Icma.az
close
up
RU
Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bahalı qapılar” şanlı keçmişlə tanışlığın qarşısını kəsir

Böyük Türk dünyasının əzəmətli ünvanı Türkiyə yalnız qardaş dövlətin adı deyil. Bu ölkə əsrlərin yaddaşını, böyük imperiyaların izlərini, fatehlərin iradəsini, mütəfəkkirlərin düşüncəsini və milyonlarla insanın taleyini özündə birləşdirən nəhəng tarixi coğrafiyadır. Bu coğrafiyanın İstanbul səhifəsi isə tamam başqa bir aləmdir. İstanbulun hər daşı, hər küçəsi, hər meydanı, sanki, tarixlə danışır.

Fatehlərin arzuları, mütəfəkkirlərin düşüncələri, imperiyaların yüksəlişi və süqutu bu şəhərin yaddaşında bir-birinə qarışaraq böyük bir sivilizasiya mənzərəsi yaradır. İstanbul haqqında əsrlər boyu söylənmiş fikirlər və bu şəhərin uğrunda aparılmış mübarizələr onun Türk dünyası üçün nə qədər böyük mənəvi və tarixi məna daşıdığını bir daha göstərir. Azərbaycanda haqlı olaraq deyirlər: Ankara Türkiyənin, İstanbul Türk dünyasının baş şəhəridir. İstanbul həm də Şərqin Qərblə qovuşduğu sivilizasiya mərkəzidir.

Əlbəttə, bu fikirləri əsaslandırmaq üçün saysız-hesabsız nümunələr gətirmək, tarixin müxtəlif səhifələrinə müraciət etmək mümkündür. Xüsusilə Azərbaycan–Türkiyə münasibətlərinin keçdiyi tarixi yola nəzər saldıqda bu bağlılığın sadəcə siyasi maraqlardan deyil, ortaq dil, mədəniyyət, yaddaş və taledən qaynaqlandığını görürük. Bu gün Şuşa Bəyannaməsi ilə münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi isə həmin tarixi bağlılığın müasir dövrdə yeni məzmun qazandığını və qarşılıqlı etimad üzərində yeni bir tarix səhifəsinin açıldığını göstərir.

Bütün bunlarla fəxr edir, qürur duyuruq. Lakin tarix yalnız qürur duyduğumuz səhifələrdən ibarət deyil. Tarixin bizə yaşatdığı ağrıları, həllini gözləyən problemləri və qarşıda duran məsuliyyətləri də unutmamaq lazımdır. Çünki keçmişi bütöv görmək gələcəyi daha doğru qurmağın ən mühüm şərtlərindən biridir.

Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini bərpa edən türk dövlətləri qısa tarixi müddətdə böyük uğurlara imza atdılar. Dövlətçilik institutlarını möhkəmləndirdilər, beynəlxalq aləmdə öz yerlərini tutdular, bir-biri ilə siyasi, iqtisadi və mədəni əlaqələri genişləndirdilər. Lakin bütün bu nailiyyətlərə baxmayaraq, Türk dünyasının qarşısında hələ də həllini gözləyən məsələlər, ortaq fəaliyyət və daha sıx əməkdaşlıq tələb edən amillər qalmaqdadır.

Maraqlıdır ki, bu problemlərin bir qismi heç də yeni deyil. Onların bəziləri düz 100 il əvvəl — 1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultayda müxtəlif aspektlərdən müzakirə olunmuşdu. O zaman türk xalqlarının dil, əlifba, təhsil, mədəni əlaqələr və qarşılıqlı yaxınlaşması kimi məsələlər ətrafında səslənən fikirlərin bir qismi bu gün də aktuallığını qoruyur. Deməli, aradan keçən bir əsr yalnız böyük dəyişikliklərin deyil, bəzi məsələlərin hələ də tam həllini tapmadığının da şahididir.

Bu mənada, Bakı Türkoloji Qurultayından Şuşa Bəyannaməsinə qədər uzanan yol təkcə tarix deyil, həm də gələcəyə yönəlmiş bir düşüncə xəttidir. Bir əsr əvvəl ziyalıların qarşıya qoyduğu suallar bu gün başqa siyasi və tarixi şəraitdə yenidən qarşımızda dayanır. Fərq ondadır ki, bu gün onların həlli üçün müstəqil dövlətlərimiz, daha geniş imkanlarımız və ortaq iradəmiz var.

İstanbuldan geriyə baxanda tarix bizə yalnız nədən gəldiyimizi deyil, hara getməli olduğumuzu da xatırladır. Böyük Türk dünyasının gələcəyi keçmişin şöhrəti ilə yanaşı, həmin ortaq tarixi mirası müasir dövrün tələblərinə uyğun şəkildə gələcəyə daşımaq bacarığımızla müəyyənləşəcək. Gördüklərim və İstanbulun mənə verdiyi ən böyük dərs elə budur: böyük tarixlə fəxr etmək kifayət deyil; böyük tarixin məsuliyyətini də daşımaq lazımdır.

Muzeylər və ortaq mədəni irs

Əslində, Türkiyənin İzmirindən Ərzuruma, Antalyadan Bodruma, Amasiyadan Trabzona, Samsundan adını çəkmədiyim neçə-neçə şəhərinə qədər müxtəlif muzeylərdə gördüklərim İstanbul səfərində özünün ən yüksək nöqtəsinə çatdı. Hər şəhərdə qarşıma çıxan tarixi eksponatlar, qorunan mədəni irs nümunələri və keçmişin bu günə daşınan izləri məndə eyni hissi gücləndirirdi: Türkiyəni muzeylərsiz təsəvvür etmək qeyri-mümkündür.

Muzeylərə giriş qiymətlərinin kifayət qədər yüksək olması ilk baxışda diqqəti cəlb edir. Lakin bunu yalnız bugünkü iqtisadi reallıqlar kontekstində qiymətləndirərək məsələnin əsas mahiyyətinə çevirmək istəməzdim. Məni daha çox düşündürən başqa bir məqamdır – xüsusilə xarici vətəndaşlar üçün müəyyən edilən yüksək qiymətlər.

Təbii ki, “dünyanın bir çox ölkəsində də belədir” deyə bilərsiniz. Hətta Azərbaycanda da belə fərqlər mövcuddur. Olsun. Mənim sualımın mahiyyəti qiymətin özündən daha çox onun yanaşma fəlsəfəsi ilə bağlıdır. İstər azərbaycanlı, istər qırğız, qazax, xakas, qaqauz, istərsə də türk dünyasının başqa bir parçasının nümayəndəsi olum, İstanbulun tarixi muzeylərinin qapısında mənimlə bir ingilis, fransız, polyak, alman və ya dünyanın başqa ölkəsindən gələn ziyarətçi arasında heç bir fərqin olmaması məni düşündürür.

Bu gözləntini Çin, Fransa, Almaniya və ya Avropanın başqa ölkələrindəki muzeylərə münasibətdə irəli sürməzdim. Çünki burada söhbət sadəcə turistlə muzey arasındakı münasibətdən getmir. Türkiyə mənim üçün sıradan bir xarici ölkə deyil. İstanbulun tarixi mənim tariximin də bir parçasıdır. Topqapı Sarayı Muzeyində, Dolmabağça Sarayında, Ayasofyada, Türk və İslam Əsərləri Muzeyində qarşıma çıxan mədəni irs nümunələrinin bir çoxu mənim də daxil olduğum böyük türk və islam coğrafiyasının ortaq yaddaşını yaşadır. Məhz Topqapı kimi tarixi məkanlarda gördüklərim məni daha ciddi şəkildə düşünməyə vadar etdi: ortaq tarixə, ortaq mədəniyyətə və böyük bir sivilizasiya yaddaşına sahib xalqlar arasında muzeylərə çıxış məsələsində daha xüsusi bir yanaşma mümkün deyilmi?

Burada bir məqam da diqqətimi çəkdi: Türkiyədə Mədəniyyət və Turizm Nazirliyinə bağlı muzeylərdə yerli və xarici mətbuat kimlik kartı sahibləri üçün pulsuz giriş hüququ nəzərdə tutulduğu halda, ziyarət etdiyim bəzi muzeylərdə bu imkan barədə məlumatlı olmadıqlarını bildirdilər. Çanaqqaladakı Troya Muzeyində məsələyə anlayışla yanaşılsa da, İstanbulda bəzi muzeylərdə jurnalist vəsiqəsinin yaratdığı imkanların tanınmaması təəccüb doğurdu. Əlbəttə, hər muzeyin tabe olduğu quruma və öz idarəetmə sisteminə uyğun giriş qaydaları ola bilər. Lakin jurnalistin mədəni irsin təbliğindəki xüsusi missiyası nəzərə alınaraq bu məsələdə daha vahid və aydın tətbiqin olması məqsədəuyğun görünür. Bu baxımdan, Panorama 1453 Tarix Muzeyində 65 yaşdan yuxarı ziyarətçilərdən giriş haqqı alınmaması xüsusilə təqdirəlayiqdir. Bu, yalnız maddi güzəşt deyil, yaşlı nəslə, onların tarixə və mədəniyyətə olan marağına göstərilən ehtiramın ifadəsidir.

Bütün bunları Türkiyənin zəngin muzeyçilik ənənəsinə irad tutmaq üçün yox, onun daha da zənginləşməsini arzuladığım üçün yazıram. Çünki İstanbul muzeyləri, eksponatların qorunduğu məkanlardan əlavə, ortaq yaddaşımızın canlı səhifələridir. Bəlkə də gələcəkdə onların qapısından içəri girənləri yalnız “xarici” və “yerli” ziyarətçi kimi deyil, ortaq tarixin müxtəlif coğrafiyalarda yaşayan varisləri kimi görmək barədə düşünmək lazımdır.

Doğma şəhərin “yad” qardaşları

Topqapı Sarayında gördüklərimdən isə etiraf edim ki, xoşhal olmadım. Məsələ yalnız qiymətdə deyildi. Türkiyə vətəndaşları üçün 500 türk lirəsi (təxminən 17 azn) olan muzey girişinin xarici vətəndaşlar üçün 2750 lirəyə (təxminən 100 azn) yüksəlməsi, təbii ki, diqqət çəkir. Gecə turlarının qiyməti isə xaricilər üçün daha bahadır: 4 min türk lirəsi (təxminən 160 AZN). Amma yenə deyirəm: məsələ təkcə bahalı bilet məsələsi deyil. Məni düşündürən və içimi ağrıdan başqa, daha dərin bir məqam var. Nə üçün Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Başqırdıstan və Türk dünyasının digər coğrafiyalarından gələn insanlarla ingilis, fransız, alman və ya dünyanın başqa ölkələrindən gələn turist arasında bu tarixi məkana münasibətdə heç bir fərq olmamalıdır?

Axı biz Topqapıya, sadəcə, turist kimi gəlmirik. Biz orada öz tariximizin böyük bir parçasının axtarışındayıq. Və yeri gəlmişkən deyim ki, bu mötəbər müzeydə də Azərbaycanla bağlı bəzi təhriflərdən də məmnun olmadım. Bununla belə, burada Osmanlı dövlətinin əsrlər boyu formalaşdırdığı böyük siyasi və mədəni irsə şahidlik edirik. Bu tarixdən qürur duymaq, onu öyrənmək, gələcək nəsillərə çatdırmaq bizim üçün yalnız maraq deyil, həm də mənəvi ehtiyacdır.

Topqapı Sarayında qarşılaşdığım bir mənzərə isə məni xüsusilə sarsıtdı. Biletin yüksək qiyməti səbəbindən özü üçün bilet ala bilməyən, amma övladının qarşısında bunu büruzə verməməyə çalışan və yalnız uşağı üçün bilet alan qırğız, başqırd qardaşlarımızı gördüm. Bu mənzərəyə baxarkən istər-istəməz düşündüm: insan öz tarixini görmək üçün niyə özünü bu qədər məhrum etməli, öz övladının qarşısında niyə belə bir seçim qarşısında qalmalıdır?

Bəlkə də bu sual bir muzey biletindən daha böyükdür. Çünki Topqapı Sarayına daxil olmaq bizim üçün adi bir muzey ziyarəti deyil. Orada gördüyümüz hər bir eksponat, hər bir otaq, hər bir tarixi əşya keçmişin bizə göndərdiyi bir məktub kimidir. O məktubun müəllifləri bizim tariximizin müxtəlif səhifələrində yaşamış insanlardır. Biz isə həmin tarixin bu gün yaşayan varisləriyik. Ona görə də düşünürəm ki, Türk dünyasının birlik ideyasından danışarkən yalnız siyasi sənədləri, iqtisadi layihələri, zirvə görüşlərini və qarşılıqlı bəyanatları xatırlamaq kifayət deyil. Birlik bəzən daha sadə, amma daha mənalı məsələlərdə özünü göstərir. Məsələn, bir qırğızın, qazaxın, özbəyin, azərbaycanlının İstanbulda öz tarixinə daha rahat çıxış imkanında.

Eyni hissi Dolmabağça sarayında da yaşadım. Burada da avropalı turist üçün 2000 türk lirəsi (təxminən 80 AZN) olan giriş bileti azərbaycanlı və ya özbək ziyarətçi üçün dəyişmir. Türk vətəndaşı üçünsə 300 türk lirəsidir (təxminən 10 AZN). Halbuki Dolmabağça bizim üşün sıradan bir saray deyil. 1843-1856-cı illərdə Sultan Əbdülməcidin hakimiyyəti dövründə inşa edilən bu möhtəşəm məkan Osmanlı saray həyatının Topqapıdan Avropa üslublu yeni mərhələyə keçidini simvolizə edir. Lakin onun əhəmiyyəti bununla bitmir. Dolmabağça Sarayı həm də Türkiyənin Cümhuriyyət tarixinin ən təsirli yaddaş məkanlarından biridir. Mustafa Kamal Atatürk ömrünün son günlərini burada keçirib və 10 noyabr 1938-ci ildə bu sarayda dünyasını dəyişib.

Deməli, Dolmabağçanın divarlarında təkcə Osmanlının son dövrünün deyil, Cümhuriyyətin doğuluşunun da izləri yaşayır. Bu saray bir imperiyanın son nəfəsi ilə yeni bir dövlətin ilk addımlarının arasında dayanır. Belə bir məkanı görmək, onun tarixini dinləmək, həmin otaqlarda dayanıb keçmişi düşünmək bir turist üçün maraqlı ola bilər. Amma bir türk üçün bunun mənası başqadır.

İnsan Dolmabağçada Atatürkün son günlərini düşünəndə, Topqapıda Osmanlı tarixinin əsrlərinə şahidlik edəndə, sadəcə, muzey eksponatlarına baxmır. O, özünün kim olduğunu, haradan gəldiyini, hansı böyük tarixin varisi olduğunu düşünür. Buna görə də hər bir azərbaycanlının, özbəyin, qazaxın, qırğızın, başqırdın və bütövlükdə, Türk dünyasının övladlarının bu məkanları görməsi, öz tarixini yaxından tanıması mənəvi baxımdan son dərəcə qiymətlidir. Bəlkə də məsələni belə qoymaq daha doğrudur: biz bu saraylara turist kimi deyil, tarixin övladları kimi daxil olmaq istəyirik.

Çünki tariximizin qapısında özümüzü yad hiss etmək ağırdır. Və əgər Türk dünyasının birliyini gələcək nəsillərə yalnız siyasi şüar kimi deyil, bir duyğu kimi ötürmək istəyiriksə, o zaman həmin nəsillərə öz ortaq tarixlərinin qapılarını daha geniş açmağın yollarını da düşünməliyik. Bir uşağın Topqapının həyətində dayanıb “bu tarix mənim də tariximdir” deyə bilməsi bəzən yüz siyasi bəyanatdan daha güclü birlik hissi yarada bilər.

Bütün bunların üzərinə bir məqamı da əlavə etmək istərdim. Bu muzeylərə peşəkar bələdçinin müşayiəti ilə daxil olmaq istədikdə qiymətlər daha da yüksəlir. Səbəblər müxtəlif ola bilər, amma onların içərisində ən barizi ziyarətçinin xarici vətəndaş olmasıdır. Mən isə məsələyə yalnız bir turistin narazılığı kimi baxmıram. Çünki burada söhbət bir qədər də böyük bir düşüncədən – ortaq tarixə və ortaq mədəni irsə münasibətdən gedir.

Türk birliyi təkcə söz olmamalıdır

Türk dünyasının birliyi haqqında çox danışırıq. Bu birlik siyasi sənədlərdə, dövlətlərarası münasibətlərdə, iqtisadi layihələrdə və beynəlxalq platformalarda getdikcə daha aydın görünür. Amma birlik yalnız böyük tribunaların mövzusu olmamalıdır. O, insanın gündəlik həyatında, özünü hansısa başqa türk ölkəsində yad deyil, doğma hiss etməsində də yaşamalıdır.

Mən istərdim ki, muzeylər bu baxımdan Türk dünyasının yeni və nümunəvi həmrəyliyinin ünvanına çevrilsin. İstanbulda, Bakıda, Daşkənddə, Səmərqənddə, Buxarada, Bişkekdə, Astanada, Almatıda və Türk dünyasının digər şəhərlərində tarixin qapıları hər bir türk üçün daha rahat açılsın. Azərbaycanlı Türkiyədə, qazax Özbəkistanda, qırğız Azərbaycanda özünü, sadəcə, xarici vətəndaş kimi deyil, ortaq tarixin sahib və varislərindən biri kimi hiss edə bilsin.

Bunun üçün mütləq böyük güzəştlər tələb olunmaya da bilər. Bəzən birgə qərar, qarşılıqlı razılaşma və ortaq iradə kifayətdir. Türk dövlətlərinin vətəndaşları üçün muzeylərdə yerli vətəndaşlara yaxınlaşdırılmış, yaxud xüsusi “Türk dünyası” tarifi müəyyənləşdirilə bilər. Bələdçi xidmətlərində də eyni yanaşmanın tətbiqi mümkündür. Bu, sadəcə, maddi güzəşt olmayacaq. Bu, ortaq tarixə verilən mənəvi qiymətin ifadəsi olacaq.

Çünki etiraf edək ki, Bakıda da, Daşkənddə də, Buxarada da, Bişkekdə də və Türk dünyasının başqa məkanlarında belə məsələlərlə bağlı hələ də təəccüb doğuran nümunələrə rast gəlmək mümkündür. Halbuki bir əsr əvvəl Bakıda I Türkoloji Qurultayda müzakirə olunan ortaq dil, mədəniyyət və yaxınlaşma ideyalarının bu gün artıq yalnız müzakirə mövzusu deyil, həyatın özündə gerçəkləşən reallığa çevrilməsinin vaxtıdır. Bəlkə də Türk dünyasının birliyini ölçməyin ən doğru yollarından biri elə budur: bir türk başqa bir türk ölkəsinin muzeyinə daxil olarkən özünü nə qədər doğma hiss edir?

Əgər biz ortaq tariximizlə fəxr ediriksə, həmin tarixin qapılarını da bir-birimiz üçün açıq saxlamağı bacarmalıyıq. Çünki tarix yalnız keçmiş deyil; o, bizi birləşdirən görünməz bağdır. Muzeylər isə həmin bağın qorunduğu məkanlardır.

İstanbul səfərimdən məndə qalan əsas düşüncə də budur: Türk dünyasının birliyi əvvəlcə insanların qəlbində, sonra isə qaydalarında özünü göstərməlidir. Bir gün İstanbulun Topqapı və Dolmabağça saraylarında, Bakının, Daşkəndin, Buxaranın və digər türk şəhərlərinin muzeylərində Türk dünyasının vətəndaşlarının qapıdan “xarici” kimi deyil, ortaq tarixin doğma sahibləri kimi keçməsi, məncə, qurmaq istədiyimiz böyük birliyin ən gözəl və ən mənalı nümunələrindən biri olar. Çünki ortaq tarix bizi birləşdirirsə, onun qapıları da bir-birimizin üzünə açıq olmalıdır.

Namiq QƏDİMOĞLU,
Əməkdar jurnalist
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Oktyabr 2026 01:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri