Icma.az
close
up
RU
Sünnətsiz Hikmət Orhunun hekayəsi

Sünnətsiz Hikmət Orhunun hekayəsi

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az "Hekayə müzakirəsi"ndə Hikmət Orhunun "Sünnətsiz" hekayəsini təqdim edir.

Sərxanı tanımazsınız. Mənim ən yaxın qonşum idi. Həm də ən yaxın uşaqlıq dostum. Məktəbdən tətilə buraxıldığımız vaxtlarda birlikdə avaralanardıq kəndin əyri-üyrü, dolanbac yollarını.

İndi Bakıdakı qəssabxanaların birində işləyir. Min ildə bir gəlib-gedir kəndə. Gələndə rastlaşsaq, hələ də soyuq salamlaşır.

O qədər soyuq baxır ki, əlacı olsa, bəlkə də dananın sümüklü yerlərini kəsib-doğradığı qəssab bıçağı ilə şaqqalayar.

Amma mən hər şeyi yaddan çıxarmış kimi, onu görüb qabağına qaçanda candərdi məhəllənin girişində mənimlə birlikdə bir siqaret çəkir, evə tələsir.

Yəqin ikimizdən birimiz siqareti tərgitsə, bir daha qarşılaşmarıq. Bəlkə o da mənim kimi atüstü söhbət etmək xatirinə tərgitmir bu zibili.

“Salam, necəsən? Nə vaxt gəlmisən?”

“Əleyküm salam. Axşam gəlmişəm. Yaxşıyam. Sən necəsən?”

“Mən də mənəm də. Girlənirik birtəhər… İşlərin necədir?”

“Şükür Allaha! Başımızı qatırıq”, deyib sağollaşırıq.

Bir də növbəti dəfə o Bakıdan gələndə təsadüfi qarşılaşsaq…

Bir həftə qabaq yenə ağız-ağıza darvazalarımızın qarşısında təsadüfən qarşılaşanda yadıma düşdü onun soyuqluğunun səbəbi.

Yenə çox utandım. Utana-utana əlimdəki siqaretdən sonuncu dəfə bir qullab alıb sağollaşanda öz-özümə fikirləşdim: “Yaxşı ki, Bakıda yaşayır…”

***

Afət xala çağıranda külək yenicə başlamışdı vıyhavıy. Evdə kişi olmadığı üçün istəyirdi, ikimizdən biri əlindəki yoluq cücəni kəssin, o da qonaqlar gələnə yeməyi hazır etsin! Qazancımız iki şüşəli, nanəli konfet olacaqdı.

Mən sünnətsiz olduğum üçün yaxın durmadım. O da sünnət olunmamışdı, amma qonşu arvadın sözündən necə qaza gəldisə, gözünü də qırpmadan cücənin qanadlarını ayağının altına qoyub boğazını üzdü sərçə boğazı kimi.

Sərçələri də birlikdə ovlayardıq onunla. Daha doğrusu, mən daşı sapanda qoyub atsam da, dəyməsin deyə qəsdən bir az əlimi əyir, daş gedib sərçələrdən uzaqda yerə düşəndə sevinirdim.

Heç bilmirdim bu öldürməkdən zövq alan adamla niyə dostluq edirdim. Bəlkə də məhəlləmizdə ondan başqa yaşı yaşıma uyğun uşaq tapmadığım üçün.

Mən vurduğu sərçələri toplayır, ona gətirirdim şəlpəqulaq ov iti kimi. O isə qışqırırdı: “Ayə, başını üz, başını!” Qorxa-qorxa quşun başını dartıb bədənindən qoparmaq istəsəm də alınmırdı.

Qəfil çəkib buraxmaq lazım idi. Sərxan kimi… Göz qırpımında quşun başı bədənindən ayrılırdı. Mən qanı görəndə az qalırdım, özümdən gedəm.

O, Afət xalanın cücəsini kəsəndə də bir az səndələdim. Deyəsən, əmisi Rüstəmin ona dediyi sözləri xatırlayıb:

—Ayə nə oldu sənə? Kişi deyilsən?! — dedi. Əli ilə azca da onun hərəkətlərini yamsıladı və kürəyimə toxundu astaca. — Özünə gəl.

Tez özümü düzəltdim.

— Heç bir şey yoxdur, ayağım otluğa ilişdi, — başımı arxaya çevirib dabanıma işarə etdim. — Olan şeydir.

— Etiraf elə ki, yenə qanı görüb qorxdun. — gülümsündü.

Dinmədim.

***

Afət xalanın qapısından çıxanda küləyin sürəti yavaşlamışdı. Amma biz üzü Sərxangilin bağında qurduğumuz sərçə tələsinə tələsə-tələsə iri addımlarla yeridiyimiz üçün hələ də ağzımıza dolur, boğurdu.

Daha iti addımlar atır, məndən qabaqda gedirdi. Döngədən onların evinə burulanda:

— Sünnətsiz adam cücə kəsəndə atası ölür, sən nə yaxşı qorxmursan? — soruşub birlikdə addımlamaq üçün qəfil qoluna girdim.

Təəccübləndi. Sanki mənim geridə qalmağımı istəmirmiş kimi, addımlarını yavaşlatdı.

— Doğrudan?

— Anam elə deyir...

— Sən ona görə kəsmədin?

— Mən ümumiyyətlə qorxuram nəsə kəsməkdən, öldürməkdən... Heç sünnət olunsam da, kəsə bilmərəm.

Əvvəllər o qorxduğumu hiss edəndə müxtəlif bəhanələr gətirib vəziyyətdən çıxmağa çalışmışdım. Heç vaxt dediklərimə inanmasa da.

İlk dəfə idi ona bu qədər açıq şəkildə etiraf edirdim qorxduğumu, amma deyəsən, fikri özgə yerdə idi. Məni eşitmirdi.

Özgə vaxt eşitsə, özünəməxsus şəkildə məzələnər, babat deyib-gülər, “Ə, sən də kişisənmi?!” deyə ələ salardı. Bayaq dediyim sözdən sonra əməlli-başlı fikir götürmüşdü onu.

***

Atası Tərxan əmi o il bərk xəstələnmişdi. Doğrusu, rayondakı həkimlər dərdinin nə olduğunu da bilə bilmirdilər. Bakıya aparıb-gətirməyə də pul yox idi.

Keçən ay vaxt qoymuşdular ki, bir ay ərzində ciddi şəkildə müayinə olunub müalicə almasa, bu gündən-sabaha ümid yoxdur.

Bir ay gəlib keçmişdi, hələ də yerindən tərpədə bilməmişdilər…

***

Sərçə tələsinə çatana qədər danışmadı. Səssiz-səmirsiz gəlib çatdıq. Altına haça ağac qoyub getdiyimiz vanna ağzı üstə çevrilmişdi. Sərxan bir qıraqda boynunu büküb durmuşdu yetim uşaqlar kimi…

Mən qaldıranda gördüm, vannanın altında nə quş var, nə səpdiyimiz dən. Külək vannanı çevirib. Üstünə dən səpdiyimiz kartonu da vannadan iki metrə o yana tolazlayıb.

— Külək sərçələrin qanının arasına girib, — dedim Sərxana.

Bu sözü də atamdan eşitmişdim. Hər dəfə qapıda dənlənən toyuq-cücədən kəsmək istədiyi hansısa biri divardakı oyuqdan istifadə edib aradan çıxanda elə beləcə də deyirdi: “Divar qanının arasına girdi”.

Sərxandan səs-səmir çıxmadı. Ta ki, mən ikinci dəfə təkrar edənə qədər. Qəfil fikirdən ayrılıb “Nolar elə olmasın!” deyən sual dolu baxışlarla dilləndi:

— Sən allah, düz deyirsən?

— Bəli, külək… — Sözümü kəsdi. Deyəsən, onun dərdi sərçələr deyildi.

— Onu demirəm. Doğrudan atası ölür?

— Kimin? — bayaqkı səhvimi düzəltmək üçün özümü bilməzliyə vurdum.

— Demirsən, sünnətsiz adam cücə kəsəndə atası ölür?!

— Hə, onu deyirsən…

— Yəni deyirsən… — Cümlənin davamını təxmin etdiyim üçün istəmədim, bitirsin.

— Bilmirəm. Mən kəsməkdən ona görə…

“...boyun qaçırmadım” deyib növbəti dəfə onu toxdatmaq istədim.

O mənim nə dediyimə əhəmiyyət verməyib sözünə davam etdi və bayaqdan axırını eşitməkdən qorxduğum o cümləni bitirdi.

— İndi mənim atam öləcək yəni?

Nə deyəcəyimi bilmirdim. Yenə:

— Bilmirəm, — dedim. Ardınca arxama da baxmadan qaça-qaça əlavə etdim. — Mən evə getməliyəm.

***

Qapıdan girəndə külək dinmişdi. Anam həyətdə toyuqları yemləyirdi. Havaya səpələnib yerə düşməyə macal tapmamış buğda dənəsini göydə qapırdı toyuqlar, xoruzlar…

Yeni qanad-quyruq açmış cücələr qartımış toyuqlara, xoruzlara yaxın düşə bilmirdilər. Ağa süfrəsinin qır-qırıntısına doyan hambal kimi künc-bucaqda gəzişir, ancaq yaşlı toyuqlar və xoruzlar dənləndikcə kənara sıçrayan içi boş buğdaları döşürürdülər.

— Ana, — dedim. — Mən toyuq kəsə bilərəm?

— Yox, hələ yaşın azdır. Üstəlik, sən sünnət olunmamısan…

— Nə olur ki onda? — soruşdum.

— Qoca arvadlar deyirdilər ki, evin bini-bərəkəti qaçır.

— Yəni?

— Kasıblayır ailə.

— Bəs, deyirdin, adamın atası ölür?

— Kim? Mən? Mən elə şey deməmişəm…

— Yox e, deyirdin, toyuq başı… — Sözümü bitirməyə macal tapmamış, yadına nəsə düşən adamlar kimi, dilləndi:

— Hə, o toyuq yox, xoruz başıdır. Uşaqlara xoruzun başını yemək olmaz.

— Niyə?

— Bilmirəm. Nənədən soruşarsan… — Əlindəki boşqabın dibində qalan dəni də səpib evə keçdi.

Yarım saatdan sonra yemək üçün çağıranda mən hələ də o inancın əslində danışdığım kimi olmadığını Sərxanın özünə “deyim-deməyim” deyə fikirləşirdim. Sevgilisinin onu sevib-sevmədiyini bilmək üçün “ramaşka” ləçəklərini yolan qızlar kimi…

O dəqiqə mənim əlimdə “ramaşka” yox idi, olsa, daha tez və qəti şəkildə qərar verərdim.

Anam ikinci dəfə harayladı:

— Hikmət, yemək soyuyur e…

***

On beş-iyirmi dəqiqə ərzində anamın “gestapo” baxışları altında yeməyimi yeyib darvazanın qabağına çıxanda gördüm, Sərxangilin qapısının ağzında qırmızı “miqalka"lı köhnə təcili yardım maşını dayanıb. Maraqla maşına baxırdım, bir azdan gördüm, Tərxan əmini xərəkdə çıxardılar qapıdan.

Tez qapını örtüb evə qaçdım. Qorxmuşdum, doğrusu. Qabaq bu vəziyyətdə qəbiristanlığa ölü aparıldığının şahidi olmuşdum. Həmin gecə yuxumda qorxulu şeylər görüb oyananda zülüm-zülüm ağlamışdım.

Anam üzümün ağardığını görüb sorğu-suala tutmuşdu: “Nə oldun? Niyə gördün? Nə olub bu gün sənə?”

İndi də qapıdan girər-girməz eyni cür reaksiya verdi:

— Nə oldu?

— Tərxan əmini apardılar… — dedim dilim topuq çala-çala.

— Hara? — təəccüblə soruşdu.

Mən uşaq ağlımla maşını gördüyüm kimi təsvir edəndə:

— Hə, təcili yardımı deyirsən. Axır ki… — dedi. Sanki çoxdan arzuladığı işi düzəlmiş kimi, köks ötürüb rahatlıq tapdı. — Xəstəxanaya aparırlar…

— Onu daşıdıqları şeyi görəndə qorxdum.

— Niyə?

— Elə bildim, ölüb!

— İraq olsun! — Gülümsündü. Qulağını çəkdi, əlini düyünləyib qapının taxtasına döydü. — O sən görən tabutdur, bu xərək… Əmin Şahbazı da o xərəkdə aparmışdılar, yadındadır? Necə aparmışdılar, eləcə də qaytardılar. — Alatoran xatırlayırdım. Amma əmim hazırda yaşadığı üçün qonşu Tərxan əmiyə də heç olmayacağını fikirləşib sakitləşdim. Anam hər halda deyəsən fikirləşdi ki, bunlar uşaqla danışılacaq şeylər deyil, söhbəti dəyişdi. — Yaxşı, yaxşı… Başqa şey danış. Sərxan hardadır, görmüsən? Gəzin, oynayın, fikri dağılsın!

***

Şahbaz əmini xəstə aparıb-salamat gətirən təcili yardım maşını iki gün sonra Sərxanın atasını tabutda gətirdi. Düz bir ay onunla üz-üzə gəlməyə utandım.

Atasının qırx mərasimindən sonra xalası Sərxanı şəhərə aparmışdı ki, bir az fikri dağılsın. Ancaq on il sonra yenidən ayaq aça bildi kəndə.

Birinci dəfə gələndə görüşə bilmədik. O, vaxtın azlığını bəhanə etdi, mən gecə növbəsini…

Səhər işdən evə onu məhəllədə, təsadüfən də olsa, görməmək ümidi ilə gələn kimi yatdım.

Sonralar təsadüfən görüşəndə isə o vaxt Afət xalanın toyuğunu kəsib evə qayıdarkən ona danışdığım şeyin doğru olmadığını dedim.

Bir neçə dəfə…

Gördüm, dediyim sözlər onun mənə qarşı soyuq münasibətində heç nə dəyişmir, əksinə belə bir şey xatırlamadığını deyir, siqaretini tələm-tələsik çəkib yarımağız sağollaşandan sonra evə qaçır, mən də təkrar etmədim.

14-16 iyun 2025-ci il

Vaqif Bayatlı Odərin yubiley tədbiri - Video Qandinin portreti rekord qiymətə satıldı Tanınmış amerikalı aktrisadan Elon Maska minnətdarlıq - Hüquqi dəstəyə görə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 Avqust 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see278

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see274

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see255

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see240

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see231

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see230

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see226

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see224

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see210

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see208

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see206

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see206

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see200

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see199

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see192

Küçə xuliqanı, həbsdən qaçan agent, yorğun biznesmen... Jan Pol Belmondonun 5 məşhur rolu

06 Sentyabr 2026 14:00see191

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see180

Rembrandtın avtoportreti 80 ildən sonra Qotaya qayıdıb

06 Sentyabr 2026 10:32see175

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see162

Yetkinlərin 10 50 faizi yuxusuzluqdan əziyyət çəkir Səbəbləri və müalicəsi

06 Sentyabr 2026 10:01see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri