Şuşa Zəfər yürüşünün zirvəsi
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qarabağın tacı olan Şuşa xalqımızın tarixən müqəddəs və əziz məkanıdır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Xalqımızın tarixi-mədəni irsində xüsusi yeri olan bu şəhər 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsinin 42-ci günündə erməni işğalçılarından azad olundu. Bununla Silahlı Qüvvələrimizin şanlı Zəfər yürüşü öz zirvəsinə çatdı.
1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən təməli qoyulan qədim mədəniyyət paytaxtımız zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Hələ XVIII əsrin sonlarında Şuşa Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdir. Böyük və güclü sədlə əhatələnən Şuşada çoxsaylı sənətkar məhəlləsi yaradılmışdır. XIX əsrin sonu və XX əsrin əvvəllərində isə Şuşa artıq Qafqazın musiqi mərkəzinə çevrilmişdir. Şəhər “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırılmışdır.
Sovet dövründə Şuşaya vurulmuş ən böyük zərbələrdən biri onun qısa müddətə də olsa, rayon mərkəzi statusundan məhrum edilməsi oldu. Belə ki, 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilərək Stepanakert rayonunun tərkibinə qatıldı. Yalnız Nikita Xruşşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra – 1965-ci il yanvarın 6-da Şuşanın rayon statusu yenidən bərpa olundu. Bununla belə, 1991-ci il fevralın 7-də Şuşa şəhəri Dağlıq Qarabağ Muxtar Vilayəti tabeliyində olan şəhər kateqoriyasına aid edilmiş, 1991-ci il noyabrın 26-da isə respublika tabeli şəhərlər sırasına daxil edilmişdir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə (1969-1982) Qarabağın inkişafına çox böyük diqqət və qayğı göstərilmiş, eləcə də erməni iddialarının iflasa uğraması üçün davamlı tədbirlər görülmüşdür. Dahi şəxsiyyətin fəaliyyətinin mühüm istiqamətlərindən biri məhz Qarabağda milli ruhun oyadılması olmuşdur. 1970-ci illərdə Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə Şuşanın inkişafı ilə bağlı imzalanan xüsusi qərarlara uyğun olaraq şəhərin köhnə binaları, tarixi abidələri, məscidləri bərpa edilmiş, təhsil, səhiyyə, mədəniyyət, turizm və digər sosialyönümlü sahələrdə əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.
Ulu öndər 1996-cı ilin may ayının 6-da Şuşa və Laçının işğalının dördüncü ildönümü ilə əlaqədar həmin rayonların ictimaiyyət nümayəndələri ilə görüşündə dediyi kəlamları olduğu kimi yada salmaq istəyirəm: “Xatirinizdədir, Şuşada böyük bir mehmanxana, çoxmərtəbəli yaşayış binaları, ayrı-ayrı inzibati binalar tikildi. Şuşaya o vaxt çox yüksək bir status verildi, Ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. Bunun isə böyük əhəmiyyəti var idi. Çünki о vaxtlar Sovet İttifaqının çox yerlərindən bura istirahətə gəlirdilər. Onlar, eyni zamanda, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti ilə tanış olurdular”.
Qeyd edim ki, Şuşa işğala qədər sürətlə inkişaf edir, insanların rifahı durmadan yaxşılaşırdı. Həmin dövrdə şəhərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyi, Dövlət Dram Teatrı, Şuşa televiziyası, Dövlət Rəsm Qalereyası, iki texnikum, iki institut filialı, texniki peşə məktəbi, orta təhsil müəssisələri, оrta və оrta ixtisas musiqi məktəbləri, uşaq bağçaları, mədəniyyət evləri, klub, kitabхana, tibb müəssisələri, sanatoriyalar, mədəniyyət və istirahət parkları, kinoteatrlar, ictimai iaşə obyektləri, Şərq musiqi alətləri fabriki, rayon istehlak cəmiyyəti, kurort ticarəti idarəsi, eləcə də bir neçə sənaye və tikinti müəssisəsi fəaliyyət göstərirdi.
Şuşa şəhəri 1992-ci ilin mayın 8-də Ermənistanın qəsbkar ordusu tərəfindən işğal edildi. Bu zaman 200 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirildi, 165 nəfər yaralandı, onlardan 150 nəfər əlil oldu, 552 körpə yetim qaldı. İşğaldan sonra 22 minə yaxın sakin ölkənin 700 yaşayış məntəqəsində məskunlaşaraq məcburi köçkünlük həyatı yaşadı. Şəhər işğal edilərkən erməni quldurları tərəfindən onun tarixi abidələri, sənaye müəssisələri vəhşicəsinə dağıdıldı.
Yuxarıda xatırlatdığım görüşdə Ulu öndər çıxışında, eyni zamanda, şəhərin işğalı zamanı ölkədə mövcud olan hərbi-siyasi vəziyyət, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün görülən və nəzərdə tutulan tədbirlər barədə danışaraq bildirdi ki, “Biz heç vaxt razı ola bilmərik ki, torpaqlarımız uzun müddət Ermənistan silahlı qüvvələrinin işğalı altında qalsın. Buna razı ola bilmərik. Müəyyən bir hədd var, əgər bu həddə qədər biz bu məsələni sülh yolu ilə həll etməyə nail ola bilməsək, şübhəsiz ki, bütün vasitələrdən istifadə etməliyik”.
Burada qeyd etmək lazımdır ki, elə 1997, 1998 və 2003-cü illərdə Ulu öndərin torpaqlarımızın işğaldan azad olunması ilə bağlı çoxsaylı görüşləri və çıxışları olmuşdur. Hər dəfə də bir fikri qətiyyətlə deyirdi ki, biz mütləq Şuşaya, Qarabağa qayıdacağıq, tarixi torpaqlarımızı işğaldan azad edəcəyik. Çünki o inanırdı ki, Azərbaycan qüdrətli bir dövlətə çevriləcək.
Bunu görmək üçün çox gözləmək də lazım gəlmədi: Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad edildi. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq” sözləri Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm müjdəsi oldu. Şuşa azad edildikdən sonra dövlət başçısının dahi şəxsiyyətin ruhu önündə ehtiram nümayiş etdirməsi, məhz onun vəsiyyətini yerinə yetirdiyini deməsi Azərbaycanın həm də dövlətçilik prinsiplərinə sadiq olduğunu göstərdi.
Şuşanın işğaldan azad olunmasından dərhal sonra bu qədim şəhərdə dövlət başçısının fərman və sərəncamları çərçivəsində tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Həyata keçirilən layihələrdə tarixi və dini abidələrin, milli memarlıq üslubunu özündə ehtiva edən binaların, digər tikililərin əvvəlki görkəmi özünə qaytarılmaqla bərpa olunur. Şuşada yaşayış komplekslərinin və inzibati binaların inşası, Mamayı, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərinin, Üzeyir Hacıbəylinin ev-muzeyinin, enerji təminatı üçün 5 yarımstansiyanın, həmçinin Daşaltı çayı üzərində su anbarı, eləcə də nasos stansiyasının tikilib istifadəyə verilməsi, şəhərin kanalizasiya sisteminin yenidən qurulması, xəstəxana və poçt binalarının sürətlə inşa olunması görülən işlərin sadəcə bir qismidir.
Bütün bunlarla bərabər, Şuşada qədim məhəllələr, ticarət və iaşə obyektləri, muzeylər, mədəniyyət evləri, otellər, küçə və prospektlər təmir olunur, qədimliyi qorunmaqla müasirləşdirilir. Artıq keçmiş məcburi köçkünlərin bir qrupu Şuşaya qayıdıb. Hazırda Şuşada 376 ailə məskunlaşıb və bu proses davam edir. Ümumiyyətlə, bu məqamda qeyd etmək yerinə düşər ki, son 5 ildə Prezident İlham Əliyevin Şuşanın bərpa olunması, onun sosial-iqtisadi inkişafı ilə bağlı, eləcə də şəhərdə müxtəlif ictimai-siyasi, mədəni və beynəlxalq tədbirlərin keçirilməsi ilə əlaqədar 40-a yaxın sənəd imzalanıb.
Təbii ki, aparılan və nəzərdə tutulan tədbirlərin icrası ölkə rəhbərliyinin diqqət mərkəzində saxlanılır. Bir sözlə, dövlətimizin başçısı Şuşaya xüsusi diqqət və qayğı ilə yanaşır, burada bərpa işlərinin yüksək keyfiyyətlə aparılması barədə vaxtaşırı müvafiq tapşırıqlar verir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Şuşa azad edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev artıq 30 dəfə bu şəhərə səfər edib. Dövlət başçısı bu səfərlər zamanı şəhərdə təhsil müəssisələrinin tikintisi və istifadəsi ilə bağlı məsələləri diqqətdən kənarda qoymur. Məsələn, 2022-ci il mayın 20-də Prezident İlham Əliyev Şuşada yerləşən ən möhtəşəm tarixi abidələrdən biri – Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalamışdır. Həmin sənədə əsasən, nəzərdə tutulan işlərin aparılması üçün Elm və Təhsil Nazirliyinə ilkin olaraq bir milyon manat ayrılmışdır.
