Sülh və seçki
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Həm cəmiyyət, həm də baş nazir Paşinyan üçün tarixi dönüş anı
Ermənistanda 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri ölkənin siyasi gələcəyinin həlledici mərhələsi olacaq. İstər daxili siyasi balans, istərsə də xarici siyasət vektorlarının müəyyənləşməsi baxımından seçkilərin taleyi birbaşa sülh gündəliyindən asılıdır.
Növbəti parlament seçkiləri, sadəcə, hakimiyyətin dəyişib- dəyişməməsi ilə bağlı proses deyil. Seçkilər ölkənin siyasi gələcəyini, strateji identifikasiyasını və regional geosiyasi mövqeyini müəyyənləşdirəcək həlledici mərhələ kimi qiymətləndirilir. Faktiki olaraq cəmiyyət seçki məntəqələrinə yalnız partiya rəqabətinə şahid olmaq üçün getməyəcək; əsas məsələ dövlətin qarşıdakı onilliklərdə hansı kursla hərəkət edəcəyinə dair qərarın verilməsidir.
Mövcud kontekstdə baş nazir Nikol Paşinyanın ritorikası diqqət çəkir. O, seçkiləri “müharibə və sülh” dilemması üzərindən yox, “sülh və sülhsüzlük” tandemi üzərindən izah edir. İlk baxışda bu, sadəcə, semantik fərq kimi görünə bilər. Ancaq, əslində, böyük simvolik və siyasi yüklə müşayiət olunur. Paşinyan bununla demək istəyir ki, Ermənistan üçün müharibə artıq real seçim deyil; qarşıda duran yeganə seçim davamlı sülhün əldə olunub-olunmaması ilə bağlıdır. Paşinyanın yanaşması həm daxili auditoriyaya ünvanlanmış inandırma vasitəsi, həm də beynəlxalq ictimaiyyətə verilən siyasi mesajdır. Burada təbii olaraq sual yaranır: Paşinyan niyə belə ritorikaya üstünlük verir? Cavab aydındır: o, özünü seçicilərə “sülhün alternativsiz lideri” kimi təqdim etmək istəyir. Əgər seçicilər bu mesajı qəbul edərlərsə, Paşinyan sülhün və sabitliyin sinoniminə çevrilir. Nəticədə, bu amil seçki kampaniyasında onun üçün ən güclü arqument rolunu oynaya bilər.
Bununla yanaşı, Paşinyanın ritorikası Ermənistanın daxili siyasi təfəkküründə ciddi dəyişiklik yaradır. 1990-cı illərdən bəri siyasi kimlik əsasən “Qarabağ məsələsi” ətrafında formalaşmışdısa, indi hökumət rəhbəri bu kimliyi “sülh gündəliyi” ilə əvəzləmək istəyir. Dəyişiklik həm siyasi elitalar, həm də geniş ictimaiyyət üçün psixoloji və ideoloji baxımdan köklü transformasiya deməkdir.
Bəs bu transformasiya seçkilərdə özünü necə göstərə bilər? Əgər Ermənistan cəmiyyətində sülhə real ehtiyac formalaşıbsa və seçicilər müharibədən daha çox sabitliyə üstünlük verirlərsə, Paşinyan seçkilərdə üstünlük qazanacaq. Əks halda, müxalifət bu gündəliyi “xəyanət” kimi təqdim edərək populist mövqelərlə dəstək toplamağa çalışacaq. Deməli, seçkilərdə əsas qarşıdurma partiyalar arasında deyil, sülh və sülhsüzlük yanaşmaları arasında gedəcək.
***
Ermənistan siyasətində müxalifət qüvvələrinin ən çox istifadə etdiyi arqument Paşinyanın sülh gündəliyini “xəyanət” kimi təqdim etməkdir. Xüsusən də, Qarabağ məsələsinin Ermənistanın milli kimliyinin mərkəzi elementi kimi uzun illərdir formalaşdırıldığı nəzərə alınsa, bu ritorikanın müəyyən emosional təsir gücünə malik olması təbiidir. Müxalifət seçicilərə belə bir mesaj ötürür: sülh müqaviləsi yalnız Ermənistanın ərazi və tarixi iddialarından imtina etməsi hesabına mümkündür.
Burada vacib sual yaranır: müxalifətin “xəyanət” ritorikası hansı siyasi nəticələr doğura bilər? Əgər seçicilər hələ də keçmiş müharibələrin yaratdığı travmalar və emosional bağlılıqlar əsasında düşünürlərsə, bu ritorika Paşinyana qarşı ciddi təzyiq vasitəsinə çevrilə bilər. Bu halda müxalifət özünü “milli maraqların qoruyucusu” kimi təqdim etməyi bacarar.
Amma məsələnin digər tərəfini də düşünmək lazımdır. Ermənistan cəmiyyətində müharibədən yorğunluq, iqtisadi-sosial sabitliyə tələbat və regionda yeni geosiyasi reallıqlar nəzərə alınanda sual ortaya çıxır: seçicilər keçmişin emosional gündəliyinəmi üstünlük verəcəklər, yoxsa real sabitlik və rifaha yönəlmiş sülh gündəliyini seçəcəklər? Cavab birbaşa seçkilərin nəticələrini müəyyənləşdirəcək.
Paşinyan üçün əsas risk ondadır ki, “sülh” ritorikası real güzəştlərlə müşayiət olunmalıdır. Hər güzəşt isə emosional təsiri gücləndirir. Müxalifət bundan istifadə edərək, onu “tarixi mirası itirməkdə” ittiham edə bilər. Lakin digər tərəfdən, əgər hökumət sülhün gətirdiyi konkret faydaları–təhlükəsiz sərhədlər, iqtisadi əməkdaşlıq, regional inteqrasiya–nümayiş etdirə bilsə, onda müxalifətin arqumentləri zəifləyə bilər.
Beləliklə, seçkilərdə əsas qarşıdurma yalnız siyasi partiyalar arasında deyil, həm də iki fərqli yanaşma arasında baş verəcək: keçmişin simvolik-milli kimlik üzərində qurulan diskursu ilə gələcəyin praqmatik-sülh yönümlü gündəliyi toqquşacaq.
***
Ermənistanda seçkilər yalnız daxili siyasi mübarizə ilə məhdudlaşmır; bu prosesə regional və qlobal güclərin maraqları da birbaşa təsir göstərir. Ermənistanın yerləşdiyi geosiyasi məkan–Rusiya, Qərb (ABŞ və Avropa İttifaqı), eləcə də regionun əsas aktorları olan Azərbaycan və Türkiyə – seçkilərin nəticələrinə dolayı yolla təsir edə biləcək qüvvələrdir. Bəs beynəlxalq aktorlar Paşinyanın “sülh gündəliyinə” necə yanaşır? Qərb dövlətləri, xüsusilə ABŞ və Aİ Paşinyanın kursunu dəstəkləyir. Çünki bu kurs Cənubi Qafqazda münaqişələrin azaldılması və inteqrasiya layihələrinin irəliləməsi ilə üst-üstə düşür. Paşinyan Qərbin siyasi və iqtisadi dəstəyini təmin etmək üçün sülhün alternativsizliyini vurğulayır.
Amma digər tərəfdən, Rusiya üçün bu gündəlik təhlükə mənbəyidir. Moskva Ermənistanın Qərbə yaxınlaşmasını, KTMT və MDB məkanında zəifləyən rolunu öz təsir dairəsinin daralması kimi qəbul edir. Məhz bu səbəbdən Kreml müxalif qüvvələri dolayı yolla dəstəkləyərək Paşinyanın mövqelərini zəiflətməyə çalışa bilər.
Belə geosiyasi basqılar seçkilərdə Ermənistan seçicisinin davranışını necə formalaşdıra bilər? Əgər seçicilər sülhün Ermənistanı Qərblə inteqrasiyaya aparacağına inanırlarsa, bu, Paşinyan üçün üstünlük yaradacaq. Əksinə, əgər Rusiya təbliğatı “Qərbə yaxınlaşmaq Ermənistanı təhlükəyə atır” fikrini gücləndirə bilsə, müxalifət üçün yeni imkanlar açılacaq.
Regional kontekstdə isə Türkiyə və Azərbaycanın rolu xüsusi vurğulanmalıdır. Sülh gündəliyi yalnız Ermənistan daxilində deyil, həm də Bakı–İrəvan münasibətlərinin inkişafı ilə reallaşa bilər. Əgər sərhədin açılması, iqtisadi əməkdaşlıq və kommunikasiya layihələrinin başlanması seçkiyə qədər konkret addımlarla müşayiət olunarsa, Paşinyanın mövqeyi güclənəcək. Amma bu proses uzanarsa və güzəştlər yalnız “kağız üzərində” qalsa, onda müxalifət həmin arqumenti onun əleyhinə çevirməyi bacaracaq.
Beləliklə, Ermənistanda parlament seçkiləri, eyni zamanda, beynəlxalq güclərin təsir meydanı olacaq: Qərbin dəstəklədiyi “sülh gündəliyi” ilə Rusiyanın qoruduğu “köhnə təhlükəsizlik modeli”nin qarşıdurması seçki ritorikasında öz əksini tapacaq.
***
2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri yalnız hakimiyyət dəyişikliyi məsələsi olmayacaq. Onlar Ermənistanın qarşıdakı onilliklərdə hansı strateji kursu izləyəcəyini müəyyənləşdirəcək. Əslində, seçkilər iki fərqli siyasi konsepsiyanın toqquşmasına çevriləcək: bir tərəfdə sülh və regional inteqrasiyaya yönəlmiş yeni praqmatik gündəlik, digər tərəfdə isə milli kimliyi müharibə ritorikası üzərində qorumağa çalışan ənənəvi yanaşma dayanacaq.
Burada mühüm məsələ ondan ibarətdir ki, seçkilərdən sonra Ermənistan hansı istiqamətdə hərəkət edəcək? Əgər Paşinyanın komandası üstünlük qazanarsa, o zaman Ermənistanın Qərblə daha sıx əməkdaşlığı, iqtisadi modernizasiya təşəbbüsləri və Azərbaycanla sülh müqaviləsinin tam reallaşdırılması mümkün görünür. Bu ssenari Ermənistanı regional layihələrin iştirakçısına çevirə, uzunmüddətli sabitlik üçün zəmin yarada bilər.
Əks halda, əgər müxalifət hakimiyyətə gələrsə və “xəyanət” ritorikasını dövlət siyasətinə çevirərsə, Ermənistan yenidən köhnə təhlükəsizlik modelinə – Rusiya asılılığına və militarist diskursa qayıda bilər. Nəticə isə həm ölkənin beynəlxalq manevr imkanlarını məhdudlaşdırar, həm də iqtisadi-sosial inkişaf perspektivlərini zəiflədər. Burada hələlik qaranlıq qalan məslə ondan ibarətdir ki, Ermənistan cəmiyyəti keçmişin travmalarına sadiq qalaraq riskli status-kvonu qorumağa üstünlük verəcək, yoxsa sülhün gətirdiyi praktiki faydaları seçəcək? Cavab yalnız Ermənistanın daxili siyasi iradəsindən deyil, həm də beynəlxalq aktorların seçki prosesinə dolayı təsirindən asılı olacaq.
Yekunda demək olar ki, bu seçkilər Ermənistan üçün “tarixi dönüş anı”dır. Onların nəticəsi yalnız daxili siyasi balansı deyil, bütün regionun geosiyasi arxitekturasını formalaşdıracaq. Ermənistan ya sülh və inteqrasiya xəttini seçəcək, ya da yenidən qeyri-müəyyənlik və risklərin üstünlük təşkil etdiyi siyasi trayektoriyaya qayıdacaq.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

