiyi müasir dünyada sufilik bilik, iman və yaşanmış təcrübənin vəhdətini yenidən bərpa etməklə müasir fəlsəfi müzakirələrə mühüm töhfə verə bilər. Eyni zamanda, insanın həyatın mənasını, daxili harmoniyasını və başqaları qarşısındakı mənəvi məsuliyyətini yenidən kəşf etməsinə kömək edə bilər.
Məhz buna görə də sufilik bu gün də öz əhəmiyyətini itirməmişdir. O, zamanın fövqündə duran suallara cavab axtarır: Biz kimik? Varlığımızın mənası nədir? Özümüzlə və bizi əhatə edən dünya ilə harmoniyaya necə nail ola bilərik?
Ağlı, mənəvi təcrübəni və etik məsuliyyəti bir araya gətirən sufilik yalnız fəlsəfi baxış sistemi deyil, həm də insanın həyat tərzini müəyyənləşdirən bir yoldur.
Yusong Çeng: Sufilik sahəsində apardığınız tədqiqatların mühüm istiqamətlərindən biri erkən dövr sufi mütəfəkkirlərinə həsr olunub. Düşünürəm ki, bu mövzu çinli oxucular üçün hələ də kifayət qədər tanış deyil. Erkən sufi mütəfəkkirləri ilə bağlı araşdırmalarınız haqqında danışa bilərsinizmi? Onların irsi sufilik və ümumilikdə İslam fəlsəfəsi haqqında təsəvvürümüzü necə zənginləşdirə, hətta yenidən formalaşdıra bilər?
Könül Bünyadzadə: Sufiliyin erkən dövrü xüsusi əhəmiyyət daşıyır. Çünki məhz bu mərhələdə sufi təfəkkürünün əsas kateqoriyaları və anlayışları formalaşmış, öz ilkin ifadəsini tapmışdır. Sonrakı dövrlərdə isə müxtəlif tarixi şəraitin, görkəmli mürşidlərin və sufi təriqətlərinin təsiri altında həmin anlayışlar yeni yozumlar qazanmış, əlavə məna çalarları ilə zənginləşmiş, bəzən isə ilkin kontekstindən uzaqlaşmışdır.
Məhz buna görə də mən tədqiqatlarımda erkən dövr sufi mütəfəkkirlərinə xüsusi diqqət yetirmişəm. Çünki onların irsi sufiliyin təməl mahiyyətini üzə çıxarmağa imkan verir. Erkən sufilik yalnız bir mənəvi ənənənin başlanğıcı kimi deyil, həm də İslam düşüncəsinin fəlsəfi və mənəvi mahiyyətini dərk etməyin açarı kimi qiymətləndirilməlidir.
Məsələn, Cüneyd əl-Bağdadi Qurani-Kərimdə (7:172) bəhs olunan Mütləq Yaradan ilə insan arasında bağlanmış Əzəli Əhdi insanın mənəvi missiyasının əsası kimi şərh etmişdir. Mənsur əl-Həllac insan idrakının mərhələlərini və onun Həqiqətə yaxınlaşmaq imkanını ön plana çəkərək məşhur "Ənəl-Həqq" ("Mən Haqqam") kəlamının dərin fəlsəfi mənasını açıqlamışdır. Rabiə əl-Ədəviyyənin irsində isə ilahi məhəbbətin ən saf ifadəsini görürük. Bu məhəbbət nə savab qazanmaq istəyindən, nə də cəzadan qorxudan doğur; o, yalnız Allahın Özünə yönəlmiş saf sevgidir.
Bu baxımdan erkən sufiliyi canlı bir mənəvi ənənənin özəyi ilə müqayisə etmək olar. Onun təşəkkül mərhələsinə qayıtdıqda sufiliyin ilkin mənasını və mənəvi istiqamətini daha aydın dərk etmək mümkündür. Erkən sufilik göstərir ki, İslam fəlsəfəsinin mərkəzində sülh, məhəbbət, elmə və kamilliyə can atmaq, dözümlülük, eləcə də zahiri müxtəlifliyin arxasında gizlənən daxili vəhdəti görə bilmək dayanır.
Erkən sufi mütəfəkkirlərinin irsi İslam fəlsəfəsinin həm ontoloji, həm də qnoseoloji ölçülərini daha dərindən anlamağa imkan yaradır. O, bizə xatırladır ki, həqiqi bilik yalnız dövrdən dövrə dəyişən xarici tarixi şəraitlə müəyyən olunmur; onun əsas şərti insanın daxili mənəvi çevrilməsidir. Bu mənada erkən sufilik həqiqət, mənəvi təcrübə və insanın kamilləşməsi arasındakı ayrılmaz əlaqəni qoruyub saxlayan bir idrak yolunu təqdim edir.
Beləliklə, erkən dövr sufi mütəfəkkirlərinin öyrənilməsi bizə yalnız sufiliyin mənşəyini daha dərindən anlamağa deyil, həm də İslam düşüncəsinin özünün fəlsəfi və mənəvi əsaslarını yenidən kəşf etməyə imkan verir. Onların irsi bu gün də müasir fəlsəfi müzakirələri zənginləşdirməkdə davam edir və bizə xatırladır ki, fəlsəfə ilə mənəviyyat bir-birinə zidd sahələr deyil, insanın həqiqət axtarışında bir-birini tamamlayan iki yoldur.
Yusong Çeng: İndi isə ən son monoqrafiyanız olan Sufi fenomenologiyada (Sufi Phenomenology, Cham: Springer, 2026) haqqında danışmaq istərdim. Bu əsərdə Siz sufiliklə Qərb fenomenologiyasını sintez edərək fundamental fəlsəfi məsələlərin araşdırılmasına yönəlmiş yeni bir fəlsəfi çərçivə təqdim edirsiniz. Bu yanaşma məndə xüsusi maraq doğurdu. Çünki bəzi tədqiqatçılar fenomenologiyanı buddizm və konfutsiçilik kimi digər Şərq düşüncə ənənələri ilə də əlaqələndirməyə çalışmışlar.
Sufi fenomenologiyada diqqətimi çəkən əsas məqamlardan biri eydos anlayışının mərkəzi yer tutmasıdır. Nə üçün eydos müasir fəlsəfi kontekstdə sufiliyin anlaşılması üçün bu qədər mühüm əhəmiyyət daşıyır? Bu anlayış şüur, həqiqət və varlıq haqqında sufi baxışını daha dərindən dərk etməyimizə necə kömək edir?
Könül Bünyadzadə: İlk növbədə qeyd etmək istərdim ki, Sufi fenomenologiyası yalnız sufiliyin yeni baxımdan anlaşılması üçün deyil, həm də Şərq və Qərb düşüncəsi, eləcə də fəlsəfə ilə elm arasındakı münasibətlərin yenidən dəyərləndirilməsi üçün yeni perspektiv açan fəlsəfi çərçivədir.
Bu çərçivədə eydos anlayışı mərkəzi yer tutur. Çünki o, sufi təfəkkürü ilə fenomenologiya arasında körpü rolunu oynayır. Eydos anlayışının məzmunu qədim yunan fəlsəfəsində zamanla inkişaf etsə də, məhz Platonun dialoqlarında o, dəyişməz mahiyyət və ya ilkin ideya mənasını qazanmışdır. Əsrlər sonra Edmund Husserl "şeylərin özünə qayıdış" çağırışı ilə bu anlayışı yenidən fəlsəfi dövriyyəyə gətirmiş və insan təcrübəsinin əsasında duran mahiyyət strukturlarını üzə çıxarmağa çalışmışdır.
Sufilikdə də eyni istiqamətdə yönəlmiş bir axtarış mövcuddur. Sufi yolu insanı varlığın həqiqi mənasını dərk etməyə mane olan bağlılıqlardan və təsadüfi xüsusiyyətlərdən azad olmağa çağırır. Məqsəd ilkin mahiyyətə qayıtmaq və varlığın İlahi Mənbəyi ilə daha dərin əlaqə yaratmaqdır. Deməli, həm fenomenologiyanın, həm də sufiliyin mərkəzində mahiyyət axtarışı dayanır.
Məhz buna görə mən yeni terminologiya yaratmaq əvəzinə eydos anlayışını olduğu kimi saxlamağı məqsədəuyğun hesab etdim. Bu baxımdan mən şüurlu şəkildə Husserlin yolunu davam etdirirəm. Necə ki, Husserl qədim yunan fəlsəfəsindən gələn eydos anlayışını qoruyaraq onu fenomenologiya çərçivəsində yenidən şərh etmişdir, mən də həmin anlayışı saxlayaraq onu sufiliklə fenomenologiya arasındakı dialoq müstəvisində yeni məzmunda şərh edirəm.
Eyni zamanda, Husserlin fenomenologiyanı ciddi elm kimi təqdim etmək istəyini də bölüşürəm. Sufi fenomenologiyanı işləyib hazırlayarkən məqsədim müxtəlif fəlsəfi və elmi ənənələrdən olan tədqiqatçılar üçün həm konseptual baxımdan ciddi, həm də anlaşılan fəlsəfi model yaratmaq olmuşdur. Buna görə də yeni terminlər irəli sürərək mövcud fəlsəfi diskursu mürəkkəbləşdirməkdənsə, artıq fəlsəfə tarixində möhkəmlənmiş bir anlayışdan istifadə etməyə üstünlük verdim.
Bununla yanaşı, eydos anlayışı Qərb və Şərq düşüncəsi, hətta fəlsəfə ilə elm arasında mövcud olan daxili əlaqəni üzə çıxarmağa imkan verir. Müxtəlif elm sahələrində gerçəkliyin fundamental quruluşunun və ya ilkin prinsipinin müəyyənləşdirilməsi istiqamətində davamlı axtarış aparılır. Müasir elmi nəzəriyyələr də varlığın son təməl elementlərini müəyyən etməyə çalışırlar. Bu geniş mənada eydos həm mənəvi, həm də fiziki varlığın əsasında duran saf mahiyyət kimi başa düşülə bilər.
Sufi fenomenologiyaya görə, mövcud olan hər bir şey eydoslardan təşkil olunmuşdur və onların mənalı vəhdəti noemanı yaradır. Beləliklə, həm fiziki, həm də mənəvi gerçəklik öz əsasını eydosda tapır və öz noematik vəhdəti vasitəsilə təzahür edir.
Bəzi eydoslar predmet və ya hadisənin ilkin və əsas mənasını daşıyır. Bunlar əsas eydoslardır (essential eide). Digər eydoslar isə həmin ilkin mənanın təzahürünə və gerçəkləşməsinə xidmət edir. Bunlar əlavə eydoslardır (additional eide).
Əsas eydos eyni zamanda həm ilkin ideyanı, həm də insanın varlığın mənəvi və ilahi ölçülərində iştirak etmək imkanını ifadə edir. İnsanda isə şüur əsas eydosu təşkil edir. Çünki insan məhz şüur vasitəsilə varlığın mənəvi və ilahi ölçüləri ilə əlaqə qurur və gerçəkliyin mahiyyətini dərk edir.
Beləliklə, eydos sufiliklə fenomenologiyanın, Şərqlə Qərbin, fəlsəfə ilə elmin kəsişmə nöqtəsinə çevrilir. O, bizə şüuru, həqiqəti və varlığı bir-birindən təcrid olunmuş hadisələr kimi deyil, insanı gerçəkliyin mahiyyəti ilə birləşdirən daha dərin vəhdətin müxtəlif təzahürləri kimi anlamağa imkan verir.
Yusong Çeng: Sonda şəxsi marağımdan irəli gələn bir sual vermək istərdim. Sizin şəxsi internet səhifənizdə gördüm ki, Siz 2018-ci ildə Pekində keçirilən Dünya Fəlsəfə Konqresində də iştirak etmisiniz. Bu, mənim üçün xoş sürpriz oldu. Çinə səfərinizlə bağlı xatirələrinizi bizimlə bölüşə bilərsinizmi?
Könül Bünyadzadə: 2018-ci ildə Pekində keçirilən XXIV Dünya Fəlsəfə Konqresi həyatımın ən yaddaqalan elmi tədbirlərindən biri kimi yaddaşıma həkk olunub. Məruzəm musiqinin idrak forması və ilahi aləmlə maddi aləm arasında körpü rolu haqqında idi. Fikirlərimi Azərbaycanın ənənəvi musiqisi - muğam əsasında qurmuş və çıxışımı bir neçə musiqi nümunəsi ilə müşayiət etmişdim.
Məruzədən sonra gənc çinli tədqiqatçılardan biri söz aldı. O dedi ki, çıxışım ona dərin təsir bağışlayıb və telefonundan Çin ənənəvi musiqisindən kiçik bir parçanı səsləndirmək üçün icazə istədi. Böyük maraqla dinlədim və heyrətlə gördüm ki, həmin musiqidəki bir çox intonasiyalar və melodik keçidlər Azərbaycan muğamı ilə olduqca böyük oxşarlıq təşkil edir.
Sonra o, çox maraqlı bir sual verdi: "Əgər ənənəvi musiqilərimiz arasında bu qədər aydın oxşarlıqlar mövcuddursa, onda dinlərimizin, mədəniyyətlərimizin, həyat tərzimizin və kimliklərimizin bu qədər fərqli olmasını necə izah etmək olar?"
Bu sualda mən nəzəri olaraq ifadə etməyə çalışdığım fikrin canlı təsdiqini gördüm. Cavab verdim ki, həqiqət ən yüksək mənasında universaldır, onun təzahürləri isə müxtəlifdir. Mədəni və tarixi formalarımız fərqli olsa da, məhz bu musiqi ənənələri göstərir ki, biz eyni ümumbəşəri harmoniyanın iştirakçılarıyıq.
Sufi mütəfəkkiri Əbu Yəzid əl-Bistami yazırdı:
"Suyun rəngi qabının rənginə görə görünür. Su ağ qabdadırsa, ağ görünür; qara qabdadırsa, qara görünür".
Halbuki suyun özü dəyişməz qalır. Eyni şəkildə, ilahi aləmlə bağlı musiqini suya, mədəniyyətləri, dinləri və tarixi formaları isə həmin suyun müxtəlif qablarda təzahürünə bənzətmək olar.
Biz diqqətimizi suya yönəltdikdə ortaq mahiyyətimizi dərk edirik; yalnız qaba baxdıqda isə zahiri fərqlər bizi bir-birimizdən ayırır. Musiqi gerçəkliyin mahiyyətinə yaxınlaşmağa və bu vəhdəti yaşamağa imkan verən yollardan biridir.
Pekində baş vermiş bu qısa söhbət mənim üçün təkcə Çindən qalan ən əziz xatirələrdən biri deyil, həm də öz fəlsəfi ideyalarımın mahiyyətini daha dərindən dərk etməyimə kömək edən bir təcrübə oldu. O mənə bir daha göstərdi ki, fəlsəfə yalnız kitabların səhifələrində deyil, insanlarla görüşlərdə, mədəniyyətlərin dialoqunda və ortaq təcrübələrdə öz canlı təsdiqini tapır.
Yusong Çeng: Bu xatirəni eşitmək çox xoş oldu. Bir həqiqətin müxtəlif formalarda təzahürü ideyası həqiqətən də böyük təəssürat yaradır. Bu müsahibəyə vaxt ayırdığınıza görə Sizə bir daha təşəkkür edir və Azərbaycanla Çin arasında elmi-fəlsəfi əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümid edirəm.
Könül Bünyadzadə: Mən də şadam ki, bu müsahibədə Çinə səfərimlə bağlı mənim üçün ən əziz xatirələrdən biri öz əksini tapdı.
Ümid edirəm ki, gələcəkdə Azərbaycan və Çin alimləri ənənəvi musiqilərimizin ortaq cəhətlərini daha dərindən araşdıracaqlar. Belə tədqiqatlar mədəniyyətlərimiz arasındakı daha dərin intellektual və mənəvi bağlılıqları üzə çıxara bilər. Bəlkə də məhz bu cür araşdırmalar təkcə musiqinin deyil, ümumilikdə insan təfəkkürünün ortaq əsaslarını və müxtəlif fəlsəfi ənənələr arasında dialoqun yeni imkanlarını üzə çıxaracaq.
Müsahibəni Azərbaycan dilinə Könül Bünyadzadə çevirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 17 İyul 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