Qeyd edim ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hələ 2023-сü il noyabrın 7-də Şuşa şəhərində peşə məktəbinin və kollecin binalarına baxış keçirərkən məlumat verilib ki, peşə məktəbi və kollec Şuşanın tarixi Hamamqabağı, Seyidli və Culfalar məhəllələrində yerləşir. Sovet dövründə həmin ərazilərdə keçmiş kənd təsərrüfatı texnikumu və onun yataqxanası yerləşirdi. Dövlət başçısı peşə məktəbinin və kollecin ərazisini nəzərdən keçirib, tapşırıq və tövsiyələrini verib. Hazırda peşə məktəbində və kollecdə əsaslı tamamlama işləri görülür. 2026-cı ilin sentyabrından etibarən şəhərdə Qarabağ Universitetinin incəsənət fakültəsi də öz fəaliyyətini Şuşa Real məktəbinin binasında davam etdirir.
Elə həmin gün dövlət başçısı Şuşa şəhəri 1 nömrəli tam ümumtəhsil orta məktəbin açılışında iştirak etdi. Ölkə rəhbərinə məlumat verərək bildirildi ki, 960 şagird yerlik üçmərtəbəli bina beş blokdan ibarətdir. Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var. Məktəb üçün ayrılan ərazidə futbol meydançası və digər zəruri yardımçı binaların inşası yekunlaşıb. Hazırda məktəbdə 226 şagird təhsil alır.
Burada onu da qeyd etmək yerinə düşər ki, 2025-ci il iyunun 14-də bu məktəbdə işğaldan azad ediləndən sonra ilk dəfə “Son zəng” tədbiri keçirilib. Mərasimdə iştirak edən qonaqlar məzunları təbrik ediblər. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Sonda məzun olan 8 şagirdə tam orta təhsil haqqında attestatlar təqdim edilib. Yeri gəlmişkən, burada daha çox diqqətçəkən məqamlardan biri də 2025 – 2026-cı tədris ilinin başlanması münasibətilə Şuşada ilk məktəb zəngi yenidən çalınıb.
Doğma Şuşadan danışarkən xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva şəhərin dirçəlişinə, inkişafına mühüm diqqət yetirir və töhfə verir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalının, Vaqif Poeziya Günlərinin keçirilməsi, Şuşada Mehmandarovların malikanə kompleksində, məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın evində, 147 yaşlı Şirin su hamamında bərpa işlərinin aparılması və digər mühüm tədbirlərin təşkil olunması xüsusi tarixi, siyasi, ictimai və mədəni əhəmiyyətə malikdir.
Bəli, işğaldan azad olunan Şuşada Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma layihələrinə Heydər Əliyev Fondunun yaxından köməyi fərəh doğurur. Fond Şuşaya əsrarəngiz naxışlar vurur. Bütövlükdə isə Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə mədəni quruculuq layihələrinin dünyaya təqdim olunması mühüm əhəmiyyət daşıyır.
***
Qarabağın incisi, Azərbaycanın ən gözəl guşələrindən biri olan Şuşanın işğaldan azad edilməsi xalqımızın gücünü, Ordumuzun peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını göstərdi. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər, onun ardınca 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildi.
Artıq Qarabağ və Şərqi Zəngəzur bölgələrində tikinti-quruculuq layihələri sürətlə həyata keçirilir. Adları çəkilən həmin iqtisadi rayonlarda yaşayış məskənlərini bir-birinə qovuşduran yeni yollar çəkilir, küçələr, parklar, xiyabanlar salınır, “ağıllı şəhər” və “ağıllı kənd”lər salınır, elektrik stansiyaları quraşdırılır. Hazırda ölkə başçısının tapşırığı ilə hazırlanan işğaldan azad edilmiş ərazilərinin bərpasına dair Dövlət Proqramının icrası ilə əlaqədar işlər uğurla davam etdirilir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda 50 mindən çox insan məskunlaşıb. Diqqətəlayiq haldır ki, işğaldan azad edilən ərazilərdə 3 min 398 şagird təhsilə cəlb olunub. Bu il Laçının Sus və Ağdərə rayonunun Talış kənd orta məktəblərinin bütün məzunları tələbə adını qazanıblar.
Prezident İlham Əliyev carı il sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak edib. Dövlətimizin başçısına verilən məlumatda bildirilib ki, klinika tibb ixtisası üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edəcək, bu sahədə elmi tədqiqatların aparılmasında, həmçinin regionda əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayacaq. Eyni zamanda, tədris, tədqiqat və tibbi xidmət fəaliyyəti həyata keçiriləcək.
İşğaldan azad edilmiş ərazilərə köçürülmüş sakinlərin işlə təmin olunması istiqamətində də tədbirlər görülür. Artıq 5500-ə yaxın insan işlə təmin olunub. Bundan əlavə, onların bir çoxu əmək bazarının tələblərinə cavab verən peşələr üzrə hazırlıq kursları keçərək işlə təmin olunurlar. Hazırda işğaldan azad edilmiş ərazilərə köçürülənlərin işlə təmin olunmaları istiqamətində işlər fəal şəkildə davam etdirilir.
Beləliklə, bu gün artıq deyə bilərik ki, köçürmə prosesi fərdi pilot addımlardan kənara çıxıb və mütəşəkkil xarakter alıb. Bu proses insanları öz doğma yurdlarına qaytarmaqla yanaşı, həm də bölgədə yeni sosial – mədəni mühit formalaşdırır, regionu işğaldan azad edilmiş ərazilərin dirçəlişinin əyani simvoluna çevirir. Prezident İlham Əliyev bu il sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə keçirdiyi görüşdə dediyi kimi: “Biz beş il ərzində şəhərlər, kəndlər, körpülər, tunellər, su anbarları, elektrik stansiyaları qurmuşuq. Yəni burada – Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur. Bütün bunlar – Şuşanın bərpası, Qarabağın dirçəlişi – bunu ürəkdən gələn səslə deyirəm – şəhidlərimizin xatirəsinə ucaldılmış ən yaxşı abidə olacaq.
Abidələrdən söz düşmüşkən, düşünürəm ki, Azərbaycana rəhbərlik etdiyi dövrdə Şuşanın sosial-iqtisadi inkişafında, eləcə də sonrakı illərdə Qarabağ münaqişəsinin həll edilməsində böyük xidmətləri olan Ümummilli liderimiz Heydər Əliyevin Şuşada abidəsinin ucaldılmasının vaxtı çatıb. Heydər Əliyevin 2003-cü ildə vəfatından sonra onun bu istiqamətlərdə apardığı siyasəti layiqli varisi İlham Əliyev uğurla davam etdirdi və bu siyasətin kulminasiya nöqtəsi Qarabağın işğalçılardan tamamilə azad edilməsi oldu.
Bu gün qürur hissi ilə demək lazımdır ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dayanıqlı sosial və iqtisadi inkişafın təmin edilməsi, irimiqyaslı bərpa-quruculuq layihələrinin həyata keçirilməsi, aparılması Prezident İlham Əliyevin əsas hədəflərindən birinə çevrilib. Deyilənləri təsdiq edən əsas amillərdən biri ondan ibarətdir ki, son 5 ildə dövlət başçısı demək olar, hər ay işğaldan azad olunmuş ərazilərə səfərlər edir, görülən işlərin gedişi ilə yerindəcə tanış olur, yeni sənaye və kənd təsərrüfatı müəssisələrin, sosial infrastruktur obyektlərinin açılışını reallaşdırır, məskunlaşan sakinlərlə görüşür, onlara yeni evlərin və mənzillərin açarlarını təqdim edir. Hər bir belə görüş və söhbət göstərir ki, dövlət başçısı insanların nə düşündüklərini, hansı əhvali-ruhiyyədə olduqlarını, onları narahat edən məsələləri bilavasitə özü eşitmək, onların vəziyyətini daxilən yaşamaq istəyir.
Burada onu da qeyd etmək yerinə düşər ki, Türkiyə, Pakistan, İran, Birləşmiş Ərəb Əmirlikləri, Macarıstan, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və digər dövlətlərin rəhbərləri dövlət səfərləri çərçivəsində Prezidentimizlə birlikdə Şuşaya və digər dirçəldilən ərazilərimizə səfərlər etmiş, işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı, yeni infrastruktur obyektlərinin tikintisi ilə bağlı görülən işlər və gələcək planlarla tanış olmuşlar. Bir sözlə, bütün Qarabağ bölgəsinin necə canlandırıldığının şahidi olmuşlar.
Bu yazını Prezident İlham Əliyevin 2021-ci il martın 16-da səsləndirdiyi fikirlərlə yekunlaşdırmaq istəyirəm: “Bir daha Azərbaycan xalqına öz sözümü deyim. Deyim ki, biz xoşbəxt xalqıq, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Xoşbəxt xalqıq ki, özümüzü müstəqil dövlət kimi təsdiq etmişik. Bir daha deyim ki, Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”
Rövşən AĞAYEV,
Azərbaycan Yazıçılar Birliyinin üzvü


