TRIPP Cənubi Qafqazda Orta Dəhlizə əlavə güc qatacaq
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu keçid regionda sülhə və əməkdaşlığa tarixi töhfə olacaq
Azərbaycanla Ermənistan arasında sülh və normallaşma gündəliyinin mühüm elementlərindən biri olan TRIPP – (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsinin icrasında yeni mərhələ başlayıb. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzaladıqları Birgə Bəyannamədən sonra siyasi müstəvidə formalaşan layihə artıq hüquqi, institusional, maliyyə və texniki hazırlıq mərhələsinə keçib.
ABŞ Dövlət katibi Marko Rubio bu il avqustun 8-də TRIPP-in gələcək perspektivləri ilə bağlı bəyanatında bildirib ki, ötən bir il ərzində Vaşinqton Azərbaycan və Ermənistanla sıx əməkdaşlıq edərək əldə olunan siyasi razılaşmaların real nəticələrə çevrilməsi istiqamətində mühüm işlər görüb. Onun sözlərinə görə, dəmir yolu, avtomobil yolları, enerji və rəqəmsal infrastrukturu əhatə edən multimodal nəqliyyat marşrutu olan TRIPP artıq reallığa çevrilmək yolundadır.
Rubio qeyd edib ki, Ermənistanda dəmir yolunun tikintisi üzrə mühəndislik və layihələndirmə araşdırmalarına başlanılıb. Azərbaycan isə Ermənistanla birləşəcək avtomobil yolu və dəmir yolu xəttinin tikintisini başa çatdırmağa yaxınlaşır. ABŞ Dövlət katibi çıxışında iqtisadi komponenti də xüsusi vurğulayıb. O, Trans-Xəzər Ticarət Marşrutu – Orta Dəhliz boyunca, Cənubi Qafqaz və Mərkəzi Asiyada özəl sektor investisiyalarını təşviq etmək məqsədilə Trans-Xəzər Müəssisə Fondunun fəaliyyətə başladığını açıqlayıb. Rubio bildirib ki, yeni seçilmiş direktorlar şurasının rəhbərlik etdiyi fond ABŞ hökumətinin 201 milyon dollarlıq maliyyəsi ilə kapitallaşdırılıb. Fondun yaradılması TRIPP-in yalnız nəqliyyat bağlantısı deyil, daha geniş iqtisadi əməkdaşlıq və özəl investisiyaların cəlb edilməsi mexanizmi kimi nəzərdən keçirildiyini göstərir.
Onun sözlərinə görə, TRIPP, sadəcə, infrastruktur layihəsi deyil. ABŞ Dövlət katibi layihəni Trans-Xəzər Ticarət Marşrutunun mühüm həlqəsi, ABŞ və digər ölkələr üçün yeni kommersiya imkanlarının hərəkətverici qüvvəsi və uzunmüddətli mübahisələrin həllindən sonra iqtisadi əməkdaşlığın sülhü möhkəmləndirə biləcəyini göstərən nümunə kimi xarakterizə edib.
Layihənin institusional bazasının formalaşdırılması istiqamətində də mühüm addımlar atılıb. Ermənistan və ABŞ arasında TRIPP-in icrasına dair çərçivə razılaşması imzalanıb və layihənin Ermənistan ərazisində idarə olunması, sərhəd, gömrük və digər prosedurlar üzrə mexanizmlər müəyyənləşdirilib. Eyni zamanda, “TRIPP Development Company”nin yaradılması ilə layihənin Ermənistan ərazisindən keçən hissəsinin inkişafı üçün ayrıca institusional struktur formalaşdırılıb. İyunda ABŞ rəsmiləri bu şirkətin Ermənistanla birlikdə təxminən 42 kilometrlik dəmir yolu, enerji və rəqəmsal bağlantının qurulmasında iştirak edəcəyini açıqlayıblar.
TRIPP-in əsas məqsədlərindən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə nəqliyyat bağlantısının yaradılmasıdır. Bununla belə, layihə yalnız dəmir yolu və avtomobil yolundan ibarət deyil. Enerji və rəqəmsal infrastrukturun da marşruta inteqrasiyası nəzərdə tutulur. Bu baxımdan TRIPP-in Cənubi Qafqazı daha geniş Trans-Xəzər Ticarət Marşrutuna, başqa sözlə, Orta Dəhlizə bağlayan çoxfunksiyalı bağlantıya çevrilməsi gözlənilir.
Azərbaycan üçün layihənin əhəmiyyəti olduqca böyükdür. TRIPP-in reallaşması Azərbaycanın əsas hissəsindən Naxçıvana, oradan isə Türkiyəyə çıxış imkanlarını genişləndirə və ölkənin Şərq-Qərb nəqliyyat bağlantısında rolunu daha da gücləndirə bilər. Marşrutun Orta Dəhlizlə inteqrasiyası isə Mərkəzi Asiya və Çindən Avropaya uzanan ticarət və logistika xəttinin yeni bağlantı əldə etməsinə imkan yaradacaq.
Azərbaycan ərazisində də layihəyə uyğun infrastrukturun hazırlanması davam edir. Xüsusilə Horadiz–Ağbənd istiqamətində inşa olunan dəmir yolu və avtomobil yolu gələcəkdə Ermənistan ərazisində yaradılacaq bağlantı ilə birləşdirilməlidir. Marşrutun Azərbaycan və Ermənistan hissələrinin paralel şəkildə hazırlanması TRIPP-in praktiki icrasının mühüm elementlərindən birini təşkil edir.
TRIPP-in siyasi əhəmiyyəti də ötən 1 il ərzində qorunub saxlanılıb. Avqustun 8-də, Vaşinqtonda əldə edilmiş razılaşmanın birinci ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp səviyyəsində layihə yenidən gündəmə gəlib. Bu, TRIPP-in ABŞ-ın Cənubi Qafqaz siyasətində prioritet istiqamətlərdən biri olaraq qaldığını göstərir.
Hazırkı mərhələdə TRIPP-in qarşısında duran əsas vəzifələr hüquqi və institusional mexanizmlərin tamamlanması, mühəndislik və layihələndirmə işlərinin başa çatdırılması, maliyyənin səfərbər edilməsi və tikintiyə başlanmasıdır. ABŞ-ın 201 milyon dollarlıq Trans-Xəzər Müəssisə Fondunun maliyyəsini elan etməsi, Ermənistan ərazisində mühəndislik işlərinin başlanması və Azərbaycan ərazisində müvafiq infrastrukturun tamamlanmaq üzrə olması layihənin siyasi razılaşmadan praktiki icra mərhələsinə keçidini sürətləndirir.
Sonda tam əminliklə qeyd edə bilərik ki, TRIPP artıq yalnız Azərbaycanla Ermənistan arasında nəqliyyat bağlantısı layihəsi kimi deyil, Cənubi Qafqazı Mərkəzi Asiya və Avropa ilə birləşdirən daha geniş geoiqtisadi layihə kimi formalaşır. Onun reallaşması Orta Dəhlizin imkanlarını genişləndirə, regionun tranzit əhəmiyyətini artıra və nəqliyyat, enerji, rəqəmsal bağlantı və özəl investisiyalar sahəsində yeni əməkdaşlıq imkanları yarada bilər. ABŞ-ın layihəyə siyasi və maliyyə dəstəyi isə TRIPP-in Cənubi Qafqazın yeni nəqliyyat və iqtisadi arxitekturasının əsas elementlərindən birinə çevrilmək iddiasını daha da gücləndirir.
Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı
Bir il öncə imzalanan Vaşinqton anlaşmasının əsas məqamlarından biri də Zəngəzur dəhlizi və bu xəttin bir elementi olacaq “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) reallaşması ilə bağlı əldə edilən razılaşma və ötən müddətdə görülən işlərdir. Azərbaycanın əsas hisəsi ilə Naxçıvan arasındakı maneəsiz keçidi təmin edəcək bu dəhliz bütövlükdə regionun inkişafına xüsusi töhfə verəcək.
Zəngəzur dəhlizi regionun inkişafında xüsusi paya malik olacaq. Yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına da imkan yaradacaq. Qitələr arasındakı ticarət dövriyyəsinin 200 milyard dollar artacağı gözlənilir. Yüklərin 10-15 faizinin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan yaxın gələcəkdə ildə 3 milyard dollar tranzit gəliri əldə edəcək. 10 illik proqnozlara əsasən, Zəngəzur dəhlizi 50 milyard dollar gəlir formalaşdırmaq və 60 mindən çox yeni iş yerinin yaradılmasına töhfə vermək potensialına malikdir.
Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinə inteqrasiya olunacaq. Nəticədə, Orta Dəhlizin də genişlənməsinə imkan yaradacaq ki, bu da Azərbaycanın Zəngəzur dəhlizinin istifadəyə verilməsi nəticəsində beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etməsi deməkdir. Eyni zamanda, alternativ yollarla öz məhsullarını yeni bazarlara ixrac etmək imkanı qazandıracaq.
Zəngəzur dəhlizi, həmçinin Türk dünyasını birləşdirəcək quru nəqliyyat dəhlizidir. Bu baxımdan, Zəngəzur dəhlizinin istifadəyə verilməsi həm Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında quru yolu ilə kommunikasiyanın bərpasına, Naxçıvanın blokadadan çıxmasına, həm də Azərbaycan daxil olmaqla bütövlükdə Türk dünyasının iqtisadi inkişafına töhfə deməkdir.
Musa BAĞIRLI
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 11 Avqust 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















