Icma.az
close
up
RU
Tacik mətbuatının Zərdabisi

Tacik mətbuatının Zərdabisi

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Dost ölkədə ilk qəzeti qarabağlı Mirzə Cəlal Yusifzadə nəşr edib

İctimai-siyasi hadisələrin tez-tez düyünə düşdüyü zamanlarda Şuşada işıqlı bir nəsil yaşayıb–Yusifzadələr... Qarabağda tanınan nəsillərdən olub.

Yusifzadələr Şuşada və Qarabağda ruhanilər, alimlər, şairlər nəsli hesab olunub. Bu nəslin ayrı-ayrı nümayəndələri xalqımızın çətin günlərində düşmənlərə qarşı mübarizə aparıb, istiqlal hərəkatında iştirak ediblər.

Yusifzadələr nəslindən tanıdığımız şəxsiyyətlərdən biri Mirzə ağa Yusif idi ki, o, İbrahim xanın sarayında xidmət edən alim və şair kimi tanınıb, Qarabağda və Şuşada sözü keçən kişilərdən olub.

Mirzə ağa Yusifin iki oğlu da sayılıb-seçilənlərdən olub. Oğlanlardan birinin–Mirzə Əliqulunun Mirzə Ələkbər və Mirzə Abbas adlı övladları da Qarabağda şair və alim kimi tanınıblar. Bu haqda professor Nazif Qəhrəmanlı Yusifzadələr haqqında yazdığı kitab və məqalələrdə geniş məlumat verir.

Bizim söhbətimiz isə bu nəsilin işığlı simalarından olan Mirzə Ələkbərin xətti ilə gələn Yusifzadələrdən olacaq. Nədən ki, Mirzə Ələkbərin oğlu Mirzə Cəlal Yusifzadə və Mirzə Cəlalın oğlu Əli Yusifin həyatının bir hissəsi Türküstanla bağlı olub.

***

ABŞ yazıçısı Marlo Morqan yazıb ki, qan və sümük bütün insanlarda var, əsas olan ürək və niyyətdir. Mirzə Cəlalın da ürəyi Vətənin çiçəklənməsi üçün döyünürdü. Niyyəti isə irəli getmək, Vətən övladlarını maarifləndirmək idi.

Mirzə Cəlal Yusifzadə 1862-ci ildə Şuşada Mirzə Ələkbərin ailəsində dünyaya gəlib. İlk təhsilini fars və tacik dillərinin mahir bilicisi atası Mirzə Ələkbərdən alıb. Buxaraya gəlməzdən əvvəl Mirzə Cəlal Bakıda çap edilən “Molla Nəsrəddin” jurnalının fars bölməsinin rəhbəri olub. O, eyni zamanda, Bakıda Mirzə Heydərovla birlikdə iki qəzet də buraxıb, ancaq bunların ömrü az olub.

Mirzə Ələkbər dünyəvi elmlərdən xəbərdar idi. Övladlarını da bu ruhda böyüdürdü, dünyəvi bilikləri öyrənmək və yaymaq... Çünki bu, gələcək həyat yollarında onların əllərindən tutacaqdı.

Mirzə Cəlal iki dəfə evlənib, birinci həyat yoldaşı Leyla xanım gənc yaşlarında vəfat edib, üç uşağı qalıb. Əli Yusifzadə (1898–1937) və iki qızı : Səhba (1896–1923) və Şəhla (1900–1959).

Sonra Mirzə Cəlal əmisi qızı Ziba xanımla evlənib, uşaqları Ziba xanım böyüdüb. Ziba xanım 1940-cı ildə dünyasını dəyişib və Mirzə Cəlalın yanında torpağa tapşırılıb.

Mirzə Ələkbərin digər oğlu Alim Yusifzadə də ali məktəbdə psixologiya kafedrasının müəllimi olub, atasının əsərlərini toplayıb.

***

Mirzə Cəlal Yusifzadə Zaqafqaziya seyminin işində (1918) Müsavat və demokratik bitərəflər qrupunda təmsil olunub. Həmin siyahıda 28-ci şəxs olub, Azərbaycan Cümhuriyyəti Milli Şurasının və Difai Partiyasının üzvü idi.

Nazif Qəhrəmanlı yazır:”1920-ci ilin payızında N.Nərimanov Şuşaya gələrkən Mirzə Cəlalla görüşmüş, onunla söhbət etmişdi”. Alim Yusifzadə öz xatirəsində yazır: “Güman etmək olar ki, Nəriman Nərimanovla aparılmış söhbətdə xalqın savadlanması və maarif məsələlərinin həlli mühüm yer tutmuşdur. Təsadüfi deyildir ki, həmin görüşdən sonra Mirzə Cəlal Qarabulaq (Qaryagin, indi Füzuli şəhəri) qəsəbəsinə, müəllim hazırlığı kurslarında işləməyə dəvət edilmişdir”.

1879-cu ildə atası Mirzə Cəlal Yusifzadəni İraqa və İrana mədrəsə təhsili almağa göndərir. Yeddi il mədrəsə təhsili alıb Vətənə qayıdan Mirzə Cəlal müəllimlik edir, məktəblərdə ana dili, hesab, fars dili fənlərindən dərs deyir.

Müəllim işlədiyi dövrdə uşaqlar üçün mənzum hekayələr qələmə alır, “Fərhad və Şirin” poemasını, sonra isə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının təsiri ilə “Fərhad və Şirin” operasının librettosunu yazır.

Jurnalist Fazil Rəhmanzadə “Adın yadigar qalsın” (1986) kitabında yazır ki, 1910-1911-ci illərdə Bakıda çap edilən “Kaspi”,”Baku”,”Günəş” qəzetlərində belə bir operanın yazılması və tamaşaya hazırlanması ilə bağlı xəbərlər yayılıb.

Mirzə Cəlal Yusifzadə o zamanlar Bakıda çap edilən "Həyat", "İrşad", "Tazə həyat", "İttifaq", "Hilal", "Asari-həqiqət", "Sədayi-həqq" və digər qəzetlərə "C. C. Y.", "Cəlal Qarabaği", "Cəlal Yusifi", "Mirzə Cəlal Yusifzadə" və digər imzalarla məqalələr yazıb.

“Fərhad və Şirin” operasının librettosunu Mirzə Cəlal Yusifzadə böyük Azərbaycan şairi Nizami Gəncəvinin "Xosrov və Şirin" poeması əsasında yazıb və tamaşa ilk dəfə 1911-ci il martın 6-da Bakıdakı Nikitin qardaşlarının teatrında göstərilib. 1913-cü ildə isə əsər Şuşada tamaşaya qoyulub. Operanın ilk tamaşasında Fərhadın partiyasını Cabbar Qaryağdıoğlu ifa edib.

***

Məlumddur ki, “Molla Nəsrəddin” jurnalını Türküstanda da oxuyurdular. Qəzet çıxmazdan əvvəl bəzi dövri nəşrlər, o cümlədən “Molla Nəsrəddin” jurnalı Buxarada mədrəsə tələbələri arasında gizli şəkildə yayılıb.

Mirzə Cəlal Yusifzadə 1912-ci ildə bir dostu tərəfindən tacik dilində qəzet çıxarmaq üçün Buxaraya dəvət olunur. İlk tacik milli qəzeti olan “Buxarai Şarif”in birinci nömrəsi 1912-ci il martın 11-də bazar günü işıq üzü görüb. Qəzet ərəb qrafikası ilə böyük formatda Buxaradakı Koqon mətbəəsində dörd səhifədə çap olunub. Qəzetin əsas sponsoru Buxara yəhudisi K.L. Levin olub. Qəzet yeni fəaliyyətə başlayanda həftədə altı gün, bağlanmazdan əvvəl isə həftədə üç gün çıxıb. Redaktorun gərgin işi nəticəsində qəzet qısa müddət ərzində populyarlıq qazanıb. Qəzet İran, İraq, Azərbaycan, Əfqanıstan, Türkiyə, Çin və digər ölkələrin həyatı ilə bağlı informasiyalar verib.

Mirzə Cəlal qəzetin ikinci nömrəsində oxuculara müraciətlə yazırdı:”Allahın adı ilə, bu gündən biz “Buxarai Şarif” qəzetində öz məqsədlərimizi yerinə yetirməyə başlayırıq. Qəzetdə müxtəlif məsələlər işıqlandırılacaq, həm ölkədə, həm də dünyada baş verən hadisələr haqqında məlumat veriləcək. Müqəddəs Buxaranın əhalisi inkişafa doğru irəliləməli, savadsızlığa son qoymalı, dünyada baş verənlərdən xəbərdar olmalıdır”.

Üçüncü nömrədən etibarən qəzetdə “Yerli xəbərlər”, “Türküstandan xəbərlər”, “Xaricdən xəbərlər”, “Buxaradan məktub”, “Nömrəyə məktub” rubrikalarında materiallar çap edilb. “Buxaradan məktublar” və ya “Nömrəyə məktublar” rubrikasında oxucuların müraciətləri də çap olunub. Oxucular bu məktublarda qəzetdəki yazılar, ayrı-ayrı əməkdaşlar haqqında fikirlərini bildiriblər. Bütün məktublara redaktor özü cavab verib.

M.C.Yusifzadə belə hesab edirdi ki, qəzetin əsas vəzifəsi “xalqın maariflənməsidir”. O yazırdı ki, bizim elmə ehtiyacımız var, elmdən başlamaq lazımdır. Onun məqalələrinin, demək olar ki, hamısında belə bir fikir irəli sürülürdü: Buxara əmirliyində cəmiyyətin əsas istiqaməti təhsil sahəsində islahatlar aparmaqdır. “Tartib lozim ast” (“Qayda- qanun lazımdır”) məqaləsində Yusifzadə təhsilin təkmilləşdirilməsi ilə bağlı dəqiq plan irəli sürür, təklif edirdi ki, Buxara əmirliyindəki mədrəsə və məktəblərdə geniş inkişaf etmiş tədris metodundan istifadə olunmalıdır.

O dövrdə elm və təhsil problemləri təkcə Mirzə Cəlalın yox, bütün Buxara cədidlərinin fəaliyyətinin əsasını təşkil edirdi. Mirzə Cəlal və onun əsas köməkçisi olan Mirzə Sirac Buxara əmirliyinin dünyanın inkişaf etmiş ölkələrindən biri olacağına və insanların elmə, mədəniyyətə, təhsilə üz tutacağına inanırdılar. Nəşrdə Buxara əmiri Əmir Əlimxanın fəaliyyəti ilə bağlı yazılar da dərc olunub.

“Buxarai Şarif” qəzetində Mirzə Cəlalın şeirləri də verilib. Bu şeirlərdə xalqın arzu və istəkləri, dövrün problemləri öz əksini tapıb. O, Buxarada yaşayan şair və mütəfəkkirlərə ənənəvi məhəbbət şeirlərindən uzaqlaşıb bütün diqqəti elmə və təhsilə yönəltməyi, müasir cəmiyyətlə ayaqlaşmağı tövsiyə edib. O hesab edib ki, şair xalqın ağrı-acısını duymalı, bu problemlərə biganə qalmamalı, baş verən hadisələri diqqətlə izləməlidir. Mirzə Cəlalın fikrincə təkcə cəmiyyət yox, bütün tacik poeziyası böhran keçirir.

Qəzetin ikinci nömrəsində Mirzə Cəlal maarifin inkişafı ilə bağlı öz proqramını da dərc edib və bununla əlaqədar ideyalarını açıqlayıb.

Yeni ideya daşıyıcıları olan cədidlər qəzetə təbliğat və təşviqat vasitəsi kimi böyük ümid bəsləyirdilər.

“Buxarai Şarif” qəzetinin səhifələrində Mirzə Cəlalın 200-dən çox müxtəlif mövzuda materialı çap olunub, redaktorun 31 şeiri də verilib.

***

“Buxarai Şarif”in əlavəsi kimi çap olunan “Turan” qəzetinin cəmi 153 nömrəsi buraxılıb və 1913-cü il yanvarın 2-də bağlanıb. Qəzet əvvəlcə həftədə iki, sonra isə üç dəfə nəşr olunub, ümumilikdə 49 nömrəsi çap edilib. Qəzetin səhifələrində Buxara əmirliyinin iqtisadi, siyasi və mədəni həyatından bəhs edilir, əmirlikdə islahatların aparılmasının zəruriliyi vurğulanırdı.

Qəzetin ilk 14 nömrəsinə Mizə Cəlal Yusifzadə redaktorluq edib.

Maddi çətinliyə görə K.Levinin mətbəəsi qəzetin nəşrini dayandırdıqdan sonra “Buxarai Şarif”-in 15-ci nömrədən başlayaraq mətbəə xərclərini “Buxarai Şarif” şirkəti şəkir.

Qəzetin 15-ci nömrəsindən 21-ci nömrəsinə qədər redaktoru Mirxaydarxoca Mirbədəlov, 22–25-ci saylarınin redaktoru Hüseyn İbrahimov, 26-cı nömrədən sonuncu nömrəsinə qədər isə yenidən Mirxaydarxoca Mirbədəlov olub.

“Turan” qəzetinin cəmi 49 nömrəsi işıq üzü görsə də Buxara əmirliyində qəzetçilik sahəsində mühüm mərhələ olub. Buxara əmirliyi ərazisində nəşr edilən ilk qəzetlər olan “Buxarai Şarif” və “Turan” əmirlikdə milli demokratik ideyaların təbliği, savadsızlığın ləğvi yolu ilə əsrlər boyu mövcud olan geriliyin aradan qaldırılması, Buxarada cədidlərin birləşdirilməsi kimi mövzularda təbliğat işində mühüm rol oynayıb. Bu iki qəzetin cəmi 2600 abunəçisi var idi (“Buxarai Şarif” – 800, “Turan” – 1800).

“Turan” qəzetində də Mirzə Cəlalın təhsil və maariflənməklə bağlı yazıları dərc edilib. O öz oxucularını elm öyrənməyə, Türküstanın regionlarında, Qafqazda, Volqaboyunda yaşayan xalqların təcrübəsindən bəhrələnməyə səsləyib. Bu ideyalar cəmiyyət tərəfindən bəyənilib. Məsələn, Mahmud xoca Behbudi redaktorun qəzetdəki çıxışlarını alqışlayıb, Səmərqənddəki yeni tipli məktəblərdə, həmçinin özünün açdığı məktəbdə bu ideyalardan bəhrələnməyi məsləhət görüb.

Qəzetin populyarlığının artması ilə əlaqədar yerli hakimiyyət orqanları qorxuya düşüb. 1912-ci ilin dekabrında qubernatorun nümayəndəsi Petrov Buxara əmirindən qəzeti bağlamağı xahiş edir. Əmir Əlimxan “Buxarai Şərif” və “Turan” qəzetlərinin bağlanması haqqında fərman verir. Beləliklə 1913-cü il yanvarın 12-də hər iki qəzetin nəşri Rusiya hakimiyyəti tərəfindən qadağan edilir.

Bu qəzetlər bağlandıqdan sonra Mirzə Cəlal Yusifzadə Bakıya qayıdır.

Onu da vurğulamaq lazımdır li, hazırda Tacikistanda martın 11-i, yəni "Buxarayi Şarif" qəzetinn birinci nömrəsinin çap olunduğu gün Milli Mətbuat Günü kimi qeyd olunur.

***

Mirzə Cəlal Bakıya qayıtdıqdan sonra müəllimlik edib, “Ədəbiyyat cəmiyyəti”nin və “Azərbaycan Tədqiq Tətəbbə Cəmiyyəti”nin üzvü olub. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Ömər Xəyyam, Əlişir Nəvai, Əbdürrəhman Cami kimi klassik sənətkarların həyat və yaradıcılığı ilə bağlı məqalələr yazıb, Ömər Xəyyamın rubailərini dilimizə çevirib.

“Təzə həyat”, “Asari həqiqət” və digər nəşrlərdə “Mirzə Cəlal”, “C”, “Cəlal”, ”C.Y.”, ”Cəlal Yusifzadə”,”Cəlal Yusifi” imzaları ilə məqalələr yazıb.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra “İnqilab və Mədəniyyət” jurnalı, “Ədəbi parçalar” məcmuəsi və “Oktyabr alovları” məcmuəsində bədii əsərlərini və məqalələrini dərc etdirib.

Oğlu Əli Yusifzadə Solovetskdə sürgündə idi və bu onu çox narahat edirdi.

Sovet həbsxanalarında ilk aclıq aksiyasının təşkilində oğlunun də əli olması xəbəri Bakıya da gəlib çatmışdı.

1862-ci ildə Şuşada anadan olan, keşməkeşli bir həyat yaşayan, ömrünü xalqın maariflənməsinə həsr edən Mirzə Cəlal Yusifzadə 1931-ci ildə, 72 yaşında Bakıda oğul həsrətilə dünyasını dəyişib.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Düşənbə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Aprel 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Pezeşkianın oxuduğu şeirdəki gizlinlər: nə demək istədi?

29 Aprel 2025 20:04see136

Bakının mərkəzində restoran yanır

29 Aprel 2025 19:26see131

Keçmiş icra başçısının Avstriyada mebel mağazası var? ARAŞDIRMA

28 Aprel 2025 17:47see129

Dövməsini bəyənməyib atəş açdı

29 Aprel 2025 19:58see125

ABŞ döyüş təyyarəsi təyyarədaşıyan gəmidən dənizə düşüb

29 Aprel 2025 00:02see124

ABŞ Azərbaycanda polad və ferroərintilər istehsalını araşdırır

29 Aprel 2025 19:30see122

Gənc ailələrin sosial iqtisadi çağırışları: Azərbaycan və dünya təcrübəsi ARAŞDIRMA

29 Aprel 2025 19:17see121

Mina terroru 26 nəfərin ölümünə səbəb oldu

29 Aprel 2025 13:00see121

ABŞ da Harvard Universitetində irqi ayrı seçkilik iddiaları ilə bağlı araşdırma başlayıb

29 Aprel 2025 07:48see120

Bəzi dövlət qurumları maşınlarını satışa çıxardı 1200 manatdan... SİYAHI

29 Aprel 2025 20:07see120

Kreml Berlini ittiham etdi: “Ukraynalıların qanı əllərinizdədir!”

29 Aprel 2025 19:19see119

Azercell in mobil nömrələri hərraca çıxarılır 36 min manata...

28 Aprel 2025 20:35see119

“Bu Platforma üzv təşkilatlar arasında təcrübə və məlumat mübadiləsini asanlaşdıracaq”

28 Aprel 2025 20:19see119

İmişlidə regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

29 Aprel 2025 19:17see118

Atletiko nun futbolçusu karyerasını La Liqanın digər klubunda davam etdirə bilər

29 Aprel 2025 19:59see118

iPhone 17e gəlir: Apple nə planlaşdırır?

29 Aprel 2025 20:46see116

Siqaret çəkənlərə xəbərdarlıq!

30 Aprel 2025 02:04see115

Bobur Bekmorodov: Azərbaycan ədalət və inklüzivlik prinsiplərinə sadiqliyini nümayiş etdirib

28 Aprel 2025 17:59see113

“Göztepe” 11 oyundan sonra qələbə qazandı

29 Aprel 2025 00:04see113

Putin KXDR ə hərbi yardım vədi verib

28 Aprel 2025 21:17see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri