Uğurlu diplomatiyanın reallıqları ŞƏRH
Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan xalqının yaddaşına əbədi həkk olunan 8 Noyabr – Şuşa Şəhəri Günü və Zəfər Günü milli tariximizin ən şanlı səhifələrindən biridir. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə Azərbaycan xalqı təkcə mühüm hərbi qələbə qazanmadı, həm də milli iradəsinin, birliyinin və tarixi ədalətə olan inamının təntənəsini yaşadı. Bu il həmin möhtəşəm hadisədən altı il ötür.
Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyini həll edən, Azərbaycanın hərbi qüdrətini və xalqımızın yenilməz ruhunu bütün dünyaya nümayiş etdirən tarixi hadisə oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi sayəsində həyata keçirilən Şuşa əməliyyatı dünya hərb tarixinə nadir nümunə kimi daxil oldu. Sıldırım qayaları, keçilməz dağ yollarını aşaraq, böyük fədakarlıq və peşəkarlıq nümayiş etdirən qəhrəman hərbçilərimiz Qarabağın tacı olan Şuşanı düşmən işğalından azad etdilər.
Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsinin strateji və mənəvi əhəmiyyətini xüsusi vurğulayan Prezident İlham Əliyevin “Şuşasız bizim işimiz yarımçıq olar” fikri bu hədəfin dövlətimiz və xalqımız üçün nə qədər mühüm olduğunu göstərirdi. 2020-ci il noyabrın 8-də dövlətimizin başçısının xalqa müraciətində səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” tarixi bəyanatı isə xalqımızın yaddaşına qələbənin müjdəsi, milli qürurun ifadəsi kimi həkk olundu.
Bu Zəfər Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının, Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin və güclü Azərbaycan Ordusunun formalaşdırılmasına yönəlmiş ardıcıl fəaliyyətin məntiqi nəticəsi idi. Dövlətimizin başçısının ata vəsiyyətini yerinə yetirərək Şuşanı azad etməsi tarixi və mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu, həm də Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etmək əzminin parlaq təzahürü idi.
Şuşanın azad olunmasından sonra qarşıya qoyulan əsas məqsədlərdən biri şəhərin tarixi simasının qorunması, milli-mədəni irsinin bərpası və burada həyatın yenidən canlandırılması oldu. Bu gün Şuşada aparılan genişmiqyaslı quruculuq işləri həmin məqsədlərin ardıcıl şəkildə həyata keçirildiyini göstərir. Yeni yaşayış kompleksləri, sosial infrastruktur obyektləri, yollar və kommunikasiya sistemləri yaradılır, tarixi abidələr, məscidlər, mədəniyyət ocaqları bərpa olunur. Şəhərin əsrlər boyu formalaşmış memarlıq üslubunun və özünəməxsus ruhunun qorunması diqqət mərkəzində saxlanılır.
Böyük Qayıdış proqramı çərçivəsində şuşalıların doğma yurda qayıtması isə Zəfərimizin ən böyük mənəvi nəticələrindən biridir. 2024-cü ilin may ayında başlayan qayıdış prosesi artıq şəhərdə yeni həyatın formalaşmasına, ailələrin öz doğma ocaqlarına qovuşmasına imkan yaradıb. 2026-cı ilin iyun ayında Prezident İlham Əliyevin Şuşada inşa edilmiş ilk yaşayış kompleksinə səfəri zamanı 23 binadan ibarət, 450 mənzilli kompleksdə sakinlər üçün yaradılmış şərait bir daha quruculuq siyasətinin miqyasını nümayiş etdirdi.
Şuşa bu gün yalnız yenidən qurulan şəhər deyil, həm də Azərbaycanın zəngin mədəniyyətini, tarixini və milli kimliyini dünyaya təqdim edən mühüm mərkəzdir. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri və digər beynəlxalq tədbirlər şəhərin mədəni həyatına yeni nəfəs verir. 2026-cı ildə Şuşanın İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi də onun beynəlxalq nüfuzunun və turizm potensialının artmasının göstəricisidir. Beləliklə, Şuşa öz tarixi missiyasına uyğun olaraq yenidən regionun mühüm mədəniyyət və turizm mərkəzlərindən birinə çevrilir.
Şuşa Zəfəri həm də gələcək nəsillərə ötürüləcək böyük qəhrəmanlıq və vətənpərvərlik məktəbidir. Bu qələbənin arxasında canından keçən şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı, hərbçilərimizin rəşadəti və bütün Azərbaycan xalqının birliyi dayanır. Şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad edilməli, onların bizə əmanət etdiyi Vətənə sahib çıxmaq hər birimizin mənəvi borcu olmalıdır.
Bu gün Şuşada dalğalanan üçrəngli Bayrağımız, yenidən qurulan küçələr, doğma yurduna qayıdan sakinlər və şəhərdə keçirilən beynəlxalq tədbirlər altı il əvvəl verilən vədin gerçəkləşdiyini təsdiqləyir. Şuşanın dirçəlişi Azərbaycanın gücünün, siyasi iradəsinin və gələcəyə inamının təcəssümüdür.
8 Noyabr tarixinin mahiyyəti yalnız keçmiş qələbəni xatırlamaqla məhdudlaşmır. Bu gün həm də müstəqil, güclü və suveren Azərbaycanın gələcək inkişafına inamın, milli birliyin və dövlətçilik iradəsinin ifadəsidir. Şuşa bizim tariximiz, qürurumuz və milli kimliyimizin ayrılmaz parçasıdır. Onun azadlığı ilə başlanan yeni mərhələ bu gün quruculuq, inkişaf və tərəqqi ilə davam edir.
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 05 Noyabr 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















