Icma.az
close
up
RU
Şuşanın təhsil ənənəsi dirçəldilir

Şuşanın təhsil ənənəsi dirçəldilir

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın maarifçilik tarixində Şuşanın ədəbi, mədəni və təhsil mühiti əvəzsiz rol oynayıb. Bu şəhər ictimai fikir tariximizin inkişafına mühüm töhfələr verib, Azərbaycana və dünyaya görkəmli şəxsiyyətlər bəxş edib.

Şuşanın yüksək iqtisadi inkişafı və şəhər ziyalılarının dünyəvi təhsil verən məktəb açmaq səyi mədəniyyət paytaxtımıza bu sahədə də birincilik qazandırmışdı. Qafqazda ilk qəza məktəbinin təntənəli açılışının 1830-cu il dekabr ayının 30-da Şuşada reallaşması da bunun bariz ifadəsi idi. Bununla da Azərbaycanda ilk dövlət məktəb sisteminin əsası qoyulmuşdu.

Xatırladaq ki, çar Rusiyası hökuməti Qafqazda dövlət məktəblərini açmazdan əvvəl xüsusi nizamnamə hazırlayaraq 1829-cu il avqust ayının 2-də təsdiq etmişdi. Nizamnamədə belə təhsil ocağının təsis olunması nəzərdə tutulan ilk şəhər Şuşa idi. Bu qəza məktəbinin birinci sinfinə ilk il 19 şagird qəbul olunmuşdu. Lakin ildən-ilə şagirdlərin sayı artaraq 1833-cü ildə 27-yə, 1834-cü ildə isə 44 nəfərə çatmış və ikinci sinif də açılmışdı.

Azərbaycanda ilk olaraq yaradılan Şuşa qəza məktəbi fəaliyyət göstərdiyi illərdə təlim-təhsil keyfiyyətinə görə birinci yerdə qərarlaşmışdı. 1835-ci il mayın 12-də isə Zaqafqaziya (Cənubi Qafqaz) məktəblərinin ikinci nizamnaməsi təsdiq edilmişdi. Bu nizamnamədə isə Azərbaycan üzrə 4 qəza məktəbini, o cümlədən Şuşa məktəbini təkmilləşdirmək nəzərdə tutulmuşdu.

Yeni nizamnamə ilə fəaliyyət göstərməyə başlayan təhsil ocağının II və III siniflərində rus dilinin qrammatikası, coğrafiya, tarix, hesab, Azərbaycan dili, xəttatlıq, rəsm fənləri tədris edilirdi. Azərbaycan dili rus bölməsi üçün məcburi fənn kimi həftədə 6 saat keçirilirdi. 5 müəllim və 127 şagirdlə fəaliyyətə başlayan Şuşa qəza məktəbi əvvəlcə 3 sinifli, 1878-ci ildən isə 4 sinifli şəhər məktəbinə çevrildi.

1848-ci il dekabr ayının 18-də Zaqafqaziya məktəbləri üçün yeni nizamnamə qəbul edildi. Qəza tədris müəssisələrinin, o cümlədən Şuşa qəza məktəbinin qarşısına yeni vəzifələr qoyulurdu. Belə ki, əvvəlki fənlərdən əlavə dəftərxana qaydalarına aid qısa məlumat da tədris planına daxil edilmişdi. Azərbaycan dilinin öyrənilməsinə daha geniş yer verilirdi.

Şuşa qəza məktəbində tədris-təlim işi digər məktəblərə nisbətən yüksək səviyyəyə yüksəlmişdi. Şagirdlərin sayına görə bu təhsil ocağı Cənubi Qafqazda birinci yerdə idi. 1865-ci ildə tədris müəssisəsində 240 şagird təhsil alırdı. 1868-ci ildən tədris planına latın və Avropa dilləri daxil edilmişdi. Şuşa qəza məktəbində fransız dilinin də tədrisinə başlanılmışdı.

Maarifçiliyin sürətli inkişafı nəticəsində Şuşada dünyəvi təhsil sisteminə keçid gücləndi. Azərbaycanda ilk ümumtəhsil ocağı olan Şuşa qəza məktəbi 1874-cü ildə Qafqazda şəhər məktəblərinin ilk qaranquşu oldu. Yeni məktəb daha yüksək tipli idi. Çünki pedaqoji heyətin əksəriyyəti Tiflis Aleksandriyski Müəllimlər İnstitutunu bitirənlərdən ibarət idi.

Şuşada şəhər məktəbi şagird çoxluğuna görə yenə də seçilirdi. 1876-cı ildə burada təkcə I sinifdə 70, 1877-ci ildə isə 160 nəfər şagird var idi. Məktəb proqramına şəriət, Azərbaycan, rus və fransız dilləri, hesab, təcrübi həndəsə, coğrafiya, tarix, fizika, rəsmxət, nəğmə və gimnastika fənləri daxil idi. 1880-ci ildə məktəbin nəzdində xüsusi musiqi sinfi açılmışdı.

Şagirdlərin çoxluğuna görə Şuşa şəhər məktəbi çar Rusiyası ərazisində ilk yerlərdən birini tuturdu. Məktəbdə ilk vaxtlarda 375 uşaq oxuyurdu. Şuşa şəhər məktəbinin ilk buraxılışından bir neçə nəfər 1879-cu ildə Qori Müəllimlər Seminariyasına daxil olmuşdu. Onların sırasında tanınmış pedaqoq, Azərbaycanın elmi-pedaqoji, ictimai fikri tarixində xüsusi xidmətləri olan görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərli və tanınmış maarif xadimi Səfərəli bəy Vəlibəyov da var idi. XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nəcəf bəy Vəzirov və bir çox məşhur simalar da ilk təhsillərini Şuşa (qəza) şəhər məktəbində almışdılar.

Azərbaycanda bunun ardınca 1881-ci il sentyabrın 20-də Şuşada 6 sinifdən ibarət olan Real məktəbin əsası qoyulmuşdur. Təhsil ocağında riyaziyyat və fizika kursları, təbiətşünaslıq, rəsm və rəsmxət, şəriət və digər fənlər tədris edilmiş, lakin alman və fransız dillərinə ayrılan saatların miqdarı daha çox olmuşdur. Şuşa Real məktəbinin geniş və zəngin kitabxanası ilə yanaşı, fənn kabinələri, xüsusilə fizika kabinəsi öz mükəmməlliyi ilə diqqəti cəlb etmişdir.

Məktəb Qafqaz orta təhsil müəssisələri sırasında nümunəvi tədris ocaqlarından hesab olunmuşdur. Burada Azərbaycan dilini görkəmli pedaqoq, publisist, tərcüməçi, jurnalist, yazıçı Haşım bəy Vəzirov, fransız dilini publisist, pedaqoq, yazıçı, hüquqşünas, şərqşünas, türkoloq, islamşünas alim Əhməd bəy Ağaoğlu, elmi-ilahiyyat dərslərini isə həkim, həmçinin şair Mirzə Sadıq Lətifov tədris etmişdir. Bununla yanaşı, Qori Müəllimlər Seminariyasının məzunu olan Yusif bəy Məlikhaqnəzərov, maarifçi, pedaqoq, şair, xeyriyyəçi, Fransada və Rusiyada təhsil almış Mirzə Salah bəy Zöhrabbəyov da Real məktəbdə dərs demişlər. Qarabağlı gənclərin bir hissəsi Şuşa Real Məktəbində təhsil almış, sonradan Rusiyanın və Avropanın ali məktəblərinə daxil olmuş, sonra isə təhsil, elm və mədəniyyət, sənaye və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərmişlər.

Qeyd edək ki, 1921-1922-ci tədris ilində Şuşada pedaqoji məktəb, 1923-1924-cü tədris ilində isə musiqi məktəbi fəaliyyətə başlamışdı. 1922-1923-cü illərdə Şuşa ərazisində 580 şagirdi, 25 müəllimi özündə birləşdirən 8 məktəb fəaliyyət göstərirdi. 1927-1928-ci tədris ilində Şuşa ərazisində məktəblərin sayı 11-ə çatmışdı. Azərbaycanda ilk ümumtəhsil ocağı olan Şuşa qəza məktəbi 1933-cü ildə yeddiillik məktəbə, 1937-1938-ci dərs ilindən isə 1 nömrəli şəhər orta məktəbinə çevrilmişdi.

1939-1940-cı tədris ilində 110 yaşlı məktəbin orta təhsilli ilk buraxılışı oldu. 1966-cı ildə 1 nömrəli məktəbin əsasında yeni bir təhsil ocağı – 4 nömrəli orta məktəb yaradıldı. Şuşa şəhər 1 nömrəli orta məktəbi isə yeni binaya köçürüldü və burada dahi bəstəkar Üzeyir Hacıbəylinin adını daşıyaraq fəaliyyətini uğurla davam etdirdi.

Xatırladaq ki, görkəmli dövlət xadimi Heydər Əliyev hələ 1982-ci ilin yanvarında Şuşa şəhər 1 nömrəli orta məktəbin 150 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan KP MK Bürosunun qərarını imzalamış və bu qərar əsasında məktəbin yubileyi təntənəli şəkildə keçirilmişdi.

