“Şahdəniz” neft sənayemizin şahanə yatağı
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
9 ayda dənizin dibindən 20 milyard kubmetr qaz və 3 milyon ton kondensat çıxarılıb
Azərbaycanı dünyanın potensial qaz ixracatçısına çevirən “Şahdəniz” yatağından qaz hasilatına başlanmasından 20 il ötür. Xəzər dənizində yerləşən bu zəngin qaz xəzinəsi uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təminatına, ölkəmizin etibarlı tərəfdaş, strateji müttəfiq kimi rolunun artmasına xidmət edir. “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində qaz hasilatına 2006-cı ilin payızında start verilib. Hasilata başlandığı vaxtdan bu il oktyabr ayının 1-dək yataqdan 285,3 milyard kubmetr qaz və 55 milyon tona yaxın kondensat hasil olunub.
“bp-Azərbaycan” şirkətinin məlumatına görə, 2026-ci ilin yanvar-sentyabr aylarında “Şahdəniz” layihəsinin əməliyyat tədbirlərinə 2 milyard 2 milyon dollar, əsaslı məsrəflərinə isə 1 milyard 78 milyon dollar xərclənib. Həmin vəsaitin böyük əksəriyyəti hazırda fəal işlənmə mərhələsində olan “Şahdəniz-2” layihəsinə sərf edilib.
Zəngin qaz və kondensat ehtiyatlarına görə seçilən “Şahdəniz” yatağında ötən müddətdə iki hasilat platforması quraşdırılaraq istismara verilib. Həmin qurğuların gündəlik hasilat gücü, təxminən, 79 milyon (ildə 28,8 milyard kubmetrdən artıq) kubmetr təşkil edir. Bu ilin 9 ayında “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından, ümumilikdə, 20 milyard kubmetr qaz və 3 milyon ton kondensat çıxarılıb. “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi isə genişliyi və əhatəliyi baxımından seçilir. Bu, həm də dünyanın ən böyük və ən mürəkkəb qaz layihələrindən biridir. Xəzər dənizində ilk sualtı işlənmə layihəsi olan “Şahdəniz-2” obyektləri bp şirkətinin idarə etdiyi ən iri sualtı infrastrukturdur. Bu layihə, həm də Xəzər dənizindən hasil olunan təbii qazı birbaşa Avropa bazarlarına çatdıran Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. Layihə 26 sualtı quyu, ümumilikdə, 500 kilometr uzunluğunda sualtı boru kəmərləri və axın xətləri, eləcə də körpü vasitəsilə birləşdirilmiş 2 yeni platformadan ibarətdir. Qaz 85 kilometrlik boru kəməri ilə quruya – əlavə qaz həcmlərini qəbul etmək üçün genişləndirilmiş Səngəçal terminalına nəql olunur.
Layihənin detallarına, həmçinin Azərbaycan ərazisində 428 kilometr, Gürcüstan ərazisində isə 59 kilometr uzunluğunda yeni boru kəmərləri və iki yeni kompressor stansiyası, eləcə də Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi daxildir.
2026-cı ilin 3-cü rübündə “Şahdəniz-2” layihəsi çərçivəsində şərq-şimal cinah quyularında sualtı işlər üzrə fəaliyyətlər davam etdirilib. Bunun da nəticəsində sentyabr ayında həmin cinahda 4-cü quyu işə salınıb. Layihə çərçivəsində görülən işlər “Xankəndi” gəmisinin əsas iş həcmi olmaqda davam etsə də, bu müddət ərzində “Tofiq İsmayılov” dalğıc gəmisi də hazırda istismarda olan bütün “Şahdəniz-2” sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstək verib.
“Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində qaz hasilatına 2018-ci il iyulun 30-da başlanıb. Həmin gün yatağın şimal cinahındakı SDC03Z quyusunun istismara verilməsi ilə “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunub. Sonrakı illərdə yeni quyuların istismara daxil edilməsi ilə hasilat getdikcə artıb. 2022-ci ildə isə “Şahdəniz-2” layihəsi çərçivəsində daha bir uğura imza atan konsorsium iştirakçıları yatağın qərb-cənub cinahını işlənməyə daxil ediblər.
Cari ilin 3-cü rübündə “Şahdəniz Alfa” platformasında SDA12 quyusunun qazma işləri başa çatdırılıb. Bununla yanaşı, “İstiqlal” və “Heydər Əliyev” qazma qurğuları “Şahdəniz-2” layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib. Hesabat dövründə “İstiqlal” qazma qurğusu yatağın şərq-şimal cinahında SDH04 quyusunda tamamlama işlərini başa çatdırıb. Hazırda isə qurğu həmin cinahda SDH05 quyusunda tamamlama işləri həyata keçirir. Eyni zamanda, profilaktik işlərin tamamlandığı “Heydər Əliyev” qazma qurğusu da yatağın qərb cinahında SDD06 quyusunun qazma işlərinə başlayıb. Ümumilikdə isə, ötən müddətdə “Şahdəniz-2” çərçivəsində 24 quyu qazılaraq istismara verilib.
“Şahdəniz” yatağından hasil edilən qaz sualtı infrastruktur vasitəsilə Səngəçal terminalına nəql olunur. Bu ilin yanvar-sentyabr aylarında terminaldan gündəlik orta hesabla, təxminən, 73,4 milyon standart kubmetr (təxminən 2 milyard 611 milyon standart kubfut) Şahdəniz qazı göndərilib.
2025-ci ildə “Şahdəniz” qaz yatağının işlənməsinin növbəti mərhələsi olan yeni “Şahdəniz Kompressiya” (ŞDK) layihəsi ilə bağlı yekun investisiya qərarı qəbul olunub. Cari ilin 3-cü rübündə layihə üzrə işlər təhlükəsiz şəkildə davam etdirilib. Oktyabr ayında dənizdə boru payaların quraşdırılması əməliyyatlarının başa çatdırılması ilə layihə üzrə mühüm bir mərhələ əldə olunub və dənizdə tikinti işlərinə başlanıb. Bu əməliyyatlar çərçivəsində ŞDK platformasının dayaq blokunun əsasını təşkil edəcək 4 boru paya təhlükəsiz şəkildə dənizə daşınaraq “Xankəndi” sualtı tikinti gəmisi vasitəsilə quraşdırılıb.
Bununla yanaşı, ŞDK platformasının üst modullarının və dayaq blokunun tikintisi işləri müvafiq olaraq Bayıl istehsalat-quraşdırma sahəsində və Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda plana uyğun davam etdirilib, ilkin polad və struktur komponentlərinin tikintisi üzrə əhəmiyyətli irəliləyiş əldə olunub. Rüb ərzində dəniz və sualtı mühəndislik fəaliyyətləri və bir sıra mühüm avadanlıq dəstinin təchizatı da tikinti və quraşdırma cədvəllərinə də uyğun davam etdirilib.
Məlum olduğu kimi, layihə çərçivəsində yeni bir kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının inşası nəzərdə tutulur. Layihə, həmçinin “Şahdəniz” müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarında, eləcə də Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir. Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə “Şahdəniz Alfa”dan, 2030-cu ildə isə “Şahdəniz Bravo” platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.
Qeyd edək ki, 2,9 milyard ABŞ dolları dəyərində olan ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin yataqdan, təxminən, 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir. Göründüyü kimi, energetikamızın incisi sayılan “Şahdəniz” yatağı hələ uzun illər Azərbaycan və tərəfdaş ölkələr üçün əsas tədarük bazası olacaq.
Mirbağır YAQUBZADƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 12 Noyabr 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















