Icma.az
close
up
RU
Suriyaya İsrail şirkətləri gələ bilər

Suriyaya İsrail şirkətləri gələ bilər

Əfşar Süleymani: “Geopolitik baxımından əsas rolu Türkiyə oynayır”

Əsəd devrildikdən sonra Əhməd əş-Şaranın (Colani) rəhbərliyi ilə Suriyada Müvəqqəti Hökumət qurulub. Bəzi Avropa ölkələrinin də Suriyaya siyasi və iqtisadi baxışlarında dəyişikliklər müşahidə olunmaqdadır. Amma ölkənin belə tezliklə Əsəd böhranından çıxa biləcəyi mümkünsüzdür, buna zaman lazımdır. Elə bu mövzuda İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani ilə qısa müsahibə etdik.

- Əsədin devrilməsini əsaslandıran əsas səbəblər hansılar idi..

Əsədin xalqın əksəriyyət tərəfindən sevilməməsi, ölkədəki ictimai, iqtisadi durumun pisləşməsi, xalqın səsini eşitməməsi, diktatorluğu, ordunun, xalqın madii vəziyyətinin acınacaqlı olması, döyüş ruhunda olmaması, Rusiyanın geri çəkilməsi, yalandan manevr etmək istəməsi, eyni zamanda onun dünya tərəfindən də qəbul olunmaması və s. görünən bu səbəblər idi. Görünməyən səbəblər də var ki, onlar hələ üzə çıxmayıb, belə deyək, oyunlardır. Güman edirəm ki, bu hadisələrdə bir oyun qurulub, Rusiya, ABŞ, Türkiyə və İsrail arasında razılaşdırılan bir plan olub. Bu plan da məharətlə həyata keçirilib. O zaman ki, İsrail Qəzzada 50 min insanın ölümünə səbəb oldu, Livana hücum etdi orada 5 min insan öldürdü, "Hizbullah" zəiflədi, Livanda atəşkəs razılığı əldə olundu, bu zaman məlum hadisələr Suriyada baş qaldırdı. Fikrimcə, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu elə İsrail tərəfindən cızılmış plan idi ki, burada Rusiyanın da əli var. Bunların əsas məqsədlərindən biri İranı oradan uzaqlaşdırmaq və hərə öz payını götürmək idi. Kimə nə qədər pay düşəcəyi bəlli idi. İstəyirdilər ki, müqavimət adlanan cəbhəni zəiflətsinlər, imkan olmasın ki, Suriya üzərindən Livana, "Hizbullah"a yardım edilsin. Əsədin beş, on gün ərzində devrilməsi dediyim güclər arasında əvvəlcədən planlaşdırılıb. Əsəd Rusiyaya qaçırıldı, ordu üsyançıların qabağını kəsə bilmədi, İsrail Suriyada 500- dən çox hədəfə 2 minə yaxın bomba atdı, Qolan təpələrini tutdu, Rusiyanın da hərbi qüvvələri orada qaldı və s. bunlar birdən-birə baş vermədi, əvvəldən planlaşdırılıb.

- Bundan sonra Əsədsiz Suriyanı necə təsəvvür edərdiz

- Konkret demək olmaz bundan sonra Suriyanın vəziyyəti necə olacaq. Yuxarıda adlarını çəkdiyim ölkələrin maraqları var, bəzən maraqlar toqquşur, bəzən üst-üstə düşür. Türkiyə orada olan PKK-nı zərərsizləşdirməyə çalışır. ABŞ Suriyada neft sahəsinə əlini qoyub. Rusiya, İsrailin mövqeləri bəllidir. Bundan başqa Suriyada yeni hökumət qurulandan sonra bu güclərin onunla necə, hansı formada, hansı şərtlərlə əməkdaşlıq edəcəyi bilinmir. Suriyanın özündə bəzi qüvvələrin İsrail, Fələstin məsələsinə fərqli baxışları var. Demək olmaz ki, bu tezliklə Suriyada sabitlik olacaq.

Suriya keçid hökumətinin Baş naziri Məhəmməd əl-Bəşir əgər ölkədə demokratik islahatlar aparsa, xalqı hakimiyyət ətrafında birləşdirə bilsə nəsə gözləmək olar, əgər bunları bacarsa. Amma buna tezliklə nail olunacağına inanmıram. Çünki ölkədə Əsədin maraqlarını müdafə edən qruplar hələ qalmaqdadır. Yeni hökumətə mane ola bilərlər. ABŞ-ın kürd məsələsində Türkiyə ilə razılığa gələ bilməsi, İsrailin mövqeyi necə olacağı sual altındadır. Bundan başqa xarici güclərin maraqları ilə yerli hökumətin maraqlarının üst-üstə düşə biləcəyini də nəzərə almaq lazımdır. Əgər xarici güclər ölkənin daxili işlərinə müdaxilə etməzsə, yeni hökumət xalq və milli maraqlardan çıxış edərsə o zaman ölkədə sabitlik yarana bilər.

