Türk qapısına gedən yol və Naxçıvanın muxtariyyət statusu
Bu il Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olur. Keçilən keşməkeşli yollar müstəmləkəçi dövlətlərin maraqlarının toqquşduğu, iddiaların artdığı bir dövrə təsadüf edir. Bu tarixi reallıqları təhlil edə bilmək üçün o dövrün siyasi mənzərəsinə qısaca bir ekskurs etmək lazım gəlir. Xəritəyə nəzər yetirildiyi zaman Naxçıvan bu xəritədə çox kiçik bir yeri təşkil edir. Xəritədə zərrə qədər görünsə də, geosiyasi mövqeyi baxımından böyük bir əhəmiyyət kəsb edən bu diyar bütün Türk dünyasını bir-birinə bağlayan bir koridor və əlaqələri təmin edən bir körpü vəzifəsini ifa edir. Dahi Atatürkün ifadəsilə, Naxçıvan “Türkün qapısı”dır. Bu qapının açıq olması demək Türk Dünyasının beynəlxalq siyasətdə güc qazanması, Türk Dünyasını formalaşdıran dövlətlərin güclü olması mənasına gəlir. Məhz bu baxımdan XX əsrin əvvəllərində “Türk qapısı”nı aradan qaldırmağa çalışan böyük güclər ermənilərə hərtərəfli hərbi və maddi yardım göstərərək bölgədəki türk izlərini silməyə çalışmışlar. Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqları, bu kontekstdə onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanla bağlı planları “tarixi Şərq məsələsi”nin ayrılmaz tərkib hissəsi kimi xarakterizə olunmalıdır. İnkaredilməz faktdır ki, tarixən hər bir böyük güc öz imperialist siyasətini həyata keçirərkən müxtəlif bəhanələrdən və amillərdən istifadə etmişdir. Hal-hazırda dünyada baş verən hadisələrdə, böyük güclərin geosiyasi maraqlarında da bu amilləri müşahidə etmək mümkündür. XX əsrin əvvəllərində Rusiyanın, İngiltərənin və ABŞ-ın Cənubi Qafqazda öz geosiyasi maraqlarını həyata keçirməsində başlıca rol oynayan amillərdən biri məhz ermənilər idi. Qeyd etmək lazımdır ki, ermənilər bu dövlətlərin geosiyasi maraqlarının icrasına çevrilsələr də, öz növbəsində dünyanın bu böyük güclərindən gələcəkdə qurulması planlaşdırılan “Ermənistan dövləti” üçün öhdəliklər tələb etmişdilər. Yəni böyük güclərlə ermənilər arasındakı əlaqələrə bir növ “qarşılıqlı istifadə və faydalanma” münasibətləri çərçivəsində yanaşıla bilər.
Müxtəlif dövrlərdə ermənilərdən faydalanaraq qarşılıqlı əməkdaşlıq çərçivəsində formalaşan böyük güclərin siyasətləri Qafqazdakı Azərbaycan türkləri, o cümlədən naxçıvanlılar üçün fəlakət mənbəyi olaraq ortaya çıxmış və minlərlə azərbaycanlının ermənilər tərəfindən soyqırımına məruz qalmalarına səbəb olmuşdur. Hətta Naxçıvan bu dövlətlərin təhriki və dəstəyi sayəsində ermənilərə peşkəş də çəkilmişdi. Lakin xalqın əzmli müqaviməti, görkəmli siyasi xadimlərin müdrik siyasəti, o cümlədən Türkiyənin yardımı sayəsində Naxçıvanın ermənilərə verilməsinin qarşısı alındı. Bu kimi məsələlərin mahiyyətinin araşdırılması və təhlil edilməsi son dərəcə elmi, siyasi əhəmiyyət kəsb edir.
Yuxarıda da qeyd olunduğu kimi, “Türk qapısı” olaraq Naxçıvan dəhlizinin açıq olması Türk Dünyasının beynəlxalq siyasətdə güc qazanması, Türk Dünyasını formalaşdıran dövlətlərin güclü olması deməkdir. Naxçıvan Qars müqaviləsi, dolayısı ilə Türkiyə Cümhuriyyətinin sayəsində “Türk qapısı” olaraq mövcudiyyətini qorumuşdur. XX əsrin əvvəllərindən Naxçıvanın erməni işğalından xilasında, yerli güclərə hərbi və mənəvi dəstəyin verilməsində, güclərin birləşdirilməsində Türkiyənin rolu danılmazdır. Bu dəstək olmasaydı, Naxçıvan “Türk qapısı” kimliyindən məhrum olacaqdı.
Naxçıvanın “Türk qapısı” kimliyinin qorunub saxlanılması, onun ərazi taleyinin müəyyənləşdirilməsi və muxtariyyət statusunun Qars müqaviləsinə əsasən əldə etməsi tarixi həqiqətdir. Lakin bunu da xüsusilə qeyd etmək lazımdır ki, Qars müqaviləsinə gedən yol 1921-ci ilin əvvəlində Naxçıvanda keçirilən referendumdan başlanır. Həmin referendum Azərbaycan İnqilab Komitəsinin 1 dekabr və Ermənistan İnqilab Komitəsinin 26-28 dekabr 1920-ci il tarixli bəyannamələrinə əsasən Naxçıvanın Sovet Ermənistanına verilməsi məsələsi qarşısında Azərbaycanın görkəmli dövlət xadimi, mahir diplomat Behbud ağa Şahtaxtinskinin apardığı qətiyyətli fəaliyyət nəticəsində baş tutmuş və məhz həmin referendumda Naxçıvan əhalisinin yekdil rəyi əsasında bu diyar Ermənistanın tabeliyinə verilməkdən xilas edilmiş, həmişəlik olaraq Azərbaycanın tərkibində qalmaq hüququ qazanmışdır. Bu referendum özünün hərbi-siyasi əhəmiyyətinə görə Qars müqaviləsinin müddəalarına bərabər əhəmiyyətə malik siyasi hadisədir. Əgər Naxçıvanın ərazi taleyinə dair 1921-ci ilin yanvar referendumu keçirilməsəydi, bəlkə də Moskva və Qars müqavilələrinə heç ehtiyac da qalmayacaqdı. Bu, Azərbaycan diplomatiyası tarixində Behbud ağa Şahtaxtinskinin adı ilə bağlı olan, Mərkəzi hökumətlə razılaşdırılmamış nadir və uğurlu diplomatik gedişdir. Şübhəsiz ki, 1 dekabr və 26-28 dekabr 1920-ci il tarixli bəyannamələrin arxasında sırf Mərkəz dayanmışdı. Buradakı əsas məqamlara diqqət çəkmək lazımdır.
Əvvəla, Ermənistan Sovet Sosialist Respublikasının ilkin addımı kimi 29 noyabr 1920-ci ildə İnqilab Komitəsi qurulmuşdu və Sovet Rusiya hökuməti Ermənistanın sovetləşməsini bir an öncə istəyirdi. Hakimiyyət isə Daşnak hökumətinin əlində idi və uzun illərdi ki, müharibə yolu ilə Naxçıvan diyarını əldə edə bilmirdi. Lakin Ermənistanın sovetləşər-sovetləşməz bəyannamələr qəbul etməsi ilə Rusiya ermənilərə onu göstərmək istəyirdi ki, daşnakların illərdən bəri güc yolu ilə ala bilmədiyi Naxçıvan sadəcə bir söz ilə Sovet Ermənistanına verilirdi. Beləliklə, müharibə yolu ilə alına bilməyən ərazilər qələmlə hədiyyə edilərək Daşnak hökuməti gözdən düşürüləcək, əhalinin Sovet idarəsinə alışması və onun nüfuzu təmin ediləcək, ermənilərin torpaq iddiaları təmin olunacaq və digər milli hədəflərinin də reallaşması üçün Sovet Rusiyasına ümid gözü ilə baxılacaqdı. Göründüyü kimi, Rusiya bu yolla öz gələcək perspektivlərini müəyyənləşdirirdi. Lakin mövcud mürəkkəb şəraitdə Mərkəzin bu planını pozan da məhz Behbud ağa Şahtaxtinski oldu. Mərkəzin belə bir planının Behbud ağa Şahtaxtinski kimi bir siyasətçi tərəfindən pozulması məsələsi bir kommunist olmasına baxmayaraq, bu şəxsiyyətin əsl milli siyasətçi və diplomat olmasının da bariz nümunəsidir. Belə bir siyasət, düşünülmüş diplomatiya ilə bütün Türk Dünyasını bir-birinə bağlayan, əlaqələri təmin edən bir körpü kimi Naxçıvanın “türk qapısı” olaraq milli dövlətçilik mövcudiyyətinin qorunub saxlanılması məhz onun sayəsində mümkün olmuşdur. Behbud ağa Şahtaxtinski Rusiya XKS-nin sədri V.İ.Leninə göndərdiyi məktubda Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan narahatlığı çatdırmış, həmin mahalların milli tərkibi və coğrafiyasına dair geniş arayışlar və Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər vermiş, nəticədə bu təkliflər bəyənilərək RK(b)P MK Siyasi Bürosunda müzakirə olunmuş və Azərbaycan SSR tərkibində Naxçıvan SSR-nin təşkil edilməsi haqqında qərar qəbul edilmişdir.
Naxçıvan məsələsi Türkiyə və Rusiya arasında keçirilən görüşlərdə də qızğın müzakirə predmeti olmuşdur. Türk Dünyasına açılan qapı kimi Naxçıvanın Ermənistana qarşı strateji üstünlük təşkil etməsi, əhalisinin tamamilə türk olması Naxçıvanın Türkiyə baxımından əhəmiyyətini artıran əsas səbəblərdəndir. Türk heyəti 2 dekabr 1920-ci il tarixli Gümrü anlaşmasının qüvvədə olduğunu müdafiə edərkən, rus nümayəndələri bu anlaşmanı, dolayısı ilə Türkiyənin Naxçıvan üzərində himayə haqqı olduğunu qəbul etmirdilər. 9 mart tarixli görüşlərdə Naxçıvanın muxtar statusa sahib olması və başqa bir dövlətə verilməməsi şərti ilə himayəsinin Azərbaycana verilməsi qərarlaşdırılmış, digər məsələləri də özündə ehtiva edən Moskva müqaviləsi 16 mart 1921-ci ildə imzalanmışdı. Çox mühüm bir faktı da nəzərə almaq lazımdır ki, müqavilə əslində 18 mart tarixində imzalanmışdı. Lakin ingilislərlə imzaladıqları ticarət anlaşmasından dolayı rusların da mənafeyinə uyğun olduğu üçün müqavilənin altına İstanbulun işğal ildönümü olan 16 mart tarixi qoyulmuşdu.
Türkiyə nümayəndə heyəti Naxçıvanı Türkiyənin himayəsinə ala bilməmişdisə də, regionun Azərbaycan türklərinin əlində qalması təmin edilmiş və Naxçıvan əhalisi bir daha soyqırımına uğrayacağı halda türk ordusunun buna biganə qalmayacağı rəsmi olaraq sənədləşdirilmişdi.
Beləliklə, Naxçıvanın Azərbaycanın himayəsi altında olan muxtar ərazi statusu RSFSR ilə Türkiyə arasında imzalanmış 16 maddə və 2 əlavədən ibarət Moskva müqaviləsində təsbit edildi. Bu müqavilə eyni zamanda Rusiya ilə Türkiyə arasında mövcud olan problemləri də həll etdi. Rusiya və Türkiyə sıx ittifaqda birləşdi, təbii müttəfiqə çevrildilər.
Naxçıvanın statusunun bu müqavilədə əks olunması o dövrdə böyük siyasi əhəmiyyət kəsb edən bir fakt kimi dəyərləndirilməlidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də qeyd etdiyi kimi, əgər Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının, yəni Zəngəzur mahalının vaxtilə Ermənistana verilməsi olmasaydı, bəlkə də heç Naxçıvanın muxtariyyəti də lazım deyildi. Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi.
Moskva müqaviləsinin maddə və şərtlərini daha da konkretləşdirmək və müəyyən mənada tamamlamaq, bununla həm də onu reallaşdırmaq, yəni Türkiyə ilə Cənubi Qafqaz Respublikaları arasındakı həll olunmamış məsələləri, xüsusilə də ərazi problemlərini nizama salmaq məqsədilə yeni konfrans çağırmaq lazım gəldi.
Moskva müqaviləsi ilə şərq sərhədlərini müəyyənləşdirən Türkiyə Qarsda da Cənubi Qafqaz Respublikalarının hər biri ilə ayrı-ayrılıqda müqavilələr imzalamaq istəsə də, Behbud ağa Şahtaxtinskinin “vahid müqavilə bağlanmasının Cənubi Qafqaz Respublikaları və Türkiyə üçün qarşılıqlı surətdə faydalı olduğu, inqilabi zərurətin bunu tələb etdiyi” təklifindən sonra 13 oktyabr 1921-ci il tarixdə ümumi müqavilə imzalandı. 20 maddə və 3 əlavədən ibarət olan bu müqavilənin bir sıra müddəaları Moskva müqaviləsinin müvafiq maddələri ilə uyğun idi. Ümumilikdə isə bu sənəddə qeyri-bərabər hüquqi, zorla qəbul etdirilən müqavilələr, əsas olaraq da Sevr müqaviləsi rədd edilirdi.
18 gün davam edən, çox gərgin və prinsipial şəraitdə keçən Qars konfransında müqavilənin 5-ci maddəsi və 3-cü əlavəsinə əsasən Naxçıvanın Azərbaycanın tərkibində muxtar ərazi statusu təsbit edildi və bu status məsələsində razılığa gələn tərəflər – Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri müəyyən olundu. Qeyd olunan maddədə yazılırdı: “Türkiyə hökuməti, Sovet Ermənistanı və Azərbaycan hökumətləri razıdırlar ki, indiki müqavilənin 3-cü əlavəsində göstərilən sərhədlərdə Naxçıvan vilayəti Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir”.
Müqaviləyə görə, Naxçıvan ərazisinin Türkiyə ilə sərhədi Arazdəyən stansiyasına qədər 11 km. uzunluğunda müəyyən edilmiş, İranla sərhədi isə 176 km. uzunluğunda, yəni 1828-ci il Türkmənçay anlaşmasında müəyyən olunduğu kimi dəyişilmədən saxlanılmışdır.
Müqavilənin əsas məzmunu tərəflərin bir-birilərinin suverenliklərini, ərazi toxunulmazlığını tanımaqdan, hər hansı mübahisəli məsələlərin ancaq dinc yolla həll edilməsi üçün bütün imkanlardan istifadə edilməsindən ibarətdir.
Türkiyə dövlətinin köməyi və mahir diplomat Behbud ağa Şahtaxtinskinin siyasi gedişləri nəticəsində Moskva və Qars kimi beynəlxalq müqavilələrlə Naxçıvanın taleyi həll olunmuş və gələcək siyasi-hüquqi statusu müəyyənləşdirilmişdir. Behbud ağa Şahtaxtinskinin bununla bağlı bəyanatında deyilirdi ki, Naxçıvan vilayəti “Muxtar Xalq Sovetləri Respublikaları” sırasına daxil edilir, eyni zamanda Azərbaycanın himayəsi altına keçir; gənc respublikanın özünün XKS, Azərbaycanın isə yeni dövlətdə nümayəndəsi olacaqdır.
Qars müqaviləsi müddətsiz imzalanmışdır və bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Müqavilə 1922-ci ilin mart-iyun aylarında onu imzalayan ölkələrin qanunverici orqanlarında təsdiq edilmiş və həmin ilin 11 sentyabrında qüvvəyə minmişdir. Qeyd etmək lazımdır ki, Türkiyə Cümhuriyyətinə aid olan İqdır vilayətinin Aralıq-Dilucu məntəqəsi ilə Naxçıvanın Sədərək kəndi arasından keçən Araz çayı vasitəsilə sərhəd təşkil edən həmin 11 km-lik məsafə mühüm strateji əhəmiyyətə malik olduğu üçün XX əsrin əvvəllərində istiqlal savaşı dövründə Mustafa Kamal Paşa tərəfindən alınmışdır. Bu fakt Atatürkün Azərbaycana və onun ayrılmaz parçası olan Naxçıvana bütövlükdə Türk birliyinə münasibətini parlaq şəkildə ifadə edir.
Qars müqaviləsində muxtariyyətin əsası qoyulmuş, Naxçıvan ərazisində Naxçıvan SSR yaradılmış, lakin 16 iyun 1923-cü ildə siyasi və inzibati statusunda dəyişiklik edilən Naxçıvan SSR Naxçıvan diyarına çevrilmişdir. 1924-cü il fevralın 9-da bölgənin inzibati və siyasi statusu bərpa edilərək Naxçıvan MSSR, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.
Müqavilənin əsas tarixi əhəmiyyəti kimi bunu da xüsusilə qeyd etməyi vacib bilirik ki, tarix boyu həsrətində olan Ermənistan bu müqavilə ilə Naxçıvanı qeyd-şərtsiz Azərbaycan torpağı kimi qəbul etmişdir. Beləliklə, illərdən bəri Naxçıvanı ələ keçirmək xüsusunda hər tərəfi qan gölünə çevirən və “Naxçıvansız, Şərursuz Ermənistan mövcud ola bilməz” ideyasından çıxış edən erməni ekspansionizminin önünə sədd çəkilmişdir.
Bu müqavilənin əhəmiyyətindən danışarkən ümummilli liderimiz Heydər Əliyev deyirdi: “... Sovetlər İttifaqı dağılan zaman və Naxçıvana qarşı xəyanətkar əllər uzanan zaman biz bu müqavilələrin Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu dərk edə bildik”.
Bir vaxtlar Mustafa Kamal Paşa Atatürk, Behbud Ağa Şahtaxtinski kimi böyük siyasi xadimlərin sayəsində mövcudiyyətini qoruyan “türk qapısı” Naxçıvan Sovetlər İttifaqının dağılmasından sonra bu dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində varlığını mühafizə etdi. Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsində işlədiyi dövrlərdə ümummilli liderimizin 1992-ci ilin mart ayında Türkiyəyə səfəri zamanı Qars müqaviləsinə yenidən baxılmış, 1921-ci ildə Rusiya ilə bağlanmış və heç kim tərəfindən ləğv edilməyən Moskva və Qars müqavilələrinə əsasən “Türkiyə Naxçıvanın ərazi bütövlüyünün təminatçısıdır” fikri bir daha vurğulanmışdır.
Ümummilli lider Heydər Əliyevin Prezidentliyi dövründə Naxçıvanın muxtariyyət statusu daim onun diqqət mərkəzində olmuşdur. Hazırda bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz həmin siyasətin nəticəsidir ki, bir vaxtlar Qars müqaviləsinə əsasən ərazi taleyi həll edilən Naxçıvan sözün əsl mənasında “türk qapısı” kimi əhəmiyyətini qoruyur və artırır.
Naxçıvanın muxtar respublika statusu onun tarixi taleyində, ərazisinin qorunub saxlanılmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malik olmuşdur. Bu illər ərzində Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz layiqli töhfəsini vermişdir. Ötən il 44 günlük Vətən müharibəsində ölkəmizin əldə etdiyi tarixi Qələbə və bu qələbənin nəticəsi Naxçıvan Muxtar Respublikasının önəmini bir daha ortaya çıxarmışdır. Azərbaycanın öz tarixi ərazisi olan Naxçıvanla quru yolunun açılması ilə bağlı əldə edilmiş razılaşma bu diyarın yaxın gələcəkdə dünyanın aparıcı logistika mərkəzlərindən birinə çevriləcəyindən xəbər verir. Naxçıvan Muxtar Respublikası özünün tarixi inkişaf yolunun ən dinamik və dayanıqlı inkişaf dövrünü yaşayır. Bu gün Naxçıvan Muxtar Respublikası enerji, informasiya, ərzaq və müdafiə təhlükəsizliyi yüksək səviyyədə təmin olunan diyardır. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində daha böyük inkişafa doğru inamla və qətiyyətlə irəliləyir. Təbii ki, bu nailiyyətlərin qazanılması Naxçıvanın muxtariyyət statusunu daha da möhkəmləndirir.
Azərbaycan Respublikası Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad olunması uğrunda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Milli Ordumuz 44 günlük haqq savaşında şərəfli və tarixi qələbə qazanmışdır. 44 günlük Vətən müharibəsindən ötən 3 il ərzində Azərbaycanın mövqeyi daha da möhkəmləndi. 2023-cü ilin sentyabrın 19-da isə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam təmin etdi. 24 saatdan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış erməni silahlı birləşmələri təslim olaraq bütün şərtləri qəbul etdilər. Ərazi bütövlüyümüzün bərpası və Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsi dövlətimizin gücünü, Azərbaycan xalqının iradəsini və qalib xalqın Prezidentinin sözü ilə əməlinin bir olduğunu nümayiş etdirdi.
Beləliklə, müharibənin başa çatdırılması və işğal edilmiş ərazilərimizin azad olunması ilə bağlı Azərbaycan xalqı qarşısında verilən vədlər və götürülmüş öhdəliklər yerinə yetirilmişdir. Azərbaycan XXI əsrdə Zəfər paradı keçirən ilk və yeganə dövlətdir. 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dünyanın ən nüfuzlu təşkilatları həll edə bilmədikləri halda, Prezident İlham Əliyev rəşadətli Milli Ordumuzun gücü ilə cəmi 44 gün ərzində icra etdi. 2020-ci noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın Baş nazirinin imzaladıqları birgə bəyanat Ermənistanın kapitulyasiyası, ölkəmizin isə tarixi qələbəsinin nəticəsi idi.
Bu bəyanatın imzalanmasından 2 ay sonra, 11 yanvar 2021-ci ildə Rusiya Federasiyasının Prezidenti Putin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada zəruri məsələləri müzakirə etmək üçün bir araya gələrək müştərək bəyanat imzaladılar. Bu bəyanat 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın daha da dəqiqləşdirilməsi baxımından son dərəcə böyük əhəmiyyət daşıyır. Görüşdə tərəflərin Baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun və ekspertlərdən ibarət alt işçi qrupların yaradılması ilə nəqliyyat infrastrukturunun və bölgə iqtisadiyyatının inkişafı üçün konkret planların təqdim edilməsi qərarlaşdırıldı. Görüşlərin məzmunu bloklanmış vəziyyətdə olan iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsindən ibarətdir.
Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanmış bəyanatda nəzərdə tutulan ən mühüm məsələlərdən biri də Azərbaycanla Naxçıvan arasında quru yolunun açılmasıdır. Bu yol Naxçıvan üçün çox mühümdür. Məlum olduğu kimi, bu yol keçən əsrin 80-ci illərinin axırlarında məlum səbəblərə görə ermənilər tərəfindən bağlanmışdı. Bununla da Azərbaycanın Naxçıvanla quru əlaqəsi tamamilə kəsilmiş, muxtar respublika blokadaya düşmüşdü. Günümüzdə isə Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və təkidi ilə Ermənistan ərazisindən Naxçıvana yol açılması müzakirə edilən prioritet məsələlərdəndir. Bununla bağlı Prezident İlham Əliyevin dediklərini xatırlatmaq yerinə düşərdi: “...Xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Biz bunu, əlbəttə ki, çox dəstəkləmişik. Deyə bilərəm ki, mənim təkidimlə bu bənd bu bəyanata salındı. Çünki birbaşa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin əlaqəsi yoxdur. Ancaq mənim təkidli tələblərim, şadam ki, qəbul olundu. Beləliklə, Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Çünki mənfur düşmən 1990-cı illərin əvvəllərində və ondan da bir qədər əvvəl Naxçıvanı faktiki olaraq mühasirəyə almışdı. Bütün kommunikasiya xətləri kəsildi – çünki o vaxt Azərbaycanın əsas hissəsindən oraya enerji resursları ötürülürdü – faktiki olaraq Naxçıvan Muxtar Respublikası çox ağır vəziyyətdə qalmışdı. Eyni zamanda, Ermənistan ərazisindən oraya hücumlar da edilirdi. Dəfələrlə demişəm, məhz ulu öndər Heydər Əliyevin cəsarəti və fəaliyyəti nəticəsində Naxçıvan işğal altına düşmədi. Erməni vandallarının belə planları da var idi”.
Naxçıvana quru dəhlizin açılması məsələsi Azərbaycan iqtisadiyyatının vahid milli təsərrüfat sistemi kimi fəaliyyət göstərməsi istiqamətində olduqca zəruri addımdır. Azərbaycanın iqtisadi potensialı şübhəsiz ki, coğrafi imkanlarından daha böyükdür və bu potensialın reallaşdırılması üçün həm işğaldan azad olunmuş torpaqların, həm də Naxçıvan ərazisinin tam formatlı şəkildə Azərbaycan iqtisadiyyatı ilə təsərrüfat inteqrasiyası təmin edilməlidir. Bunun üçün logistik əlaqənin Naxçıvanla quru yol vasitəsilə formalaşması olduqca mühümdür. Bu yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün olduqca önəmlidir. Cənubi Qafqazın sülh və inkişaf bölgəsinə çevrilməsi ilə bağlı inteqrasiya layihələri olduqca perspektivlidir. Ona görə də bu layihələrin reallaşdırılması üçün mütləq şəkildə dayanıqlı kommunikasiya əlaqələri olmalı və dayanıqlı inkişaf istehsal mərkəzləri formalaşmalıdır. Bu istiqamətdə ən mühüm addımlardan biri məhz Naxçıvana quru dəhlizinin açılmasıdır ki, bunun nəticəsində faktiki olaraq Azərbaycanla həm Türkiyə, həm Rusiya, həm də İran arasında iqtisadi əlaqələrin inkişafı çox ciddi stimul almış olacaq. Azərbaycan iqtisadiyyatının dayanıqlılığı nöqteyi-nəzərindən Naxçıvana dəhlizin açılması uzun müddətli perspektivdə milli iqtisadiyyatımızda investisiyaların xüsusi çəkisinin atımına səbəb olacaqdır.
Ümumi olaraq gəlinən nəticə bundan ibarətdir ki, əhalinin vəziyyətinin yaxşılaşdırılması, nəqliyyat-kommunikasiya əlaqələrinin möhkəmləndirilməsi, tranzit bölgəyə çevrilməsi, bölgənin beynəlxalq siyasətdə və iqtisadiyyatda güc qazanması baxımından Zəngəzur dəhlizi açılacağı təqdirdə böyük nailiyyət olacaqdır.
Əlbəttə ki, 1921-ci il tarixli Qars müqaviləsi Türkiyə ilə Azərbaycan arasındakı strateji yaxınlığın bariz bir nümunəsi olmuşdur. Bu strateji yaxınlıq müasir dövrdə özünün pik nöqtəsinə çatmışdır. Heç təsadüfi deyildir ki, Qars müqaviləsinə bağlılıq 15 iyun 2021-ci il tarixdə Azərbaycanla Türkiyə arasında imzalanmış olan “Şuşa bəyannaməsi”nin giriş qismində də bəyan edilmiş və həmin bəyannamədə müştərək maraqlara əsaslanan regional və beynəlxalq strateji mövzulardakı fəaliyyətlərin qarşılıqlı koordinasiyasının vacibliyi vurğulanmışdır. Tərəflərin bütün önəmli məsələlərdə beynəlxalq və regional təşkilatlar çərçivəsində müxtəlif platformlarda bir-birilərini tam dəstəkləyəcəklərinə dair niyyət bəyanı ilə tək millət – iki dövlət ruhu həmin tarixi sənəddə öz əksini tapmışdır. Şuşa bəyannaməsində Qafqaz çərçivəsində bölgəyə dair dəyərləndirmələrlə birlikdə türk dünyası ifadəsi bir çox yerdə qeyd olunmuşdur. Şuşa türk dünyasının tarixi-mədəniyyət beşiyi olaraq xarakterizə olunmuş, türk dünyasının inkişafına yönəlik qarşılıqlı fəaliyyətlərin regional və beynəlxalq səviyyədə inkişaf etdirilməsi üçün cəhdlərin birləşdirilməsi, türk mədəni irsinin beynəlxalq səviyyədə tanıtdırılması və təşviqi sahəsində fəaliyyətin intensivləşdirilməsi, türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türk Dilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası), Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Türkdilli Ölkələrin Parlament Assambleyasi (TÜRKPA) çərçivəsində gerçəkləşdirilən fəaliyyətlərin sürətləndirilməsi prioritet hədəflər arasında göstərilmişdir.
Bu bəyannamənin əsas mahiyyəti ondan ibarətdir ki, Türkiyə və Azərbaycan öz aralarında ilk dəfə olaraq adında “müttəfiqlik” ifadəsinin olduğu bir sənəd imzaladılar. Vaxtilə imzalanan anlaşmalar və atılan addımlarla strateji ortaqlıq səviyyəsinə yüksələn əlaqələr Şuşa bəyannaməsi ilə bu dəfə müttəfiqlik səviyyəsinə qalxmış oldu. Qeyd edilməsi son dərəcə vacib olan məsələ budur ki, müttəfiqliyin dar çərçivədə xarakterizə olunmayıb, daha geniş mənada bütün regionu əhatə etməsi, xüsusilə türk dünyası ifadəsinin vurğulanması bu bəyannamənin gələcəyə işıq tutan olduqca strateji bir sənəd olduğunu ortaya qoyur.
Emin Şıxəliyev
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
tarix elmləri doktoru, dosent
![see](https://icma.az/template/assets/see.png)