Təbiətin gözəlliyində itən xarabalıq Qazaxın azad olunmuş kəndlərindən REPORTAJ
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
19 aprel hamımız üçün sıradan bir gün idi. Amma bu təqvim ötən ildən etibarən tarixə düşdü - Qazaxın işğal altında olan yeddi kəndindən dördü - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı Azərbaycana qaytarıldı. Ermənistanla sərhədin bir hissəsinin delimitasiya prosesinin nəticəsi olaraq bu, Bakının növbəti diplomatik qələbəsi, ölkə başçısının qəti siyasi iradəsinin nəticəsi idi. Dəfələrlə özlərinin də dilə gətirdiyi kimi, tarixi uğura görə Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin sakinləri və Azərbaycan xalqı müzəffər Ali Baş Komandana və şanlı ordusuna minnətdardır.
Təbiətin gözəlliyində itən xarabalıq - Qazaxın azad olunmuş kəndlərindən REPORTAJ
Bu qələbənin birinci ildönümü ərəfəsində isə həmin kəndlərə getmək, oradakı mövcud vəziyyətlə yerindəcə tanış olmaq imkanımız yarandı. Çox həyəcanlı idik. Bu, bir qədər də məsuliyyət tələb edirdi. Çünki sözügedən kəndlərdə minatəmizləmə əməliyyatları davam edir, nə ilə rastlaşacağımızı, nə yazacağımızı, necə çəkiliş edəcəyimizi bilmirdik. Amma bu kəndləri 35 ildən sonra azad görmək nəyə desən, dəyərdi...

Artıq Qazaxdayıq. Gecəni ata yurdum Daş Salahlı kəndində keçiririk. Səhər açılır və biz Qazaxın öncə Aşağı Əskipara kəndinə yola düşürük. Yolboyu uzanan al-qırmızı lalələri seyr edərək, yamyaşıl çöllərdən keçərək Göyəzən dağına yaxınlaşırıq. Getdikcə gözlərim dolur, 30 ildən çoxdur, yurduna qayıtmaq istəyən neçə-neçə insanın arzusunu ürəyimdə hiss edirmiş kimi o yerlərə doğru irəliləyirəm.
O evi tapa bilsək...
Düşmənin dağın o tərəfində olduğunu bilə-bilə evində qorxmadan, mərd-mərdanə yaşayan insanların torpağındayıq. Qazaxın Abbasbəyli, Fərəhli və Məzəm kəndlərini deyirəm. Bu kəndlərdən gələn atışma səslərini, acı xəbərləri eşidərək böyümüşəm. Bir də görürdün, həyətində əkin-biçin edən, heyvan otaran bir kəndli hansısa düşmən gülləsinə tuş gəlib. Amma Göyəzənin qoynunda kürəyini bir-birinə söykəyərək uzun illər düşmənə sinə gərən bu üç qəhrəman kənd indi təhlükələrdən xeyli uzaqdadır.

Yolboyu tikilmiş hasar diqqətimi çəkir. Bu hasar erməni işğalı dövründə avtomobillərin yoldan təhlükəsiz gediş-gəlişi üçün çəkilmişdi. Bu gün isə bu yolla güllə qorxusu ilə gizlənə-gizlənə deyil, baharın həlim küləyinə, yaz yağışını süzməyə hazırlaşan buludlara baxa-baxa, inamla gedirik.
Fərəhlidə sakinlərlə görüşürük. Birlikdə Aşağı Əskiparaya gedirik. Kəndin girişində kiril əlifbası ilə yazılan "Qazax rayonu, Mirzə Ələkbər Sabir adına üzümçülük sovxozu" yazısı, "A.Əskipara" lövhəsi, mina xəbərdarlığı yazıları və qəbiristanlıq var. Təəccüblüdür, işğal dövründə hər yeri tamamilə talan edən ermənilər bu lövhələrə və qəbiristanlığa toxunmayıblar.
Qarışıq duyğularla ətrafı seyr edəndə bizimlə birlikdə olan kənd sakini Çingiz Məmmədovla söhbətləşmək istədik. Söz vermişik ki, onunla müsahibəni öz evinin qarşısında alacağıq. Əlbəttə, evi tapa bilsək...

"Gərək duz da gətirərdim, uşaqlığım bu çəmənliklərdə keçib"
Çingiz bəyin gözləri dolub, həm həyəcanlıdır, həm də uşaq kimi sevinir, o tərəf-bu tərəfə boylanır. Qəbiristanlığa baxır, bəlkə, atasının, qohumlarının salamat qəbrini görər deyə. Birdən "odur ey, dədəmin qəbri salamat qalıb. Oğluma adını qoyduğum Abdulla kişi orada yatır. Ay Allah, uzun illər sonra ilk dəfə buraya gələ bildim..." - deyir və susur.
Bir qədər sonra deyir ki, bu qəbiristanlıq əvvəlki cəbhə xəttinə və Azərbaycan postlarına yaxın idi. Ona görə də ermənilər buraya çox yaxınlaşaraq dağıda bilməyiblər. Amma onu da vurğulayır ki, ətraf minalarla doludur və yoldan bir addım belə kənara ata bilmərik.
Hər tərəf quzuqulağı, qazayağı, yolotu, zəncirotu ilə doludur. Çingiz bəyin ürəyi çırpınır, gözləri dolur. Necə sevinirsə, yolboyu haqqında danışdığı bədənindəki səkkiz güllə yarasını belə unudur. Bəlkə də, o yaraları alanda uf da deməyib, amma indi 30 illik ah, uf, ofları bu çöllərə tökür. Bir də görürəm, əlində bir dəstə quzuqulağı dərib gətirib ki, çox gözəl bitkidir, cana dərmandır, ye. "Gərək duz da gətirərdim, uşaqlığım bu çəmənliklərdə keçib", - deyə heyifsilənir də...

Tarixi alban kilsəsi və izi-tozu qalmayan dəyirman
Aşağı Əskipara Qazaxdakı Coğaz çayının sahilində, Qazançı dağın ətəyində yerləşir. Kənd Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il iyunun 14-də işğal olunmuşdu. Tarixi məlumatlara görə, Aşağı Əskiparanın yaranması Qafqaz Albaniyası dövlətinin əsasının qoyulması ilə eyni dövrə təsadüf edir, yəni eramızdan əvvəl III minilliyə. Kənddə XVI əsrə aid dəyirman və VI-VII əsrə aid alban kilsəsi olub. Bu kilsə yerli əhəmiyyətli tarix-memarlıq abidəsidir və Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Qafqaz Albaniyasının mədəni irsinə aiddir.
Alban kilsəsi bu günə qədər də orada qalır və uzaqdan onu görə bilirik. Amma dəyirmandan iz-toz belə qalmayıb.
"Mina xəbərdarlığı" lövhələrinin müşayiəti ilə Çingiz bəyin evinin olduğu əraziyə çatırıq, alban kilsəsinin düz ətəyindəyik. Onun isə yenə gözləri dolur: "Evimi dağıdıblar. Bax, alban kilsəsinin düz aşağısında idi. Uşaqlığım burada keçib. Üç uşağıq - iki qardaş, bir bacı. Görürsən, kəndimizdən heç nə qalmayıb. Gözəl təbiətimiz var idi, evimizin həyətindəki yasəmən ağacı təzə pöhrələr verib. Özümüz əkmişdik, böyüdüyünü, çiçək açdığını 33 il sonra görə bildim. Amma alban kilsəsində xaç yox idi. İndi başına xaç qoyublar. Ermənilər bunu kilsəni özününküləşdirmək üçün ediblər".
Yağış yağır. Başqa zaman, başqa məkanda olsaydıq, islanmamaq üçün dalda yer axtarardıq. Amma indi yaz yağışı bizi Qazaxın azad kəndlərində yaxalayıb və heç birimiz halımızdan narazı deyilik.

"Göydən nur yağır. Bu da bir qismətdir", - deyir Çingiz bəy.
Çingiz Məmmədov polis əməkdaşı olub. Hələ milli ordumuz formalaşmayanda 5-10 polis nəfəri ilə birlikdə kəndlərini - Aşağı Əskiparanı qoruyub.
"Aşağı Əskipara 32 il sonra geri qaytarıldı. Elə o qədər də ağrılı günlərimiz keçib burada. Mən səkkiz güllə yarası almışam. Polis yoldaşlarım yanımda şəhid olublar. Yaralarımla sağ çıxa bildim. Onlar da kaş mənim qədər şanslı olub bu günləri görəydilər. Çox istəyərdim ki, buralara həmin dostlarımla birlikdə gəlim, ata-babalarımın qəbirlərini ziyarət edim. Qismət belə imiş", - titrək səslə danışır.
Çingiz bəyin durumunu gördükcə düşünürəm ki, onu uşaqlığının keçdiyi bu yerlə baş-başa buraxmalıyam. Sakitcə kənara çəkilirəm ki, qovuşduğu torpağa ürəyini boşaltsın, həsrətini danışsın. Bir az irəli gedirəm, yenə xəbərdarlıq: "Sərhədə çatmısınız, qayıdın!"
Aşağı Əskipara ilə sağollaşıb, Bağanıs Ayrıma yola düşürük.

Qətliamın yaşandığı o kənd...
Yenə "Mina", "Diqqət! Mina", "Təhlükəlidir! Mina" yazılarını oxuya-oxuya, yamyaşıl, səfalı yerlərə baxa-baxa yola davam edirik. Bağanıs Ayrıma çatanda ətrafa boylanıram, yağışın damcıları seyrəlir, islanan lalələr boynunu büküb, zəncirotular dağılıb.
"Ora Balaxanımgilin evidir. O biri də, deyəsən, Ənvərgilindir. Vilayətin evi, Əşrəf kişinin evi... Dağılıb hamısı... Bax, o, maşın yolumuz idi", - bizimlə birlikdə olan Bağanıs Ayrım sakini Ramiz Adıgözəlov həmkəndlisi Mahmud Qafarovun suallarını cavablandırır.

Mahmud kənddən çıxanda üçüncü sinifdə oxuyurmuş. Özünün dediyinə görə, həmin vaxtları çox da yaxşı xatırlamır. Ona görə Ramiz bəy ona hər yeri göstərməyə çalışır.
Bağanıs Ayrım kəndinin əvvəlki adı Seyid Ayrım olub. Tarixi mənbələrə görə, yaşayış məntəqəsini ayrımların seyidli qoluna mənsub ailələr keçmişdə mövcud olmuş Bağanıs kəndi yaxınlığında saldıqları üçün belə adlandırıblar. Bu ad etnotoponimdir. Belə ki, türk dillərinin əksəriyyətində bağana köhnə, keçmiş mənasını ifadə edir.
Strateji əhəmiyyətli Bağanıs Ayrım kəndi keçmiş Sovet İttifaqı dövründə İcevan-Noyamberyan avtomobil yolunun üzərində yerləşdiyindən düşmən bu kəndin işğalını xüsusi plan əsasında həyata keçirib. Birinci Qarabağ müharibəsi başlayanda ermənilərin törətdiyi ilk faciə Bağanıs Ayrım kəndində olub. Kənddə beş üzvdən ibarət bir ailə xüsusi amansızlıqla qətlə yetirilərək yandırılıb. Ümumilikdə, altı kənd sakini və bir polis işçisi qətlə yetirilib, meyitləri yandırılıb.
Bağanıs Ayrım 1990-cı il martın 23-dən 24-nə keçən gecə ermənilər tərəfindən işğal edilmişdi.

Çəkiliş komandamızla birlikdə gələn kənd sakini Ramiz Adıgözəlov 35 il sonra ilk dəfədir ki, başına müsibətlərin gətirildiyi ata-baba yurduna, doğma torpağına ayaq basır.
O, Bağanıs Ayrım qətliamında 39 günlük körpəsini, həyat yoldaşını itirib. Ermənilər onun qayınatası, qayınanası və baldızını da öldürərək yandırıblar.
"Mənim üçün buraya gəlmək də, o günləri xatırlamaq da çox çətindir. Burada şəhidlərimiz var, hansı ki, məzarları belə yoxdur. Doğmalarımı kəndin giriş hissəsindəki məzarlıqda dəfn etmişdik. Amma onlara başdaşı qoymağa imkan tapa bilmədik. Bağanıs Ayrım işğal olundu, elə o qəbiristanlıq da dağıdılıb. Bəlkə, kiçik nişanlar tapıb, qəbirləri bərpa edə bilərik, deyə bilmərəm. Minalıdır, hələ ki yaxınlaşmaq mümkün deyil", - Ramiz bəy deyir.

Bağanıs Ayrım sakini: "Ermənilər qayınatamın evində olan hər kəsi öldürüblər"
Nə qədər çətin olsa da, onunla söhbətə davam edirik:
"Bu yaxınlarda Azərbaycana qarşı hərbi cinayətlər törətməkdə təqsirləndirilən ermənilərin məhkəməsində oldunuz. Orada Bağanıs Ayrım faciəsi ilə əlaqədar foto və videomateriallar göstərilib".
"Mən onlara baxa bilmədim, məhkəmədən çıxdım. Ürəyim dözməzdi. Oğlumun adı Hafiz idi. Həyat yoldaşım Aliyə körpəmizi dünyaya gətirdiyinə görə anasının evində qalmaq istədi. Biz tərəfdə adətdir, zahı qadına kömək və qulluq üçün 40 gün anasının yanına göndərərlər. Haradan biləydim ki, başımıza belə müsibət gələcək?! Həmin gün ermənilər qayınatamın evində olan hər kəsi öldürüb, körpə Hafizi yerə çırpıb, daha sonra yandırmışdılar. Digər evlərə də od vurmuşdular... Çox ağırdır. Amma bu gün şükür edirəm ki, torpağımız azaddır. Allah Ali Baş Komandanımızın canını sağ etsin. Bir güllə belə atılmadan torpaqlarımızı işğaldan azad etdi. Minalardan təmizlənmə bitəndə, tikintiyə icazə verilsə, öz evimi bərpa edəcəyəm. Şəhidlərimizin də ruhu şad olsun. Başımızın üstündə üçrəngli bayrağımız dalğalanır, o bayrağa qurban olum!" - deyir.

Qızılhacılı - Xarabalıqları itirən mənzərə
Yenidən yola düzəlirik. Təbiət də sanki havanın hər halını elə Qazaxdaca bizə göstərməyə çalışır. Səhər yola çıxanda bomboz buludların arxasından boylanmağa çalışan Günəş yerini yağışa, daha sonra isə güclü küləyə verir. Qızılhacılıya gedirik. Bura vaxtilə heç kəsin ətrafında dincəlməyə, gəzintiyə çıxmağa cəsarət etmədiyi Coğazçay su anbarının digər tərəfində yerləşir. Nisbətən dağlıq ərazidir. Az qala bütün Qazaxı buradan seyr etmək mümkündür.

Qızılhacılı kəndi ermənilər tərəfindən 1992-ci il mayın 11-də işğal olunub və dağıdılıb. Bu kəndlə bağlı məktəbli ikən televizorda xəbərlərdə eşitdiyim bir məlumatı xatırlayıram. Kəndin kənarından keçən magistral yolun yaxınlığındakı məzarlıq 2010-cu ilin yanvar ayında ermənilər tərəfindən dağıdılmışdı. Məlumata görə, təxminən 30 məzar tamamilə dağıdılmış, bir məzarın üzərinə isə taxtadan hazırlanmış xaç işarəsi qoyulmuşdu.
Biz kəndə çatanda elə ilk evlərdən birinin həyətində yenə ətirli çiçəkləri olan yasəmən ağacı ilə qarşılaşırıq. Deyəsən, yasəmən buraya xasdır. Aşağı Əskiparada Çingiz əmi həyətindəki yasəməni göstərəndə demişdi ki, bu ağac Qazaxda yabanı halda bitə bilməz. Bu, vaxtilə sakinlərin əkdiyi yasəmənlərdir.

Qızılhacılı kəndinin, fonda dağıdılmış evlər olsa da, o qədər gözəl mənzərəsi var ki, bunu sözlə ifadə etmək çətindir. Bir tərəfi Coğazçay su anbarına, onun başının üstündəki Göyəzən dağına açılan, digər hissəsində isə yüzlərlə sakinin uşaqlığı, gəncliyi keçən, indi tamamilə dağıdılmış yadigarları, xatirələri olan xarabalıqlar...

Xeyrımlıda daş üstdə daş belə görünmür
Gözoxşayan mənzərənin kölgəsində qalan mina xəbərdarlığı lövhələrini izləyə-izləyə Qızılhacılıdan çıxıb, geri qayıdırıq. Növbəti dayanacağımız isə Xeyrımlı kəndidir. Kənd Gəncə-Qazax düzənliyində yerləşir. Bu düzənlik Kür çayı ilə Kiçik Qafqaz dağlarını əhatə edir. Xeyrımlı 1992-ci il martın 8-də işğal olunmuşdu.
Buraların səfalı havası insana sanki yeni nəfəs bəxş edir. Elə Xeyrımlıya çatanda da içimdən bir duyğu keçir - ermənilər Azərbaycanın, həqiqətən də, ən gözəl yerlərini işğal ediblərmiş.

Göyəzən dağının nəzərləri üstümüzdə ikən Xeyrımlıya daxil oluruq. Dağın ətəyində günorta yağan yağışın yuduğu "Vətən, sənə canım fəda" yazısı ilə qarşılaşırıq. Qarşıda isə - kəndin yerləşdiyi ərazidə heç nə yoxdur, daş üstdə daş belə görünmür. Bəli, Xeyrımlıda heç nə salamat qalmayıb. Ermənilər buranı tamamilə söküb, dağıdıb, talayıblar. Kənddə nəinki qəbiristanlığı, köhnə dəyirmanı, evlərin qalıqlarını, hətta bir daş-dəmir qırığı da tapa bilmirik.

Buraya gəlməzdən əvvəl Qazax sakinlərindən eşitdiyimə görə, kəndlərdə evlər ağ mişardaşı ilə tikildiyindən dəyərlidir və ermənilər də onları söküb aparmaq üçün bu yerlərə göz dikiblər. Xeyrımlı Ermənistanın Tavuş vilayətindəki Kirants (Güney) kəndinin lap yanında yerləşir.

Göyəzən indi daha qürurludur
Xeyrımlıdan geri qayıdan yolda maraqlı bir fakta şahidlik edirik. İşğaldan sonra kəndə köçmüş ermənilərdən biri sonradan ev tikib və bu ev düz sərhəd xəttində yerləşdiyinə görə delimitasiya zamanı çəkilən tikanlı məftillər düz bu evin həyətindən keçir.
Buludların arxasında Günəş batıb, külək daha da cuşa gəlib. Yavaş-yavaş yağış da yağır. Biz səfərimizi, daha doğrusu, ziyarətimizi yekunlaşdırıb, üzü azad olunan kəndlərə baxaraq, yenə hər yerdən görünən Göyəzənə tərəf yol alırıq. Bu dəfə Göyəzən daha əzəmətli, daha qürurlu dayanıb. Çünki hara baxsa, işğaldan azad edilmiş kəndləri, dalğalanan üçrəngli bayrağı, yurduna qovuşan insanları görür...

"Report" İnformasiya Agentliyi

