Talış dağlarından ipək şəhərinə: Lənkəranlı qız Şəkidə nə tapdı?
Icma.az, Metbuat saytına istinadən bildirir.
Dövlət Turizm Agentliyinin dəvəti ilə bu yaxınlarda Şəkiyə mediatura getdim. Şəhərdə bir neçə dəfə olmuşdum, lakin jurnalist həmkarlarla belə bir səfər mənə fərqli mənzərə açdı.
Səhər saat 08:00-da yola çıxan avtobus yalnız bizi deyil, yaddaşları da zamanın arxasına aparırdı. Bu dəfə Şəki mənim üçün sadəcə tanış şəhər yox, canlı tarix, yaşanan mədəniyyət və işləyən sənət məkanı kimi açıldı.
İlk olaraq yolumuz Şəkinin Öyrət kəndi ərazisində yerləşən “BioGarden” eko-aqro turizm təsərrüfatına düşdü. Burada bizə məlumat verildi ki, səkkiz hektar ərazini əhatə edən bağda üç mindən çox meyvə ağacı mövcuddur, həmçinin ərazidə arıçılıq təsərrüfatı da fəaliyyət göstərir. “BioGarden” Qafqazda ilk agro-ekoturizm məkanı kimi tanınır, dörd fəsil turist qəbul edir, qonaqlar öz əlləri ilə meyvə toplayıb bazar qiymətindən daha aşağı qiymətlərlə əldə edə bilirlər. Məlumat üçün, giriş yerli turistlər üçün 5, xarici qonaqlar üçün isə 10 manatdır.
Qeyd olundu ki, “BioGarden” Aqroekoloji Turizm Məkanı 2010-cu ildən biznes-turizm fəaliyyəti göstərir. Bizə izah edildi ki, bu təsərrüfatın əsas məqsədi Azərbaycanın şimal-qərb bölgəsində aqrobio-müxtəlifliyin inkişafına və davamlı istifadəsinə nail olmaq, paralel olaraq turizm fəaliyyətini genişləndirməkdir. Burada ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, həmin məhsullardan istifadə etməklə milli yeməklərin təqdimatı, aqroturizm imkanlarının təşviqi də xüsusi hədəf kimi müəyyən edilib. Bağda gəzərkən hiss olunurdu ki, “BioGarden” həm təbiətə sayğı, həm də müasir turizm yanaşmasının sintezidir.
Şəkinin qədim və mühüm təsərrüfat sahələrindən biri olan ipəkçilik barədə dolğun məlumat əldə etmək üçün səfərin növbəti ünvanı “Azər İpək” ASC oldu. İlk dəfə baramadan ipək sapın necə alındığının şahidi oldum: qaynar su, ağır iş rejimi, amma bir o qədər də incə sənət. Kombinatda tanış olduğum Ceyran xanım bildirdi ki, ailəsi 35 ilə yaxındır baramaçılıqla məşğuldur. Barama onların həm peşəsi, həm də irsidir. İsti və rütubətli mühitdə nəfəs almaq çətin olsa da, fabrikdə çalışanların baxışında yorğunluq deyil, sənətə sevgi görünürdü.
Onlar üçün bu təkcə iş deyil, həm də ənənəvi sənətə sədaqətin davamıdır. Barama qoxusu, fabrikin səs-küylü mühiti bir anlıq insana dözülməz kimi görünsə də, əslində olduqca gigiyenik və təbiidir. Çünki barama qarışıqsız təbii xammaldır və insanlar bu prosesi zövqlə icra etdiklərini qeyd etdilər.
İpək istehsalından sonrakı mərhələ isə kəlağayının hazırlanması idi. Bir neçə sexdə kəlağayının müxtəlif üsullarla istehsalını canlı izlədik. İlk sexdə qəliblərlə basma texnikası, digərində isə fırça ilə əl naxışı tətbiq olunurdu.
Boyamada sumaq, zəfəran, itburnu, soğan qabığı kimi təbii boyaqlardan istifadə olunduğu, parafinin isə rəngin parçanın digər üzünə keçməsinin qarşısını aldığı qeyd edildi – bu detalı sex ustaları xüsusi vurğuladılar. Qəliblərin qoz və armud ağacından hazırlandığını, bu metodun dünyada istibatik texnikasının analoqu sayıldığını da öyrəndim. Kəlağayıya baxdıqca hiss edirdim ki, bu parça təkcə geyim yox, mədəniyyət daşıyıcısı, yaddaşın rəngli formasıdır.
Rəngin digər tərəfə keçməməsi üçün boya qarışığına parafin əlavə olunur – mən bu məlumatı özüm sex ustalarından soruşub öyrəndim. Qəliblər əsasən qoz və armud ağaclarından hazırlanır; basma texnikası isə dünyada istibatik metodunun analoqu hesab olunur.
Hazırda “Azəripək” ASC-nin baramadan xam ipək açan, toxucu, boyaq-bəzək istehsalatı, burucu və xalça sexləri fəaliyyət göstərir. Müəssisədə yüksək keyfiyyətli 100 faiz təbii xam ipək, müxtəlif ipək məhsullar, o cümlədən kəlağayı, şərf, çitmə və digər məmulatlar istehsal olunur. Bildirildi ki, bu məhsullar təkcə daxili bazarda deyil, xarici ölkələrə də ixrac edilir. İpəyin su içində çözülməsindən parçaya çevrilməsinə qədər olan prosesə canlı şahid olmaq mənim üçün həm peşəkar, həm də emosional təcrübə idi. Hazır ipək növbəti mərhələdə kəlağayı istehsalına yönəldilir və bu zəncir Şəkinin ipəkçilik ənənəsini yaşadır.
Mediatur çərçivəsində sahibkar Sevinc Bayramovaya məxsus “Süsən” istehsalat müəssisəsini də ziyarət etdik. Burada “Süsən” brendi ilə istehsal olunan kəlağayıların müxtəlif çeşidləri nümayiş etdirildi, daxili və xarici bazarda bu məhsullara tələbat, turistlərin kəlağayıya olan marağı barədə məlumat verildi. Rəflərdə asılmış çoxsaylı rəng və naxışda kəlağayılar Şəkinin ipək ənənəsinin bu gün də necə aktual və tələb olunan olduğunu aydın göstərirdi.
Şəki yalnız ipək və kəlağayı ilə yox, mətbəxi və əl sənətləri ilə də seçilir. Səfər zamanı məşhur Şəki halvasının hazırlanması prosesini canlı izlədik. Halvaçı Xosrov Qafarov bu şirniyyat növünün hazırlanmasındakı incəliklərdən danışdı: qat-qat yuxa, şəkər siropunun düzgün miqdarı, qoz ləpəsinin paylanması və bişirilmə tempi… Onun izahlarından sonra anlayırsan ki, Şəki halvası sadəcə şirniyyat deyil, illərlə formalaşmış peşəkar ustalığın nəticəsidir.
Şəkinin ənənəvi dulusçuluq sənəti ilə tanışlıq da səfərin yaddaqalan hissələrindən idi. Dulusçu Əhəd Məmmədov öz emalatxanasında bizə master-klas göstərdi. Çarxın ritmi, gil kütləsinin yavaş-yavaş formaya düşməsi, ocağın istisi – sanki mətbəxin və evlərin ruhu həmin anda gözümüzün önündə yaranırdı. O, hazırladığı məhsulların həm məişət, həm də dekorativ təyinatından danışdı və bununla bir daha göstərdi ki, Şəki sənət ənənələrini canlı şəkildə qoruyan nadir mərkəzlərdən biridir. Şəki mətbəxi yalnız yeməklərlə deyil, saxsı qabların od qoxulu ruhu ilə də seçilir. Ustaların torpağa forma verən əlləri, çarxın ritmi, palçığın sanki canlanıb qab olmağı – bu sənət gözlə deyil, qəlblə görünür.
Səfərin zirvə nöqtələrindən biri isə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu və xüsusilə Şəki Xan Sarayı oldu. Həyətini əvvəllər görmüşdüm, lakin sarayın içi ilk dəfə gözümün qarşısında açıldı – şəbəkə pəncərələr, mismarsız taxta birləşmələr, divar rəsmləri, tavan bəzəkləri…
2019-cu ilin iyulunda Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” Ümumdünya İrs Siyahısına daxil edilib.
Xan Sarayı XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsidir və Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştaqın dövründə, 1761–1762-ci illərdə inşa olunub. Sarayın içini gəzərkən divarlardakı gül, lale, süsən, nar təsvirləri, ov və döyüş səhnələri, güzgülü eyvanlar və incə şəbəkə işləri haqqında verilən məlumat gördüyüm mənzərə ilə birləşəndə Şəkinin bu irsinin niyə dünya miqyasında tanındığı daha aydın görünürdü.
Bu məkan yalnız bina deyil, canlı ruhdur. İçəri girən kimi zaman səni sakitcə arxaya – xanların yay iqamətgahına, ipək tacirin bazar yollarına aparır. Orada dayanıb susmaq belə kifayətdir ki, divarlar danışsın. Fasad, şəbəkə pəncərələri, mismarsız taxta birləşmələr, keçmə konstruksiyalar – hər detal ustalığın sübutudur. Rəsm panellərində xanın ov səhnələri, döyüş motivləri, güc və ədalət rəmzləri əks olunub. İçəri daxil olanda insan özünü sanki əsrlər əvvəlki Şəkiyə düşmüş kimi hiss edir. Tarix orada nəfəs alır.
Şəki küçələrində bizi qarşılayan insanların “hara gəlmisiniz?” sualı, gülərüz davranışı sanki şəhərin xarakterini danışırdı – səmimi, isti və qonaqpərvər. Səfərin son hissəsində saxsı qabların hazırlanması prosesini, mətbəxə xidmət edən saxsı məmulatların yaranmasını izləmək, həmçinin şəhərin gündəlik həyatına qarışmaq bu mediaturu mənim üçün daha da dolğun etdi.
Bu səfərlə bağlı özlüyümdə belə bir nəticəyə gəldim: hələ də bölgələrimizdə istiqanlılıq ənənəsi yaşayır. Şəkidə gördüyüm insanlar mənə bunu xatırlatdı. Zəhmətkeş, adətlərinə bağlı, qonağa hörmətlə yanaşan bir şəhər kimi qaldı yaddaşımda.
Bu, təkcə Şəkiyə aid deyil, əlbəttə. Məsələn, Gəncədə olanda bir kəlbəcərli ailənin qonağı olmuşdum. İlk dəfə idi o evə gedirdim, gecənin yarısı – saat 12–1 arası – məni elə bir ilğımlı qonaqpərvərliklə qarşıladılar ki, yad evdə özümü doğma kimi hiss elədim. O zəhmətkeş, səmimi ailə mənim üçün azərbaycanlılığın ən təmiz izahı idi.
Şəkidə isə insanları daha çox zəhmətkeşliyinə, öz adət-ənənələrinə bağlılığına görə hiss elədim. Bilirik ki, hər rayonun özünəməxsus adətləri var. Mənə görə, Şəki bu adət-ənənələri qorumağı bacaran rayonlarımızdan biridir. Bəlkə də bu səbəbdən orada insanlara yaxınlaşmaq, onlarla söhbətə başlamaq mənim üçün çətin olmadı. Hətta elə xanımlar vardı ki, həmkarlarım onlara tərəf getməyə tərəddüd edirdilər, amma mən özüm yaxınlaşıb çox səmimi şəkildə söhbət edə bildim.
Düşünürəm ki, bu bir az mənim xarakterimlə bağlıdır, amma eyni zamanda o insanların da bu səmimiyyəti duya bilən, onu geri qaytara bilən insanlar olması ilə. Ümumiyyətlə, hesab edirəm ki, biz azərbaycanlı olaraq öz adət-ənənələrimizi, istiqanlılığımızı qoruyub saxlamalıyıq. Çünki bizim dəyərlərimiz var və illər keçsə də, bu dəyərlər əsla cılızlaşıb yoxa çıxmamalıdır.
Şəki Xan sarayında olanda təkcə divarları deyil, həyətdəki o böyük çinar ağacını da düşündüm. Deyirlər, sarayla yaşıddır. Bir anlıq ağlımdan keçdi: bir insan ömrünün yetə bilməyəcəyi qədər tarixin şahididir o ağac.
Neçə nəsil gəlib, neçə nəsil gedib, neçə xan, neçə tacir, neçə qonaq o kölgənin altından keçib. Bu fikir insanı bir az qorxudur, bir az içini gizli-gizli titrədir, amma eyni zamanda inanılmaz dərəcədə cəlb edir.
Düşünürəm ki, bu Şəki səfərimdə mən həmin tarixi məhz o çınarın, Şəkixan sarayının, kəlağayının, baramanın simasında gördüm. Biz dəyişə bilərik, həyat dəyişə bilər, zaman keçdikcə formalar da dəyişər, bəzən itər, bəzən yenidən yaranar. Amma mövcud olan bəzi şeylərdə – hətta cansız əşyalarda belə – o ruh qalır.
Məsələ elə budur: o ruhu duya bilmək bacarığı. Baramanın buxarında, kəlağayının naxışında, çarxın üstündə dönən gildə, sarayın divarındakı cızıqda, çınarın kölgəsində həmin ruhu hiss etmək.
Bu mediatur mənim üçün yalnız bir səfər deyil, həm də canlı tarixə toxunmaq oldu. İpəyin su içində çözülməsi, kəlağayının naxışa bürünməsi, sarayın pəncərəsindən süzülən işıq, sənətkarın gilə toxunan əli, küçədə rast gəldiyim insanların istiqanlı salamları hər detal Şəkinin ruhunu tamamlayırdı.
Nəticə etibarilə, bu səfər şəhərin turizm potensialını bir daha təsdiqlədi və jurnalist kimi mənim Şəkiyə baxışımı daha da dərinləşdirdi.
Gülbəniz Hüseynli
Baxış sayı:85
Bu xəbər 05 Dekabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















