TRIPP və Ermənistanın sərhədlərinə nəzarət
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Nikol Paşinyan nə deyir, nəyi çatdırmağa çalışır?
Ermənistan dövlət sərhədinin bütün sahələrinin mühafizəsini tədricən öz sərhəd xidmətinə vermək, bununla da Rusiya sərhədçilərinin funksiyalarını daha da məhdudlaşdırmaq niyyətindədir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentinin daimi komissiyalarının 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş birgə iclasında bəyan edib. Hökumət başçısının sözlərinə görə, dövlət sərhədinə nəzarətin Ermənistan sərhədçilərinə verilməsi milli sərhəd xidmətinin imkanlarının inkişafı ilə paralel olaraq mərhələli şəkildə həyata keçiriləcək.
N.Paşinyan barəsində söz açdığı məsələ xüsusunda bəzi detalları da açıqlayıb. Onun sözlərinə görə, proses müəyyən islahatlar mərhələsindən keçməlidir. Nikol bu baxımdan rəhbərlik etdiyi hakimiyyətin artıq bir neçə ildir Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının səlahiyyətlərini ardıcıl şəkildə genişləndirdiyini vurğulayıb və deyib ki, əvvəllər Rusiya sərhədçilərinin xidmət apardığı buraxılış məntəqələri və dövlət sərhədinin ayrı-ayrı sahələri tədricən erməni sərhədçilərinin nəzarətinə verilir.
***
Xatırladaq ki, 2024-cü ilin avqustundan etibarən Rusiya sərhədçiləri İrəvanın “Zvartnots” beynəlxalq hava limanında xidmətlərini dayandırıblar. 2025-ci ilin yanvarından isə İranla sərhəddə yerləşən “Aqarak” nəzarət-buraxılış məntəqəsində onların fəaliyyəti başa çatıb. Habelə, 2025-ci ilin martından etibarən Ermənistan sərhədçiləri Türkiyə ilə sərhəddəki “Marqara” buraxılış məntəqəsində müstəqil şəkildə xidmət aparırlar. 2026-cı ilin əvvəlindən Ermənistan-Türkiyə sərhədində yerləşən “Axurik” buraxılış məntəqəsində də analoji qayda tətbiq olunur. Beləliklə, Ermənistanın dövlət sərhədində fəaliyyət göstərən bütün buraxılış məntəqələri artıq tam şəkildə Ermənistanın sərhəd xidmətinin nəzarəti altındadır.
Bununla belə, Rusiya sərhədçilərinin Ermənistandakı mövcudluğuna tamamilə son qoyulmayıb. 1992-ci ildə imzalanmış dövlətlərarası sazişə əsasən, onlar Türkiyə və İranla sərhədlərinin ayrı-ayrı sahələrinin mühafizəsində iştiraklarını davam etdirirlər. Paşinyan isə bu il aprelin 30-da bildirmişdi ki, Rusiya ilə imzalanmış saziş milli sərhəd qoşunlarının imkanları gücləndikcə sərhəd mühafizəsi funksiyalarının tədricən Ermənistan tərəfinə verilməsini nəzərdə tutur.
Yeri gəlmişkən, Baş nazir bundan əvvəl də hazırda ordu bölmələrinin yerləşdirildiyi Azərbaycanla sərhəd sahələrinin mühafizəsinin mərhələli şəkildə sərhədçilərə həvalə edilməsi niyyətini açıqlamışdı. Onun sözlərinə görə, belə bir keçid delimitasiya prosesinin irəliləməsi və zəruri təhlükəsizlik şəraitinin yaradılması ilə paralel həyata keçirilməlidir.
***
Rəsmi İrəvan dövlət sərhədinin bütövlükdə, milli sərhəd xidmətinin nəzarətinə verilməsinin başa çatdırılması ilə bağlı konkret müddət açıqlamır. Erməni hakim komandası məsələyə son dərəcə ehtiyatla yanaşır, çalışır ki, Rusiyanı qıcıqlandırmasın. Əlbəttə, demək olmaz ki, Kremldə Ermənistan hakimiyyətinin sərhəd nəzarəti sahəsində reallaşdırdığı tədbirlərdən qıcıqlanmırlar. Qıcıqlanırlar, sadəcə, deyiləcək və təsir göstəriləcək heç nə yoxdur. Son illərin hadisələri də Paşinyan və komandasının bu təzyiqlər qarşısında geri çəkilmədiyini göstərir.
Belə bir durumda ən yaxşı tədbir susqunluğu saxlamaqdır ki, onu da Rusiya rəsmiləri edirlər. Onlar Paşinyan iki il əvvəl İrəvanın “Zvarnots” hava limanında rus sərhədçilərinin xidmətinin dayandırılması zamanı onlara göstərdikləri xidmətə görə təşəkkürünü çatdırıb erməni hərbçilərinin artıq sərhəd qorumaq sahəsində təcrübə qazandıqlarını deyəndə də susmuşdular.
Bir məqamı da vurğulayaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri Birgə Bəyannamə imzalayıb həmin sənədin mühüm müddəasının “Beynəlxalq Sülh və Rifah naminə Tramp yolu”, yəni TRIPP olduğunu bəyan edəndə, Kremlin müəyyən dairələrində bu anlaşmanı gözdən salmaq yönümündə bəzi fikirlər səslənmişdi. Yenə də ara-sıra dilə gətirilməkdə olan həmin fikirlərin məğzində TRIPP-in keçdiyi ərazilərdə rus hərbçilərinin mövcudluğu faktı qabardılmışdı. Belə təəssürat yaranmışdı ki, Rusiyada kimlərsə bu mövcudluğu böyük beynəlxalq layihə qarşısında “majino xəttinə” çevirmək niyyəti güdür. Doğrudur, bu ritorika o qədər də geniş yayılmadı və yayıla bilməzdi. Açığı, Ermənistan hakimiyyəti də məsələnin üzərində xüsusi dayanmadı. Amma elə həmin vaxt da məlum idi ki, TRIPP həyata vəsiqə qazanmağa başlayınca onun keçəcəyi ərazilərdəki rus hərbçiləri məsələsi aktuallaşacaq.
Əlbəttə, hazırda belə bir aktuallaşmanın olduğunu söyləməkdən uzağıq. O anlamda ki, Rusiyadan məsələyə dair hansısa əks reaksiyalar yoxdur və belə bir durumda Ermənistanda bəzi fikirlər yayılmaqdadır. Məsələn, ölkə Baş nazirinin müavini Mher Qriqoryan bildirib ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasının növbəti mərhələsi Ermənistanın cənubundakı ərazilərdə həyata keçirilə bilər. M.Qriqoryan ona ünvanlanmış və növbəti delimitasiya mərhələsinin, faktiki olaraq, məhz TRIPP layihəsi ilə əlaqəli ərazilərdən başlaya biləcəyi barədə dəqiqləşdirici suala cavabında da belə bir ehtimalın olduğunu təsdiqləyib: “Düşünürəm ki, bunun ehtimalı yüksəkdir, çünki TRIPP layihəsi sürətlə həyata keçirilməlidir”.
Ümumən, Sünik istiqamətində, yəni Zəngəzurda sərhədlərin delimitasiyası yalnız Azərbaycanla Ermənistan arasında ərazi və suverenlik məsələlərinin hüquqi dəqiqləşdirilməsi deyil. Proses regionda onilliklər ərzində formalaşmış təhlükəsizlik münasibətlərinin yenidən nəzərdən keçirilməsinə, Rusiyanın ənənəvi hərbi-siyasi mövqelərinin transformasiyasına şərait yarada bilər. Əlbəttə, mövcud trayektoriyada ABŞ-ın Cənubi Qafqazdakı iştirakının institusional xarakteri üzərində də dayananlar var.
Doğrudur, delimitasiya özlüyündə Rusiya hərbçilərinin ərazidən çıxarılması demək deyil. Ümumən, rəsmi İrəvanın məsələ xüsusunda xeyli ehtiyatlı davrandığını da diqqətə çatdırdıq. Amma aydındır ki, sərhədlərin müəyyənləşdirilməsi və yeni nəqliyyat infrastrukturunun yaradılması rus sərhədçilərinin indiki mövcudluğunun hüquqi-siyasi və praktiki əsaslarını yenidən müzakirə predmetinə çevirəcək.
Nəzərə alaq ki, TRIPP həm də yeni təhlükəsizlik mexanizminin formalaşması zərurətini meydana çıxarır. Axı onun fəaliyyəti üçün Ermənistanın dövlət orqanlarının, ABŞ-ın texniki dəstəyinin və layihənin operatorlarının iştirakı ilə yeni idarəetmə modeli yaradılmalıdır və bu barədə söz açılır. Nəqliyyat və sərhəd infrastrukturunun yeni model əsasında qurulması isə Rusiyanın bölgədəki əvvəlki hərbi mövcudluq parametrini sıradan çıxara bilər.
Burada mühüm bir hüquqi məqam da var. Məsələ ondadır ki, 2026-cı il mayın 26-da imzalanmış Ermənistan-ABŞ TRIPP Çərçivə Sazişinin 8-ci maddəsinə əsasən, Ermənistan öz sərhədləri və gömrük əməliyyatları üzərində tam suverenliyini və yurisdiksiyasını saxlayır. Sərhəd təhlükəsizliyi, hüquq-mühafizə və gömrük nəzarəti Ermənistan dövlət orqanlarının səlahiyyətində qalır. Bu müddəa habelə hansısa kənar dövlətin də hərbi mövcudluq məsələnin yolverilməzliyini, Ermənistanın sərhədləri üzərində nəzarəti məsələsini, bir növ, ehkamlaşdırır. Başqa sözlə desək, ortada Birləşmiş Ştatlar durumu qəbul edirsə, digər dövlətlər də qəbul etməlidir kimi mesaj var.
Əvəz CAHANGİROĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 04 Noyabr 2026 00:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















