Icma.az
close
up
RU
Ulu öndər jurnalistlərin ən böyük dostu idi

Ulu öndər jurnalistlərin ən böyük dostu idi

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə, eləcə də Moskvada ali sovet rəhbərliyində çalışdığı illərdə medianın səfərbəredici gücündən ən yüksək səviyyədə istifadə edərək tarixi nailiyyətlərə imza atmış siyasət və dövlət xadimi olaraq da fenomenal sima kimi yaddaşlarda yaşayır. Bu həqiqəti onunla yaxın təmasda olmuş, Ulu öndərdən müsahibələr almış, bu böyük insanı səfərlərdə müşayiət etmiş yaşlı nəsil media işçiləri jurnalistlərin böyük dostunu unudulmaz xatirələrlə yad edərək bir daha təsdiqlədilər.

Dövlət teleradiosunda reportyorluqdan informasiya baş redaksiyasının rəhbərinədək yüksəlmiş Akif Cabbarlı hələ sovet dövründə Azərbaycan liderini dəfələrlə ölkənin müxtəlif yerlərində keçirilən görüş və mərasimlərdə media qrupunda müşayiət etmiş, silsilə reportajlar hazırlamışdır. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin böhranlı yayında xalqın tələbi ilə Bakıya dəvət edilib Ali Sovetə sədr seçilən gün televiziya ilə xalqa müraciətinin AzTV studiyasında çəkilişinə də həmkarımız rəhbərlik etmişdir.

Hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqının redaktoru olan Akif Cabbarlı Ulu öndərin jurnalist əməyinə verdiyi önəmli dəyəri Ümummilli liderin növbəti anım günündə belə xatırladı:

– Dünya şöhrətli dövlət və siyasət xadimi, xalqımızın qüdrətli oğlu Heydər Əliyev özünün bütün siyasi və dövlətçilik fəaliyyəti boyu ölkənin sosial-iqtisadi və mədəni inkişafı, vətəndaşların daha firavan yaşayışı naminə misilsiz xidmətlər göstərmişdir. Bunu mən də bir qələm adamı olaraq daim müşahidə etmişəm. Ulu öndərin səfər və görüşlərindən aldığım təəssüratı bu gün də qəlbimdən heç zaman silinməyəcək duyğular kimi yaşatmaqdayam.

Zəmanəmizin nadir qurucu liderlərindən biri kimi tanınmış Heydər Əliyev jurnalistlərə əsl dost, dövrün salnaməsini yaradan fədakar insanlar kimi yanaşır, onların taleyi, yaşayışı ilə də dərindən maraqlanırdı. Yaxşı xatırlayıram, 1980-ci ilin aprelində Heydər Əliyev Azərbaycanın bir qrup yaradıcı ziyalısını və qələm adamlarını da özü ilə Naxçıvan Muxtar Respublikasına səfərə aparmışdı. Səfərimiz 4 gün çəkdi. Görüşlər barədə televiziya və radio reportajlarını diqqətlə izləyən və dinləyən Heydər Əliyev elə ertəsi gün səhər-səhər öz tapşırıq və qənaətini çatdırır, hər dəfə də təşəkkürünü bildirirdi.

1982-ci ilin yanvarında isə Şuşada M.P.Vaqifin məqbərəsinin tarixi açılışında, bölgələrdə keçirilən partiya-təssərrüfat fəallarının geniş müşavirələrində və digər mərasimlərdə də jurnalistlərə belə isti yanaşmanın şahidi olurduq. Onun mülahizə və təklifləri hər birimizin “qulağında bir sırğa” olub gələcək fəaliyyətimizdə də rəhbər tutulurdu. Elə şəxsən mənim jurnalistik fəaliyyətimdə Ulu öndərin tövsiyələri, canlı bir məktəbin dərslərinə çevrilmişdi.

Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra da bu böyük şəxsiyyətin keçirdiyi görüşlərdə, mətbuat konfranslarında AzTV-nin baş redaksiya rəhbəri kimi iştirak etmişəm, ondan müsahibələr almışam. 1993-cü ilin 15 iyununda Ulu öndərin Azərbaycan parlamentinə sədr seçilib çətin şəraitdə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürdükdən dərhal sonra keçirilən mətbuat konfransında da iştirak edib reportaj hazırlamışam. Qarşıdakı dövrdə ölkəmizin digər dövlətlərlə, xüsusən MDB ölkələri ilə əməkdaşlığının hansı prinsiplər əsasında qurulacağı ilə bağlı verdiyim sualı isə Ulu öndərin necə həssaslıqla dinlədiyi və böyük dövlət xadimi, mahir siyasətçi və diplomat kimi cavablandırması indi də sözbəsöz yaddaşımdadır.

Heydər Əliyevin televiziya ilə xalqa müraciətinin və Rusiyanın “Ostankino” telekanalı üçün müsahibəsinin yazılışında iştirak etməyim də unudulmaz xatirələrimdəndir. Heydər Əliyevin AzTV-nin həyətində səmimi qarşılanması, əməkdaşlarla doğma adamlar kimi görüşməsi əsl bayram ovqatı yaratmışdı. Hər birimiz böyük dövlət adamını doğmamız kimi qarşılamış, ona müstəqil Azərbaycanın inkişafı yolunda həyata keçirəcəyi işlərdə böyük uğurlar arzulamışdıq. Təbii ki, hər bir azərbaycanlı kimi, biz qələm adamlarının, yaradıcı ziyalıların da o günlərdəki arzu və gözləntiləri tezliklə reallaşdı. Azərbaycan Ulu öndərin rəhbərliyi ilə böyük, qazanclı layihələrə imza atdı. Ölkəmiz dünya meridianlarında layiqincə tanınmağa başladı.

Əlbəttə, ölkəmizi qarşıda daha böyük sosial-iqtisadi, hərbi uğurlar gözləyirdi və Ulu öndər uzaqgörən siyasətçi, məharətli diplomat kimi bütün bunları hamıdan yaxşı və hərtərəfli təsəvvür edirdi. O böyük insanın Ümummilli Xatirə günündə bütün bunlar məmnunluq və minnətdarlıqla yada düşür.

AzTV-də müxtəlif vəzifələrdə çalışmış, rəhbərlikdə təmsil olunmuş Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı da Ulu öndəri müxtəlif görüşlərdə müşayiət etmiş, 2 dəfə isə onunla müsahib olmuşdur. Tanınmış telejurnalist o günləri ən xoş xatirə kimi yad etdi:

– Millət atası, jurnalistlərin ən yaxın dostu Heydər Əliyevdən 2 dəfə müsahibə almağım yarım əsrlik jurnalist fəaliyyətimin qızıl səhifəsidir.

Ulu öndər 1993-cü ilin yayında Ali Sovetə Sədr və payızda ölkə Prezidenti seçiləndə ondan geniş müsahibə almaq mənə həvalə olundu. Həmin müsahibələrin biri 1 saat 15 dəqiqə, digəri 1 saat davam elədi. Heydər Əliyev özü o vaxt müsahibə almaq üçün mənim gəlməyimi istəmişdi. Çünki o vaxt üzdə olan jurnalistlərdən idim, hadisələr dövründə efirdə daha çox görünürdüm.

Ali Sovetdəki müsahibəyə iki operatorla – Nadir Zeynalov və Rüstəm Zülalovla getmişdik. Bəylər Əyyubov qapını açdı və bizi içəri dəvət etdi. Heydər Əliyev bizi çox səmimi qarşıladı, o, ümumiyyətlə jurnalistlərlə ünsiyyət qurmağı sevirdi və bunu çox məharətlə bacarırdı. Sonra mənə dedi ki, “eşitmişəm, sən mənə görə çox əziyyət çəkmisən”. Dedim ki, “həqiqəti müdafiə eləmişəm.”

Sonra ikinci dəfə yenə ondan müsahibə aldıq. Heydər Əliyevlə müsahibə aparmaq iddiasında olanların hamısı deyirdilər ki, “onun gözünün içinə baxıb danışmaq çox çətindir. Amma mən onunla çox rahat və sərbəst danışırdım, çünki bu səmimiyyəti o özü yaradırdı.

Bu görüşlərdən sonra mən jurnalistliyin necə çətin, şərəfli və məsuliyyətli bir peşə olduğuna bir daha əmin oldum. O vaxt çoxları deyirdi ki, guya, “Heydər Əliyevlə üzbəüz oturub danışmaq çətindir, onda qəribə bir magiya var”. Təbii ki, o nəhəng insan idi. XX əsr Azərbaycan ədəbiyyatında, incəsənətində, mədəniyyətində çox böyük dahilərimiz olub. Amma siyasətdə ikinci Heydər Əliyevimiz yoxdur.

Biz sıradan biri olaraq, öz ailəmiz, çevrəmiz üçün, bəlkə də, təkrarsızıq. Amma söhbət millətin, ölkənin taleyini dəyişdirməyə qadir olan seçilmişlərdən, dahilərdən gedir! Bəli, o, təkrarsız insan, böyük şəxsiyyət idi. Onu dostları da sevirdi, düşmənləri də yüksək dəyərləndirirdi. Dostları onun parlaq istedadını və ali şəxsiyyətini dəyərləndirdikləri, düşmənləri isə ona həsəd aparıb qorxduqları üçün.

Bütün siyasətçilər bir-birlərinə bənzəyirlər, o isə fenomen yaddaşı, savadı, işgüzarlığı, ağlı, zəkası və ən əsası dəmir məntiqi ilə hər kəsi mat qoymağı bacarırdı. Bu insan ədəbiyyatdan danışanda ədəbiyyatçı, musiqidən danışanda musiqişünas, teatrdan danışanda ən gözəl aktyor və rejissor oyunlarını şərh edən bir teatr, səhnə bilicisi olurdu. Rəssamlar, memarlar, arxitektorlar onun tövsiyə və məsləhətlərini həvəslə dinləyirdilər. Kənd təsərrüfatından danışanda düşünürdün ki, yəqin, nə vaxtsa Kənd Təsərrüfatı İnstitutunda oxuyub.

Həmin dövrdə AzTV-nin sədri də, müavini də Xalq Cəbhəsinin nümayəndələri idi. Mən də “Xəbərlər” baş redaksiyasında işləyirdim. Naxçıvandakı müxbirimiz ara-sıra materiallar göndərirdi. Bu materiallar da Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin xarici qonaqlarla görüşləri zamanı lentə alınmışdı. Mən o materialları işləyib efirə vermək istəyəndə deyirdilər ki, “olmaz”. Mən də dirəşirdim ki, bu material efirə getməlidir. Bunu kimisə müdafiə etmək üçün etmirdim. Mənimçün həqiqət, elə indi də, hər kəsdən və hər şeydən yüksəkdədir, haqqı söylə, yolun açıqdır – deyirəm...

O vaxtkı rəhbərliklə mübahisəm düşəndə deyirdim ki, “gücünüz çatırsa, onu Ali Məclisin sədri vəzifəsindən çıxarın, qoyun gəlsin, ayrı adam otursun. Yəqin ki, onda yeni gələn adam haqda materialların efirə getməsinə icazə verəcəksiniz”. Susurdular. Deyirdim ki, sizin efirə vermək istəmədiyiniz şəxsin bu süjetin efirə getməsində heç marağı da yoxdur, amma əgər o kimisə qəbul edirsə, hansısa xarici ölkənin rəsmiləri onun qəbuluna gəlirsə, onunla görüşüb Naxçıvanın və Azərbaycanın taleyi ilə bağlı məsələlər müzakirə olunsa, bizim xəbər proqramı olaraq bunu efirə vermək haqqımız var.

İllər əvvəl olmuş bir görüşü də xatırlayıram. Sovet dövrü idi, məşhur rus bəstəkarı, SSRİ-nin Xalq artisti Tixen Xrennikovun Bakıda Filarmoniyadakı konsertini çəkməyə getmişdik. Onda mən bəstəkardan müsahibə almaq üçün otağa dəvət olunanda içəridə Heydər Əliyevi və Zərifə xanımı görəndə heyrətimdən quruyub qaldım. Heydər Əliyev çaşqınlığımı görüb gülə-gülə məni Xrennikova təqdim elədi və dedi ki, “bu bizim çox gənc, amma çox istedadlı jurnalistimizdir, mən onu çox böyük maraqla izləyirəm”. Mən təəccüblə və heyrətlə bu müdrik insana baxdım və onun, hələ o qədər də təcrübəsi olmayan adi bir jurnalistə verdiyi qiymətdən gözüm yaşardı.

İndi “Hüquq və qanun” jurnalının baş redaktoru olan Fəxrəddin Ağamirzəyev dünyanın siyasət nəhəglərindən biri Heydər Əliyev 1990-cı ilin yayında Moskvadan Bakıya dönüb Naxçıvana gedəndən sonra ondan ilk müsahibə alıb çalışdığı Saatlı rayonunda çıxan “Dönüş” qəzetinin 3 nömrəsində çap etdirməyə nail olmuşdur. Buna görə o zaman, necə deyərlər, dərhal qələmi sındırılmış jurnalistin qeyrət və fədakarlığı da mətbuat tariximizdə Ulu öndərlə bağlı öyünclü səhifə təşkil edir.

Qələm dostumuz bu barədə “Dönüşdən Qurtuluşa” adlı kitabında geniş bəhs etmişdir. Fəxrəddin Ağamirzəyev həmin tarixi müsahibənin ərsəyə gəlməsini 34 il sonra belə xatırladı:

– 1990-cı ilin yayı idi. Azərbaycan KP Saatlı Rayon Komitəsinin orqanı olan “Dönüş” qəzetində zəhmətkeş məktubları və kütləvi iş şöbəsinin müdiri vəzifəsində çalışırdım (həmin vəzifə rayon partiya komitəsinin nomenklaturası idi). SSRİ Jurnalistlər İttifaqının üzvü idim. İyun ayında eşitdim ki, xalqımızın qüdrətli oğlu, yenilməz insan Heydər Əliyev Bakıya – Azərbaycana qayıdır.

Qısa müddətdən sonra öyrəndim ki, Heydər Əliyev Naxçıvana gedib. Sövqi-təbii olaraq ürəyimdə onunla görüşüb müsahibə almaq, tövsiyələrini taleyüklü günlər yaşayan Azərbaycanın nigaran, ümidsiz vəziyyətə düşmüş vətəndaşlarına çatdırmaq istəyi doğdu.

Bundan sonra məni nələrin gözlədiyinin fərqinə varmayaraq avqust ayının əvvəllərində Naxçıvana yollandım. O günlərdə hər yerdə Heydər Əliyevin söhbəti gedirdi. Bütün Naxçıvan əhalisi öz böyük oğlunu, dünya siyasətçisi zirvəsinə yüksəlmiş həmyerlisini sonsuz bir sevgi və ehtiramla qarşılamışdı.

Heydər Əliyevlə görüşmək üçün bir neçə gün çalışdım. Nəhayət, bacısı qızı Sənifə xanımın evində yerləşdiyini müəyyənləşdirib ünvanı, telefon nömrəsini öyrəndim. Yerləşdiyim “Təbriz” mehmanxanasında öz otağımdan telefonla zəng etdim,

Heydər Əliyevlə danışmaq istədiyimi bildirdim. Dəstəkdə Heydər Əliyevin səsini eşidəndə bütün vücudum titrədi. Özümü təqdim edib məqsədimi bildirəndən sonra Heydər Əliyev görüşümüz üçün münasib vaxt müəyyənləşdirərkən telefon əlaqəsi kəsildi. Həmin vaxtdan otağımdakı telefon işləmədi. Əlacsız qalıb şəhərdəki telefon köşkündən Heydər Əliyevlə danışa bildim. Səhərisi günü tezdən o böyük insanın qaldığı ünvana getdim.

Görüşdük. Bu görüş mənim həyatımın ən ali hadisəsi oldu.

Bir anlıq gözlərimə inana bilmədim – bu, o nəhəng, adı, şöhrəti dünyaya yayılmış insandırmı? Belə bir ucalığa çatmaqmı olar? O əfsanəvi şəxsiyyətin illər boyu eşitdiyimiz tanış, şirin səsi, sanki məni yuxudan oyatdı: “Xoş gəlmisiniz, cavan oğlan. Saatlıda nə var, nə yox? “ Bəli, bu, O idi. Bir Allah bilir o vaxtlarda yaşadığım xoşbəxtliyin dərəcəsini. Mən Heydər Əliyev zirvəsində onunla üz-üzə, nəfəs-nəfəsə idim. Sanki o vaxta qədər yaşadığım həyatın mənası bax bu görüşə yetişmək üçünmüş. O andan ömrümün Heydər Əliyev ucalığından başlanan yeni bir yolu açıldı. Bu görüşün ilk andan ruhuma, qəlbimə hopan nuru məni başqalaşdırdı, üzərimə ali bir missiya – millət atasına xidmət etmək yükü qoydu.

Heydər Əliyev müsahibəmizin bütünlüklə audio yazıya alınmasını istədi. Biz arxa otağa daxil olduq, çay süfrəsi hazırlanmışdı. Qızı Sevil xanım və nəvələri də orada idilər. Görüşümüzün əvvəlində fenomen yaddaşa malik Heydər Əliyev Saatlıda xeyli adam tanıdığını və familiyamın ona çox tanış gəldiyini bildirib kimlərdən olduğumu soruşdu. Mən də söylədim ki, Siz respublikaya rəhbərlik etdiyiniz dövrdə M.B.Qasımov adına kolxozun sədri işləyən Mansur Ağamirzəyevin oğluyam. Heydər Əliyev bir anlıq nələrisə xatırlayıb təsirlənərək yenidən əlimi sıxdı, saatlılılara salamlarını çatdırmağımı xahiş etdi.

Sonra o, mənim çoxsaylı suallarımı ətraflı cavablandırdı. Axırda müsahibəmiz yazılan kaseti özü mənə verdi. Üzərinə yaşadığı evin telefon nömrəsini də yazmışdı ki, lazım olarsa əlaqə saxlayım. (2004-cü ildə həmin audio kaseti Heydər Əliyev Fonduna təqdim etmişəm.)

İlk görüşümüzdən iki gün sonra yenidən zəng edib görüşə getdim. Müsahibənin iki sualının lent yazısında aydın eşidilməyən cavablarını yenidən köçürüb mənə verdilər. Heydər Əliyevlə bu görüşdən sonra mehmanxanadan çıxıb Şərur rayonuna getdim, orada gecələdim. Çünki artıq ciddi şəkildə izləndiyimi hiss edirdim. Mən Saatlıya qayıdandan az sonra Heydər Əliyevlə müsahibəm böyük tirajla dərc olundu. Və bu müsahibə “Dönüş” qəzetində son yazım oldu. Bir gün sonra on illik jurnalistlik fəaliyyətimə son qoyularaq “öz ərizəmlə” işdən azad edilməli oldum.

O vaxtlar Heydər Əliyev haqqında Kommunist Partiyasının orqanı olan mətbuatda, demək olar ki, heç nə yazmırdılar. Bəzi hallarda Heydər Əliyevdən Moskvanın mərkəzi mətbuatı yazırdı, o da qeyri-obyektiv və mütləq qərəzli olurdu. İlk vaxtlar Heydər Əliyevlə tez-tez telefon əlaqəsi saxlayırdım. Adətən, axşam saat 10-dan sonra danışırdıq. Çünki Heydər Əliyev özü belə istəyirdi. Lakin bir neçə telefon danışığımızdan sonra rayon ATS-indən Naxçıvanla əlaqə yaratmadılar.

Heydər Əliyevlə sonuncu görüşümüz 1991-ci ilin yay aylarında oldu. Artıq Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının deputatı seçilmişdi və Ali Məclisin sədri vəzifəsini daşıyırdı. Ali Məclisin iclası gedirdi. Fasilə zamanı vestibüldə görüşdük. Məni sevinc və sayğı ilə qarşılayıb hal-əhval tutdu. Bu vaxt yaxınlıqda olan AZƏRTAC-ın Naxçıvan müxbiri Namiq Əhmədovu da yanına çağırdı. Məni ona təqdim etdi. Namiq də öz növbəsində bildirdi ki, yoldaş Əliyev, biz tələbəlikdən yaxınıq, bir yerdə oxumuşuq”.

1993-cü ilin yayında Bakya ölkə rəhbərliyinə dəvət edilənədək Ulu öndərlə bir neçə dəfə görüşmüşdüm. Hər görüşümüzdə işimlə, vəziyyətimlə maraqlanırdı. Mən də o böyük insan narahat olmasın deyə işlərimin qaydasında, vəziyyətimin yaxşı olduğunu deyirdim. Lakin sonuncu dəfə həqiqəti söylədim. Çünki artıq bu mübarizələrdə mətinləşmiş Heydər Əliyevin fiziki və mənəvi durumu qaydasında idi. Bildirdim ki, onunla müsahibəm “Dönüş” qəzetində son yazım oldu. Həmin müsahibə dərc edildikdən iki gün sonra “öz ərizəmlə” işdən çıxarıldım...

Sonuncu dəfə xalq yolunda usanmadan çalışan rəhbər məni gecə saat 01:00 radələrində qəbul etdi. Yorğun olmasına baxmayaraq mənimlə çox səmimi və mehribanlıqla görüşdü və dedi ki, özüm bilərəkdən səni işin axırında qəbul etməyi planlaşdırdım ki, günümü mənalı başa vurum. Nəvəmin ad günüdür. Özü də bu günün xatirəsi mənim üçün ikiqat əzizdur. Çünki bu nəvəmizə adı mərhum həyat yoldaşım verib.

Azərbaycana ikinci rəhbərliyinin 10 ilində Prezident Heydər Əliyevin şəxsi fotoqrafı olmuş Rafiq Bağırov da Ulu öndərin informasiya və illüstrasiya materialları ilə dövrün salnaməsinin yaradılmasına necə böyük önəm verməsinin şahididir:

– Heydər Əliyev dahilərin dahisi idi. Mən xoşbəxt insanam ki, nə az, nə çox, düz 10 il, 1993–2003-cü illərdə o böyük insanın fotoqrafı olmuşam. 1993-cü ildə Azərbaycan Dövlət Televiziyasında kino lentlərinin aşkarlanması sexinin rəhbəri vəzifəsində işləyirdim. Həmin vaxt şəxsi maaşımdan hər ay qənaət edib özümə o dövr üçün ən müasir sayılan fotoaparat kolleksiyası toplamışdım. Həm də rəngli fotolar çəkən ilk fotoqraf idim. Bir gün mənə Ali Sovetdən dəvət gəldi. Heydər Əliyev həmin vaxt Ali Sovetin Sədri, həm də prezidentliyə namizəd idi. Mənə onun seçki kampaniyası üçün portretlərin çəkilməsi işi həvalə edildi.

Düzü, mən əvvəl tərəddüd etdim, özümü hec cür Heydər Əliyev kimi böyük rəhbərlə işləməyə layiq bilmirdim. Bu, böyük məsuliyyət idi. Nəhayət, razılaşmalı oldum. Heydər Əliyevin namizədlik kampaniyasında təbliğat-təşviqat, reklam xarakterli bütün portretləri mən hazırladım. Portretlərə baxan Heydər Əliyev məni yanına çağırdı. Əl işlərimi bəyənmişdi. Mənə bir cümlə ilə dedi: “Mənimlə işləyəcəksən”.

İlk dəfə işə götürülən zaman məni çağırdı və öz iradlarını bildirdi ki, bax, mən belə istəyirəm. Mən də onun xasiyyətinə uyğun çəkirdim. Bir dəfə belə bir hadisə oldu: 2 ildən artıq olardı ki, işləyirdim. Məni çağırdı ki, bu qədər işləyirsən, ancaq mən fərli bir şəkil görməmişəm səndə. Dedim, cənab Prezident, fərli şəkil deyəndə nəyi nəzərdə tutursunuz? Fotoları yığmışdı önünə, birini göstərdi ki, bax, bunu iranlılar çəkib. Dedim, cənab Prezident onu mən çəkmişəm, icazə verin gedim neqativini götürüm gəlim. İkisini, dördünü, beşini... Ancaq hamısı mənim çəkdiklərim idi. Dedi ki, yoox, işləyirsən...

Ulu öndər prezident seçiləndən sonra Azərbaycan Prezidenti Aparatı Mətbuat xidmətinin baş məsləhətçisi vəzifəsinə təyin olundum. Yəni Prezidentin şəxsi fotoqrafı oldum. Onunla getdiyim, fotolentə köçürdüyüm bütün görüşlər mənim üçün yaddaqalan, unudulmazdır. Heç bir səfərimizdən ayrıca danışa bilmərəm, çünki bütün görüşlər fərqli və orijinal idi.

Rəhmətlik Heydər Əliyev mənə icazə vermişdi, çəkilişlər zamanı geyimində, hərəkətlərində hər hansı nöqsan olsa, özünə deməyi tapşırmışdı. Amma, inanın, bu 10 ildə çəkilişlər zamanı buna ehtiyac olmadı. O evdən elə səliqəli çıxardı ki, geyimində, üst-başında heç bir çatışmazlıq, nöqsan olmazdı.

Ulu öndərin xarici ölkələrə səfərləri zamanı dünyanın ən böyük liderlərinin otağında olmuşam, bu, hər adama nəsib olmur. Onun nüfuzuna görə Məkkədə Kəbənin içinə daxil olmuşam. Hər adama açılmır o qapılar. Heydər Əliyev kimi şəxsiyyət üçün açdılar və onun hesabına biz də gördük. Nəinki o, hətta Ağ Ev, Yaponiyanın İmperator Sarayı... Mən şəxsi fotoqraf olduğum üçün ən möhtəşəm yerlərə tək girirdim. Bu məsuliyyət çox böyük idi. Çəkdiyin kadr alınmasa, ya da itsə? Çox həyəcan keçirirdim. Amma şükür ki, elə bir şey olmadı, üzü ağ çıxdım.

2003-cü ildə Heydər Əliyevi Türkiyədən ABŞ-a yola saldıq, həmin gün təyyarəyə minəndə son fotosunu çəkmişdim. Ulu öndərin dünyasını dəyişməsi xəbərini Prezident İlham Əliyevlə İsveçrədən qayıdanda təyyarədə eşitdik. Təbii ki, çox sarsıldım. Ən əziz adamını itirən insan necə olur, o vaxt mən də elə oldum.

2006-cı ildə mənə 10 il ərzində Heydər Əliyevin fotolentə aldığım bütün şəkil və portretlərinin rəqamsal sistemə salınması işi tapşırıldı. Bu işi çox yüksək səviyyədə həyata keçirdim, Prezidentin mətbuat xidmətində bu və digər texniki işləri aparmaqla 2016-cı ilədək işlədim və təqaüdə çıxdım.

Hazırladı:
Tahir AYDINOĞLU

XQ

seeBaxış sayı:54
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri