Icma.az
close
up
RU
Təhsili qorumaq gələcəyi qorumaqdır

Təhsili qorumaq gələcəyi qorumaqdır

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bu gün – sentyabrın 9-u Beynəlxalq Təhsilin Hücumdan Müdafiəsi Günüdür. Bu əlamətdar günün mahiyyəti olduqca aydındır: müharibə və silahlı münaqişələr zamanı məktəblər, universitetlər, müəllimlər və şagirdlər hədəfə çevrilməməli, uşaqların təhsil hüququ istənilən şəraitdə qorunmalıdır.

Beynəlxalq Təhsilin Hücumdan Müdafiəsi Günü BMT Baş Assambleyasının 28 may 2020-ci ildə qəbul etdiyi müvafiq qətnamə ilə təsis edilib. Qətnamə sentyabrın 9-nu bu məqsədlə beynəlxalq gün elan edib. Gün ilk dəfə 2020-ci ildə qeyd olunub. Beləliklə, cəmi bir neçə il əvvəl təsis edilməsinə baxmayaraq, bu tarix artıq müharibələrin uşaqların təhsil hüququna təsirini dünyaya xatırladan mühüm beynəlxalq platformaya çevrilib.

Bu günün təsis edilməsinin arxasında ciddi reallıq dayanır. Müasir münaqişələrdə məktəblər yalnız təhsil müəssisəsi kimi deyil, bəzən hücumların, dağıntıların və hərbi istifadənin obyektinə çevrilir. Nəticədə uşaqlar həyatlarını itirir, müəllimlər zərər çəkir, məktəblər dağıdılır, milyonlarla uşaq təhsildən uzaq düşür. Halbuki beynəlxalq humanitar hüquq mülki şəxslərin və mülki obyektlərin, o cümlədən təhsil müəssisələrinin qorunmasını tələb edir.

UNESCO-nun 2026-cı il məlumatları problemin miqyasının nə qədər böyük olduğunu göstərir. 2025-ci ildə dünyada məktəblərə 1 680 hücum BMT tərəfindən təsdiqlənib. Bu, 2024-cü ildə qeydə alınan 1 265 hücumla müqayisədə 33 faiz artım deməkdir. Daha geniş mənzərədə isə 258 milyon uşaq və yeniyetmənin təhsili müxtəlif böhranlardan təsirlənir; onların 93 milyonu ümumiyyətlə məktəbdən kənarda qalıb.

UNICEF-in 2026-cı ildə açıqladığı məlumatlara əsasən, 2005–2025-ci illər arasında münaqişə şəraitində məktəblərə və xəstəxanalara 23 mindən çox hücum BMT tərəfindən təsdiqlənib. Eyni dövrdə məktəblərdən və xəstəxanalardan hərbi məqsədlərlə istifadə ilə bağlı 4 mindən çox hal sənədləşdirilib. Bu rəqəmlər göstərir ki, söhbət ayrı-ayrı hadisələrdən deyil, uzun illər davam edən qlobal problemdən gedir.

Problemin coğrafiyası da genişdir. Münaqişələrin davam etdiyi Myanmar, Yaxın Şərq, Qəzza, Konqo Demokratik Respublikası, Sudan, Ukrayna və Yəmən kimi ərazilərdə təhsil sistemi ağır zərbələrlə üzləşib. UNESCO-nun məlumatına görə, 2023-cü ildə yalnız Fələstin ərazisində təhsilə qarşı 720 hücum qeydə alınıb. 2024-cü ilin iyuluna olan məlumata görə isə Qəzzadakı məktəblərin 61 faizi birbaşa zərər görmüşdü.

Təhsilə hücumun nəticəsi məktəb binasının dağıdılması ilə bitmir. Məktəb bağlandıqda uşaq yalnız dərsdən deyil, təhlükəsiz sosial mühitdən, müəllim dəstəyindən və gələcəyə hazırlıq imkanından məhrum olur. Uzunmüddətli münaqişələr uşaqların psixoloji vəziyyətinə, sosial inkişafına və gələcək əmək imkanlarına da ciddi təsir göstərir. UNICEF xüsusi vurğulayır ki, təhsildən kənarda qalan uşaqlar zorakılıq, istismar və silahlı qruplara cəlbetmə baxımından daha həssas vəziyyətə düşürlər.

Bu istiqamətdə beynəlxalq səviyyədə mühüm təşəbbüslərdən biri də Təhlükəsiz Məktəblər Bəyannaməsidir. Sənəd 2015-ci ilin mayında Norveçin Oslo şəhərində dövlətlərin imzasına açılıb. Onun əsas məqsədi silahlı münaqişələr zamanı şagirdlərin, müəllimlərin, məktəb və universitetlərin daha yaxşı qorunması, təhsilin davamlılığının təmin edilməsi və məktəblərdən hərbi məqsədlərlə istifadənin qarşısının alınmasıdır. 2026-cı ilin aprel ayına olan məlumata görə, 123 dövlət Bəyannaməni dəstəkləyib.

Azərbaycan üçün bu beynəlxalq günün xüsusi əhəmiyyəti var. Çünki xalqımız təhsilin müharibə və işğaldan necə zərər çəkə biləcəyini öz tarixi təcrübəsində yaşayıb. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi təxminən 30 il işğal altında qalıb, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İşğal olunmuş ərazilərdə yaşayış məntəqələri ilə yanaşı, təhsil və digər sosial infrastruktur da dağıdılıb. Rəsmi məlumatlara görə, həmin ərazilərdə 693 məktəb və 855 uşaq bağçasının dağıdıldığı göstərilir.

Bu faktlar göstərir ki, Azərbaycanda təhsilin müdafiəsi anlayışı yalnız bugünün təhlükəsizlik məsələsi deyil, həm də tarixi yaddaş məsələsidir. İşğal illərində doğma torpaqlarından didərgin salınmış uşaqlar təhsillərini başqa bölgələrdə davam etdirməli oldular. Dövlət qarşısında duran əsas vəzifələrdən biri həmin uşaqların təhsil hüququnun təmin edilməsi idi.

2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında yeni mərhələ – işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış prosesi başladı. Bu prosesdə təhsil xüsusi yer tutur. Azərbaycan dövlətinin Böyük Qayıdış siyasətində yeni yaşayış məntəqələrinin yaradılması ilə yanaşı, müasir məktəblərin və digər təhsil müəssisələrinin qurulması da əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

Görülən işlərin miqyası artıq rəqəmlərdə də öz əksini tapır. Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2025-ci ildə işğaldan azad edilmiş ərazilərdə 21 ümumi təhsil müəssisəsi və 14 məktəbəqədər təhsil müəssisəsi tikilib. Həmin dövrdə fəaliyyət göstərən 20 ümumi təhsil müəssisəsində 3 902 şagird təhsil alıb. 2025–2026-cı tədris ilində isə azad edilmiş ərazilərdə 25 ümumi təhsil və 12 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib.

Lakin işğaldan azad edilmiş ərazilərdə təhsilin tam təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran mühüm məsələlərdən biri də mina və partlamamış hərbi sursat təhlükəsidir. UNICEF-in məlumatına görə, 2020-ci ilin noyabrından etibarən Azərbaycanda partlayıcı sursatlar nəticəsində 65 nəfər həlak olub, 289 nəfər yaralanıb və onların arasında 9 uşaq var. Buna görə mina təhlükəsi barədə maarifləndirmə uşaqların təhlükəsizliyinin təmin edilməsinin ayrılmaz hissəsinə çevrilib.

Bu gün Azərbaycanın azad edilmiş şəhər və kəndlərində məktəblərin yenidən qurulması sadəcə tikinti layihəsi deyil. Hər yeni məktəb illərlə davam edən işğaldan sonra həyatın bərpasının, uşaqların doğma yurda qayıdışının və gələcəyin qurulmasının rəmzidir. Dağıdılmış məktəbin yerində müasir təhsil ocağının yaradılması müharibənin yaratdığı fəsadlara verilən ən mənalı cavablardan biridir.

Beynəlxalq Təhsilin Hücumdan Müdafiəsi Gününün dünyaya verdiyi əsas mesaj da məhz budur: məktəb heç bir müharibədə hədəf olmamalıdır. Çünki təhsilə atılan hər zərbə bir binanı deyil, bir uşağın gələcəyini, bir ailənin ümidini, bütöv cəmiyyətin inkişaf imkanını yaralayır.

Bu baxımdan sentyabrın 9-u yalnız təhsil müəssisələrinin fiziki təhlükəsizliyinə diqqət yetirmək üçün təqvimdə müəyyənləşdirilmiş tarix deyil. Bu gün bəşəriyyətə xatırladır ki, müharibələr nə qədər ağır olsa da, uşaqların bilik əldə etmək, məktəbə getmək və gələcək qurmaq hüququ toxunulmaz qalmalıdır.

Nurəngiz Adilqızı
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Sentyabr 2026 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see365

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see354

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see289

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see285

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see283

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see279

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see275

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see260

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see235

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see223

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see222

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see221

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see218

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see214

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see214

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see212

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see197

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see183

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri