“Sülh körpüsü” əməli əməkdaşlığa qapı açır
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu müxtəlif komissiyaların yaradılması ilə yeni məzmun qazandı
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin “Sülh körpüsü” təşəbbüsünün beşinci görüşü dünən Ermənistanın Dilican şəhərində öz işini başa çatdırıb. Dəyirmi masa çərçivəsində komissiyalar formatında da iş aparılıb. İqtisadiyyat və infrastruktur, humanitar və ictimai məsələlər, ekologiya, media, təhsil, ictimai narrativlər və gənclərlə iş, eləcə də siyasi və geosiyasi məsələlər üzrə müzakirələr keçirilib. Beləliklə, təşəbbüs konkret sahələr üzrə əməli əməkdaşlıq mərhələsinə keçib.
Təşəbbüsün Azərbaycan tərəfdən əlaqələndiricisi, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyəti sədrinin müavini Fərhad Məmmədov görüşün yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, budəfəki raundun əsas fərqi komissiyaların başlamasıdır. Onun sözlərinə görə, komissiyalarda növbəti mərhələdə görüləcək işlər, 2 ölkənin dövlət qurumlarına təqdim edilə biləcək təkliflər, fikir ayrılıqlarının aradan qaldırılması və sülh gündəliyinin genişləndirilməsi imkanları müzakirə olunur. Deyib ki, təşəbbüsün mühüm cəhətlərindən birinin vətəndaş cəmiyyəti nümayəndələrinin dövlət rəsmiləri ilə birbaşa ünsiyyəti olduğunu vurğulayıb.
F.Məmmədov dialoqun davam etməsini, fikir mübadiləsini və prosesə qoşulanların sayının artmasını özlüyündə uğur adlandırıb. O, cəmiyyətlərin sülhlə bağlı gözləntilərinin fərqli olduğunu, narahatlıqların açıq və səmimi müzakirəsinin vacibliyini bildirib. Bütün məsələləri qısa müddətdə həll etmək mümkün olmadıqda, konkret addım atıla biləcək sahələrə diqqət yetirildiyini qeyd edib.
“Sülh körpüsü”nün Ermənistan tərəfdən əlaqələndiricisi, “Erməni şurası”nın prezidenti Areq Koçinyanın sözlərinə görə, məqsəd keçmişi unutmaq və ya tarixi dəyişmək deyil, münaqişə və düşmənçiliklə yanaşı, gələcəyə yönəlmiş yeni gündəlik formalaşdırmaqdır. Koçinyan əvvəlki dialoqdan, yəni bu ilin aprelindən sonra baş verən hadisələrin, hər 2 cəmiyyətdə narahatlıq doğuran mövzuların və normallaşmaya yaxınlaşdıran proseslərin müzakirə edildiyini deyib.
Qeyd edək ki, müzakirələrin ilk günündə iştirakçılar Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanla görüşərək ona 2 saat ərzində suallar ünvanlayıblar. Simonyan görüşdən sonra jurnalistlər üçün keçirdiyi brifinqdə belə müzakirələrin cəmiyyətlərdəki sual və təsəvvürlərin açıq dilə gətirilməsi, izah olunması baxımından əhəmiyyətini qeyd edib.
Dünən isə Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vaan Kostanyan azərbaycanlı və erməni iştirakçılarla görüşüb. Tərəflər ona suallar ünvanlayıb, fikir və mülahizələrini bölüşüblər.
Dialoqdan əməkdaşlığa
Beşinci görüşün əsas yeniliyi komissiyaların yaradılması və onların çərçivəsində müzakirələrin başlanmasıdır. Bu, adi təşkilati dəyişiklik deyil. Dialoqun davamlı nəticə verməsi üçün ümumi bəyanatlardan əlavə, konkret məsələləri araşdıran, təkliflər hazırlayan və tərəflər arasında əlaqəni qoruyan iş mexanizmləri lazımdır. Tematik komissiyalar belə bir ehtiyaca cavab verə bilər. Ekologiya, iqtisadiyyat, infrastruktur, humanitar məsələlər və media 2 qonşu ölkənin gündəlik həyatına və regional münasibətlərə birbaşa təsir edən sahələrdir.
Dövlət nümayəndələri ilə birbaşa ünsiyyət də xüsusi əhəmiyyət daşıyır. A.Simonyanla 2 saatlıq sual-cavab bunun nümunəsidir. Həssas məsələlərin açıq qaldırılması və cavabların birbaşa məsul şəxsdən alınması yanlış təsəvvürlərin aradan qaldırılmasına imkan yaradır.
Əlbəttə, vətəndaş cəmiyyəti dialoqundan qısa müddətdə bütün fikir ayrılıqlarını aradan qaldırmağı və ya dövlətlərarası razılaşmaları əvəz etməyi gözləmək düzgün deyil. Koçinyanın da vurğuladığı kimi, bu, danışıqlar prosesi deyil. Ancaq onun dəyəri qarşıdurma illərində formalaşmış münasibətlərdə ünsiyyət məkanı yaratmasındadır.
