Toyu günü ölümlə nəticələnən qəza törədən bəyə hökm oxundu
Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Fərid Rəsulovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zülfüqar Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 21 sentyabr 2024-cü il tarixdə, saat 17:00-da Naxçıvan-Sədərək avtomobil yolunun Kəngərli rayonu ərazisindən keçən yolun 23-cü kilometrliyində qeydə alınıb.
Belə ki, Fərid Rəsulovun etibarnamə ilə idarə etdiyi “Ford Fusion" markalı avtomobil hərəkətdə olarkən "VAZ-2106" markalı maşınla toqquşub. Nəticədə "VAZ-2106"nın sürücüsü Məmmədov Təbriz Fəxrəddin oğlu hadisə yerində ölüb. Avtomobildəki sərnişin Əsgərli Təbriz Yadulla oğlu ağır xəsarət alıb. Həmçinin qəza zamanı Fərid Rəsulov və onun avtomobilindəki sərnişinlər - Tağıyev Elvin Zeynalabdin oğlu və Qulubəyli Tayfun Amin oğlu ciddi xəsarət alıb.
Cinayət materiallarında qeyd edilib ki, hadisə günü Fərid Rəsulovun toyu olacaqmış. O, həmin gün dostlarını Şərur rayonundakı “Anadolu” restoranından idarə etdiyi maşını ilə götürüb, şəhərə gəlini aparmağa gediblər. Sonra yolda qəza baş verib.
Kamal Məmmədov

