Icma.az
close
up
RU
Sumqayıtda möhtəşəm tədbir Ağalar İDRİSOĞLU 75

Sumqayıtda möhtəşəm tədbir Ağalar İDRİSOĞLU 75

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2025-ci ilin aprel ayının 25-də Sumqayıt Dövlət Dram Teatrının binasında, Əməkdar incəsənət xadimi, rejissor, aktyor, yazıçı-dramaturq, jurnalist Ağalar İdrisoğlunun, bədii yaradıcıığının 60, peşəkar teatr sənətində çalışmasının 50 və anadan olmasının 75 illik yubileyi böyük təntənəli ilə keçirilib. Həmin tədbirdən sonra isə 1991-ci ildə Ağalar İdrisoğlunun tərcümə etdiyi və 1992-ci ildə həmin teatrda quruluş verdiyi məşhur dramaturq Georgi Xuqayevin “Varlı ev” tamaşası göstərtilmişdir. Həmin gün göstərilən tamaşanın isə quruluşçu rejissoru, Xalq artisti Firudin Məhərrəmov idi. Firudun müəllim də bu tamaşaya yüksək peşəkar səviyyədə quruluş verib və teatrın aktyorları da bu tamaşada yüksək peşəkar səviyyədə çıxış ediblər.

Həmin gün tamaşaçı zalı tamaşaçılarla dolu idi. Və hamı da yüksək əhval-ruhiyyə ilə bu tədbirə gəlmişdi. Çünki bunu tamaşaçıların əhval-ruhiyyəsindən də hiss etmək olurdu. Ümumiyyətlə, gəlin danmayaq ki, bu gün teatrlara tamaşaçılar çox az gəlir. Bunun günahını bizim məmləkətdə texnikanının yüksək səviyyədə inkişaf etməsində, hamının əlində telefon, smartfon olmasında və həmin telefon, smartfon vasitəsilə istənilən tamaşaya, kinoya telefon, smartfon vasitəsilə baxmasında, internet səhifələrindən oxuya və görə bilmlərində görürlər. Və həm də vaxtın azlığında, güzəranın pisliyində, hamının çörək dalınca “qaçmasında” görürlər. Əlbəttə, bu düzgün arqument deyil. Çünki bu gün dünyanın demək olar ki, çoxlu ölkələrində vəziyyət, güzənan ağırdır. Orada da insanların əlində telefon, smartfon var və orada da texnika bizdən daha yaxşı inkişaf edib. Amma həmin ölkələrin vətəndaşları teatra da, kinoya da vaxtaşırı gedir və hətta valideynlər öz uşaqlarını da məcbur edirlər ki, teatra, kinoya, rəsm sərgilərinə, konsertlərə, sirkə və başqa maralı əyləncəli yerlərə də getsinlər. Hətta müəllimlər həmin tədbirlərlə bağlı şagirdləri esse yazmağa da məcbur edirlər. Deməli, həmin uşaqlar yüksək təfəkkürlü böyüyürlər və bu təfəkkür vasitəsilə də həyatın incəliklərini başa düşür, bu çətinlikdən keçməyin yollarını valideynsiz, müəllimsiz özləri tapa bilirlər. Həmin uşaqlar narkomaniyadan və insan orqanizminə pis təsir göstərən, məhv edən başqa, tərbiyəsiz, əxlaqsız işlərdən uzaq olurlar.

Bunu mən bizim məmləkətdə olan nadanlıqla, savadsızlıqla bağlayıram. Ona görə də çox təəssüf ki, bizim valideynlərimiz nə özləri həmin tədbirlərə getmirlər və nə də özvladlarını getməyə qoymurlar. Bununla da onlar öz özlavlarının təfəkkürünün inkişafına, həyatı dərindən düşünməsinə mane olurlar. Əgər bu, belə davam eləsə, gəlin danmayaq ki, övladlarımız savadsız və düşüncə tərzi zəif böyüyəcək. Həm də narkomaniya və başqa iyrənc işlər məmləkətimizdə daha da inkişaf edəcək. Ona görə də nə qədər gec deyil həm özümüz getməli və həm də övladlzarımızı teatrlara, kinolara, yüksək səviyyəli tədbirlərə aparmalyıq. Əgər belə olsa, onda biz, dünyanın aparıcı ölkələrilə ayaqlaşa bilərik.

Ola bilər mən, mövzudan kənara çıxdım. Amma bunları da hökmən demək lazımdır ki, insanlarımız başa düşsün. Bu haqda həyəcan təbili çalmağın vaxtıdır. Hətta deyərdim ki, gecikirik.

Beləliklə, tamaşadan əvvəl Sumqayıt şəhər İcra Hakimyyəti başçısınin birinci müavini Teymur Səmədov, Qubadlı rayon İcra Hakimiyyəti başçınin birinci müavini Allahverdi Haqverdiyev və Azərbaycan Yazıçılar Birliyi Sumqayıt Bölməsinin sədri Gülnarə xanım Cəmaləddin çıxış edərək, özlərinin ürək sözlərini dediblər. Həmin təbirin aparıcısı, Sumqayıt Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Cəlal Məmmədov, Ağalar İdrisoğlu haqqında öz fikirlərini deyəndən sonra sözü tədbirdə çıxış edən insanlara verdi. İndi onların dediyi sözləri qısa formada yazıram.

Teymur Səmədovun dediklərindən:

-Mən İcra Hakiminin birinci müavini və Sumqayıt şəhərinin sakini kimi öz ürək sözlərimi, fikirlərimi deyəcəm. Dəyərli Ağalar müəllim, hörmətli qonaqlar və əziz tədbir iştirakçıları. Ağalar İdrisoğlunun 75 illik yubileyində hamınızı xoş gördük. Zalda əyləşən bütün insanları və əsasən də Ağalar İdrisoğlunu Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun adından təbrik edirəm. Çünki bu gün təkcə Sumqayıtın üzdə olan ziyalılarından biri Ağalar İdrisoğlunun yox, əslində şəhərimizin bayramıdır. Belə ki, Ağalar müəllim 1976-cı ildən taleyini bu şəhərlə bağlayıb və bu müddətdə Sumqayıt üçün çox işlər görüb. Sumqayıt, bizim hamımızın taleh şəhəridir və hər birimiz də çalışmışıq ki, bu şəhər üçün yaxşı işlər görək.

Dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan xalqı, özünün maddi-mədəniyyəti, elmi, zəngin ədəbiyyatı, incəsənəti, idmanı ilə dünyanın ən aparıcı xalqlarından biridir. Çünki bu xalq, dünyaya Əfzələddin Xəqanini, Nizami Gəncəvini, Məhsəti Gəncəvini, İmadəddin Nəsimini, Məhəmməd Füzulini, Mirzə Fətəli Axundzadəni, Molla Pənah Vaqifi, Qasım bəy Zakiri, Xurşud banu Natəvanı, Seyid Əzim Şirvanini, Mirzə Ələkbər Sabiri, Cəlil Məmmədquluzadəni, Əbdürrəhim bəy Haqverdiyevi, Hüseyn Cavidi, Cəfər Cabbarlını, Mikayıl Müşfiqi, Səməd Vurğunu və çoxlu başqa dühalar bəxş edib. Həmin dühalar da dünya xalqları tərəfindən sevilir və qəbul olunur. Deməli, bizim xalqımız həmişə sözə yüksək qiymət verib. Yüksək klassik sənətkarlarımız və müasir yazarlarımız həmişə Azərbaycanı dünyaya tanıdıblar.

Ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev Sovetlər dönəmində və müstəqillik illərimizdə Azərbaycana rəhbərlik etdiyi illərdə həmişə ədəbiyyat və incəsənət adamlarınını yüksək qiymətləndirib. Onların dünyada tanınmasına çalışıb. Şükürlər olsun ki, əbədiyaşar Prezidentimizin bu siyasətini cənab prezidentimiz İlham Əliyev də böyük uğurla davam etdirir. Birinci Vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da bu sahədə çalışan insanlara böyük qayğı göstərir. Həmişə onları diqqətdə saxlayır. Sözümün əvvəlində adlarını çəkdiyim dühaların bu gün də, sabah da və Azərbaycan xaqlı nə qədər yaşayırsa onların sözləri də yaşayacaq. Çünki bizim ölkəmizdə həmişə sözə diqqət, qayğı çox olub. Ona görə də onların yubileyləri dövlət və xalqımız tərəfindən çox böyük təntənə ilə qeyd olunur. Həm də biz fəxr etməliyik ki, bu gün müstəqil Azərbaycanımızda böyük sənət sahibi olan insanlarımızın yubileylərini qeyd edirik. Bəli. Bu müstəqillik yulunda dahi Heydər Əliyevin qoyduğu möhkəm özülün üstündə, müzəffər Ali Baş Komandanımız daha böyük uğurlara imza atır. Otuz ildən artıq işğal altında olan Qarabağ torpağımızın Ali Baş Komandanımızın rəhbərliyi ilə igid əsgərlərimiz tərəfindən təmizlənməsindən də böyük fəxarət olarmı? Artıq dünya xalqları bizim hərb elmimizi öz ölkələrində tədris edirlər. Bax, budur müstəqil Azərbaycanın qüdrəti. Hamınız görürsünüz ki, ölkəmiz günü-gündən necə inkişaf edir.

O ki, qaldı Sumqayıtımıza. Bu şəhərdə də hər şey göz qabağındadır. Sumqayıt, cənab başçımız Zakir Fərəcovun sayəsində günü-gündən inkişaf edərək, özünün böyük intibah dövrünü yaşayır. Əvvəllər olduğu kimi bu gün də Sumqayıtda söz və incəsənət insanlarına çox yüksək qiymət verilir. Çünki İcra Hakimiyyətinin başçısı Zakir müəllim onlara yüksək qiymət verir. Onların ad günləri, yubileyləri böyük təm-təraqla keçirilir. Zakir müəllim tez-tez onlarla görüşüb, problemlərilə maraqlanır. Bacardığı kimi də həmin problemləri həll edir. Bu gün də Zakir müəllim Ağalar İdrisoğlunun yubileyində özü iştirak etməli idi. Amma çox ciddi bir məsələ olduğuna və Bakıya dövlət səviyyəli bir tədbirə getdiyinə görə gələ bilmədi. Yuxarıda dediyim ki, Sumqayıtda çox böyük ədəbi bir mühit var. Və bu mühitin də ən aparıcı nümayəndələri çoxdur. Bax, onlardan biri də bu gün yübileyini qeyd etdiyimiz Ağalar İdrisoğludur. Çünki o, Sumqayıtın ilk peşəkar dramaturqu, Moskvada Beynəlxalq Teatr Akademiyasında rejissor təhsili alan ilk və yeganə rejissorudur və ilk, yeganə Əməkdar incəsənət xadimidir. Əlbəttə, şəhərimizin tarixində belə böyük, tarixi ilklərə imza atan insanı da sumqayıtlılar çox sevir. Bilirsiniz ki, insanı yaxşı tanımaq üçün ən istinad nöqtəsi onun tərcümeyi-halıdır. Ona görə də Ağalar İdrisoğlu bədii yaradıcılığının 60, peşəkar teatr sənətindəki fəaliyyətinin 50 ilində çox böyük işlər görüb. Əlbəttə, bu, hər insana nəsib olan iş deyil ki, bu müddətdə 40-dan artıq rol oynayasan, 140-dan çox tamaşaya quruluş verəsən , 6 roman, 12 povest, 15 pyes, 150-dən çox hekayə, 1500-dən çox məqalə, esse, elegiya, portret yazıları, oçerklər yazasan. Dünya xalqlarının 10 pyesini dilimizə tərcümə eləyəsən. Elə bu gün baxacağımız Georgi Xuqayevin “Varlı ev” tamaşasını da Ağalar İdrisoğlu 1991-ci ildə tərcümə edib və 1992-ci ildə bu tamaşaya çox peşəkar səviyyədə quruluş verib. Bu gün baxacağınız “Varlı ev” tamaşanın isə quruluşçu rejissoru teatrın baş rejissoru, Xalq artisti Firudun Məhərrəmovdur. O, bu əsərə ikinci nəfəs verib.

Hələ bu azmış kimi Ağalar İdrisoğlu 26 ildə teatrlara rəhbərlik edib. Uzun illər Azərbaycan Teatr Xadimləri İttifaqının katibi, idarə heyyətinin üzvü, Sumqayıt Bölgə şöbəsinin sədri olub. Elə təkcə teatr kimi çox çətin sahəyə rəhbərlik etmək özü insandan böyük vaxt, səbr, təşkilatçılıq, məharət tələb eləyir. Bütün bu qədər işləri görmək də bir insan ömrü üçün həddindən artıq çoxdur. Ağalar İdrisoğlu da bütün bunları bacarıb və yüksək səviyyədə görüb.

Ağalar müəllim sizi təbrik edirik. Bu yerdə şair necə deyir?

İllər ötür, yaşa doluruq,

Yaş üstə yaş gəlir sən demə.

Ömrün xatirələri qocalmır,

Tək qocalan bizik, sən demə.

Amma Ağalar müəllimə baxanda ona heç 75 yaş vermək olmaz. Mən onu uzun illərdir ki, tanıyıram. Həmişə belə şux, enerjili və işgüzar görmüşəm. Bir daha yubiliyarımızı Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun, öz adımdan və bütün sumqayıtlılar adından təbrik edirəm. Ona uzun ömür, can sağlığı arzu edirik. Arzumuz budur ki, bundan sonra da yazıb-yaratsın.

Cənab başçımız Zakir müəllim Ağalar İdrisoğlunu şəhərimiz üçün gördüyü çox böyük işlərə görə, bədii yaradıcılığının 60, peşəkar teatr fəaliyyətinin 50 və anadan olmasının 75 illik yubileyi münasibətilə Fəxri Fərmanla və hədiyyə ilə təbrik edib. İndi həmin Fəxri Fərmanı və hədiyyəni mən ona təqdim edirəm.

Tamaşaçıların gurultulu alqışları ilə Teymur müəllim, Fəxri Fərmanı, hədiyyəni və gül dəstəsini Ağalar İdrisoğluna təqdim etdi.

Ağalar İdrisoğlu isə öz növbəsində belə gözəl yaraşıqlı, Avropa standartlarına uyğun bir teatr binasını tikib, teatr kollektivinə təhvil verdiyinə görə Zakir müəllimə və burada əməyi olanların hər birinə öz təşəkkürünü bildirdi.

Sonra söz, Qubadlı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Haqverdiyə verildi. Allahverdi müəllim öz çıxışında bu sözləri dedi:

-Mən otuz bir ildir ki, Qubadlı rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləyirəm. Ağalar İdrisoğlunu da 1992-ci ildən tanıyıram. Həmin vaxtı Ağalar İdrisoğlu Sumqayıt Dövlət Musiqili-Dram Teatrının bədii rəhbəri-direktoru işləyirdi və bilirsiniz ki, o vaxtlar da mənfur ermənilər bizim torpaqlara göz diklərindən, tez-tez Qarabağda ixtişaşlar törədirdilər. O vaxtı da əslən Qubadlıdan olan Bakıda və Sumqayıtda yaşayan böyük ziyalılar Malik İsaqov, Qasım Qasımzadə, Nəbi Nəbiyev, Tofiq Hüseynli, Möhübbət Məhərrəmov, Mais Səfərli və Sumqayıtda, Bakıda yaşayan çoxlu ziyalılar tez-tez Qubadlıya gəlir və özlərilə Qubadlı camaatına çoxlu yardımlar, silah-sursat gətirirdilər və xalqı ruhlandırırdılar ki, torpaqları yağı düşməndən qorusunlar. Əlbəttə, teatr kollektivinin çıxışı, oxuduqları mahnılar, göstərdikləri tamaşalardan parçalar da rayon camaatını valeh edirdi. Hamıda xoş əhval-ruhiyyə yaradırdı.

Amma yağı düşmənin arxasında çox böyük qüvvələr dayandığından və həmin dövrdə olan səriştəsiz ölkə rəhbərlərimizin ucbatından təkcə Qubadlını yox, bütövlükdə Qarabağı qoruya bilmədik. Həmin vaxtdan bizim rayon camaatı qaçqınlıq dövrü yaşadı. İnsanlarımızın çox böyük hissəsi Sumqayıtda məskunlaşdı. Ümumilikdə Qubadlı camaatı Azərbaycanın 42 rayonunda məskunlaşmağa məcbur oldu. O vaxtlar ulu öndər Heydər Əliyev bütün Qarabağ camaatına arxa-dayaq durdu. Xalqımızın çətin anlarında yanında oldu. Ulu öndərdən sonra cənab prezidentimiz İlham Əliyev də bütövlükdə Qarabağ camaatı üçün çox işlər gördü. Onun gördüyü və əbədi tarixdə qalan müqəddəs iş isə torpaqlarımızın bütövlükdə yağı düşmənlərdən təmizlənməsi oldu. Artıq Qarabağda dövlət başçımızın rəhbərliyi sayəsində çox böyük quruculuq, abadlıq işləri gedir. Qarabağlılar artıq öz yurdlarında məskunlaşırlar. Üç-dörd aydan sonra Qubadlı rayonunun camaatının da böyük bir hissəsi Qubadlıda məskunlaşacaq. Bax, həmin vaxtı biz, Sumqayıt teatrını və ziyalılarını Qubadlıya böyük həvəslə dəvət edəcəyik. Yeni salınan, yaraşıqlı yurd yerlərimizi göstərəcəyik. Bəli. Yuxarıda dediyim kimi Ağalar İdrisoğlu bir vaxtlar Qubadlı camaatı üçün çox böyük işlər gördüyünə görə rayonumuzun başçısı cənab Malik İsaqov da onu 75 illik yubileyi münasibətilə Fəxri Fərmanla və çox gözəl bir hədiyyə ilə mükafatlandırıb. İndi mən cənab başçımızın adından bu Fəxri Fərmanı və hədiyyəni Ağalar müəllimə təqdim etmək istəyirəm.

Allahverdi müəllim Fəxri Fərmanı və hədiyyəni Ağalar İdrisoğluna təqdim etdi.

Ağalar İdrisoğlu da öz növbəsində 1992-93-cü illəri yada saldı və ən əsası isə bu rayonun insanlarının həmin vaxtı necə fədakar olduğunu, düşmənə aman vermədiyini vurğuladı. Milli Qəhrəman Əliyar Əliyevlə bağlı xatirələrini dedi. O, həm də onu vurğuladı ki, Qubadlıda olduqları vaxtı, bütün hadisələri lentə aldıqlarını, Əliyar Əliyevin komandiri olduğu dəstəsinin ermənilərin üç vertalyotunu ( helekopterlərini) vurduğunu, çoxli silah-sursat ələ keçirtdiklərini dedi. Bütün bunları da teatrın operatoru Qurban Əliyev video lentə çəkdi. Həmin video kasset isə o vaxtı Azərbaycan Televiziyasına verildi və bu video televiziya ilə göstərildi və Əliyar Əliyevin həmin böyük şücaətinə görə ona Milli Qəhrəman adı verildi.

Sonra Cəlal Məmmədov çıxış üçün Azərbaycan Yazıçılar Birliyi Sumqayıt Bölməsinin sədri Gülnarə xanım Cəmaləddinə söz verdi.

Gülnarə xanım Cəmaləddinin dediklərindən:

-Sumqayıtda həmişə sənətə və sənətkara yüksək qiymət verilir. Buna görə də cənab Zakir Fərəcova öz təşəkkürümü bildirirəm.

Mən Ağalar İdrisoğlu haqqında bir neçə yazının müəllifiyəm. Ona görə də onun həyatını, yaradıcılığını yaxşı bilirəm. Ağalar müəllim 1976-cı ildən ömürünü, gününü bu şəhərlə bağlayıb. Həmin vaxtdan Sumqayıt Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlayıb. Bu teatrda doqquz il aktyor və on il bədii rəhbər-direktor işlədiyi dövrdə teatr üçün çox işlər görüb. Teatrda aktyor işlədiyi dövrdə həmin işilə paralel Sumqayıt şəhərinin tarixində ilk dəfə burada “Ümid” adlı Teatr-Studiya yaradıb. Orada 300-dən çox sumqayıtlı yeniyetmə, gənc teatr sənətindən, səhnə danışığından, ədəbiyyatdan, jurnalistikadan dərs alıblar. Azərbaycan və dünya xalqlarının rəqslərini öyrəniblər. Onların bir hissəsi aktyor, rəssam, musiqiçi, jurnalist kimi yetişib. Qalanları da ayra-ayrı sahələrdə təhsil alıblar. Ən əsası isə onların hamısı teatral yetişiblər və çox hissəsi də Sumqayıt şəhərində çalışırlar. Ağalar İdrisoğlu maraqlı yazıçı-dramaturqdur. Uzun illərdir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Biz də onu Azərbaycan Yazıçılar Birliyi Sumqayıt Bölməsi adından təbrik edib, Fəxri Fərmanla təltif edirik.

Gülnarə xanım tamaşaçıların alqışları ilə Fəxri Fərmanı Ağalar İdrisoğluna təqdim etdi.

Sonra Ağalar İdrisoğlu özünün yazdığı iki kitabını- “Şah İsmayıl Xətai” pyeslər toplusunun birinci cildini ( 20-ci kitabını) və “Müəllim qaranlığı yaran işıq deməkdir” 21-ci kitablarını və Azərbaycanın dahilərilə bağlı ideya müəlliflərindən biri olduğu kollaj-şəkili Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmova hədiyyə verdi. Sonra o, sözünə davam eləyərək dedi:

-Bu gün bu tədbirdə tamaşaçı zalında əyləşən şəhərimizin həkimləri, müəllimləri, sahibkarları, iş adamlarını və çoxlu başqa sənətlərdə çalışan ziyalıları iştirak edir. Mən ilk öncə həkimlərimizə təşəkkür edirəm. Onlar təkcə mənim yox, bütün sumqayıtlıların sağlamlığı keşiyində möhkəm dayanıblar. Mən işimin çoxluğundan, sağlamlığıma elə də yüksək səviyyədə fikir vermədiyimdən və teatrlara rəhbərlik etdiyim dövrlərdə məndən yüksək vəzifədə olanlarla teatrı qorumaq üçün uzun illər mübarizə apardığımdan, əsəblərimi lazım olan kimi qoruya bilmədiyimdən əsəblərimdə, ürəyimdə problemlər olub. Ona görə də iki dəfə infakt keçirtmişəm. Bir dəfə insult olmaq dərəcəsinə gəlmişəm. Hətta ürəyimin dörd damarı Mərkəzi Ürək Klinikasının baş həkimi, professor, dünya şöhrətli peşəkar cərrah Kamran Musayev tərəfindən cərrahiyyə olunub. Deməli, mənim bu gün sağ qalmağımda ilk öncə sumqayıtlı həkimlərin, əsasən də 1 nömrəli şəhər xəsrəxanasının baş həkimi Mətləb Musayevin və kardiologiya şöbəsinin həkimləri Sevinc xanım Əliyevanın, Cabir Məcidovun, Vəfa xanım Əliyevanın, Aida xanım Məmmədovanın, Lətafət xanım Orucovanın, Ayaz Əliyevin və başqalarının mənə çox böyük köməkliyi olub. Mən onların hamısına minnətdaram. Bu gün sağlamlığım çox yaxşıdır və quruluş verəcəyim yeni pyeslər və bədii yaradıclıq işlərim üzrindən böyük həvəslə işləyirəm.

Bəli. Sumqayıt teatrı mənim həyatımda, inkişafımda böyük rol oynayıb. Burada çalışanların hamısına minnəttaram. Sadəcə bir şeyə görə çox heyifislənirəm ki, 1991-ci ildə çox çətinliklə bu teatra həmin vaxtı Azərbaycanın Baş nazir işləyən cənab Həsən Həsənovun böyük köməkliyilə 80 ştat alıb, teatrı Musiqili-Dram Teatrı etmişdim. Həmin vaxtı teatrda çox yüksək səviyyəli aktyorlar çalışırdı və teatrda çox peşəkar orkestr və balet truppası da yaratdığımızdan maraqlı tamaşalar hazırlayırdıq. Hətta tamaşaçıların xahişi ilə konsert proqramları da hazırlayırdıq. Xaos dövrü olmasına baxmayaraq, həmişə zalımız tamaşaçılarla dolu oldu. Həmin vaxtı Sumqayıt Dövlət Musiqili-Dram Teatrı respublikanın ən aparıcı teatrı saylırdı. Bunu təsdiq edən və həmin vaxtı qəzetlərdə çap olunan yazılar və televiziyada göstərilən verilişlər də sübut edir. Amma çox təəssüf ki, mən 1997-ci ildə ərizə verib bu teatrın rəhbərliyindən işdən çıxıb Dağıstana işləməyə gedəndə və orada Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr truppasını yaradanda məndən sonra teatra rəhbərlik edənlər teatrı musiqili teatr kimi işlədə bilmədiklərindən, orkestrı, balet truppasını işdən çıardıqlarından və həmin 80 ştatın pulunu “başqa məqsədlərə” istifadə etdiklərindən Maliyyə Nazirliyi bunu bildi və həmin ştatları geri aldı. Bax, o vaxtı bu, mənə çox pis təsir elədi. Əlbəttə, bu yaramaz işləri görənlər isə cəzalandırıldı...

İndi teatrın direktoru işləyən Samir Şəfiyev və baş rejissor, Xalq artisti Firudin Məhərrəmov birləşib, teatrın əvvəlki şöhrətini geri qaytarmaq istəyirlər. Mən də söz vermişəm ki, onlara lazım olan köməklikləri edəcəm. Təki sağlıq olsun. Təki bu kollektivdə mehribançlılq və birlik olsun. Çünki mənim bu gün işlədiyim və quruluşçu rejissoru olduğum Dövlət Milli Gənc Tamaşaçılar Teatrında çox yaxşı birlik, sağlam mühit, mehribançılıq var və teatrın direktoru Naidə xanım İsmayılzadə də əlindən gələni edir ki, işlər yaxşı getsin. Çünki Naidə xanımın atası, bir vaxtlar teatrla bağlı təşkilatı işin incəliklərini mənə öyrədən, Əməkdar incəsənət xadimi, maraqlı rejissor və böyük təşkilatçı insan Məbud İsmayəlzadə də 1973-cü ildən Lənkəran Dövlət Dram Teatrının bədii rəhbəri və direktoru işlədiyi səkkiz il müddətində Lənkəran teatrını təkcə Azərbaycanda yox, keçmiş Sovetlər Birliyində də tanıtdı. “Ot kökü üstündə bitər”,- deyib babalarımız. Naidə xanım da uzun illər Mədəniyyət Nazirliyində teatr sektoruna rəhbərlik etdiyi illərdə Azərbaycan teatrları üçün çox işlər görüb. Dünya dramaturqlarının ona yaxın pyesini dilimizə tərcümə eləyib və həmin əsərlər respublika teatrlarında uğurla tamaşaya qoyulub. O, təkcə yüksək təşkilatçı insan yox, həm də yaxşı teatrşünasdır. Bu sahədə ali təhsil alıb. Ona görə də teatr işini mükəmməl bilir. Və yeddi ildir ki, direktoru olduğu Dövlət Milli Gənc Tamaşaçılar Teatrı üçün də çox böyük işlər görür. Onun böyük təşkilatçılığı sayəsində teatrımızda çox peşəkar tamaşalar hazırlanır və həmişə də bu tamaşalar anşlaqla gedir.

Mən ömrümün əlli ilini teatra xidmət edən insan kimi deyirəm ki, əgər tamaşaçılar hiss eləsə ki, teatrda konfliktlər var, kollektiv bir-birini küçə söyüşlərilə təhqir eləyir, həmin teatr yaxşı tamaşalar hazırlasa belə o teatra getmək istəməyəcəklər. Axı tamaşaçılar rejissora, aktyora, aktrisaya, teatr işçisinə böyük varlıq, Ulu Tanrının yerdə olan elçiləri kimi baxırlar. Bu elçilərin tərbiyəsizliyini, bir-birini təhqir, şantaj etməsini görəndə, onlara qarşı inamları itir. Axı “inam, həyatın sərmayəsidir”, deyib babalarımız.

Ağalar İdrisoğlu tamaşaçı zalında olan məşhur Sumqayıt Dostlar Klubunun yaradıcısı, ictimai xadim, maraqlı yazıçı-publisist, altı mindən çox aforizmlərin müəkllifi Hümbət Həsənoğlu və özünün də üzvü olduğu dostlar klubunun idarə heyyətinin üzvləri haqqında da xoş sözlər dedi. Tamaşaçılar da bu sözləri alqışlarla qarşıladılar.

Sonra teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov Ağalar İdrisoğlunun bu teatr və şəhər üçün gördüyü uğurlu işlərdən danışdı. Firudin müəllim vurğuladı ki, “bu gün baxacağınız “Varlı ev” pyesini Ağalar İdrisoğlu tərcümə eləyəndən sonra 1992-ci ildə həmin əsərə bu teatrda peşəkar quruluş vermişdi. Həmin tamaşada oynayan Xalq artistləri Məzahir Süleymanov və Kazım Abdullayev də zalda əyləşiblər. Bu ilin yanvar ayının 16-da isə mənim quruluşumda bu əsər yenidən səhnəyə gəlib. Biz sevinirik ki, günün tələblərinə uyğun olan həmin əsərə yenidən quruluş vermişik. İnanırıq ki, bu tamaşa sizin də xoşunuza gələcək. Sizə uğurlu tamaşa arzu edirik əziz tamaşaçılar”.

Sonra Georgi Xuqayevin “Varlı ev” tamaşası başladı. Çox maraqlı süjeti olan, dərin konfliklər üzərində qurulan bu əsərdə həm də qırmızı xəttlə müharibələrin törətdiyi dəhşətli faciələr bütün əsər boyu və hətta sonda daha qabarıq formada göstərilir. Bu müharibənin fonunda ailədə də dəhşətli müharibə olur. Belə ki, iştirakçılar bunun fonunda bir-birilə kəskin konfliktdə olurlar. Bir vaxtlar mahalda hamının həsəd apardığı bu ailə, ailənin sahibi, çox varlı adam Beçirin qəddarlığı, heç kiminlə hesablaşmaq istəməməsi və kiçik oğlu, müharibədən “qara kağızı” gələn Uarinin həyat yoldaşı Saniyyəti, zorla böyük oğlu, şikəst Sərmətə verməklə və tamaşanın ikinci hissəsində Uarinin sağ qalaraq geri qayıtması, onun arvadının böyük qardaşı Sərmətdən uşaq doğması ilə vəziyyət çox pisləşir. Bundan sonra da dəhşətli konfliktlər başlayır... Və tamaşanın sonuna yaxın məlum olur ki, bu iki oğlanın heç birinin anası, ailənin xanımı, varlı qızı, Beçirin arvadı İrmanın uşaqları deyil. Sərmət, Beçirin Mamaçadan doğulan oğludur. Uarini isə Beçir başqa adamın oğlu olduğu halda oğurlayıb evə gətirib. Sonra onlar yaşadıqları yerdən başqa yerə köçüblər. Hətta o, əvvəlki adının əvəzinə Beçir adı götürüb ki, bütün izləri itirsin.Və belə düşünüb ki, “qoy adamlar bilməsinlər ki, İrma sonsuz deyil”. İrma da hər iki oğlanı öz oğlu kimi qəbul edib və böyüdüb. Onlar da İrmanı öz doğma anaları bilirlər. Sonda bütün bunlar açılır, aydınlaşır. Beləliklə, Sərmətin gətirdiyi Mamaça, onun arvadı Saniyyətin uşağını doğuzdurmaq üçün gəldiyi vaxt daha dəhşətli hadisələr ortaya çıxır. Belə ki, əsl adını, soyadını gizlədən və ona təcavüz edən, ondan uşağa qalan, bu uşağı doğmağa məcbur olan Mamaça Beçiri tanıyır və ondan bu iki oğlandan hansı onun oğlu olduğunu deməyi tələb edir. Çünki Beçir həmin uşağı oğurlayıb aparıbmış. Məlum olur ki, Sərmət onun oğludur. Sərmət bu evə, bu ailəyə, atasına nifrət etdiyinə görə anası Mamaça ilə gedir. Bu dəhşətləri görən Uari də, İrmanın yalvarışlarına, fəryadına baxmayaraq, evdən gedir. Bu dərdlərə və əri Beçirin əclaflığına, qaniçənliyinə, onu qəddarcasına döyərək alçaltdığına dözə bilməyən İrma da özünü qayadan çaya atıb, intihar eləyir. Sərmətdən oğlu olan Saniyyət də atası Həbi ilə öz doğma evlərinə gedir. Sonda bütün bu dəhşətləri görən, çox qəddar adam olan Beçir sınır, hətta bu törətdiyi hadisələrdən dəli olur. Bu iki mərtəbəli varlı evi yandırır ki, heç kimə qismət olmasın. Özünün də ürəyi partlayır və ölüm qabağı bir qurtum su istəyir və ona heç kimi su belə vermir. O, evlə birlikdə yanır...

Yaradıcı kollektivin gərgin əməyi sayəsində böyük tamaşaçı rəğbətini qazanan faciənin aktyorları - Əməkdar artistlər Rauf Ağakişiyevin (Beçir), Elmira Kərimovanın (İrma), İlahə Səfərovanın ( Mamaça), İzaməddin Bağırovun (Həbi), aktyorlar- Oktay Mehdiyevin (Sərmət), Aynur Hümbətovanın (Saniyyət), Elay Xasıyevin (Uari) yaratdığı obrazların təsiri altına düşən tamaşaçılar XX əsrin əvvəllərində Qafqaz vilayətlərindən birində baş verən hadisələrlə sanki səhnədə deyil, həyatda canlı rastlaşırdı. Və məhz ona görə də tamaşaçılar hər epizodu sürəkli alqışlarla qarşılayırdılar. Tamaşaçı zövqünü oxşayan səhnə əsəri gurultulu alqışlarla bitdi.

Mən yazımın bu yerində və 75 yaşlı Ağalar İdrisoğlunun haqqında bir vaxtlar bəzi sənət insanlarının dediyi bu fikirləri də yazmaq istəyirəm. İnanıram ki, oxucular üçün də maraqlı olacaq.

Beləliklə, müasir, tanınmış yazıçıların, tənqidçilərin və rejissorların Ağalar İdrisoğlu haqqında dediyi fikirlərindən bəzilərini bura yazırıq.

Elçin (yazıçı-dramaturq, Xalq yazıçısı):

O, Ağalar İdrisoğlunun dram əsərlərini klassik və müasir dünya ədəbiyyatı ilə bir səviyyədə qiymətləndirir. Deyir ki: “Ağalar İdrisoğlu Azərbaycan dramaturgiyasında özü bir məktəb yaradıb.”

Sabir Rüstəmxanlı ( Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri):

-Ağalar İdrisoğlu doğrudan da böyük sənətkardır, amma qiyməti nə qədər verilib, onu deyə bilmərəm. Öz istəklərinə nail olmaq üçün nə qədər maniələri keçib onu da deyə bilmərəm. Çünki Ağalar kimi bacarıqlı, istedadlı yaradıcı adamlara qarşı maneə bəzən qəsdən yaradılır. Amma Allah ona böyük istedad verib və bacardığı kimi həmin istedaddan istifadə etməyi bacarır.

Bəsti xanım Əlibəyli (ədəbiyyatşünas-tənqidçi):

Ağalar İdrisoğlunun əsərlərindəki psixoloji dərinlikləri və müasir insan dilemması təsvirlərini xüsusi qeyd edir. Bəsti xanım yazır ki:

-Ağalar İdrisoğlu oxucunu və tamaşaçını düşünməyə vadar edir.

Hümbət Həsənoğlu ( yazıçı-publisist): “ Ağalar İdrisoğlunun rejissor, yazıçı, dramaturq, jurnalisr kimi əsl qiyməti iki yüz ildən sonra veriləcək. O vaxt ki, biz, indiki insanlar olamayacağıq, elə biz olmadığımıza görə də onun əsl qiyməti veriləcək”.

Firudin Məhərrəmov (Xalq artisti, rejissor):

Ağalar İdrisoğlunu Azərbaycan teatr sənətinin canlı əfsanəsi adlandırır və deyir ki, “Ağalar İdrisoğlu səhnəyə hər zaman klassik düşüncə ilə yanaşır, amma müasir texnika və fəlsəfi dərinlik qatır. Ağalar müəllim aktyor ruhunu, teatrın nəfəsini içində daşıyır. O, səhnəyə can verir”.

Mehriban xanım Ələkbərzadə (rejissor, Əməkdar incəsənət xadimi. Dövlət mükafatı laureatı):

Ağalar İdrisoğlunu dramaturgiya və rejissorluğun sintezini ustalıqla bacaran nadir sənətkar adlandırır. Bildirir ki, “Ağalar İdrisoğlunun əsərlərində Azərbaycan insanının mənəvi dünyası, ailə dəyərləri, cəmiyyət problemləri ustalıqla əks olunur”.

Bəhram Osmanov (rejissor. Azərbaycanın və Kalmıkiyanın Əməkdar incəsənət xadimi):

Ağalar İdrisoğlunu teatrın düşünən beyni adlandırır. Onun dramaturgiyasını və rejissorluq məktəbini “təbiiliyin və fəlsəfi dərinliyin harmoniyası” kimi qiymətləndirir.

Biz də öz növbəmizdə sevinirik ki, belə bir ustad sənətkarı tanıyırıq. Biz onunla eyni dövrdə yaşayırıq və biz cavan jurnalistlərə də özünün gözəl məsləhətlərini verir. Və həmişə də bizə arxa-dayaq olur. Yazılarımızın mətbuatda çap olunmasına çox böyük köməklik göstərir. Dəstək olur. Bəli. Ağalar İdrisoğlu heç kimdən heç bir təmənna ummayan, məddahlıqdan uzaq, milləti, xalqı, dövləti üçün hər şeyi edən əsl ziyalıdır. Ziyalı haqqında məşhur Əbu Turxan deyir ki, “Ziyalı öz zəmanəsindən yüksəkdə durmalıdır və ziyalısız kütlə kordur”.

Bizim məmləkətdə belə ziyalarımız nə qədər çox olsa, onda millətimiz daha yaxşı inkişaf edib, dünyada da lazım olan kimi tanınar.

Fərhad DOST,

Türkiyədəki Süleyman Dəmirəl Universitetinin
jurnalistika fakültəsinin məzunu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 May 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Elməddin Cəfərov: Qurban deyəndə ağla qoyun kəsmək gəlməməlidir

02 May 2025 02:34see193

Səhərlər bir ovuc kişmiş yeyərək ÖMRÜNÜZÜ UZADIN

01 May 2025 20:08see151

Vens: Uoltsun istefasının Signal messenceri qalmaqalı ilə əlaqəsi yoxdur

02 May 2025 04:22see140

Sosial yardım adı altında dələduzluq Diqqətli olun!

01 May 2025 20:31see127

Microsoftun süni intellekt aləti Recall

02 May 2025 04:02see127

Zamiq Əliyev finalda 120 dəqiqə oynadı

02 May 2025 00:21see125

Lionel Messinin nailiyyətini üstələdi, Kriştiano Ronaldoya yaxınlaşdı

01 May 2025 17:41see123

Zəngin insanlar hansı rənglərdən uzaq durur və nə üçün?

01 May 2025 17:28see123

“Bakı, Təbriz, Ankara, biz hara, farslar hara!” “Traktor” sabah çempion ola bilər

01 May 2025 21:51see122

Azərbaycan yığmasının məşqçisi: Reqatadakı nəticələrimizin davamını beynəlxalq arenada gətirmək istəyirik

01 May 2025 17:41see121

BMT maliyyə çatışmazlığı səbəbilə genişmiqyaslı islahatlara hazırlaşır

02 May 2025 04:36see119

Qızıl almaq istəyənlər üçün fürsət sürətlə enir

01 May 2025 09:41see119

Sel körpünü dağıtdı

02 May 2025 03:01see118

Trampın müşaviri və müavini vəzifələrindən gedir

01 May 2025 19:30see117

Manaf Ağayev oğullarından şikayət etdi

01 May 2025 14:44see115

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum keçirilir

02 May 2025 10:19see115

25 ölkədən 175 gimnast Bakıda medal uğrunda yarışacaq...

01 May 2025 19:36see114

Rusiyada dəhşətli qəzanın görüntüləri: Cənazə maşını yeraltı keçidə çırpılıb, sürücü ölüb

02 May 2025 17:29see113

Aİ də qaz idxalı sabit olaraq qalır

01 May 2025 22:30see113

Prioritetli məktəblərə şagird qəbulunun tarixi AÇIQLANDI

01 May 2025 17:46see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri