Sülh prosesinə raketdən atəş
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Silah ticarətinə bürünmüş geosiyasi maraqlar Cənubi Qafqazda yeni gərginliyə yol açır
Son illər Cənubi Qafqazda geosiyasi maraqlar toqquşur. Bölgəyə yeni güc mərkəzləri daxil olur. Bu kontekstdə Ermənistanın müxtəlif güc mərkəzləri arasında manevr etməsi, Avropa İttifaqının mülki adlanan yarımhərbiləşmiş missiyasını Azərbaycanla sərhəd ərazilərə yerləşdirməsi, bəzi dövlətlərlə hərbi əməkdaşlığı və silah tədarükü ciddi narahatlıq doğurur. Ölkəmizin suverenliyinə və regional sabitliyə yönəlmiş bu addımlar, təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, eyni zamanda, beynəlxalq hüququn və geosiyasi tarazlığın pozulması baxımından da təhlükəli tendensiyanın göstəricisidir.
Ermənistanın 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyəti, müharibə zamanı Rusiyadan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından istədiyi dəstəyi ala bilməməsi İrəvanı yeni hərbi tərəfdaşlar axtarmağa vadar etdi. Sözsüz ki, bu tərəfdaşlığın bir məqsədi də silah tədarükünə nail olmaq idi. Məhz bu axtarışların nəticəsi olaraq, Hayastan son illərdə Hindistanla yaxınlaşaraq oradan müxtəlif təyinatlı silah-sursat alışına başladı. Mətbuatda geniş yayılmış məlumatlara əsasən, Ermənistan qısa müddətdə Hindistandan artilleriya sistemləri, çoxsaylı raket buraxılış sistemləri (“Pinaka”), pilotsuz uçuş aparatları, snayper tüfəngləri, optik və elektron sistemlər, digər müdafiə texnologiyaları əldə edib. Məlumatlara görə, Hindistan artıq Ermənistana yüz milyonlarla dollar dəyərində silah ixrac edib. Bu silahların əsas məqsədi Ermənistan ordusunun modernləşdirilməsi və Azərbaycanla mümkün hərbi qarşıdurmalarda üstünlük əldə etmək cəhdidir.
Əlbəttə, bu əməkdaşlığa yalnız silah alqı-satqı əməliyyatı kimi yanaşılmamalıdır. Bu, eyni zamanda, siyasi mesajdır: Hindistan Cənubi Qafqazda öz mövcudluğunu formalaşdırmağa çalışır və Ermənistan bu məqsəd üçün alətə çevrilib. Bu, həm də Hindistanın qlobal güc statusuna iddiasının regional təzahürüdür. Hindistan Ermənistana bu cür dəstək göstərməklə Cənubi Qafqazda özünü siyasi və hərbi aktor kimi göstərmək istəyir.
Digər tərəfdən, Hindistanın Ermənistana yönəlmiş silah siyasətinin arxasında yalnız iqtisadi və ya texniki maraqlar dayanmır, daha dərin geosiyasi məqsədlər mövcuddur. Nyu–Dehli Pakistanla qarşıdurmada Azərbaycanın İslamabadla sıx tərəfdaşlığını diqqətlə izləyir. Azərbaycan–Pakistan–Türkiyə üçbucağı Hindistan üçün strateji narahatlıq doğuran güc mərkəzinə çevrilməkdədir. Beləliklə, Ermənistanın silahlandırılması Hindistan üçün həm bu “üçlüyə” cavab, həm də bölgədə nüfuz qazanmaq cəhdidir.
Bundan əlavə, Hindistanın Ermənistana silahları İran üzərindən çatdırması bu məsələyə əlavə strateji ölçü qazandırır. İran–Hindistan əlaqələrinin logistik və təhlükəsizlik baxımından bu prosesə daxil edilməsi həm də Tehranın Cənubi Qafqazdakı roluna yenidən baxılmasını aktuallaşdırır.
***
Hindistanın Ermənistanı silahlandırması istiqamətində yeni xəbər var. Bu da iyul ayında Ermənistana “Akash” zenit-raket komplekslərinin ikinci partiyasının göndəriləcəyi ilə bağlıdır. Bu barədə “Hindistan Aerokosmik Müdafiə Xəbərləri” (IADN) saytı məlumat yayıb. Ötən il noyabrın sonunda KİV-də Hindistanın Ermənistana “Akash” hava hücumundan müdafiə sistemlərinin ilk batareyasının göndərildiyi barədə məlumat yayılmışdı. “New Indian Express”in məlumatına görə, 2022-ci ildə Ermənistan Hindistanla təxminən 60 milyard rupi (710 milyon dollar) dəyərində 15 “Akash” raket kompleksinin alınmasına dair müqavilə imzalayıb və bu raket sistemini alan ilk xarici ölkə olub.
Qeyd edək ki, Ermənistan 2022-ci ildə Hindistanla təxminən 60 milyard rupi (710 milyon dollar) dəyərində 15 ədəd “Akash” raket kompleksinin alınmasına dair müqavilə imzalayıb. Beləliklə, Hayastan bu raket sistemini satın alan ilk xarici ölkə olub.
Silahın xarakteristikasına gəldikdə isə qeyd etmək lazımdır ki, Hindistanın müdafiə tədqiqatı və istehsalı təşkilatı tərəfindən hazırlanan “Akash” sistemi qırıcı təyyarələri, qanadlı və “hava-yer” tipli raketləri, pilotsuz uçuş aparatlarını və 25 kilometrə qədər məsafədə digər hava vasitələrini vura bilən “hava-hava” tipli raketdir. Dövlətə məxsus “Bharat Electronics Limited” tərəfindən istehsal edilən hər bir “Akash” batareyası bir passiv elektron skanlı 3D radardan və hər birində üç raket olan dörd buraxılış qurğusundan ibarətdir və vahid idarəetmə sisteminə daxildir.
***
Silahın texniki xarakteristikası da bu alqı-satqının çox ciddi və strateji baxımdan narahatedici bir məsələ olduğunu deməyə əsas verir. 710 milyon dollar dəyərində bu silah müqaviləsi Hindistan–Ermənistan münasibətlərində tarixi miqyasda ən böyük hərbi razılaşmadır. Qeyd etdiyimiz kimi, bu, sadəcə bir ticarət əməliyyatı deyil – siyasi, strateji və diplomatik mesaj daşıyır. Hindistan öz hərbi sənayesini beynəlxalq səviyyədə tanıtmaq istəyir və Ermənistan bu baxımdan “uyğun müttəfiq” rolunu oynayır. Eyni zamanda, bu alqı-satqı göstərir ki, Hindistan Ermənistanla uzunmüddətli hərbi əməkdaşlığa girir. Bu, Hindistanın Cənubi Qafqazda daha aktiv rol almaq niyyətindən xəbər verir – xüsusilə, Azərbaycan–Pakistan–Türkiyə üçbucağı fonunda.
Bu silahların Ermənistana verilməsi birbaşa Azərbaycanın hava məkanına, sərhəd ərazilərinə və sülh prosesinə təhlükə yaradır. “Akash” sistemləri Ermənistanın müdafiə qabiliyyətini artırmaqla yanaşı, onun təcavüzkar ritorikasını da gücləndirə bilər. Ölkəmiz üçün narahatlıq doğuran əsas məqamlara hava məkanında Ermənistanın üstünlük əldə etmək potensialının artmasını, sərhəd yaxınlığında hərbi balansın pozulmasını, postmüharibə sülh gündəminin təhlükəyə düşməsini aid etmək olar. Bu, həm də o deməkdir ki, Ermənistan sülh sazişinin imzalanması ilə bağlı Azərbaycanın tələblərindən yayınmaq xəttini davam etdirə bilər. Çünki arxasında güclü silah dəstəyi hiss edir.
Məhz bu kimi addımlar bizi də adekvat tədbirlər görməyə məcbur edir. Bu il bizim hərbi büdcəmiz rekord büdcədir. Bu, təxminən 5 milyard dollardır. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu məbləğin, ən azı, 60 faizini xərcləməyə məcburuq, belə təhdidlər olmasaydı, xərcləməzdik. Qarabağın bərpası, sosial ödənişlər və sair üçün istifadə edərdik: “Lakin biz bunu etməyə məcburuq və edəcəyik. Məncə, bu, fəlakətə aparan yoldur. Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər”.
Haylar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini də unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, onlara verilən maksimum dəstəyə baxmayaraq, bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək.
Bu müqavilə 2020-ci il 10 noyabr razılaşmasının ruhuna da ziddir. Razılaşmadan sonra tərəflər silahlı qarşıdurmadan çəkinməli, regionda sülh və əməkdaşlıq şəraiti yaradılmalı idi. Hindistanın bu addımı isə bölgədə silahlanmanı körükləyir. Eyni zamanda, bu, beynəlxalq ictimaiyyətin ikili standartlarla hərəkət etdiyini bir daha sübut edir: Ermənistana ölümcül silahlar ötürülür, amma Azərbaycanın öz müdafiə tədbirləri daim tənqid olunur. Onu da bildirək ki, Hindistan uzun illərdir özünü beynəlxalq arenada sülhsevər və neytral aktor, “beynəlxalq sülhə və təhlükəsizliyə töhfə verən dövlət” kimi təqdim edir. Lakin Ermənistan kimi işğalçı keçmişi olan və revanşist iddialarını hələ də dayandırmayan bir ölkəyə ölümcül silahlar satmaq bu imiclə ziddiyyət təşkil edir. Belə davranış Hindistanın beynəlxalq hüquqa sadiqlik bəyanatlarını sual altına alır. Bu proses həm də Ermənistanın sülh danışıqlarına qeyri-konstruktiv mövqe ilə yanaşmasının stimullaşdırılması kimi qiymətləndirilə bilər. Beynəlxalq ictimaiyyətin Hindistanın bu siyasətinə səssiz qalması isə ikili standartların növbəti nümunəsi kimi ortaya çıxır. Qərb dövlətləri və beynəlxalq təşkilatlar isə bu əməkdaşlığa hələ də səssiz qalmaqda davam edirlər.
Azərbaycan bu məsələ ilə bağlı narahatlığını dəfələrlə bildirib. Hindistanın Ermənistana göstərdiyi hərbi dəstəyə qarşı prinsipial və ardıcıl mövqe sərgiləyib. Rəsmi Bakı Hindistanın Ermənistanı silahlandırmasının bölgədə sülhə və sabitliyə təhdid yaratdığını, eyni zamanda, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın ruhuna və məqsədinə zidd olduğunu vurğulayıb. Çünki bu silahlanma tendensiyası regionda yeni münaqişə risklərini artırır və postmüharibə reallıqları ilə ziddiyyət təşkil edir. Azərbaycanın cavab strategiyası çoxşaxəlidir: bir tərəfdən diplomatik kanallar vasitəsilə Hindistana narazılıq çatdırılır, digər tərəfdən Türkiyə və Pakistanla hərbi və təhlükəsizlik əməkdaşlığı daha da gücləndirilir. Eyni zamanda, Azərbaycan məsələni İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində də beynəlxalq gündəmə gətirməyə çalışır. Azərbaycanın Hindistan və Ermənistan arasındakı son silah tədarükünə diplomatik və təhlükəsizlik prizmasından ciddiliklə yanaşacağı, həm ikitərəfli, həm də beynəlxalq platformalarda məsələni qaldıracağı şübhə doğurmur.
İlyas HÜSEYNOV,
politoloq
– Son vaxtlar bölgədə sülh və sabitliyə ən çox təhlükə yaradan ölkələr arasında Hindistanın adını çəkmək olar. Əvvəlki dövrlərdə Fransa açıq-aydın ermənipərəst mövqedən çıxış edirdisə, yeni geosiyasi reallıqda Nyu–Dehli də Cənubi Qafqazda əsas oyunçuya çevrilmək üzrədir. Bu, qlobal geosiyasi mübarizə müstəvisində də özünü göstərir. Eyni zamanda, Hindistan özünün geoiqtisadi maraqlarını hərbi kontekstdə bölgədə güdməkdədir. Belə görünür ki, 710 milyon dollarlıq silah satışını həyata keçirən Hindistan müxtəlif mərhələlərlə hava hücumundan müdafiə sistemlərini Ermənistana tədarük edir. Növbəti “Akash” sistemlərinin Hayastana tədarükü həyata keçiriləcək.
Texniki göstəricilərinə baxdıqda görmək olar ki, bu, “hava-hava” tipli hava hücumundan müdafiə sistemidir. Özü radarla təchiz olunub, raketlərlə sinxron şəkildə fəaliyyət göstərir. Hesab edirəm ki, ölkəmizin Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti baş verən prosesləri diqqətlə izləyir. Bir tərəfdən, təhlükəsizliyin təmin edilməsi üçün daha üstün və operativ addımlar atılmalı, digər tərəfdən Hindistana qarşı beynəlxalq müstəvidə çağırışların sayı artmalıdır. Çünki Ermənistan işğalçı keçmişə malik dövlətdir. Belə bir ölkəyə silah satılması heç bir məntiqə, çərçivəyə sığmır. Eyni zamanda, Ermənistanda revanşizmi gücləndirən qüvvələr var və məhz revanş dalğasının alovlanmasına Hindistan sanki benzin tökür.
Səxavət HƏMİD
XQ

