Tarixə dair mübahisələr gələcəyi kölgədə qoymurmu? Əbülfəz Süleymanlı yazır
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Əbülfəz Süleymanlı
Professor
[email protected]
Son zamanlar Azərbaycanda tarix mövzularının ictimai müzakirələrdə əvvəlkindən daha emosional, daha kəskin və qütbləşdirici bir məcraya yönəldiyi diqqətdən yayınmır. Söhbət artıq təkcə hansısa hadisənin və ya tarixi şəxsiyyətin fərqli yozumundan getmir. Keçmiş haqqında başlayan mübahisə çox keçmədən bu günün kimlik, dövlətçilik və mənsubiyyət suallarına toxunur, bəzən isə insanların bir-birinin vətənpərvərliyini ölçdüyü bir müstəviyə keçir. Elə məqamlar yaranır ki, tarix haqqında fərqli düşünmək insanın yalnız elmi mövqeyini deyil, milli mövqeyini, dünyagörüşünü, hətta niyyətini belə mühakimə etmək üçün əsas kimi qəbul olunur.
Və burada istər-istəməz belə bir sual ortaya çıxır: nə üçün yüzillər əvvəl baş vermiş hadisələr bu gün də bizi bu qədər asanlıqla qarşı-qarşıya gətirə bilir? Daha geniş baxdıqda isə başqa bir sual da ortaya çıxır: ictimai diqqətin və intellektual enerjinin həddindən artıq keçmişin mübahisələrinə yönəlməsi bugünün ümdə və qlobal məsələlərinə, eləcə də gələcəyin çağırışlarına fikrimizi cəmləmək imkanımızı zəiflətmirmi?
Sosiologiya elmi tarixlə bağlı mübahisələri ilk növbədə “kollektiv yaddaş” anlayışı çərçivəsində izah edir. Fransız sosioloqu Maurice Halbwachsın yanaşmasına görə, cəmiyyət keçmişi sadəcə xatırlamır; onu mövcud sosial çərçivələr daxilində yenidən mənalandırır. Başqa sözlə, hər dövr keçmişi müəyyən mənada öz bugününün sualları ilə oxuyur. Buna görə tarix haqqında mübahisələr zahirən keçmişdə nə baş verdiyi ətrafında getsə də, onların arxasında çox vaxt daha müasir bir sual dayanır: “Keçmiş bugünkü kimlik anlayışımızı necə formalaşdırır?”
Bu mənada insan müəyyən tarixi hadisəni və ya şəxsiyyəti öz kollektiv kimliyinin simvolu kimi qəbul etdikdə ona yönəlmiş tənqidi bəzən elmi fikir ayrılığından daha çox öz mənsubiyyətinə münasibət kimi qavrayır. Bu nöqtədən sonra müzakirənin mahiyyəti dəyişir. Mənbələr, faktlar və tarixi kontekst arxa plana keçir, “bizimkilər” və “onlar” bölgüsü önə çıxır. Qarşı tərəfin nə dediyindən çox, “hansı tərəfdə dayandığı” əhəmiyyət qazanır.
Tarixi müzakirələrin sərtləşməsinin digər səbəbi keçmişi bugünkü dəyərlərlə birbaşa mühakimə etmək meylidir. İnsanlar yüzillər əvvəlki siyasi münasibətlərdən, hökmdarlardan, dövlətlərdən və cəmiyyətlərdən XXI əsrin siyasi və mənəvi standartlarına uyğun davranmağı gözləyə bilirlər. Halbuki tarix ilk növbədə kontekst tələb edir. Keçmişi anlamaq onu qeyd-şərtsiz müdafiə etməyi tələb etmədiyi kimi, tənqidi yanaşma da onun tarixi əhəmiyyətini bütövlükdə inkar etməyə əsas vermir.
Bu tendensiyanı sosial media daha görünən və kəskin hala gətirir. Rəqəmsal platformaların məntiqi sakit, nüanslı və ehtiyatlı fikirdən çox emosional və qəti mövqeni mükafatlandırır. “Bu məsələ mürəkkəbdir, müxtəlif mənbələr mövcuddur” deyən insanın fikri adətən “həqiqət yalnız budur” hökmü qədər sürətlə yayılmır. Çünki rəqəmsal mühitdə diqqət ən mühüm resurslardan birinə çevrilib.
Beləliklə, emosional qütbləşmə də güclənir. Əvvəllər müəyyən elmi və ya intellektual çevrənin daxilində qalacaq fikir ayrılığı qısa müddətdə minlərlə insanın iştirak etdiyi kollektiv mübahisəyə çevrilir. Auditoriya böyüdükcə mövqelər də bəzən daha sərt ifadə olunur. Qarşı tərəfi anlamaq cəhdinin yerini öz auditoriyası qarşısında daha inandırıcı və qəti görünmək istəyi tuta bilir. Burada maraqlı bir paradoks özünü büruzə verir: tarix haqqında məlumata çıxış imkanlarımız artdıqca, keçmiş üzərində sakit, təmkinli və ortaq düşünmək sanki getdikcə daha da çətinləşir.
Bu problem, təbii ki, yalnız Azərbaycana xas deyil. Dünyanın müxtəlif ölkələri müharibələr, imperiya keçmişi, dini qarşıdurmalar və mürəkkəb milli yaddaşla bağlı ciddi mübahisələr yaşayıblar. Almaniyadan İspaniyaya, Cənubi Afrikadan Şərqi Avropa ölkələrinə qədər fərqli təcrübələr göstərir ki, keçmişlə bağlı fikir ayrılıqlarını tam aradan qaldırmaq nə mümkündür, nə də zəruridir.
Bu təcrübələrdən çıxan daha mühüm nəticə mübahisələri susdurmaq əvəzinə onları institusional və intellektual çərçivəyə salmağın mümkünlüyüdür. Akademik qurumlar, arxivlər, muzeylər, elmi nəşrlər, sənədli filmlər, açıq debatlar və təhsil sistemi keçmiş haqqında müxtəlif mövqelərin qarşılaşdığı daha sağlam platformalar yarada bilər. Belə mühitdə məqsəd vahid və dəyişməz “rəsmi həqiqət” yaratmaqdan çox, mənbəyə əsaslanan və fərqli mövqelərin mövcudluğunu qəbul edən müzakirə mədəniyyəti formalaşdırmaqdır.
Burada əsas məsələ tarix haqqında daha az danışmaq yox, müzakirənin keyfiyyətini yüksəltməkdir. Tarixçilərin və digər elm adamlarının müxtəlif mövqelərinin olması normaldır. Elm konsensusla yanaşı, fikir ayrılığı hesabına da inkişaf edir. Çətinlik alimlərin fərqli düşünməsində yox, elmi müzakirənin sosial şəbəkələrin emosional məntiqinə uyğunlaşdırılaraq “kim kimi məğlub etdi?” yarışına çevrilməsində yaranır. Elmi debatın əsas məqsədi idman yarışında olduğu kimi qalib və məğlubu müəyyənləşdirmək yox, mövcud biliyə yeni töhfə vermək olmalıdır.
Cəmiyyətin müxtəlif kəsimlərinin də tarix haqqında danışması və müzakirələrə qatılması təbiidir. Belə ki, tarixi yalnız peşəkarların qapalı müzakirə sahəsinə çevirmək də müəyyən mənada məhdudlaşdırıcı yanaşma olardı. Bununla yanaşı, ictimai fikir ilə elmi bilik arasındakı fərqi qorumaq vacibdir. Məhz burada tarix elminin və tarixçi alimlərin rolu xüsusi əhəmiyyət daşıyır. Tarixi hadisələrin mənbələrə əsaslanan, müqayisəli və kontekstual təhlili peşəkar elmi yanaşma tələb edir. Demokratik müzakirə hamının danışmaq haqqını tanıyır, elmi düşüncə isə arqumentlərin keyfiyyətini fərqləndirməyə imkan verir.
Məsələnin bəlkə də daha düşündürücü və əhəmiyyətli tərəfi başqa yerdədir. Cəmiyyətlərin iqtisadi imkanları kimi intellektual enerjisi də sonsuz deyil. İctimai diqqət, media gündəliyi, akademik maraq və düşüncə enerjisi müəyyən mənada məhdud resurslardır. Hansı məsələyə daha çox zaman və emosional enerji sərf ediriksə, istər-istəməz başqa mövzular gündəmin kənarında qalır.
Çünki XXI əsrdə ölkələrin qarşısında tamam başqa ölçüdə məsələlər dayanır. Süni intellekt insanın əmək həyatını necə dəyişəcək? Gələcəyin universiteti necə olacaq? Demoqrafik dəyişikliklər ailə və sosial müdafiə sisteminə necə təsir edəcək? Gənclərin ölkə və dünya ilə münasibəti hansı istiqamətdə dəyişəcək? Yeni texnologiyalar sosial bərabərsizliyi azaldacaq, yoxsa dərinləşdirəcək? Elm və innovasiya sahəsində hansı mövqedə olmaq istəyirik? İyirmi-otuz ildən sonra necə bir cəmiyyətdə yaşamaq istəyirik?
Məhz buna görə keçmişlə münasibətimizin keyfiyyəti, əslində, gələcəyə nə qədər düşüncə və enerji ayıra bildiyimizlə də ölçülməlidir. Keçmişi anlamaqla gələcəyi düşünmək bir-birinə alternativ deyil; sağlam tarixi şüur məhz bu iki zaman üfüqü arasında tarazlıq qura bilmək qabiliyyətidir.
Bəlkə də sağlam tarixi şüurun əsas göstəricisi keçmiş haqqında nə qədər çox mübahisə etməyimizdən çox, keçmişdən nə qədər nəticə çıxara bildiyimizdir. Bu mənada yetkin tarixi şüur yaddaşın intensivliyi ilə deyil, onun refleksiv düşüncəyə və gələcəyi qurmaq qabiliyyətinə çevrilməsi ilə ölçülür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 10 Avqust 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















