Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 29 sentyabr, AZƏRTAC
Süni intellekt çatbotlarından gündəlik məlumat mənbəyi kimi istifadənin genişlənməsi insanların əldə etdiyi informasiyanın müxtəlifliyini azalda bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Kopenhagen Universitetinin Kompüter Elmləri Bölməsinin tədqiqatçılarının apardığı yeni araşdırmada bildirilib.
Tədqiqat çərçivəsində 155 mövzu üzrə 27 böyük dil modeli sınaqdan keçirilib. Hər mövzu ilə bağlı real istifadəçilərin suallarına əsaslanan 200 müxtəlif sorğu hazırlanıb. Nəticədə modellərin cavablarından təxminən 70 milyon fərdi iddianı əhatə edən geniş məlumat bazası formalaşdırılıb.
Araşdırmaya görə, sınaqdan keçirilən bütün böyük dil modelləri ənənəvi “Google” axtarış sistemi ilə müqayisədə daha az fərqli məlumat təqdim edib. Hətta ən müxtəlif cavabları verən GPT-5 modelində belə məlumat müxtəlifliyinin “Google” axtarışından ən azı 18,7 faiz aşağı olduğu müəyyənləşdirilib.
Tədqiqatçılar qeyd ediblər ki, bu vəziyyət insanların eyni məlumatla daha tez-tez qarşılaşmasına səbəb ola bilər. Mövzular arasında nüvə silahları, evlilik, irqçilik, soyqırımı, müharibə, müxtəlif siyasi fiqurlar da daxil olmaqla geniş spektrli məsələlər yer alıb.
Kopenhagen Universitetinin professoru və tədqiqatın müəllifi İzabel Oqenşteynin sözlərinə görə, süni intellektdən əsas informasiya mənbəyi kimi istifadənin artması insanların məhdud bilik dairəsi ilə tanış olması riskini yaradır.
Araşdırmada bu tendensiyanın böyük dil modellərinin işləmə prinsipi ilə əlaqəli olduğu vurğulanır. Belə modellər təlim zamanı böyük həcmdə mətnləri emal edir və daha çox rast gəlinən nümunələri öyrənir. Nəticədə daha az yayılmış məlumat və cavablarda təmsilolunma ehtimalı azala bilər.
Tədqiqatçılar xəbərdarlıq edirlər ki, süni intellekt tərəfindən yaradılmış mətnlər gələcək modellərin təlimində daha geniş istifadə olunarsa, bu proses informasiya müxtəlifliyinin daha da azalmasına gətirib çıxara bilər. Onların fikrincə, proses bir neçə model nəsli ərzində təkrarlanarsa, bilik və məlumat diapazonunun tədricən daralması – “bilik çöküşü” baş verə bilər.
Bununla belə, araşdırmada yeni nəsil modellərin əvvəlki modellərlə müqayisədə müəyyən qədər daha müxtəlif cavablar verdiyi də qeyd olunur. Bu səbəbdən tədqiqatçılar hazırda “bilik çöküşü”nün baş verdiyini söyləməyin mümkün olmadığını bildirirlər.
Mütəxəssislər istifadəçilərə süni intellekt çatbotlarının cavabları ilə kifayətlənməməyi, xüsusilə mühüm və mürəkkəb məsələlər üzrə müxtəlif mənbələrə müraciət etməyi tövsiyə edirlər.
Müxbir - Günel Türksoy
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 29 Sentyabr 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