Şuşa şəhər 1 saylı orta məktəb yarandığı vaxtdan 1992-ci il mayın 8-nə kimi öz fəaliyyətini fasiləsiz olaraq davam etdirmişdir. Təhsil müəssisəsi hər cür avadanlıqla təmin olunmuş 24 fənn kabineti və laboratoriyası, linqafon, maşınşünaslıq, gənclərin çağırışaqədərki hazırlıq kabinetləri, zəngin kitabxana, geniş idman və akt zalları, yeməkxana və s. fəaliyyət göstərirdi.

Şuşa şəhəri 1 saylı orta məktəbi də işğal dövründə didərgin düşmüş, 1992-ci ildən etibarən Yasamal rayonundakı 38 nömrəli orta məktəbin binasında fəaliyyət göstərmişdir. 1996-cı il mayın 6-da ulu öndər Heydər Əliyev Şuşa ziyalıları ilə bu təhsil ocağında görüşündə rayonun tarixi, mədəniyyət abidələri, baş verən hadisələr ətrafında geniş söhbət edərkən dahi şəxsiyyətin dediyi bir fikri yada salmaq istərdik: “Şuşanın öz məktəbləri var. Qoy olsun, öz məktəbi olsun. Öz məktəbi olanda, o, Şuşa haqqında daha çox düşünəcək”. Ulu öndərin təhsillə bağlı etdiyi tövsiyələr də həm Şuşanın məktəbləri üçün, həm də bütün məcburi köçkün təhsil müəssisələri üçün yol xəritəsi oldu.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2010-cu il dekabrın 7-də Azərbaycanda ilk qəza məktəbinin – Üzeyir Hacıbəyli adına Şuşa şəhər 1 nömrəli orta məktəbinin 180 illik yubileyi dövlət səviyyəsində təntənəli surətdə qeyd edildi. 2020-ci il noyabrın 8-də isə Şuşa şəhərinin işğalçılardan azad edilməsindən 6 ay sonra dövlətimizin başçısı 2021-ci il mayın 8-də Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə müvafiq Sərəncam imzaladı və 4 gün sonra ölkə rəhbəri İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, qızları Leyla və Arzu Əliyevaların iştirakı ilə həmin tədris müəssisəsinin təməli qoyuldu. Yeni 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin Ehtiyat Fondundan Elm və Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrıldı. Bundan 2 il sonra, 2023-cü il noyabrın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışı oldu.

Ötən müddətdə məktəb mühüm uğurları ilə diqqət çəkib. Belə ki, 2025-ci il 17-20 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində STEAM Azərbaycan layihəsinin təşkilatçılığı ilə keçirilən SAF 2025 Beynəlxalq STEAM Festivalında Şuşa şəhər 1 nömrəli tam orta məktəb üzrə Next Gen Greators və Engineers of Future nominasiyası üzrə 2 komanda iştirak edib. Onlardan biri Engineers of Future nominasiyası üzrə Vincigo komandası 1-ci yeri tutub və qızıl medalla təltif olunub. Digər Buildit komandası isə “Ən yaxşı təqdimat” üzrə mükafat qazanıb.

Sonda tarixi bir hadisəni də xatırlatmağı zəruri bilirik. 2025-ci il yanvarın 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşanın düşmən tapdağından alınmasından sonra ilk dəfə bu şəhərə səfər etmələrinin 5 ili tamam oldu. Bəlkə də bu da bir xoş təsadüf idi ki, düz 43 il əvvəl bu tarixdə – 1982-ci il yanvarın 14-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan məqbərənin də açılışı reallaşmışdı.

Xüsusi qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev Şuşa şəhərində bütün quruculuq işlərində yaxından iştirak edir. O da bəllidir ki, Şuşanın, eləcə də bütün şəhər və kəndlərin layihələrində, baş planların hazırlanmasında dövlət başçısının təklifləri və göstərişləri nəzərə alınır. Şuşa, Ağdam, Zəngilan, Laçın, Füzuli, Xocalı və digər şəhər və kəndlərimizdə istifadəyə verilən sosial xidmət və digər obyektlərin tikintisi Azərbaycan liderinin müəllifliyi və göstərişləri nəticəsində həyata keçirilir.

Hazırda qarşıda duran ən mühüm vəzifələrdən biri işğaldan azad olunan ərazilərdə təhsil ocaqlarının tikintisidir. Azərbaycan dövlətinin Qarabağda və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının qurulmasına xüsusi diqqət yetirilir. Şuşadakı 1 saylı orta məktəb də bunun daha bir əyani təsdiqidir.

Elçin ƏHMƏDOV,
Dövlət İdarəçilik Akademiyasının professoru, “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri,

Rövşən AĞAYEV,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Yanvar 2026 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see841

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see556

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see318

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see301

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see287

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see284

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see282

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see272

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see236

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see210

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see196

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see182

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see175

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri