Tamaşaçı obrazı mənim üçün efirə çıxan istənilən fərddən ağıllıdır, zövqlüdür, mədənidir
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Həyatımızda ilklərin yeri xüsusi olur, çünki bu, bir başlanğıcdır. İllərin təcrübəsini qazansaq da, ilk addım həmişə sevilən bir körpə kimi bizi tərk etmir. Bəzən geri boylananda istər-istəmıəz həmin ilk nöqtəyə daha isti baxışlarla nəzər salırıq. Bizdən çox uzaqda olsa da, onu əl çatacaq qədər yaxında görürük. İlk yaradıcı addımlarımı atdığım bu məkana uzun illərdən sonra ayaq basanda, çox qarışıq hisslər yaşadım. Məqsədim bunun xırdalığına varmaq deyil. Son yarım ildə isə mənə çox doğma olan bu məkana daha üç dəfə üz tutmalı oldum, çünki iş bunu tələb edirdi, amma hisslər artıq o deyildi. Təqribən ayın əvvəlində daha bir müsahibdən sonra anladım ki, bu ünvana üz tutmaq kifayət edər. Ona görə ki, sonuncu müsahibim peşəkarlığı, mədəniyyəti, dünyagörüşü ilə son nöqtəni qoymağı bacardı. Oxucularımızı isə çox intizarda saxlamayıb, keçək mətləbə...
Beləcə, üz tutduğumuz məkan hamımızın tanıdığı Azərbaycan Dövlət Televiziyası, baharın ilk ayının son şənbə qonağı isə aparıcı, diktor, ssenarist, rejissor, Əməkdar artist, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) sədr müavini Rafiq Həşimovdur.
- Baharda ilk şənbə qonağımızsınız. Yəqin əhvalınız da yaxşı olar...
- Yaxşı başlanğıc oldu... Uzun illər müəyyən yaşantılardan sonra gəldiyim bir qənaət var. İnsan şükürlü və səbirli olmaqla hər hansı bir məqama çata bilər. Mən də şükür və səbirlə yaşamaqla həyatıma davam edirəm.
- 80-ci illərin ortalarında Bakı Rabitə Texnikumunu bitirən bir yeniyetmə qarşıda onu nələrin gözlədiyindən bixəbər öz yolu ilə ilə yürüyürdü...
- Texnikumun Televiziya-radio fakültəsini bitirib televiziyaya təcrübə keçməyə gəldim. Araya hərbi xidmət düşdü və bu borcu ödədikdən sonra yenə televiziyaya qayıtdım, çünki iş ürəyimə yatmışdı. Başlanğıcda texniki işçi, daha sonra video-operator, montajçı kimi fəaliyyətlərim oldu. 90-cı ildə diktor müsabiqəsi, 182 nəfər arasından seçilən dördlükdən biri mən oldum, indiyə qədər də bu yolum davam edir. Müəllif proqramı yaratdım, həm ssenarist, həm rejissor olaraq filmlər çəkdim. Bu illər ərzində ən ağrılı mövzularımıza müraciət etmişəm. Qaçqın uşaqlar, şəhid mövzusunda 20-ə yaxın filmim var. Uzun illər xəbərlər proqramını aparmışam. 1996-99-cu illərdə öz proqramlarım, xəbərlər, səhər verilişləri, dövlət tədbirlərilə birlikdə həftədə on dörd dəfə efirə çıxırdım. Heç yadımdan çıxmır, Valid Sənani övladının toyunda haqqımda fikir söyləyəndə dedi ki, Rafiq, arzu edirəm ki, tamaşaçı sənin üçün darıxsın. İşin çoxluğundan tamaşaçının qarşısında tez-tez görünməli olurdum. Bu gün də öz işimin başındayam.
- Sanki bir göz qırpımında 40 illik fəaliyyətinizi əhatə etdiniz. Amma texniki işçinin diktorluq müsabiqəsinə qatılmağının bir tarixçəsi olmalıdır...
- Kiçik yaşlarımdan televizorda bir hokkeyə baxırdım, bir də kinofilmlərə, çünki aktyor olmaq kimi bir istəyim vardı. Artıq televiziyada işləyirdim. Evdə bacım mənə dedi ki, Rafiq, axı sənin diksiyan pis deyil. Sizin AzTV-də diktor müsabiqəsi elan edilib. Bəlkə sənədlərini verəsən? Müsabiqə ilə ciddi məşğul olan dəyərli sənətkarımız mərhum Rafiq Hüseynli idi. Ali təhsilim olmasa da, gəldim onun yanına. Bir texniki işçi kimi mərtəbələrdə bir-birinə rast gəldiyimizdən məni tanıdı. Gəlişimin səbəbini soruşdu. Dedim ki, ali təhsilim yoxdur, amma müsabiqə haqqında eşitdiyim üçün sizə yaxınlaşdım. Onunla on dəqiqəyə yaxın söhbətimiz oldu və adımı siyahıya yazdı. İndiyə kimi yadımdadır, sıra nömrəm 26 oldu. Sonra məndən soruşdu ki, siz yazırsınız? Cavabında dedim ki 14-15 yaşından gündəlik yazıram. Görünür, diqqətini cəlb edə bilmişdim və üzümə baxıb dedi: "Sizə indidən deyə bilərəm ki, iki turu keçmisiniz. Amma üçüncü turu bilmirəm".
- Peşəkar gözü sərraf olur...
- İki tur ilkin danışıq, görünüş, studiyada müəyyən etüdlər idi. Onu da deyim ki, komissiyanın çox nüfuzlu üzvləri vardı. Sədrin rəhbərliyi ilə on altı nəfərdən ibarət komissiyada SSRİ və Azərbaycan Xalq artistləri, aktyorlar, bəstəkarlar vardı. Üçüncü tur telegeniklik idi və Rafiq Hüseynli o turdan necə keçəcəyimi bilmirdi. Birinci turdan sonra siyahıda ilk mənim adım idi. Beləcə, bütün turlardan komissiyanın yekdil səsilə keçdim, lakin heç kəs ali təhsilimin olmadığını bilmirdi. Təhsil müsabiqənin əsas şərtlərindən olduğu üçün bir il ərim verilmədi, həm də on bir ay təcrübə müddəti keçməli idim. Bu ərəfədə Jurnalistika fakültəsinə daxil oldum və diktor əmrim verildi. Bu da tarixçə.
- İlk efir...
- 1 iyul 1990-cı il... Beş dəqiqəlik xəbəri kağız üzərindən oxumaqla efirə çıxdım. Həmin o beş dəqiqədə nələr oldu, onu xatırlamıram. Rafiq Hüseynli dəhlizdə dayanıb ilk efirimi gözləyirdi. Çıxandan sonra məni qucaqlayıb ürək-dirək verib otağa apardı. Tarix bir də ona görə yadımda qalıb ki, oxuduğum informasiyada belə bir məlumat vardı: "Həmin gün İraq Küveytə təcavüz etmişdi". Yəni həyəcan dolu beş dəqiqə...
- Ali təhsil üçün seçiminiz jurnalistika olduğundan, gəlin bir az jurnalistdən danışaq...
- Jurnalistika demokratik ab-havanın yaratdığı peşədir, yaşı çox deyil və sadə dildə desək, yazıçılığın balasıdır. Jurnalistika peşədən daha çox sənətdir. Jurnalist olmaq üçün ali təhsil almaq o qədər də vacib deyil. Bu, mənim düşüncəmdir. Konkret olaraq belə deyərdim ki, jurnalist doğulmaq lazımdır.
- Söhbətimizə televiziya ilə davam edək...
- Müəyyən mənada işlənmiş pafoslu sözlər var, onları təkrarlamaq istəmirəm. İllərini televiziya ilə bağlayan bir adam kimi asan dillə belə deyərdim ki, digər peşələrdən fərqli olaraq, insanlar dincəldiyi zaman biz işləyirik, özü də iş rejiminin qrafiki olmadan. Bu baxımdan ömrünü televiziyaya həsr edənlər üçün bura ikinci evdir. Televiziyanın sırf özünəməxsus ab-havası var, bir filmdə deyildiyi kimi: "Gündə bir adam görürsən". Əlçatmaz insanları televiziyada rahat görmək olur. Və bir müddətdən sonra anlayırsan ki, televiziya artıq sənin üçün bir havaya çevrilib. İndi ki televiziyadan danışırıq bunu mütləq deməliyəm. Tamaşaçı bizi efirdən tanıyır, lakin televiziyada o qədər şərəfli peşələr var ki, onlar gözlərdən kənardadır. İstər operatoru olsun, istər işıqçısı, rəssamı, montajçısı, lap elə sürücüsü olsun. Onlar sanki tamam fərqli insanlardır. Bəlkə də öz başlanğıcım oradan gəldiyi üçün mən bu dəyəri duyuram və onlara dərin hörmət bəsləyirəm.
- Televiziyanın əsas siması aparıcıdır...
- Öz təcrübəmdən və gəldiyim qənaətdən çıxış edərək deyəcəyəm. Mənim üçün tamaşaçı obrazı var və o, efirə çıxan istənilən fərddən ağıllıdır, zövqlüdür, mədənidir. Aparıcı odur ki, belə bir tamaşaçının qarşısına çıxdığını hər nəfəsində hiss etsin və özünü bir şagird kimi görsün. Çünki qarşısında bir xalq var və o xalqın içində müxtəlif peşə sahibləri yer alıb. Ümumilikdə də xalq həm ağıllıdır, həm zövqlüdür, həm mədənidir, həm də müdrikdir. Aparıcı odur ki, bu cəsarətdə bulunub belə bir auditoriyanın qarşısına çıxa bilir. Aparıcı dayanmadan öz üzərində işləməli və öyrənməlidir. Aparıcı peşəkar olmağa borcludur, əks halda deyərlər ki, bacarmırsansa, deməli, yerində deyilsən. Zamanla tamaşaçı rəğbətini mütləq qazanmalıdır. Aparıcı dilini mükəmməl bilməlidir, boş sözçülüyə yer verməməlidir. Azərbaycan dilinin zənginliyini görmək və ondan istifadə etməyi bacarmaq lazımdır.
- Rafiq Həşimov yaradıcı insandan savayı, bu gün dövlət televiziyasında sədr müavini kimi məsul vəzifə də daşıyır. Adətən jurnalistlərdən qaçan rəhbər vəzifə sahiblərindən fərqli olaraq, müsahibimiz olmağa etiraz etmədiniz...
- Bayaq televiziyadakı fəaliyyətimin 40 ilinə toxunduq. Bunun 35 ili mənim efir həyatımdır, beş ildir ki, bu vəzifəyə təyin olunmuşam. Mən düşünmürəm ki, vəzifə insanı dəyişməlidir. Yəqin ki, içəri daxil olanda fikir verdiniz, qapı açıqdır, köməkçi belə yoxdur. Həmin diktor Rafiqlə küçədə də, dəhlizdə də əməkdaşlar görüşür, söhbətləşir, oturub çay içirik. Bura yaradıcı məkandır və mən də bu ünsiyyəti çox şükür ki, qoruyub saxlamışam. Düzdür, kollektivdə hamı səndən razı qala bilməz, bu da təbiidir. Ən azından əvvəldən məni necə tanıyıblarsa, mən də onlara öz tamaşaçım, dinləyicim kimi yanaşırdımsa, çalışıram ki, bu, olduğu kimi qalsın və bacardığım qədər əməkdaşlara xidmət edim.
- Azərbaycanın bugünkü efirləri...
- Bu sualla tez-tez mənə müraciət edirlər. Səmimi və konkret cavab verəcəyəm. Mən özüm efir adamıyam - aparıcı kimi, diktor kimi, müəllif proqramlarımın təqdimatçısı kimi, müxtəlif müsahiblərlə söhbətlər edirəm. Bu baxımdan mən hansısa kanalı və ya aparıcını müzakirə etmək istəmirəm. Ona görə ki, özüm üçün bunu etik hesab etmirəm. Ümumilikdə isə əlbəttə ki, problemlər var və bayaq qeyd etdiyim o tamaşaçı bunu gözəl bilir.
- Televiziyanın çox məhsuldar, məsuliyyətli dövrünü yaşamısınız...
- Klassiklərdən sonrakı dövrünü yaşamışam. Bir məqam yadıma düşdü. Rafiq Hüseynli haqqında kitab hazırlanırdı. Mənə dedi ki, sən də öz fikirlərini yaz. Kiçik bir yazı yazdım və orada Rafiq müəllimi televiziyanın klassiki adlandırdım. İstənilən sahənin klassiki var və onlar daima yaşayırlar. Bax, mən onlardan sonrakı nəslin nümayəndəsiyəm.
- Və həmin nəslin nümayəndəsinin yəqin ki çox xatirələr iz qoya bilib...
- Xatirələr hədsiz çoxdur. Yaxın keçmişdə televiziya bütün acı hadisələrin içində qaynadı. 1988-ci ildən başlayan qığılcımdan nələr yaşanmadı... 20 Yanvar faciəsi, Xocalı soyqırımı, torpaqlarımızın işğalı və bütün bu hadisələr ilk olaraq məhz Azərbaycan televiziyasında işıqlandırılıb. Televiziyanın özü faciə yaşamadımı? 19 yanvar 1990-cı il, saat 19.26 dəqiqədə televiziyanı susdurmaqla xalqa qorxu gəlmək istədilər. Bütün bunları biz yaşadıq, gördük və yaddaş tariximizin ağrılı səhifələridir. Onu da deyim ki, yaşadığımız bu qısa tarixi başqa xalqlar bəlkə də iki-üç əsrə başa vurardılar. Amma biz səbirlə, şükürlə bu zamanı adladıq və tarixin ədalət təkəri deyilən həqiqət öz yerini tutdu. Bu il qələbəmizin ilk yubileyidir. Ərazi bütövlüyümüz, suverenliyimiz bərpa edilib və bütün bu hadisələr televiziyanın güzgüsünə həkk oluinub. Bayaq mənə sual verdiniz ki, televiziya nədir? Zamanında Ulu öndər televiziyaya çox dəqiq qiymət verərək deyib ki, Azərbaycan televiziyası Azərbaycan xalqının milli sərvətidir. Tarix göstərdi ki, bu, həqiqətən də belədir. 44 günlük müharibə dövründə ölkə başçısı, Ali Baş Komandan Azərbaycan televiziyası ilə müjdələri xalqa özü çatdırırdı. Bu da bizim televiziyanın həm bəxtidir, həm tarixidir, alnına yazılmış bir qədərdir. Həqiqətən bu qapıdan içəri daxil olan kimi xatirələr sanki sıralanır. Azərbaycan televiziyası böyük bir epopeyadır.
- 30-35 ili uzun hesab etməsəniz də, bir xalqın gözləntisi üçün az da olmadı...
- Səbirli olmağımız bir millət olaraq müdrikliyimizin göstəricisi idi. Bununla yanaşı, bir xalq, dövlət olaraq, kimlərlə, hansı qüvvələrlə vuruşmadıq? Yadımdadır, Ulu öndər səfərlərə gedəndə özü ilə Azərbaycanın xəritəsini apararaq informasiya blokadasını yarırdı. Dövlətin ordusu yox idi, onu yaratmaq üçün güclü iqtisadiyyat lazım idi. Bütün bunları nəzərdən qaçırıb səbrimizi itirə bilməzdik. Amma buna rəğmən, 44 günlük müharibənin qələbəsi onu göstərdi ki, zaman o qədər də uzun olmadı. Bu gün güclü dövlətlərin hərbi ordu mərkəzlərində bizim 44 günlük müharibənin həm gedişi, həm təcrübəsi öyrənilir. Şuşa kimi bir yeri hərbi texnika olmadan azad etmək misli görünməyən bir qəhrəmanlıqdır ki, buna görə də şəhidlərimizə, qazilərimizə borcluyuq. 44 gündə xalqın elə bir təbəqəsi olmadı ki, müharibəyə kiçik bir qatqısı olmasın. Bəzən bunu 44 günlük möcüzə adlandıranlar da olub.
- Təbii ki, qələbə xəbərini iş başında eşidənlərdənsiniz...
- İki-üç saat çıxmaqla gecə-gündüz televiziyada olmuşuq. Heç yerdə demədiyim bir məqamı ilk dəfə sizə söyləyəcəyəm. Şuşanın alınmasını noyabrın ikisindən üçünə keçən gecə yuxuda gördüm. Çox vaxt gördüyüm yuxular çin olur. Bizim dünyasını erkən dəyişən bir aparıcımız vardı - Natavan Babayeva. Görürəm ki, xəbərlərin studiyasıdır. Natavan studiyaya daxil olub ucadan qışqırır - Şuşanı aldıq. Oyanandan sonra anladım ki, Şuşa alınıb. Gəlib işdə yuxumu danışanda bir az qəribə baxdılar. Niyə digər aparıcılar və ya özüm deyil, məhz Natavan gəlmişdi yuxuma? Çünki həmin gecə Xan qızının ruhu sevinmişdi. Sonradan öyrəndim ki, Şuşa fatehləri ilk addımı məhz həmin gecə atıblar.
- Diktorluqdan danışanda onun adını çəkdiniz, amma həmin insanla bağlı ayrıca sual qoymuşam. Rafiq Həşimovun həyatında Rafiq Hüseynlinin imzası...
- Mən bütün peşəkarlarımızı öz müəllimim zənn etmişəm, hər zaman onlara çox böyük hörmətlə yanaşmışam, indi də anıram. Rafiq müəllimlə dünyasını dəyişənə qədər yaxın dostluğumuz olub. Ümumiyyətlə, həyatım elə gətirib ki, həmişə atam yaşında olan insanlarla dostluq etmişəm və təbii ki, onlardan çox şey öyrənmişəm. O məclislərdə həvəslə iştirak edərdim və adətən son sözü mənim şərəfimə deyərdilər. Belə məclislərin birində hələ də xatirimdə qalan bir fikir söyləndi haqqımda. Artıq dünyasını dəyişmiş dostlardan biri dedi ki, aramızda bir cavan dostumuz var, özünün də bir çatışmayan cəhəti var. Hamı maraqla mənə tərəf baxdı. Sözünə davam edərək dedi ki, çatışmayan cəhəti odur ki, çox cavandır, amma bu, tez keçəcək. Bəziləri məni Rafiq Hüseynlinin oğlu zənn edib, bəziləri qohum olduğumuzu düşünüb. Uzun müddət bizi bir-birimizə çox bənzədiblər və buna ancaq sevinmək olar.
- Yeniyetməlik vaxtında gündəlik yazdığınızı söylədiniz...
- İndi də yazıram, lakin artıq telefonda...
- Deməli, o vaxtdan qələmlə dostsunuz...
- Mən uşaqlıqdan təkliyi sevmişəm. Velosipedimin açar yerinə pomidor, xiyar, bir tikə çörək, qələm-kağız qoyub Aşağı Güzdəkdə Ceyranbatan boyu gəzərdim və görürdüm ki, nələrsə gəlir, misralar bəndlərə çevrilir. Təqribən 17-18 yaşında yazmışdım:
Bu dünya bir möcüzə, hər insan bir sirr imiş,
Bu dünyanı yaşadan hər insanın sirrimiş.
Sirdəki bu gücə, bu qüvvəyə bax,
Özünə aludə edir bu dünyanı,
Yaradır, yaşadır, öldürür, ancaq
Özünə duaçı edir insanı.
- Amma nə qədər yaşasa da, insan bu dünyadan həmişə gileylidir...
- Bu dünya o qədər gözəldir ki, pis tərəfləri yox, yaxşını görmək lazımdır. Məşhur bir proqramda kosmosa uçan bir generalla müsahibə gedirdi. Təəssüratlarını danışanda belə bir fikir səsləndirdi. Çox uzaq məsafədən yerə baxanda, belə qənaətə gəldim ki, mən də daxil olmaqla, bütün insanları qırmaq lazımdır. Aparıcı təəccüblə ona baxıb dedi ki, məni də? Dedi: "Bəli, siz də, mən də daxil hamı qırılmalıdır, çünki dünya o qədər gözəldir ki, biz onu korlayırıq". Gözəl nəzərlərlə baxaq ki, dünyanın gözəlliyini qoyub ondan gileylənməyək.
- Bir peşəkarın KİV-ə demək istədikləri...
- Gənclərə həmişə arzu edirəm ki, ürəklərinin səsinə qulaq assınlar, çünki o, heç zaman aldatmır. Peşəmizi əhatə edən cameəyə isə arzu edərdim ki, qələmlərini yalana öyrətməsinlər.
SÖZARDI: İlk yaradıcı addımlarımı atdığım bu məkana uzun illərdən sonra ayaq basanda, çox qarışıq hisslər yaşadım. Növbəti gəlişimdə isə hisslər artıq o deyildi. Bugünkü müsahibimlə görüşdən sonra anladım ki, bu ünvana üz tutmaq artıq kifayət edər. Çünki o, peşəkarlığı, mədəniyyəti, dünyagörüşü, ziyalılığı ilə son nöqtəni qoymağı bacardı.
Tamilla M-ZADƏ


