Təhlükəli irqçilik ideologiyası
Prezident İlham Əliyev: "Gün gələcək ki, Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar"
Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə yeridilən soyqırımı siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq olub. Bu mənfur ideyanı reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirilib. Azərbaycanlılar tədricən doğma torpaqlarından qovulub, onların ərazilərində başqa ölkələrdən köçürülmüş ermənilər məskunlaşdırılıb. Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasəti tarixi əsrləri əhatə edir və hadisələri ardıcılıqla izləsək, görərik ki, hadisələr eyni ssenari əsasında baş verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirdiyi kimi, " İndiki Ermənistan ərazisi, demək olar ki, vaxtilə onun mütləq əksəriyyətini təşkil edən hissəsi azərbaycanlıların yaşadıqları tarixi torpaqlardır. Bu gün biz deyirik ki, 300 min Qərbi azərbaycanlı o bölgələrə qayıtmalıdır. Amma bütövlükdə o bölgədən çıxmış və bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayanların və onların nəvələrinin, nəticələrinin sayı 300 mindən bir neçə dəfə çoxdur. Hələ XIX əsr rus imperiyasının xəritələrinə baxın. Orada bütün toponimlərin Azərbaycan mənşəli olması göz önündədir, ya da rus imperiyasının XX əsrin əvvəllərində tərtib edilmiş xəritələri. Orada da bütün şəhərlərin adları Azərbaycan mənşəlidir. Orada siz "Sevan gölü" adlı bir göl görməzsiniz. Orada Göyçə gölü yazılıb. Biz deyəndə ki, bu, bizim tarixi torpağımızdır, biz həqiqəti deyirik. Bunu hətta bu yaxınlarda mətbuata çıxmış Ermənistanın birinci faşist prezidentinin çıxışında da özü deyir ki, üç rayonda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Zəngəzurda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Bəli. Əksəriyyət yox, tam azərbaycanlılardan ibarət olan kəndlər idi".
İNSANLIĞA QARŞI CİNAYƏTLƏR
Məlum olduğu kimi, Levon Ter-Petrosyanın 1993-cü ildə Ermənistanın prezidenti qismində etdiyi, azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmənin Ermənistanın dövlət siyasəti olduğunu təsdiq edən çıxışının videoyazısı bu yaxınlarda mətbuatda yayılıb. Hakimiyyət illəri Azərbaycan torpaqlarının işğalı və azərbaycanlılara qarşı etnik təmizləmə əməllərinin böyük hissəsinin aparıldığı dövrə təsadüf edən Ter-Petrosyanın bu bəyanatı Ermənistanın sistemli etnik təmizləmə siyasətini və bu kimi fəaliyyətlərə rəvac verən təhlükəli irqçilik ideologiyasını sübuta yetirən fövqəladə əhəmiyyətə malik bir dəlildir.
Hakimiyyət illəri Azərbaycan torpaqlarının işğalı və azərbaycanlılara qarşı etnik təmizləmə əməllərinin böyük hissəsinin aparıldığı dövrə təsadüf edən Ter-Petrosyanın bu bəyanatı Ermənistanın sistemli etnik təmizləmə siyasətini və bu kimi fəaliyyətlərə rəvac verən təhlükəli irqçilik ideologiyasını sübuta yetirən fövqəladə əhəmiyyətə malik bir dəlildir. Bu fikirlər Qərbi Azərbaycan İcmasının açıqlamasında yer alıb. Açıqlamada, həmçinin bildirilib: "Bu bəyanat etnik təmizləmə və işğal siyasətinin arxasında məqsədyönlü niyyətin olmasını, Ermənistanın dövlət məsuliyyətini, insanlığa qarşı cinayətlərin və sülh pozuculuğu cinayətlərinin sistemli və mütəşəkkil xarakterini və konkret planın mövcudluğunu sübut edir. Bu məsələ ilə əlaqədar olaraq, Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antonio Quterreşə və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türkə məktublar ünvanlayıb. Məktublarda Ermənistanın sistemli şəkildə dövlət səviyyəsində həyata keçirdiyi irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanması üçün çağırış edilir. Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyətin Ermənistanın irqi ayrı-seçkilik siyasətinə qarşı qətiyyətli mövqe tutmasına nail olmaq üçün səylərini davam etdirəcək".
Xatırladaq ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. İctimai Birliyin adı dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrilib, 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir.
"ERMƏNİSTAN RƏHBƏRLİYİNDƏN ÇOX DƏQİQ VƏ BEYNƏLXALQ HÜQUQA UYĞUN MÖVQE GÖZLƏYİRİK"
Hələ XIX əsrdə Çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. 1918-1920-ci illərdə yüz minlərlə azərbaycanlı qətlə yetirilib, öz yurdlarını tərk etmək məcburiyyətində qalaraq qaçqına çevrilib, yüzlərlə Azərbaycan kəndi yer üzündən silinib. Ötən əsrdə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Sovet hakimiyyətinin köməyi ilə Ermənistan SSR-in ərazisinə daxil etməyə nail olublar. Cənab Prezident qeyd edib ki, 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Dövlət başçısı bunu xalqımıza qarşı növbəti cinayət kimi qiymətləndirib: "Zəngəzurun Ermənistana verilməsi bir daha onu göstərir ki, bu, çox yanlış, səhv addım idi və dediyim kimi xəyanət idi". 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalıb. Tarixin təkrarlanan dönəmlərində xalqımız bir çox əziyyətlərin, deportasiyaların şahidi olub. SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar.
"TƏHLÜKƏSİZLİK ZƏMANƏTİ VERİLMƏLİDİR"
Ulu Öndər Heydər Əliyevin 1987-ci ilin noyabrında vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri yenidən "fəaliyyətə" başladılar. Yaxın keçmişimizdən bəllidir ki, 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından - Ermənistandan növbəti deportasiyası baş verib. "Biz XX əsrdə üç dəfə deportasiyaya məruz qaldıq və hər dəfə bu deportasiya böyük fəsadlara gətirib çıxarırdı. 1920-ci ilin noyabrında Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana birləşdirildi. Ondan iki il əvvəl, əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti İrəvan şəhərini Ermənistana bağışladı və ondan sonrakı dövrdə xalqımız nə qədər əzab-əziyyət çəkib. Ona görə vaxt gəlib ki, Ermənistan şərait yaratsın, Qərbi azərbaycanlılar öz dədə-baba yurdlarına qayıda bilsinlər", - deyən Prezident bildirib ki, əlbəttə ki, biz bu məsələdə Ermənistan rəhbərliyindən çox dəqiq və beynəlxalq hüquqa uyğun mövqe gözləyirik: "Onlar hələ ki, susmağa üstünlük verirlər. Halbuki biz bu məsələni dəfələrlə dilə gətirmişik və onlardan konkret cavab gözləyirik. Nə vaxt, hansı şərtlərlə azərbaycanlılar o bölgələrə qayıda bilərlər? Xüsusilə nəzərə alsaq ki, azərbaycanlıların yaşadıqları kəndlərin böyük əksəriyyəti indi tamamilə boş qalıb, orada heç kim yaşamır, ora qayıtmaq o qədər də böyük problem olmaz, yəni ki, kimisə oradan köçürtmək lazım olmayacaq. Sadəcə olaraq, təhlükəsizlik zəmanəti verilməlidir. Onların orada yaşama hüququ tanınmalıdır və əlbəttə ki, onların fəaliyyəti üçün şərait yaradılmalıdır. Yəni, bizim tələbimiz bundan ibarətdir və mən ümid edirəm, gün gələcək ki, Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar".
44 günlük Vətən müharibəsində Azərbaycan qazandığı Zəfər tariximizə yeni bir salnaməni həkk etdi. Azərbaycan dövlətinin və xalqının qüdrətini, sarsılmaz iradəsini, Ordumuzun gücünü beynəlxalq səviyyədə nümayiş etdirən möhtəşəm Qələbə yeni reallıqlar yaradıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Prezidentinin siyasi iradəsi, diplomatik gücü və hərbi sərkərdəlik bacarığı nəticəsində 30 il işğal altında qalan torpaqlarımız 44 gün ərzində düşməndən azad edildi. Belə bir Zəfər qazandığımız dövrdə əlbəttə ki, Qərbi Azərbaycan həqiqətlərinin öyrənilməsi, dünya ictimaiyyətinə çatdırılması, erməni saxtakarlıqlarının, erməni yalanlarının sona qədər ifşası və son 200 ildə Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların, onların varislərinin hüquqlarının beynəlxalq müstəviyə çıxarılması vacib məsələlərdəndir.
"BU MƏSƏLƏ GÜNDƏLİKDƏN ÇIXMAYACAQ, O VAXTA QƏDƏR Kİ, AZƏRBAYCANLILAR TƏHLÜKƏSİZLİK ŞƏRAİTİNDƏ QƏRBİ AZƏRBAYCANA VƏ O CÜMLƏDƏN QƏRBİ ZƏNGƏZURA YERLƏŞƏCƏKLƏR"
Azərbaycan Prezidentinin qüdrəti və apardığı uğurlu xarici və daxili siyasət sayəsində Qərbi azərbaycanlıların da tarixi torpaqlarına qayıdacağı gün artıq uzaqda deyil. Azərbaycan Prezidenti müsahibəsi zamanı bildirib ki, yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Bildiyimə görə, onlar İrəvana da getməyə hazırdırlar: "Qəbul etsin, onların dilindən onların problemlərini eşitsin, dinləsin onları. Yəni, onlar oradan əsassız qovulmuşlar. Onların tam hüququ var ki, oraya qayıtsınlar. Əgər bunu etməsə, onda hansı Avropa demokratiyasından söhbət gedir? Axı, Ermənistan özünü bu gün Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim edir. Qoy, onu əyani şəkildə göstərsin. Eyni zamanda, hesab edirəm ki, ATƏT də bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidir. Biz Avropa Komissiyasından da mövqe gözləyirik. Yəni, sadəcə olaraq, bunu görməzliyə vurmaq düzgün addım deyil. Bu, ciddi problemdir. Bu, yüz minlərlə insanın hüquqlarının bərpası məsələsidir. Bu, insan hüquqları məsələsidir. Bu, ədalət məsələsidir. Bu, eyni zamanda, göstərəcək ki, indiki Ermənistan rəhbərliyi faşist deyil. Çünki üç prezident faşist idi. Yəni, onların açıqlamaları, əməlləri, Xocalı soyqırımında üçünün də iştirakı və bir çox digər sübutlar var. Əgər indiki baş nazir demokratdırsa, özü də Avropa demokratiyasının, necə deyərlər, “banisi olan” Fransa prezidenti Makronun dostudursa, qoy, onu göstərsin, qoy, icazə versin. Yəni, bizim istəyimiz bundan ibarətdir və bunu tələb etmək hər hansı bir ərazi iddiasında olmaq demək deyil. Sadəcə olaraq, buna insan hüquqları nöqteyi-nəzərindən yanaşmaq lazımdır və biz bu məsələni gündəlikdən çıxartmayacağıq. Halbuki bizə belə təkliflər var. Amma bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər".
Nəzakət ƏLƏDDİNQIZI