- Çoxu Suriyanın bir neçə ölkə - Türkiyə, Rusiya, İran, hətta İsrail arasında bölüşdürüləcəyini bildirir..

- Bunu da proqnoz vermək olmaz ki, Suriya bölünəcək. Amma ehtimallar ola bilər, ölkəyə İsrail, Türkiyənin birbaşa təsir imkanlarını nəzərə almaq lazımdır. Xüsusilə Türkiyənin Suriya ilə 900 kilometr uzunluqda sərhəddi var. Geopolitik baxımından əsas rolu Türkiyə oynayır. İsrailin də sərhəddi var. ABŞ da kürdləri dəstəkləyir, kürdlərin əli ilə iş görmək istəyir. Ukrayna müharibəsniə başı qarışdığından Rusiyanın Suriyada aktiv rol oynayacağına inanmıram. Livanda "Hizbullah", HƏMAS zəifləyib. Əvvəlki illərə nisbətən durum bir az sakitləşib. İranın Suriya ilə sərhəddi olsaydı onun da bu ölkəyə təsiri olardı. İranın Suriyada təsiri iranlıların orada ikili vətəndaşlıq almaları idi ki, məlumatlara görə onu pozub ölkəni tərk edirlər. Bu orada din amilinə, ölkədə təriqətlər arasında nifaqa səbəb olacaqdı.

Bir tərəfdən də İsrail gözünü Suriya torpağına dikib. İsrailin imkanı və gücü olsaydı qonşu ölkələrdən də torpaq zəbt edərdi. Bilirsiz, hazırda Suriyada məsələlər qarışıb, bir labirintlik yaranıb. Hələ bilinmir kimin, hansı ölkənin məqsədinin arxasında nələr dayanıb. Yox, əgər ölkədə möhkəm hakimiyyət, dövlət qurulmasa, o zaman hərə oradan pay götürməyə çalışacaq. Hətta daxildəki bir-birinə müxalif olan qruplaşmalar, məzhəblər belə maraqlarını təmin etmək üçün baş qaldıracaqlar.

- Əsədin devrilməsində daha çox hansı ölkə qazandı, hansı ölkə itirdi.

- Təbii ki, Əsədin devrilməsindən hamıdan çox Türkiyə qazanır. Olkin olaraq Milli İstehibarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalının Suriyanın paytaxtı Dəməşqə səfər etməsi bunu deməyə əsas verən amillərdəndir. İndi kürd məsələsini necə çözəcəklər, bilinmir. İsrail Qolan təpələrin tutub, hələ gözü yenə başqa yerlərdədir, oradan nə vaxt çəkiləcək bilinmir. Rusiyanın da oradan hərbi qüvvələrini çıxarılması ilə bağlı məlumatlara rast gəlirik, hələ təsdiqlənməyib. İran heç nə qazanmadı, itirdi. Əsəd gedib, İran qüvvələrini oradan çıxarıb. Əgər diplomatik əlaqələr, münasibətlər qurularsa müsbət addımlar atıla bilər. Hələ bilinmir Rusiya ilə Suriya arasında əlaqələr necə olacaq. Amma Əsəd getsə də orada onun tərəfdarları qalıb, inanmıram ki, onlar sakit dayansınlar.

- Rusiyanın Əsədə sığınacaq verməsinə münasibətiniz necədir?

- Rusiyanın Əsədə sığınacaq verməsini dərin düşünürəm. Rusiya həmişə ikili oyun oynayır. İsrail də Əsədi təhdid etmişdi. Amma Rusiya çox güman ki, ona hakimiyyəti təhvil verməsi təklifini edib, yəni əvvəlcədən razılaşdırılıb. Bu məlumatlar nə dərəcədə düzdür, yalandır deyə bilmərəm. Amma deyilənlərə görə İsrail ona Rusiyaya sığınmaq üçün təminat verib. Hətta o da deyilir ki, Əsəd özü ordu qüvvələrinin koordinatlarını İsrailə verib. Əsəd İrandan da uzaqlaşmışdı, İsrailin qorxusundan "Hizbullah", Fələstin məsələsinə qoşulmurdu. Əsədin Rusiyada saxlanmasının iki səbəbi var. Moskva onu bir təsir kartı kimi saxlayıb. Yəni yeni qurulacaq hökumətdən yeni imtiyazlar almaq məqsədi güdə bilər. Deyilənə görə Əsəd ölkəsindən Rusiyaya 130 milyard dollar da aparıb. Bu sərmayəni də Rusiya işlədə bilər. Əgər Suriyada xalq yenidən narazılıq yaradıb ayağa qalxsa, Əsədin hakimiyyəti zamanında yaxşı olduqlarını bildirsələr o zaman Əsəd yenidən ortaya atıla bilər.

- İsrail Qolan təpələrin ələ keçirib, iddia edir ki, bu əbədi olaraq onda qalacaq. Türkiyə və İranın buna sakit qalacağına inanmaq olar?

- İsrailin Suriya ərazisinə girib Colan təpələrin zəbt etməsi Türkiyə və İran tərəfindən, hətta bir sıra Qərb dövlətləri tərəfindən yaxşı qarşılanmayıb. Amma Türkiyə hələ istəmir ki, bu məsələdə İsrail ilə qarşı-qarşıya gəlsin. Türkiyə istəyir ki, bütün sahələrdə Suriyada mövqeyini möhkəmləndirsin. Türkiyə sadəcə siyasi mövqeyini ortaya qoyub ölkənin ərazi bütövlüyünün qorunması tələbi ilə çıxış edir. İranın da daha orada dayağı yoxdur, o da siyasi mövqe nümayiş etdirir, deyir ki, Suriyanın ərazi bütövlüyü qorunmalıdır. ABŞ-a gəldikdə, hələ Tramp əvvəlki prezidentliyi dönəmində Qolan təpələrin israilə "hədiyyə" etmişdi.

2019-cu ildə o İsrailin Qolan təpələri üzərində suverenliyini tanınmasına dair sənəd imzalayıb.

Deklarasiya İsrailin baş naziri Binyamin Netanyahunun iştirakı ilə imzalanıb. Onun sözlərinə görə, İsrail Qolan təpələrini 1967-ci ildə nəzarətə götürüb ki, özünü müdafiə etsin. İndi Tramp yenidən beş il ABŞ başında duranda vəziyyət daha da çətinləşəcək, İsrailin xeyrinə, ərəblərin ziyanına olacaq. Bilirsiz, bütün müsəlman ölkələri birləşə bilmirlər, çoxu da ondan-bundan asılıdır. Düzdür, Türkiyə İsrailin Qəzzadakı cinayətlərinə haqq səsini qaldırıb, amma bilir ki, onun arxasında ABŞ dayanır. Türkiyə tək o güclərin qarşısında nə edə bilər? Fikrimcə, müsəlman ölkələri bir məqsəd ətrafında birləşsələr, ona heç bir qüvvə bata bilməz. ABŞ İsraili müsəlmanların qorxusundan dəstəkləyir. Mənə elə gəlir ki, elə Trampın hakimiyyəti dönəmində müsəlman ölkələri birləşməlidirlər, az deyillər dünyada 75 müsəlman ölkəsi var. Birlik nümayiş etdirsələr İsraili ABŞ-ın əlindən ala bilərlər, hərbi yolla yox, iqtisadi maraqlar vasitəsilə. Ayrı-ayrılıqda hərə öz yaxasını kənara çəkib. Səudiyyə Ərəbistanı, Qətər, Ərəb Əmirliyi başlarını aşağı salıb öz siyasətlərini yürüdürlər. Yaxın Şərqdə hadisələr belə cərəyan edərsə sabah İordaniya, İraq təhlükə ilə üzləşə biləcəklər. İsrail dövləti yarandığı gündən ərəblər ildən-ilə itirirlər, ölkələrdə iqtisadi inkişaf yoxdur.

- ABŞ və Qərbin Əsədsiz Suriya ilə gələcək münasibətləri hansı istiqamətdə inkişaf edə bilər ki, barmaqlarını oradan çəksin?

- ABŞ oradan əl çəkməyəcək. Ölkədə demokratik bir hakimiyyə qurularsa və ABŞ-ın ilk növbədə iqtisadi maraqları təmin olarsa, o zaman hərbi kontingentini oradan çəkə, hansısa qruplara hərbi dəstəyini götürə, azalda bilər. Suriyaya Avropa, elə İsrail şirkətləri də gələ bilər. İndidən belə ölkədə təhlükəsilik məsələsi təmin olunsa ölkənin iqtisadiyyatı inkişaf edə ilər. Əsas odur ki, orada xalq-hakimiyyət birliyini təcəssüm edən bir dövlət qurulsun, inkişaf olsun. Əks halda ölkə yenidən qarışacaq.

Cavid

seeBaxış sayı:65
embedMənbə:https://www.xalqcebhesi.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri