Icma.az
close
up
RU
Türkiyənin Azərbaycandakı səfirləri SİYAHI

Türkiyənin Azərbaycandakı səfirləri SİYAHI

Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasına yeni səfiri təyin edilib. Qardaş ölkənin Azərbaycana təyin etdiyi fövqəladə və səlahiyyətli səfiri Birol Akgündür.

Səfirin tezliklə Azərbaycana gələcəyi və səlahiyyətlərinin icrasına başlayacağı gözlənilir.

Modern.az Türkiyənin Azərbaycandakı səfirlərini araşdırıb.

Memduh Şevket Esendal

1 yanvar 1920-ci ildən 1 yanvar 1924-cü ilə qədər Türkiyənin Azərbaycanda səfiri olaraq çalışıb. Yəni hazırkı Azərbaycan Respublikası 1918-1920-ci illər Cümhuriyyətin varisi olduğu üçün ilk səfir də o tarixdən sayılıb. 

Yazar, diplomat Memduh Şevket Esendal 28 mart 1884-cü ildə Türkiyənin Çorlu vilayətində doğulub. Varlı ailənin övladı olub, ilk təhsilini Çorluda alıb, ərəb, fars və fransızca öyrənib. Türkiyə ərazilərinin işğalı nəticəsində İstanbula köçüb və daha sonra Mustafa Kamal Atatürkün dəvəti ilə Ankaraya gəlib. Az sonra Atatürk tərəfindən Bakıya səfir təyin olunub. Rəsmi olaraq 1921-ci ildə Türkiyə Cümhuriyyətinin ilk səfiri olaraq Bakıda fəaliyyət göstərib. 1925-ci ildə isə Tehrana səfir olaraq göndərilib. 1930-cu ildə Tehran səfiri vəzifəsindən istefa verib, daha sonra 2 il millət vəkili olub. 1933-cü ildə yenidən diplomatik işə qayıdır və Kabilə səfir təyin olunub. 1941-ci ildə vəzifəsindən istefa verib. 

Diplomat olmaqla yanaşı bir sıra bədii əsərlərin müəllifidir. 1952-ci ildə vəfat edib.

Altan Karamanoğlu

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Türkiyənin ölkəmizə göndərdiyi ilk səfir Altan Karamanoğlu olub. O, 1935-ci ildə Türkiyənin Bolu vilayətində doğulub. Əmək fəaliyyətinə 1957-ci ildə Xarici İşlər Nazirliyinin protokol idarəsində başlayıb. 1965-ci ildə Konsulluq idarəsində üçüncü katib işləyib. Müxtəlif illərdə XİN-də, o cümlədən Suriyada (Hələb konsulluğu), Əlcəzairdə, İspaniyada, İranda, Fransada diplomatik vəzifələrdə çalışıb.

1991-ci ildə Bakıya baş konsul təyin olunub və bir il sonra səfir olaraq fəaliyyətə başlayıb. Bakıdan sonra XİN Konsulluq İdarəsinin müdiri olaraq çalışıb, 1998-2000-ci illərdə Vilnüsdə səfir olaraq çalışıb. 2000-ci ildə təqaüdə çıxır. Altan Karamanoğlu 2012-ci ildə dünyasını dəyişib.

Altan Karamanoğlunun adı daha çox 1995-ci ilin qalmaqallı mart hadisələri ilə xatırlanır. Həmin vaxt mətbuatda yazılırdı ki, diplomatın Bakıdan getməsinə səbəb onun mart hadisələri ilə əlaqələri olub.

Ömür Orhun

Karamanoğludan sonra Ankara Bakıya qısamüddətli səfir göndərdi. Ömür Orhun Bakıda cəmi 1 il 4 ay fəaliyyət göstərib. 2 may 1995-ci ildə Bakıya təyin olunan səfir Ömür Orhun 16 sentyabr 1996-cı ildə geri çağırılıb. O, uzun müddət UNESCO və İslam Əməkdaşlıq Təşkilatında diplomatik vəzifələr tutub. Diplomat haqqında açıq mənbələrdə elə də geniş məlumatlar yer almayıb.

Faruk Loğoğlu

Loğoğlu Bakıya 30 sentyabr 1996-cı ildə təyinat alıb və 1998-ci ilin fevralın 5-də geri çağırılıb. O, Tarsus Amerika Kollecini bitirdikdən sonra ABŞ-ın Brandeis Universitetinə qəbul olub, daha sonra Prinston Universitetində siyasi elmlər üzrə doktorluq dərəcəsi alıb. Amerika universitetlərində bir müddət dərs dedikdən sonra ABŞ Dövlət Departamentində işləyib. Daha sonra 1971-ci ildə Türkiyə XİN-də işə qəbul olan Loğoğlu 1993-96-cı illərdə Danimarkada, 1996-98-ci ildə Azərbaycanda, 2001-2006-cı illərdə ABŞ-da səfir olaraq çalışıb. Bundan başqa Belçika, Banqladeş, BMT və Almaniya kimi ölkələrdə diplomatik vəzifələrdə işləyib.

18 dekabr 2010-cu ildə CHP-də Partiya Məclisinin üzvü seçilib. 2011-ci il seçkilərində Cümhuriyyət Xalq Partiyasından Adana millət vəkili seçilib. 2011-ci ilin avqustunda CHP sədrinin Xarici Əlaqələr üzrə müavini vəzifəsinə təyin edilib.

Kadri Ecvet Tezcan

Tezcan 6 fevral 1998-ci ildən 1 noyabr 2001-ci ilə qədər Azərbaycanda səfir olaraq çalışıb. 

İstanbulda dünyaya gələn diplomat 1971-ci ldən XİN-də işə başlayıb. Bir müddət XİN-də çalışıb, 1976-cı ildə Varşavadakı səfirlikdə ikinci katib postu tutub. Sonrakı illərdə Türkiyə XİN-də Strateji Araşdırmalar və Silahsızlaşma idarəsində şöbə müdiri, Mərkəzi Afrika şöbəsinin müdiri, 1983-87-ci illərdə Macarıstanda Budapeşt səfirliyində, 1989-93-cü illərdə Hamburq (Almaniya) konsulu işləyib. 1994-95-ci illərdə XİN Kəşfiyyat və Araşdırma İdarəsinə rəhbərlik edib. 1995-98-ci illərdə isə XİN Kəşfiyyat və Araşdırma mərkəzinin müdiri olaraq çalışıb. 1998-2001-ci illərdə Bakıda səfir olub. Bakıdan sonra da bir müddət köhnə işində, daha sonra isə Polşada və Avstriyada səfir olaraq çalışıb.

Ünal Çeviköz

2001-ci il noyabrın 12-dən 31 oktyabr 2004-cü ilə qədər Azərbaycanda səfir postunu tutan Çeviköz 1952-ci ildə İstanbulda anadan olub. 1974-cü ildə Boğaziçi Universitetində ingilis dili və ədəbiyyatı fakültəsindən, 1978-ci ildə isə yenə də həmin universitetin siyasət bilimi üzrə məzunu olub. 1993-cü ildə Brüssel Universitetində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi alıb. 1978-ci ildən Türkiyə XİN-də çalışıb. Rusiyada (Moskvada), Bolqarıstanda səfirliklərdə çalışıb. Uzun müddət XİN aparatında işləyib, NATO-nun Moskva mərkəzini yaradıb. 2001-2004-cü illərdə Bakıda, 2004-2007-ci illərdə Bağdadda səfir olaraq çalışıb. 2007-2010-cu illərdə XİN müstəşarının müavini vəzifəsini daşıyıb.

1998-ci ildən Türkiyə XİN-də Ermənistanla münasibətlərin normallaşması fəaliyyətlərində iştirak edib, 2009-cu il “Sürix protokolları” sənədinin hazırlayan müəlliflərdən biri olub, İrəvana səfər edib. 2010-2013-cü illərdə Londonda səfir olaraq çalışıb. 2013-2015-ci illərdə Beynəlxalq Dənizçilik Təşkilatının rəhbərlik edib.

Turan Moralı

Turan Moralı 19 noyabr 2004-cü ildə Bakıya təyinat alıb və bu postda 4 yanvar 2007-ci ilə qədər qalıb. 1943-cü ildə anadan olub. Ankara Universiteti siyasi elmlər fakültəsini bitirib. 1996-99-cu illərdə Danimarkada, 1999-2001-ci illərdə İranda, 2004-2007-ci illərdə Azərbaycanda, 2007-2008-ci illərdə İrlandiyada Türkiyənin səfiri vəzifələrini tutub. Aralıq dövrlərdə XİN-də müxtəlif vəzifələri ifa edib. 2008-ci ildən yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.

 Hüseyn Avni Karslıoğlu 

Karslıoğlu 16 yanvar 2007-ci ildən 20 fevral 2008-ci ilə qədər - 1 ildən bir qədər çox Azərbaycanda səfir vəzifəsini tutub. 1956-cı ildə Yozqat vilayətində anadan olub. Ankara Universitetində siyasət üzrə təhsil alıb.

1983-cü ildə XİN Kəşfiyyat və Araşdırma İdarəsində fəaliyyətə başlayıb. 1983-84-cü illərdə Türkiyənin  Tehrandakı səfirliyində 3-cü və 2-ci katib vəzifələrini tutub. 1986-90-cı illərdə Avstraliya Sidney konsulluğunda, XİN-də fərqli vəzifələrdə çalışıb. 1990-91-ci illərdə xarici işlər nazirinin katibi olub. BMT təmsilçiliyində və XİN-də bir sıra postlarda çalışıb. Norveçdə səfirlikdə, Batumda konsul olaraq çalışıb. 2007-2008-ci illərdə Bakıda çalışdıqdan sonra 2008-2012-ci illərdə Prezident Administrasiyasında katibliyin rəhbəri, 2012-ci ildən isə Almaniyada Türkiyənin səfiri vəzifəsinə təyinat alıb. 


Hulusi Kılıç

Hulusi Kılıç 1 mart 2008-ci ildən 15 sentyabr 2012-ci ilə qədər Bakıda çalışıb. 1956-cı il təvəllüdlü Hulusi Kılıç Hacettepa Universitetində Fransız dili və ədəbiyyatı bölümündə bakalavr və magistr dərəcələri alıb.

Eyni zamanda Strasburq Universitetində beynəlxalq münasibətlər təhsili alıb. 1975-ci ildən XİN-də çalışır. Müxtəlif vaxtlarda Strasburq konsulluğunda, Türkiyənin AŞ nümayəndəliyində, Əlcəzair səfirliyində, Bolqarıstan, Gürcüstan səfirliyində çalışıb.

Hələbdə baş konsul və Azərbaycanda səfir olaraq çalışıb. Bir neçə kitabın müəllifidir.

Alper Coşkun

24 sentyabr 2012 - 11 oktyabr 2016 tarixlərində Azərbaycanda səfir vəzifəsində çalışıb. 

1966-cı ildə Ankarada dünyaya gəlmiş Alper Coşkun Boğaziçi Universitetində bakalavr, Saint John’s Universitetində hökumət və siyasət mövzusunda magistr dərəcəsi alıb. 

1988-ci ildən XİN sistemində işləməyə başlayıb. Rusiya səfirliyində 2 və 3-cü katib, Afina səfirliyində 2-ci katib və baş katib vəzifəsində çalışıb. Daha sonra XİN-də bir sıra vəzifələrdə işləyib. 2001-ci ildə Türkiyənin BMT təmsilçiliyinə təyin olunub.

2005-ci ildə Türkiyənin NATO təmsilçiliyinə səfir müavini göndərilib. 2010-cu ildə NATO təmsilçiliyində idarə rəisi, daha sonra Təhlükəsizlik və Kəşfiyyat baş idarəsi rəisinin müavini təyin olunub.  Ardınca isə Bakıya səfir olaraq təyinat alıb.

Ərkan Özoral

11 oktyabr 2016 - 2 aprel 2021-ci illərdə qardaş ölkənin Azərbaycandakı səfiri vəzifəsində çalışıb. 

Özoral 1965-ci ildə Ərzincanda anadan olub. 1989-cu ildə Ankara Universiteti Siyasi Elmlər fakültəsinin Beynəlxalq əlaqələr şöbəsini bitirib. Elə həmin il Türkiyə Xarici İşlər Nazirliyində karyerasına zabit kimi başlayıb. 

Türkiyə Xarici İşlər Nazirliyində Yaxın Şərq üzrə müdür müavini, daha sonra Konsulluqda müdür müavini vəzifələrində çalışıb. O, Azərbaycana səfir təyin edilməzdən əvvəl 2005-2009-cu illərdə isə Bakı səfirliyində birinci müşavir vəzifəsində çalışıb. 2009-2011-ci illərdə İkitərəfli İqtisadi Əlaqələr Baş İdarəsində şöbə müdiri və 2011-2014-cü illərdə Baş Nazirlikdə "xarici işlər üzrə səfir müşaviri" vəzifələrində çalışıb. 2011-2014-cü illərdə Baş Nazirlikdə xarici işlər üzrə səfir müşaviri vəzifələrində çalışıb. 2014-cü ilin sentyabr ayından 2016-cı ilin oktyabr ayına qədər Prezident İdarəsinin Xarici Əlaqələr üzrə Baş İdarəsində "xarici işlər üzrə müşavir səfir" vəzifəsində çalışıb.

O, tarixi dönəmdə, İkinci Qarabağ müharibəsində səfir vəzifəsində çalışıb. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Ərkan Özoral "Dostluq" ordeni ilə təltif edilib. 2024-cü ilin fevralında Slovakiyaya səfir təyin edilib.

Cahit Bağçı

Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. O, üç dönəm – 2007 2011 və 2015-ci illərdə Çorumdan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib.  Orta Şərq Texniki Universitetinin sosiologiya fakültəsini bitirib. Britaniyanın Mançester Universitetində doktorantura təhsili alıb. 3 aprel 2021-ci ildə Türkiyənin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib və ötən gün Azərbaycanı tərk edib.

Birol Akgün

Akgün 2024-cü ildə təyin olunub və tezliklə Bakıda səlahiyyətlərinin icrasına başlayacaq.  

Politoloq, professor, akademik, tədqiqatçı yazıçı, QHT rəhbəri Birol Akgün hazırda Türkiyədə  “Maarif” Fondunun prezidentidir.
O, 25 mart 1968-ci ildə Soma şəhərində (Manisa vilayəti) anadan olub. İbtidai, orta və lisey təhsilini yaşadığı rayonda başa vurduqdan sonra, 1993-cü ildə Ankara Universitetinin Siyasi elmlər fakültəsinin dövlət idarəçiliyi ixtisasını bitirib. 1994-cü ildə Milli Təhsil Nazirliyinin tapşırığı ilə rəsmi təqaüdlə magistr təhsili almaq üçün ABŞ-a gedib. Orada Case Vestern Reserve Universitetində (Klivlend, Ohayo) siyasi elmlər üzrə magistr (1996) və PhD (2000) dərəcəsini alıb. Vətən qayıdandan sonra Akgün Selcuk Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin Beynəlxalq Əlaqələr Departamentində işləməyə başlayıb və 2004-ci ildə dosent olub. 2009-cu ildə professor elmi dərəcəsi alıb.

Professor Birol Akgün hazırda Yıldırım Beyazıt Universiteti Siyasi elmlər fakültəsinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri və “Maarif” Vəqfi İdarə Heyətinin sədridir.

B.Akgünün məqalələri bir sıra beynəlxalq resenziyalı jurnallarda dərc olunub.

Modern Təhlil və Araşdırma Qrupu

seeBaxış sayı:91
embedMənbə:https://modern.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri