Icma.az
close
up
RU
Ulu öndər Gürcüstan azərbaycanlılarının da milli lideridir

Ulu öndər Gürcüstan azərbaycanlılarının da milli lideridir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Heydər Əliyev şəxsiyyəti mənim üçün, sadəcə, siyasi lider yox, həm də xalqının tarixi tale yolunu müəyyən etmiş əvəzolunmaz bir dövlət xadimi, milli yaddaşın, mənəvi bütövlüyün təməlidir. Onunla Gürcüstanda bir neçə dəfə görüşmək, bu ünsiyyətin verdiyi mənəvi gücü hiss etmək, Azərbaycan tarixində baş vermiş hadisələrin iştirakçısı olmaq həyatımda silinməz izlər qoyub. Bu görüşlər və yaşanan duyğular təkcə şəxsi xatirə deyil, həm də öndərin Gürcüstanda yaşayan soydaşlarımızın taleyində oynadığı rolun canlı epizodlarıdır.

İlk dəfə Heydər Əliyevlə 1980-ci illərin əvvəllərində, Qardabani rayon komsomol komitəsinin birinci katibi olduğum dövrdə tanış oldum. O zamanlar Tbilisiyə yaxın, Boris Dzneladzenin adını daşıyan komsomol şəhərciyinin açılış mərasimi keçirilirdi. Toplantı müttəfiq respublikaların komsomol rəhbərlərinin iştirakı ilə böyük bir təntənəyə çevrilmişdi. Gürcüstan komsomolunun birinci katibi Jiuli Şartava məclisin yüksək səviyyədə keçirilməsi üçün bütün imkanları səfərbər etmişdi. Açılış mərasimində iştirak edənlər arasında o zaman SSRİ miqyasında tanınmış və artıq özünü böyük siyasi lider kimi təsdiqləmiş Heydər Əliyev də var idi.

Tədbir çərçivəsində ağacəkmə aksiyası da təşkil edilmişdi. Bu aksiyada iştirak, mənim üçün sıradan bir mərasim deyildi. O gün mən bir şeyi daha aydın dərk etdim – Heydər Əliyev insanlara təkcə sözlə deyil, əməllə də nümunə olurdu. O, təbiətə, gələcək nəsillərə münasibətdə səmimi idi. Ağac əkmək onun üçün rəmzi bir addım idi – yaşamaq, yaşatmaq, kök salmaq, gələcək üçün sabitlik yaratmaq anlamında. O gün, bir gənc lider kimi, Ulu öndərlə birgə fiziki əməkdə iştirak etmək mənim üçün böyük qürur idi. Bu, həm də mənə liderlik məktəbi oldu – sadəliyin, məsuliyyətin və şəxsi nümunənin gücünü həmin anda bütün varlığımla hiss etdim.

İllər keçdi, siyasi şərait dəyişdi, SSRİ dağıldı, regionda yeni geosiyasi reallıqlar formalaşdı. Mən artıq Gürcüstan parlamentinin deputatı idim. Gürcüstanda yaşayan azərbaycanlılar üçün 1990-cı illərin ortaları böyük çətinliklər dövrü idi – həm sosial, həm siyasi, həm də mədəni baxımdan. Belə bir zamanda 1996-cı il yanvarın 5-də Ulu öndərlə ikinci görüşümüz baş tutdu. Bu görüş təkcə xatirə kimi yox, həm də Gürcüstanda yaşayan azərbaycanlıların taleyində dönüş nöqtəsi kimi yadda qaldı.

Həmin vaxt artıq Qardabani rayonundan Gürcüstan parlamentinə deputat seçilmişdim. Gürcüstanda yaşayan azərbaycanlı deputatlar olaraq Heydər Əliyevlə görüşümüz zamanı bir çox məsələlər – o cümlədən azərbaycanlıların sosial vəziyyəti, təhsili və mədəni irsi müzakirə edildi.

Onu da qeyd edim ki, həmin günlərdə azərbaycanlı icmanın sosial, mədəni və iqtisadi hüquqları ilə yanaşı, regionda baş verən geosiyasi proseslər də bizim üçün həssas əhəmiyyət daşıyırdı. Görüşdə bir məsələni – yanacaqla bağlı ciddi narahatlığı – şəxsən mən Ulu öndərin diqqətinə çatdırdım.

Ulu öndər səmimi və açıq söhbət zamanı bildirdi ki, Gürcüstanda yaşayan azərbaycanlılara olan xüsusi münasibəti və hörmətinə görə, Azərbaycan bu ölkəyə yanacaq yardımı göstərir. Bu dəstək, əslində, həm Gürcüstanın çətin iqtisadi durumdan çıxmasına yardım, həm də orada yaşayan soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması üçün atılmış humanist addım idi.

Həmin görüşdə mən vacib məsələ qaldırdım: Mirzə Fətəli Axundzadənin Tbilisidəki evinin muzeyə çevrilməsi. Ulu öndər bu təklifə böyük maraqla yanaşdı. Axundzadənin maarifçilik ideyalarını və Azərbaycan ədəbiyyatındakı rolunu yüksək qiymətləndirən Heydər Əliyev onun evinin bərpası və muzey kimi fəaliyyətə başlaması üçün dərhal müvafiq göstəriş verdi. Qısa zamanda bina dövlət vəsaiti ilə alındı, bərpa edildi və muzey kimi fəaliyyətə başladı. Bu, sadəcə bir memarlıq obyektinin qorunması deyildi – bu, milli kimliyin, maarifçiliyin və mədəniyyətin yaşadılması idi.

Sonra Nəriman Nərimanovun doğma ocağı da ədibin ev–muzeyinə çevrildi. Gürcüstan-Azərbaycan mədəni əlaqələr cəmiyyətinin nəzdində İbrahim İsfahanlı adına teatrın fəaliyyəti bərpa olundu. Az qala unudulmaqda olan bu səhnə sənətinin yaşadılması üçün görülən tədbirlər və sənətkarın 100 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi, milli yaddaşın qorunması istiqamətində ciddi addım idi. Bina üzərində xatirə lövhəsinin vurulması bu irsin unudulmayacağına verilən rəmzi zəmanət idi.

Bundan başqa, Cəlil Məmmədquluzadənin Tbilisidəki ev–muzeyinin yaradılması da həllini tapdı. “Molla Nəsrəddin” jurnalının redaksiyası və “Qeyrət” mətbəəsi də daxil olmaqla bir sıra məkanlarda həyata keçirilən təmir və bərpa işləri nəticəsində həmin məkanlar yalnız xatirə nöqtəsi deyil, həm də canlı mədəniyyət ocaqlarına çevrildi. Burada təşkil edilən sərgilər, tədbirlər və ədəbi gecələr gənc nəsil üçün milli özünüdərk mənbəyi oldu. Heydər Əliyevin təşəbbüsü ilə yaradılan bu muzeylər həm Gürcüstan ərazisindəki azərbaycanlıların milli ruhunu gücləndirdi, həm də Azərbaycan mədəniyyətinin sərhədsizliyini simvollaşdırdı.

Ulu öndərin Gürcüstanda həyata keçirdiyi ən önəmli işlərdən biri də azərbaycanlı şəxsiyyətlərin məzarlarının qorunması və abadlaşdırılması idi. Tbilisidəki nəbatat bağında yerləşən və tarixə şahidlik edən bu müqəddəs məkanlarda Mirzə Fətəli Axundovun büstünün bərpası, Mirzə Şəfi Vazehin qəbirüstü abidəsinin ucaldılması və Həsən bəy Ağayevin məzarının əsaslı şəkildə abadlaşdırılması, Azərbaycanın klassik düşüncə, poeziya və dövlətçilik irsinin fiziki daşıyıcılarının bərpası kimi dəyərləndirilməlidir. Bu məzarlar təkcə ziyarət yerləri deyil, həm də milli yaddaşın və tarixi öhdəliyin canlı simvollarına çevrildi.

1996-cı ilin martında Heydər Əliyevin Fətəli xan Xoyskinin məzarı üzərindəki büstün açılışında iştirakı və orada etdiyi tarixi çıxış bu siyasətin ideoloji dərinliyini ortaya qoydu. Həmin çıxışda o, Azərbaycan Demokratik Respublikasının yaranma şəraiti, Tbilisinin bu prosesdəki rolu və Fətəli xan Xoyskinin müstəqil dövlətçilik tariximizdəki əhəmiyyətini geniş təhlil etdi. Bu nitqdə o həm də tarixi şəxsiyyətlərə dövlət səviyyəsində verilən dəyəri vurğulamaqla yanaşı, Gürcüstanla Azərbaycan arasında tarixi dostluq münasibətlərinin dərin köklərinə diqqət çəkdi.

Sözümə davam edərək elə buradaca qeyd etmək istəyirəm ki, Heydər Əliyevin bu fəaliyyəti yalnız mədəni irsin qorunması ilə yekunlaşmırdı. O, Gürcüstanla Azərbaycan arasında mədəni inteqrasiyanın, xalqların qarşılıqlı hörmət və etimadının möhkəmləndirilməsi üçün mədəniyyətin gücünə inanırdı. Onun Eduard Şevardnadze ilə olan səmimi münasibətləri və Gürcüstanda gördüyü ehtiram, bu münasibətlərin yalnız rəsmi protokol çərçivəsində deyil, eyni zamanda, xalqların dostluq iradəsinə söykəndiyini göstərirdi.

Heydər Əliyev Gürcüstanda gördüyü bu işlərlə bir daha sübut etdi ki, mədəniyyət və tarix dövlətin ideoloji və mənəvi dayaqlarıdır. Onun təşəbbüsü ilə həyata keçirilən hər bir layihə – istər muzeyin yaradılması, istər teatrın bərpası, istərsə də məzarların abadlaşdırılması – xalqın öz kökləri ilə bağının qorunmasına və gücləndirilməsinə xidmət edirdi. Bu siyasət həm də Azərbaycan xalqının dövlətçilik ənənələrinə və şəxsiyyətlərinə olan ehtiramının real təzahür forması idi.

Ulu öndərin Gürcüstanda yaşayan azərbaycanlılara göstərdiyi qayğı bunlarla məhdudlaşmırdı. Təhsil məsələlərinə də xüsusi önəm verən Heydər Əliyev, Marneuli, Qardabani, Bolnisi və digər bölgələrdə Azərbaycan məktəblərinin qorunması və inkişafına şərait yaratdı. Onun ana dilində təhsilə verdiyi üstünlük, əslində, milli özünüdərkin təminatına xidmət edən bir strategiya idi. Bu sahəyə verilən dəstək sayəsində minlərlə uşaq doğma dildə təhsil alaraq öz mədəniyyətinə və kimliyinə bağlı böyüdü.

Milli bayramların, musiqili tədbirlərin, ədəbi gecələrin və mədəni festivalların təşkil olunması, Heydər Əliyevin Gürcüstanda yaşayan azərbaycanlılara verdiyi mənəvi dəstəyin başqa bir təzahür forması idi. Bu tədbirlər milli ruhun qorunmasına, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına və ictimai birliyin güclənməsinə xidmət edirdi. Heydər Əliyevin yeritdiyi siyasətin nəticəsi idi.

1997-ci ildə Gürcüstan parlamentinin sədri Zurab Jvaniyanın rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfərə gəldi. Heyətin tərkibində dörd azərbaycanlı deputat da var idi. Görüşdən sonra Heydər Əliyevin adından şam yeməyi təşkil olundu. Həmin ziyafətdə mənə də sözü verildi. Bu, mənim üçün böyük şərəf idi.

Görüş zamanı Zurab Jvaniya 1901-ci ildə Zubalaşvililər tərəfindən inşa edilmiş bir binanın Gürcüstan səfirliyinə verilməsini xahiş etdi. Heydər Əliyev Azərbaycanın xarici işlər naziri Həsən Həsənov söhbətin hansı bina ilə bağlı olduğunu soruşdu. Söhbətin hansı binafan getdiyini bildikdə Heydər Əliyev həmin bina haqqında geniş və ətraflı məlumat verdi. Biz onun bu məlumatlılığına heyran qaldıq. Ertəsi gün gedib həmin binaya baxdıq – çox gözəl və tarixi bir bina idi. Qeyd edim ki, həmin bina Bakı şəhəri 26 Bakı Komissarı (İndiki Sabail) rayonun raykom binası idi.

Sonralar Azərbaycanda Eduard Şevardnadze ilə gedən nemayəndə heyətində mən də vardım. Bu binada Gürcüstan səfirliyi açışanda hər iki prezident çıxış etmiş və çoxlu zarafatlar etmişdilər. Onların hər ikisi də mahir söz ustadı və yumora meyilli idilər. Ertəsi gün nümayəndə heyətimizin şərəfinə konsert təşkil olundu. Konsertdən sonra Heydər Əliyev bizi səhnəyə çıxartdı, müğənni və rəqqasələrə təşəkkür etdi. Qeyd edim ki, bu, onun üçün səciyyəvi idi – tədbir bitdikdən sonra təşəkkür etməyi heç vaxt unutmazdı. Onun güclü hafizəsi bizi hər zaman heyrətləndirirdi.

1998 və ya 1999-cu ilin yazında Vətəndaş İttifaqı Partiyasının baş katibi M.Maçavarianinin rəhbərliyi ilə Gürcüstan parlamentinin nümayəndə heyəti yenidən Bakıya gəldi. Heyətdə milliyyətcə erməni olan deputat Givi Şuğarov da var idi. Onun iştirakı bəziləri tərəfindən birmənalı qarşılanmadı, hətta bizi bu səbəbdən qınayanlar da oldu.

Heydər Əliyevlə görüşdə bu məsələni qeyd etdim: “Bizimlə birlikdə erməni deputat da var. Gürcüstan parlamentinin azərbaycanlı və erməni deputatları olaraq, Azərbaycanla Ermənistan arasında gələcəkdə dost münasibətlərin formalaşmasına töhfə vermək istəyirik”.

Ümummilli lider bu yanaşmanı çox bəyəndi. Onun bu səmimi dəstəyi bizi ruhlandırdı. Bəli, ulu öndər Heydər Əliyevin Gürcüstanda yaşayan soydaşlarımıza verdiyi dəstək, onların mədəni, siyasi və mənəvi inkişafına göstərdiyi qayğı unudulmazdır. Bu siyasət nəticəsində təkcə bir dövrün problemləri həll olunmadı, eyni zamanda, gələcək nəsillər üçün sağlam və güvənli bünövrə quruldu. Onun irsi, ideyaları və xatirəsi bu gün də yaşayır, bizi birləşdirir, ruhlandırır və yolumuza işıq salır. Biz bu dostluğu möhkəmləndirməli, inkişaf etdirməliyik.

İsak NOVRUZOV,
Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri, energetika nazirinin keçmiş müavini, Parlamentin sabiq deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:25
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Dekabr 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see195

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see185

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see183

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see159

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see153

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see148

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see145

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see144

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see142

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see141

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see140

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see138

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see135

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see132

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see130

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see129

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see126

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see124

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see123

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri