Tehran Azərbaycanın müstəqil xarici siyasətinə hörmət etməlidir
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Cənub qonşumuz İranın Azərbaycanın əzəli torpağı olan Naxçıvan Muxtar Respublikası ilə sərhəd istiqamətinə ağır hərbi texnika cəmləşdirməsi ilə bağlı görüntülər yayılıb. Ancaq İranın Azərbaycandakı səfirliyindən isə sözügedən görüntülərin çəkildiyi vaxt və məkanın dəqiq olmadığından bu barədə fikir bildirməyin mümkün olmadığı bildirilib: "Hərbi təcavüzə qarşı özünü müdafiə edən ölkə kimi İranın zəruri hazırlıq tədbirləri görməsi tamamilə təbiidir. Hər hansı əsassız xəbər və materialların yayılmasından, eləcə də onların iki ölkə arasındakı dostluq münasibətlərinə xələl gətirəcək şəkildə şərh olunmasından çəkinməyi tövsiyə edirik".
Əlbəttə, hər bir ölkə kimi İran da təbii olaraq özünü müdafiə haqqına, hüququna malikdir. Lakin bu zaman ünvan və istiqamət səhv salınmamalıdır. Çünki İran heç vaxt Azərbaycan tərəfindən hərbi təcavüzə məruz qalmayıb. Və eyni zamanda, rəsmi Bakı üçüncü ölkələrin də (ABŞ, İsrail, bütövlükdə Qərb koalisiyası) öz ərazisindən İrana hücum etmələrinə icazə verməyib. Bu danılmaz həqiqəti İran rəhbərliyi də çox yaxşı bilir. Ona görə də İranın məhz Azərbaycan istiqamətindən hərbi təcavüzə qarşı özünü müdafiə edən ölkə kimi zəruri hazırlıq tədbirləri görməsi tamamilə təbii yox, tamamilə yanlış olardı. Daha doğrusu, böyük səhv olardı. İran öz düşmənlərini başqa istiqamətdə axtarmalıdır.
Bəli, o da doğrudur ki, iki ölkə arasındakı dostluq münasibətlərinə xələl gətirəcək şəkildə şərhlərdən çəkinmək lazımdır. Ancaq çox təəssüf ki, belə şərhlər əksər hallarda məhz İran tərəfindən gəlib. SEPAH-a bağlı media orqanları və panfarsçı qüvvələr, tərəfleş ekspertlər (Ehsan Movahedian kimi, Məhəmməd Mərəndi kimi) zaman-zaman Azərbaycanı hədəf alan əsassız ittihamlarla çıxış ediblər. Ona görə də İran səfirliyi ilk növbədə məhz özününkülərinə tövsiyə verməlidir ki, oturun yerinizdə, aranı qızışdırmayın.
Yenə deyirəm, İran səfirliyinin bu çağırışı yalnız Azərbaycan mediasına və ictimaiyyətinə deyil, ilk növbədə Tehranın öz informasiya siyasətinə ünvanlanmalıdır. Çünki bir qonşu dövlət (yəni Azərbaycan Respublikası) haqqında ardıcıl olaraq şübhə, ittiham və təhdid dili ilə danışmaq, sonra isə münasibətlərin korlanmasına görə başqalarını məsul tutmaq inandırıcı və ədalətli görünmür. Dostluq və qonşuluq münasibətləri qarşılıqlı hörmət, suverenliyə ehtiram və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri üzərində qurulur.
Azərbaycan dəfələrlə bəyan edib ki, öz ərazisindən heç bir ölkəyə qarşı İrana yönəlmiş hərbi əməliyyatların həyata keçirilməsinə imkan verməyəcək. Bu mövqe həm siyasi, həm də hüquqi baxımdan kifayət qədər aydındır. Rəsmi Bakının balanslaşdırılmış xarici siyasəti də göstərir ki, Azərbaycan qonşu dövlətlərlə münasibətlərdə gərginliyin deyil, açıq və şəffaf əməkdaşlığın tərəfdarıdır. Lakin bu əməkdaşlıq birtərəfli güzəştlər və davamlı şübhələr üzərində davam edə bilməz.
Xüsusilə Naxçıvan istiqamətində hərbi fəallıqla bağlı görüntülər yayıldıqda, İran tərəfinin daha aydın və şəffaf açıqlama verməsi vacibdir. Görüntülərin dəqiq vaxtı və məkanının məlum olmadığını bildirmək, əlbəttə, mümkündür. Amma bu halda ən doğru addım məsələyə ümumiyyətlə siyasi çalar vermədən, müvafiq kanallar vasitəsilə Azərbaycan tərəfinə izahat təqdim etmək olardı. Çünki sərhəd bölgəsində hərbi texnikanın cəmləşdirilməsi istənilən halda qonşu ölkədə narahatlıq yaradır və əlavə suallar doğurur.
Azərbaycan və İran arasında çoxəsrlik tarixi, iqtisadi və humanitar əlaqələr mövcuddur. Bu əlaqələr ayrı-ayrı şəxslərin emosional açıqlamalarından və ya media kampaniyalarından daha böyük əhəmiyyət daşıyır. Elə buna görə də məsuliyyətli siyasət tələb edir ki, hər iki tərəf təxribat xarakterli bəyanatlardan, əsassız ittihamlardan və cəmiyyətlər arasında düşmənçilik yarada biləcək ifadələrdən uzaq dursun.
Azərbaycanın İranla bağlı mövqeyi aydındır: ölkəmiz öz cənub qonşusuna qarşı heç bir halda düşmənçilik siyasəti aparmır, onun ərazi bütövlüyünə və təhlükəsizliyinə təhdid yaratmır. Eyni münasibəti İrandan da gözləmək Azərbaycanın tam haqqıdır. Əgər Tehran həqiqətən iki ölkə arasındakı dostluq münasibətlərinin qorunmasını istəyirsə, ilk növbədə Azərbaycanın müstəqil xarici siyasətinə hörmət etməli, Naxçıvan və Azərbaycanın digər əraziləri ilə bağlı həssas məsələlərdə daha diqqətli davranmalıdır.
Sərhədlər qarşılıqlı etimadın deyil, ilk növbədə dövlət məsuliyyətinin məkanıdır. Orada hər bir hərbi addım və hər bir açıqlama diqqətlə ölçülüb-biçilməlidir. Azərbaycan kifayət qədər səbrli və təmkinli davranış nümayiş etdirən bir ölkədir. Lakin eyni zamanda, ölkəmiz öz təhlükəsizliyini, ərazi bütövlüyünü və milli maraqlarını qorumaq əzmindədir. Amma bütün hallarda qonşuların bir-biri ilə səmimi və və xoşgörülü davranması daha arzuolunandır. Azərbaycan öz qonşuları üçün ən ideal sülhsevər qonşudur. Dinc qonşuluq və geniş əməkdaşlıq İran üçün də, Azərbaycan üçün də faydalıdır. Ona görə də ən yaxşı siyasət bütün məsələlərin qarşılıqlı hörmət, diplomatik dialoq və açıq kommunikasiya yolu ilə həll edilməsidir.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Bu mövzuda digər xəbərlər:Azərbaycanın müstəqil və prinsipial siyasətinə təsir etmək mümkün deyil
04 Fevral 2025 17:35
Azərbaycanın müstəqil siyasətinə heç kim təsir göstərə bilməz Deputatdan mesaj
24 İyul 2026 15:02
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir İlqar Vəlizadə
27 Aprel 2026 19:25
Müstəqil Azərbaycanın təməli
14 İyul 2025 13:15
Qayıdış Azərbaycanın uğurlu xarici siyasətinə meydan açdı
15 İyun 2025 02:27
Baxış sayı:69
Bu xəbər 27 Noyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