Sülhə qənimlərin narahatlığı
Belə bir şəraitdə Ermənistanın “Hraparak” qəzetinin beşinci görüşlə bağlı yazısı diqqət çəkir. Nəşr Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin səfərini və dialoqun məzmununu müzakirə etmək əvəzinə, təşəbbüsün özünü şübhə altına almağa çalışır. Məqalədə iddia olunur ki, Azərbaycan vətəndaş cəmiyyəti siyasi məsələləri müzakirə edir və ölkənin siyasətini irəli aparır. Daha sonra səfər Ermənistanın yeni konstitusiya layihəsi və Müstəqillik Bəyannaməsi ilə bağlı məsələlərlə əlaqələndirilir, guya, Bakı Paşinyan hakimiyyətini buna görə “mükafatlandırır”.
Bu yanaşma faktları təhlil etməkdən çox, oxucuda şübhə yaratmağa hesablanıb. Vətəndaş cəmiyyəti nümayəndələrinin siyasi və ictimai əhəmiyyətli məsələləri müzakirə etməsi qeyri-adi deyil. Sülh, təhlükəsizlik, nəqliyyat, iqtisadiyyat və humanitar əlaqələr onsuz da siyasi proseslərdən ayrı mövzular deyil. Əsas məsələ bu mövzuların müzakirəsi yox, onların hansı məqsədlə aparılmasıdır. Tərəflərin narahatlıqlarını açıq dilə gətirməsini və bir-birinə sual verməsini avtomatik şəkildə hansısa hakimiyyətin tapşırığı kimi təqdim etmək müstəqil fikir mübadiləsinin mahiyyətini inkar edir.
“Hraparak” əvvəlki görüşlərdən birində Azərbaycan nümayəndələrinin səfərdən imtinasını erməni tərəfinin bu ilin sentyabrında Bakıda akkreditə olunmuş xarici diplomatların Gəncəsər monastrına aparılması ilə bağlı tənqidləri ilə əlaqələndirir. Lakin qəzet bu iddianı təsdiqləyən dolğun faktlar göstərmir, hadisəni öz siyasi yozumu ilə təqdim edir. İndi isə növbəti görüşü Ermənistanın daxili konstitusiya müzakirələri ilə bağlayır. Hansı hadisənin baş verməsindən asılı olmayaraq, nəşr onu dialoqun real məzmunu ilə deyil, əvvəlcədən müəyyən etdiyi siyasi ittihamlarla izah etməyə çalışır.
Ən diqqətçəkən məqam Ermənistanın daxili siyasi mübahisələrinin “Sülh körpüsü”nə, necə deyərlər, calaq edilməsidir. Konstitusiya layihəsi və Müstəqillik Bəyannaməsi ilə bağlı müzakirələr Ermənistanın öz daxili siyasi gündəliyinə aiddir. Bunları təşəbbüs iştirakçılarına qarşı ittihama çevirmək və səfəri Paşinyan hakimiyyətinə verilmiş hansısa “mükafat” kimi təqdim etmək üçün əsas göstərilmir. Bu cür yanaşma sülh təşəbbüsünün mahiyyətini kölgədə qoyur, cəmiyyətlərarası təmasları daxili siyasi qarşıdurmanın alətinə çevirməyə çalışır.
Beləliklə, “Hraparak”ın mövqeyi revanşist dairələrin maraqlarına xidmət edir: dialoqun mümkün faydasını müzakirə etmək əvəzinə, onun iştirakçılarına şübhə ilə yanaşmağı təlqin edir. Halbuki keçmişin düşmənçilik mühitini qorumaqla gələcək üçün sağlam münasibətlər qurmaq mümkün deyil. Sülhə aparan yol sualları açıq müzakirə etməkdən və ortaq maraqlar üzrə əməli addımlar atmaqdan keçir.
Nəticə sözlə yox, işlə ölçülür
Bütövlükdə, “Sülh körpüsü” təşəbbüsünün beşinci raundunda komissiyaların yaradılması və onların işə başlaması dialoqun daha sistemli mərhələyə keçdiyini göstərir. Komissiyaların fəaliyyəti həm də onu göstərir ki, Azərbaycan və Ermənistan arasında mümkün əməkdaşlıq yalnız siyasi münasibətlərin normallaşması ilə məhdudlaşmır. İqtisadiyyat, nəqliyyat, ekologiya və humanitar sahələrdə qarşılıqlı maraqların müəyyənləşdirilməsi bütövlükdə, Cənubi Qafqazda yeni əməkdaşlıq imkanları aça bilər. Xüsusilə nəqliyyat yollarının inkişafı, ticarət əlaqələrinin genişlənməsi və regional bağlantıların güclənməsi hər iki ölkənin maraqlarına uyğundur.
Bu baxımdan komissiyaların işi ümumi sülh gündəliyini gündəlik həyatla əlaqələndirən mühüm vasitəyə çevrilə bilər. Yaradılan mexanizmlərin səmərəsi müzakirələrin konkret təkliflərə və praktik nəticələrə çevrilməsindən asılı olacaq. İki cəmiyyət arasında etimad bir görüşlə yaranmır. Bunun üçün ardıcıl təmas, açıq söhbət və əldə olunan razılaşmaların davamı lazımdır. Bugünkü mərhələnin əhəmiyyəti dialoqun söz səviyyəsindən çıxaraq konkret sahələr üzrə işə çevrilməsindədir.
Səxavət HƏMİD
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 28 Noyabr 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















