Suveren və müstəqil Azərbaycanın qalib gəncliyinin yoluna Ulu Öndər Heydər Əliyev dühasının işığı düşür
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 9 may, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini öyrənmək və öyrətmək vacibdir. Çünki Heydər Əliyevin dövlətçilik konsepsiyası, onun fikirləri, zəngin fəaliyyət yolu olduqca qiymətlidir. Bu istiqamətdə təhsil işçilərinin məsuliyyəti daha çoxdur. Təhsil sahəsində çalışan hər bir kadr gənc nəsillər üçün nümunə olan Heydər Əliyev şəxsiyyətini, onun siyasi irsini dərindən araşdırmalıdır. Çünki Heydər Əliyevin təhsil, mədəniyyət, incəsənət, iqtisadiyyat, ədəbiyyat və bu kimi digər sahələrdə gördüyü işlər gənclərimiz üçün mayak olub və olacaqdır. Gənclər yaxşı anlayır ki, müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Onu qorumaq isə hər bir azərbaycanlının borcudur. Buna görə də Heydər Əliyev və onun əməlləri daim yaşayacaqdır.
AZƏRTAC ADPU-nun Quba filialının sosial və humanitar məsələlər üzrə direktor müavini, Qabaqcıl təhsil işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayevanın Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar qələmə aldığı məqaləni təqdim edir.
Gənc nəslin təlim-tərbiyəsində Heydər Əliyevin dövlətçilik konsepsiyası, onun fikirləri, zəngin fəaliyyət yolu olduqca qiymətli xəzinədir
Ulu Öndər Heydər Əliyev irsini gənclərimizə öyrətmək, dahi şəxsiyyətin fəaliyyət yolunu aşılamaq hər bir azərbaycanlı üçün qürurdur. Tariximizdə xüsusi rolu olan Ümummilli Lider Heydər Əliyev Azərbaycan cəmiyyətinin gələcək inkişafı üçün insan tərbiyəsinin hər zaman öndə olduğunu qeyd edirdi. Təsadüfi deyil ki, bu gün gənc nəslin təlim-tərbiyəsində Heydər Əliyevin dövlətçilik konsepsiyası, onun fikirləri, zəngin fəaliyyət yolu olduqca qiymətli xəzinədir. Əminliklə qeyd etmək olar ki, bu irs gənclər tərəfindən sevərək öyrənilir. Çünki Ulu Öndər Heydər Əliyev xalqımız, xüsusən gənc nəsil üçün zəngin azərbaycançılıq, dövlətçilik irsi miras qoymuşdur. Biz təhsilverənlərin əsas missiyası isə bu zəngin mirasdan layiqincə bəhrələnməyi bacarmaqdır. Bu gün təhsil ocaqlarında keçirilən bütün tədbirlərə, uğurlu işlərə Heydər Əliyev dühasının işığı düşür. Çünki Heydər Əliyevin həyat və fəaliyyətinin xronoloji ardıcıllığını izləsək, ölkəmizin bu günü, gələcəyi və tarixi haqqında fikir sahibi olmaq mümkündür. Sevinclə qeyd edə bilərik ki, bu gün gənclər özləri müstəqil söz sahibi olduqları bütün əməli fəaliyyətlərinin icrasına Ümummilli Liderin abidəsini ziyarət etməklə başlayırlar. Sanki bu müstəqil və gündən-günə çiçəklənən ölkəni onlara miras qoyub-getmiş dahi şəxsiyyətdən halallıq istəyir, onun əbədi nurundan bəhrələnməyə çalışırlar.
Xaricdə təhsil alan azərbaycanlı tələbə: “Bizlərə miras qoyduğunuz hər bir dəyər gələcəyimizin təməl daşlarıdır”
Gənc nəslin dahi şəxsiyyətə olan qürur dolu sevgisi olduqca yüksəkdir. “Haydar Alıyev ve Azerbaycanda yeni devlet kuruculuğu (1993-2003)” adlı kitabda xaricdə təhsil alan azərbaycanlı tələbə Ümummilli Lider haqqında yazdığı məqalədə belə vurğulayır: Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin Azərbaycan üçün qüvvə sərf edərkən yaşadığı coşğu və həyəcanı yazıma tam olaraq yansıtmağı bacarmadığım üçün çox üzgünəm”. Bu sözlər əslində Heydər Əliyevin bütün azərbaycanlıların qürur mənbəyi olduğuna sübutdur. Başqa bir tələbə isə yazır: “Heydər Əliyevin Azərbaycanın yüz birinci şansı olaraq adlandırılması təsadüfi deyildir. Bu ada yalnız bütün ümidlərin boşa çıxdığı zamanlarda belə gedişatı dəyişdirəcək, xalqını, millətini aydın sabahlara apara biləcək böyük insanlar şərəflə layiq görülürdü: Ulu öndər Heydər Əliyev kimi. Ulu Öndər möhtəşəm bir işə başlamışdı. Onun müəllifi olduğu davamlı inkişaf konsepsiyası üç böyük başlıq altında sərgilənirdi. Bunlar güclü dövlət, güclü iqtisadiyyat və azad cəmiyyət idi. Nəticələr isə inanılmaz dərəcədə böyük və möhtəşəm idi”. Daha bir gənc yazır: “Yolunuz yolumuz, duruşunuz duruşumuzdur! Gələcəyə ümidlə baxışınız gələcəyimizin ümididir. Rahat uyu, Ulu Öndər. Xaricdə təhsil alan bir gənc olaraq bunun çox yaxşı fərqindəyəm ki, bizlərə miras qoyduğunuz hər bir dəyər gələcəyimizin təməl daşlarıdır. O daşlar üzərində gələcəyimizin binasını inşa etmək biz gənclərin Vətən qarşısında görəvimizdir. Qürur duyuram ki, mən də azərbaycanlıyam! Bunu da vurğulamaq istəyirəm ki, anlayış və mərhəmətiniz, lider kimi dik duruşunuz, həyatınızı Vətənin gələcəyinə həsr etməyiniz mən və mənim kimi neçə azərbaycanlı gəncin gələcəyinə səslənişdir. Bundan əmin ola bilərsiniz, Ulu Öndər. Səsiniz səsimizin güvəncəsi, müdrik sözləriniuz görüşümüzün mayakıdır, dik duruşunuz duruşumuzun təməli oldu və olmağa da davam edəcəkdir”. Öz tarixinə, tarixi şəxsiyyətlərinə, dahilərinə bu dərəcədə yüksək dəyər verməyi bacaran gənclik qarşısında bizlərin məsuliyyəti böyükdür.
Müstəqil Azərbaycanın tarixində elə bir sahə yoxdur ki, orada dahi şəxsiyyətin imzası olmasın
Heydər Əliyevin istər siyasi fəaliyyətinin, istərsə də gələcəyə yönəlmiş addımlarının heç biri təsadüfi deyildi, əksinə, düşünülmüş və çoxtərəfli idi. Müstəqil Azərbaycanın tarixində elə bir sahə yoxdur ki, orada dahi şəxsiyyətin imzası olmasın. Ölkəni günəşli günlərə aparacaq, xaosdan və məhv olmaqdan qurtaracaq, dünyada tanıdacaq bir imzaya sahib olmaq elə ancaq Heydər Əliyev kimi şəxsiyyətlərə nəsib ola bilərdi. Ən çətin anlarda, ən çətin dövrlərdə Heydər Əliyev kimi ləyaqətli liderlər cəsarətlə və dəyanətlə ağırlığı öz çiyninə götürür və xalqının xilaskarına çevrilir. Milli dövlətçilik tariximizdə belə siyasi liderlərdən və tarixi şəxsiyyətlərdən birincisi olmaq məhz Heydər Əliyevin qismətinə düşmüşdür. Müstəqil Azərbaycan dövlətini reallığa çevirmiş, onu qurub yaratmış və inkişaf yoluna qoymuşdur. Bir təhsil işçisi olaraq, bu gün Ulu Öndərin imzası altında günümüzə qədər gəlib çatmış uğurlar haqqında danışmaq, bu uğurları gənc nəslə ötürmək üçün düşünürəm ki, mütləq araşdırma aparmağa borcluyuq. Bu dühanı öyrənməyə və öyrətməyə bir ömür yetməz.
Heydər Əliyevin ana dilini ürəkdən sevməsi, onu incəliklərinə qədər dərindən bilməsi gənclər üçün ən böyük nümunədir
XXI əsrin başlanğıcında Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olaraq “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” imzaladığı Fərman orta və ali məktəblərdə Azərbaycan dilinin tədrisi və Azərbaycan dilində təhsilin keyfiyyəti ilə bağlı əsaslı dönüş yaratmaq istiqamətində aparılan işlərə, o cümlədən elmi-metodik araşdırmalara böyük təkan verdi. Həmçinin Ulu Öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” Fərmanı bu sahədə son dövrlərdə aparılan bütün işlər üçün hüquqi zəmin yaratdı. Ona görə də müstəqillik dövründə dilimizin potensial imkanlarından daha səmərəli istifadə edilməsi məqsədi ilə ümumtəhsil məktəblərində onun tədrisi keyfiyyətinin yaxşılaşdırılması xüsusi əhəmiyyət daşıyır. Heydər Əliyevin Azərbaycan varlığının ensiklopediyası hesab edilən Dədə Qorqudun 1300 illik, Füzuilinin 500 illik yubileylərinin beynəlxalq müstəvidə təntənəli şəkildə qeyd edilməsi istiqamətindəki fəaliyyəti, gənc kadrların xaricə təhsil almağa göndərilməsi, təhsilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə dövlət qayğısı bunun bariz sübutu idi.
Heydər Əliyevlə bağlı hazırlanmış süjetlərin birindəki qısa fraqment düşünürəm ki, çoxunun xatirindədir. Ulu Öndər ona çay gətirən oğlanın “Kəkotu çayıdır” sözünə düzəliş edərək, “Kəkotu yox, kəklikotu, bu isə dişləmə qənddir” deməsi Heydər Əliyevin necə dahi olduğunu, dilini təkcə sevdiyini deyil, həm də çox dərindən və incəliklərinə qədər bildiyini göstərir, bu isə gənclər üçün ən böyük nümunədir. “Azərbaycanlı kimi dünyaya gəldiyimə, Azərbaycan dilində danışdığıma, Azərbaycan kimi Vətənim olduğuna, Azərbaycanı təmsil etdiyimə görə özümü həmişə xoşbəxt saymışam” deyən Ulu Öndərin irsini öyrənmək hər bir azərbaycanlı üçün böyük qürurdur.
Suveren və müstəqil Azərbaycanın qalib gəncliyi, sözün həqiqi mənasında, fəxr edir ki, onların yoluna Ulu Öndər Heydər Əliyev dühasının işığı düşür. Sevinərək qeyd edə bilərik ki, görülən işlər nəticəsiz qalmır, artıq Azərbaycan gəncliyi bir çox sahələrdə qalibdir, deməli gələcəyimiz - Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası əmin əllərdədir!


