Ulu öndər milli mədəniyyətimizin hamisi idi
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.
Heydər ƏLİYEV,
Ümummilli lider
Dünyanın tanınmış siyasi xadimləri sırasında şərəfli yer tutan, müasir müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev mənalı həyatını vətəninə, dövlətinə həsr edərək xalqın tale yükünü çiyinlərində daşımış, onun azadlığa, müstəqilliyə qovuşması uğrunda daim mübarizə aparmışdır. Azərbaycanı sivil bir ölkə kimi zamanın sınaqlarından çıxaran dahi insan milli dövlətçilik ideyasını gerçəkləşdirmiş, xalqımızın çoxəsrlik tarixinin, zəngin mənəvi dəyərlərinin, maddi-mədəni irsinin qorunmasına böyük qayğı göstərmişdir.
Bu diqqət və qayğının nəticəsidir ki, ötən əsrdə yeni inkişaf mərhələsinə qədəm qoyan milli mədəniyyətimizin inciləri beynəlxalq aləmdə də böyük şöhrət qazanmışdır. Rəssamlarımızın orijinal, yüksək ideyalı əsərləri bir çox ölkələrin sərgi salonlarında nümayiş etdirilmişdir. Bəstəkarlarımızın bəşəri məzmunlu musiqiləri möhtəşəm saraylarda səsləndirilmişdir. Teatrlarımızın istedadlı aktyorları xarici səhnələrdə çıxış etmişlər.
Tarixi ənənələrlə müasirliyin vəhdətində inkişaf edən, bütün dünyada tanınan Azərbaycan mədəniyyəti ədəbiyyata, təsviri sənətə, musiqiyə, teatra xüsusi həssaslıqla yanaşan Heydər Əliyev dühasının müstəsna himayəsi ilə zənginləşib. Vətənini, xalqını, onun zəngin mədəni irsini dərin məhəbbətlə sevən ümummilli lider incəsənət xadimləri, yazıçı, şair, rəssam, heykəltaraş, memar, xanəndə, bəstəkar və aktyorlarla tez-tez görüşür, sənət adamlarının yaradıcılıqları ilə yaxından maraqlanır, korifey sənətkarların yubiley mərasimlərinin keçirilməsi ilə bağlı sərəncamlar verirdi.
Heydər Əliyev ideyalarından güc alaraq qədim tarixə malik milli mədəniyyətmizi zənginləşdirən, beynəlxalq aləmdə təbliğ edən görkəmli sənətkarlarımız da dahi rəhbərə olan sonsuz hörmət, ehtiram və sevgisini onun xatirəsinə həsr etdikləri möhtəşəm sənət əsərlərində yaşadırlar.
Tofiq BAKIXANOV,
“Şöhrət” və “Şərəf” ordenli Xalq artisti, professor:
– Həyatımda elə anlar var ki, yaddaşımdan silinmir, illər keçdikcə daha dərin məna qazanır. Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrim buna ən parlaq nümunədir.
Gənc bir bəstəkar kimi “Xəzər balladası” baletini yazanda hələ bilmirdim ki, bu əsər mənim taleyimdə belə böyük yol açacaq. Balet bütün yubileylərdə nümayiş etdirilirdi və hər dəfə də Heydər Əliyev tamaşanı izləməyə gəlirdi. Mən hələ o zaman böyük şəxsiyyətlə şəxsən tanış deyildim, amma mədəniyyətə olan sonsuz sevgi və diqqətini daim hiss edirdim. “Xəzər balladası” dəniz neftçilərinin çətin, rəşadətli və fədakar əməyinə həsr olunmuş yeganə səhnə əsəri idi. Heydər Əliyev bunu xüsusilə qiymətləndirirdi. Elə bu dəyərin davamı kimi əsərim sonradan Fransanın beynəlxalq festival repertuarına daxil edildi. Parisdən tutmuş Monte-Karloya qədər Avropanın bir çox səhnələrində otuz dəfədən artıq səslənmişdi.
1973-cü ildə Ümummilli liderimizin fərmanı ilə mən Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi adına layiq görüldüm. Bu, mənim sənət həyatımda mühüm dönəm, qazandığım ən yüksək ad və Heydər Əliyevlə ilk rəsmi görüşümün başlanğıcı idi.
Ümummilli liderimiz rayonlara tez-tez səfərlər edirdi. Bu səfərlərdə incəsənət xadimləri – şairlər, bəstəkarlar, rəssamlar və digər yaradıcı insanlar onunla birlikdə olurdu. Mən də dəfələrlə onunla Bərdə, İsmayıllı və bir neçə digər rayonlarda olmuşam. Bir dəfə kolxozçularla görüşdən geri qayıdarkən Heydər Əliyevin yanında əyləşən instruktor iştirakçıları bir-bir təqdim edirdi. Mənə çatanda Heydər Əliyev dedi ki, Bakıxanovlar haqqında sözü mən özüm danışacağam.
Ulu öndər alimlər və elm adamları haqqında danışarkən xüsusi olaraq dörd dahi şəxsiyyətin adını çəkirdi. Onların arasında Mirzə Fətəli Axundov və Abbasqulu ağa Bakıxanov da vardı. Bu şəxslərin elmi və mədəni irsi dünyada böyük nüfuz qazanmışdı. Abbasqulu ağa Bakıxanovun qardaşı Azərbaycanın ilk general-leytenantı olmuşdu və Heydər Əliyev qeyd edirdi ki, sərkərdələr arasında ən layiqli generallardan biri də Cəfərqulu ağa Bakıxanov idi. Sonra isə atam Əhməd Bakıxanov haqqında danışdı. Atamın Xalq artisti, Əməkdar incəsənət xadimi və Əməkdar müəllim kimi nailiyyətlərini böyük sevgi ilə xatırlatdı.
Və nəhayət, mənim haqqımda dediyi sözlər sənətə inamı, yaradıcılığa dəyəri, mədəniyyətin əvəzsiz gücünü ifadə edirdi. Dedi ki, Bakıxanov nəslinin ləyaqətli davamçısı öz yaradıcılığı ilə Azərbaycan incəsənətini dünyada təmsil edir. Bu sözlər mənim üçün fəxr idi. Ölkənin ağır yükünü daşıyan bu böyük insan mədəniyyətə, poeziyaya, musiqiyə həssaslıqla yanaşırdı. Onun sənətə verdiyi dəyər, yaradıcı insana göstərdiyi qayğı, mənim həyatımda və sənət yolumda əbədi iz qoydu.
Ümummilli lider 70 illik yubileyimdə incəsənət sahəsindəki xidmətlərimi yüksək qiymətləndirərək məni “Şöhrət” ordeni ilə təltif etdi. Bu mənim üçün mənəvi zirvə idi. Təqdimat zamanı söylədiyi səmimi və dəyərli sözlər isə mən yaşadıqca qəlbimdə yaşayacaq. Mərasimdə öz minnətdarlığımı bildirmək üçün söz aldım. Hörmətli Ulu öndərə söylədim ki, yaxın günlərdə mənim kitabım işıq üzü görüb və həmin kitabın ilk səhifəsində onun mənə göndərdiyi məktubun təsviri yer alır.
Kitabı ona təqdim edəndə Heydər Əliyevin gülümsəməsi qəlbimi sözlə ifadəsi çətin olan duyğularla doldurdu. Dedim ki, bu hadisədən bir neçə gün öncə Kipri ziyarət etmişdim, prezident Rauf Denktaşın dəvəti ilə orada bir sıra görüşlər keçirmişdim. Səfərdən qayıdanda ona da kitabımın bir nüsxəsini təqdim etmişdim. O isə səmimi bir heyranlıqla demişdi: “Siz çox xoşbəxt millətsiniz ki, belə bir prezidentiniz var”.
O an hiss etdim ki, sənətə dəyər verən liderin diqqəti bir sənətkarın taleyini deyil, bütöv mədəniyyətin taleyinə işıq tutur. Nitqimə davam etdim, qəlbim dolu idi. Heydər Əliyevin qarşısında çıxış edərkən bildirdim ki, bir zamanlar mənim müəllif konsertim 10 may 1978-ci ildə onun doğum gününə həsr olunmuşdu. O konsertdə dünya ölkələrindən gəlmiş nümayəndələr iştirak edirdi. Amerika, Fransa, İngiltərə və daha neçə-neçə ölkənin təmsilçiləri zalı doldurmuşdu.
Mən fikrimi səsləndirdikdə çıxışımı ingilis dilinə tərcümə etdilər və elə həmin anda gördüm ki, bütün zal ayağa qalxdı. Hamı böyük hörmətlə bildirdi ki, Heydər Əliyevin doğum gününü təbrik edir. Mən də bu təbrikləri ona söylədim, çox xoşuna gəldi. Ardınca əlavə etdim ki, vaxtilə mərhum atama Xalq artisti adının verilməsi bilavasitə onun rəhbərliyi ilə həyata keçmiş bir qərar idi. O, bunu təsdiqlədi, gülümsədi. Mən isə sözümə davam edib bildirdim ki, yenə onun diqqəti sayəsində mənə bəstəkarlar arasında ilk dəfə Əməkdar incəsənət xadimi adı verilmişdi. Bu xatırlatmaya da məmnuniyyətlə “doğrudur” deyə cavab verdi.
Sonra dedim ki, arzu edirəm gələcəkdə Bakıxanovlar nəslinin davamçıları da sizin əlinizdən mükafat alsınlar. Bu sözlər onu sevindirdi, gülümsədi. Elə həmin görüşdən bir müddət sonra mənə Prezident təqaüdünün verildiyini eşitdim. Bu, tam gözlənilməz idi. Hətta yaxın dostlarım – Arif Məlikov, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə təəccüblə soruşurdular ki, “necə oldu ki, ilk dəfə sənə verildi?” Bu, Heydər Əliyevin sənətə verdiyi yüksək qiymətin nümunəsi idi.
Mən də öz növbəmdə onun xatirəsini əbədiləşdirmək üçün “Həmişə bizimləsən” adlı əsər yazdım. Bu əsər böyük orkestr tərəfindən, Filarmoniyanın səhnəsində dəfələrlə ifa olunub. Dirijorluğunu Xalq artisti Rauf Abdullayev edib. Bir dəfə xaricdən gələn qonaqlar bu əsəri dinlədikdən sonra hamısı ayağa qalxaraq məni təbrik etdilər. “Nə möhtəşəm əsərdir” dedilər.
Sonralar keçirilən qurultaylarda və öz yubileylərimdə çıxışlarımın ilk nömrəsi həmişə Heydər Əliyevə həsr etdiyim simfonik poema ilə başlayırdı. Çünki düşünürəm, nə qədər ki, yaşayırıq, o böyük dahiyə mənəvi borcumuz var. Çünki Ümummilli lider ölkənin hər bir sahəsinə, həm də xüsusilə mədəniyyət və incəsənətə misilsiz qayğı göstərib. Azərbaycan musiqisinin inkişafının möhkəm təməlinin qoyulması məhz onun adı ilə bağlıdır.
Firəngiz ƏLİZADƏ,
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor:
– Heydər Əliyevin siması, musiqiyə olan sevgisi, bizimlə səmimi söhbətləri həmişə xatirimdədir. Ulu öndərin musiqiyə münasibəti yüksək zövqün, bədii duyumun təcəssümü idi. Konsertlər bitəndən sonra onun gənc bəstəkarları yanına çağırması, təəssüratlarını bölüşməsi, müəyyən məqamlara dair qeydləri bizə ilham verirdi. Ümummilli lider mədəniyyətin, xüsusən də klassik musiqinin Azərbaycan üçün strateji əhəmiyyətini dönə-dönə vurğulayırdı. Biz gənc bəstəkarlar da onun dəyərli fikirlərinə maraqla qulaq asırdıq.
Dahi liderin vəfatı xəbərini eşidəndə Almaniyada idim. Bu xəbərdən dərin sarsıntı keçirdim, çünki məndə belə bir inam yaranmışdı ki, Heydər Əliyevə heç vaxt heç nə ola bilməz. O, bütün çətinliklərin, maneələrin öhdəsindən gələcək və həmişə bizimlə olacaq.
Parisdən Mstislav Leopoldoviç Rostropoviç zəng edib dedi ki, yaxın günlərdə Azərbaycanda simfonik orkestr ilə konserti olacaq və konsertdə Heydər Əliyevin əziz xatirəsinə bir əsər ifa etmək istəyir. Həmin əsəri mənim yazmağımı xahiş etdi. Dahi şəxsiyyətin xatirəsinə əsər yazmaq çox böyük məsuliyyət, eyni zamanda mənəvi borc idi. Dərhal əsərin üzərində işləməyə başladım və simfonik orkestr üçün “İthaf” əsəri yarandı.
Rostropoviçlə bu barədə dəfələrlə danışdıq, o, hər dəfə vurğulayırdı ki, əsər nikbin ruhda yazılmalıdır. Çünki o, inanırdı və əmin idi ki, Azərbaycanı böyük və parlaq gələcək gözləyir. Bu düşüncə mənə çox böyük ilham verdi və əsəri də məhz nikbin ovqatla tamamladım.
Nəhayət, konsert günü gəlib çatdı, möhtərəm cənab Prezident İlham Əliyev də konsertdə iştirak etdi. Premyera çox uğurlu keçdi. Sonralar bu əsər xalq artistləri Rauf Abdullayev və Fəxrəddin Kərimovun rəhbərliyi ilə dəfələrlə bizim simfonik orkestrin repertuarında səsləndirilib. Londonda, “Royal Festival Hall”da məşhur skripkaçı və bəstəkar Dmitri Sitkovetski də əsəri ifa edib. Hər dəfə səhnəyə qoyulanda əsərin Heydər Əliyevin əziz xatirəsinə ithaf olunduğu qeyd edilir. Bu, mənim üçün böyük şərəfdir və belə bir əsərin müəllifi olduğumdan qürur duyuram.
Natiq ƏLİYEV,
Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor:
– 1978-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra həyatımda çox mühüm mərhələ başlandı. Həmin dövrdə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin aparıcı ali rəssamlıq məktəblərinə göndərilməsi məqsədilə xüsusi proqram həyata keçirilirdi. Bu proqram çərçivəsində mən də imtahan verdikdən sonra Leninqrad şəhərində yerləşən Vera Muxina adına Ali Rəssamlıq Məktəbinə qəbul oldum. Qeyd edim ki, bu təhsil ocağı hazırda Baron Ştiqlitz adına Ali Rəssamlıq Akademiyası kimi fəaliyyət göstərir. Təhsil illərim yüksək göstəricilərlə yadda qaldı.
SSRİ-də yaradıcı tələbələr üçün nəzərdə tutulmuş nüfuzlu mükafatlardan biri olan “Lenin” təqaüdünə layiq görülmüşdüm. Bu təqaüd yalnız üçüncü kursu bütün fənlər üzrə əla qiymətlərlə tamamlayan və ictimai fəaliyyətilə fərqlənən tələbələrə verilirdi. Həmin dövrdə bir neçə namizəd vardı, lakin mənim seçilməyimdə əsas rol oynayan amillərdən biri artıq böyük məsuliyyət tələb edən abidə üzərində çalışmağım idi. Söhbət 1985-ci ildə açılışı reallaşan, İkinci Dünya müharibəsi illərində həlak olmuş müəllimlərə, həkimlərə və tələbələrə həsr edilən memorial kompozisiyadan gedir. Abidənin memarlıq hissəsinin müəllifi həmin ali məktəbin rektoru, Rusiya Federasiyasının əməkdar memarı Yakov Nikolayeviç Lukin, heykəltaraşı isə mən idim.
Dördüncü kursda oxuduğum illərdə bir dəfə Bakıya gəlmişdim. Ümummilli lider Heydər Əliyevin xaricə göndərilən tələbələrlə mütləq görüşür, onlara dəyərli tövsiyələrini verirdi. Mən də o görüşlərin birində – sarayda keçirilən tədbirdə iştirak edirdim. Tədbirdə mənə də söz verildi və Ümummilli liderlə bir tribunada əyləşdim. Bu hadisə mənim üçün son dərəcə böyük fəxr və unudulmaz bir an oldu.
Ulu öndər Heydər Əliyevlə növbəti görüşümüz Cəlil Məmmədquluzadənin ev-muzeyi üçün hazırladığım barelyefin təqdimatı zamanı oldu. Açılış mərasimində Heydər Əliyev mənə barelyeflə bağlı bir neçə sual verdi və bu, mənim üçün xüsusi dəyər daşıyan qısa, amma yaddaqalan söhbət oldu. Daha bir görüşümüz isə Gənclərin Birinci Forumunda gerçəkləşdi. Həmin vaxt mən artıq İncəsənət İnstitutunun Rəssamlıq fakültəsinin heykəltaraşlıq kafedrasında müəllim kimi fəaliyyət göstərirdim.
Forum çərçivəsində bizə Heydər Əliyev Sarayının foyesində tələbələrin əl işlərindən ibarət geniş sərgi təşkil etmək tapşırılmışdı. Sərgidə xalça nümunələri, keramika, dekorativ-tətbiqi sənət əsərləri, heykəltaraşlıq və qrafika işləri nümayiş olunurdu. Bu görüş də mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi, çünki dahi şəxsiyyət gənclərin yaradıcılığına və incəsənətə hər zaman böyük diqqət və qayğı ilə yanaşırdı. Onun həmin sərgiyə marağı və verdiyi dəyər bizim üçün həm mənəvi dəstək, həm də yeni yaradıcılıq motivasiyası idi.
Fasilə zamanı Prezident Heydər Əliyev sərgiyə baxmaq üçün foyeyə çıxdı. O, ilk növbədə, nümayiş olunan xalçalardan birinə yaxınlaşdı. Xalçanın üzərinə sanki sənətkar əlini çəkirmiş kimi diqqətlə toxundu, sonra onu ehmalca çevirib arxa tərəfinə baxdı və sakit səslə, lakin peşəkar maraqla “sıxılıq necədir?” – deyə soruşdu. Bu sual həmin an mənə bir qədər qəribə göründü, çünki xalçaçılıqda “sıxlıq” anlayışının nə qədər mühüm texniki göstərici olduğunu o vaxt hələ bilmirdim. Sonradan öyrəndim ki, ilmələrin sayı, düyün sıxlığı, toxunuşun keyfiyyəti xalçanın həm bədii dəyərini, həm də uzunömürlülüyünü müəyyən edir. Bu anlayışı ilk dəfə məhz Ulu öndərdən eşitmişdim. Onun sənət sahələrinə belə incəliklə yanaşması, ən xırda detala belə diqqət yetirməsi məni dərindən təsirləndirmişdi.
O, sərgidə nümayiş olunan bütün əsərlərə eyni həssaslıqla baxırdı. Xüsusilə, heykəltaraşlıq bölməsində bir tələbənin mərmərdən yonduğu iş onun diqqətini cəlb etdi. “Bunu da tələbə hazırlayıb?” – deyə maraqlandı. Biz həmin işin müəllifinin adını qeyd etdikdə onun reaksiyasında həm məmnunluq, həm də gənc yaradıcıların potensialına dair inam hiss olunurdu.
Prezident Heydər Əliyev dünyasını dəyişdikdən sonra mənə Kiyev şəhərində abidəsinin ucaldılması tapşırıldı. Bu, tarixi yükü olan missiya idi. Mən Kiyevə yollandım. Həmin vaxt nə eskiz vardı, nə də hazır layihə. Abidənin qoyulacağı yer göstərildi və işləməyə başladım. Eskizlər hazırlandı, layihə formalaşdı. Memarlıq hissəsini ukraynalı memar Vladimir Skulski, heykəltaraşlıq hissəsini isə mən yerinə yetirdim.
Təbii ki, hər monumental işin ilk mərhələsi Bədii Şurada müzakirə olunur, heç bir abidə eskiz təsdiq olunmadan birbaşa ucaldılmır. Əvvəl gil materialda işlənir, çünki gildə düzəliş etmək, forma üzərində çalışmaq daha asandır. Mənim hazırladığım abidə 11 nəfərdən ibarət Bədii Şuraya təqdim olundu. Şuranın tərkibində həm memarlar, həm də heykəltaraşlar vardı. Onlar işi yüksək qiymətləndirdilər və öz aralarında belə qeyd etdilər ki, uzun müddətdir belə bir fundamental işlənmiş abidə təqdim olunmamışdı. Mən isə içimdə dərin bir həyəcan yaşayırdım.
Abidə bürüncə keçirildikdən sonra quraşdırılma mərhələsinə başladıq. Açılışda Prezident, Ali Baş Komandan İlham Əliyevin də iştirak edəcəyi bildirilmişdi. Səfir mənə “Əgər iş bəyənilsə, sizi Prezidentə təqdim edəcəyik” dedi. Onun bu sözü məsuliyyətimi və həyəcanımı daha da artırdı, çünki həmin vaxta qədər Ulu öndərin ayaqüstü abidəsi işlənməmişdi. Sağlığında Naxçıvanda Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldüyü dövrdə büstü ucadılmışdı. Fəxri xiyabanda isə abidə hələ ucaldılmamışdı. Mənim istinad edə biləcəyim hazır abidə yox idi. Kiyevdə ucaldılan bu abidə öz mahiyyəti və forması ilə ilk idi. Qeyd edim ki, Heydər Əliyevin Kiyevdə ucaldılmış abidəsinin açılışı Fəxri xiyabanda yerləşən abidədən öncə baş tutmuşdu.
Prezident və birinci xanım Mehriban Əliyeva mərasimə təşrif buyurduqdan sonra tədbir daha rəsmi, daha təntənəli bir məzmun aldı. Ukrayna tərəfi də yüksək səviyyədə təmsil olunurdu. Mən isə bütün bu proses boyu daxilən böyük bir həyəcan yaşayırdım. Gözləyirdim ki, məni təqdim edəcəklər, yaradıcı işin müəllifi kimi Prezidentin qarşısına çıxmalı olacağam və bu, mənim üçün böyük imtahan demək idi.
Nəhayət, mənə Prezident İlham Əliyevlə görüşmək qismət oldu. O, çox dəyərli sözlər söylədi. Bu sözləri eşitmək mənim üçün həm böyük şərəf, həm də yaradıcılıq məsuliyyətinin bir daha dərk olunması idi. Çünki hamının tanıdığı, hörmət bəslədiyi, rəğbət duyduğu şəxsiyyətin heykəlini yaratmaq sadəcə, sənətkarlıq deyil, həm də dərin mənəvi məsuliyyət tələb edən prosesdir. Onun daxili aləmini, xarakterini, əzəmətini və qüdrətini abidədə əks etdirmək doğrudan da ən çətin sənət işlərindən biridir. Üstəlik, bu abidəyə çox insan baxacaq, hər kəs öz düşüncəsinə, öz hissinə uyğun olaraq onda nəsə axtaracaq.
Mən bütün bunların fərqində idim və məsuliyyət hissi hər mərhələdə məni müşayiət edirdi. Şükürlər olsun ki, hər şey uğurlu alındı və abidə öz bədii təsir gücü ilə layiqincə qarşılandı. Kiyev layihəsindən sonra mən Tbilisidə Ulu öndərin büstünü hazırladım. Ardınca Belqradda, Taşmaydan parkında onun abidəsini işlədim və digər layihələr meydana gəldi.
Bir məqama xüsusi diqqət yetirmək istəyirəm. Fikrimcə, Rəssamlıq Akademiyasının yaradılması yalnız rəssamlara deyil, bütövlükdə Azərbaycan cəmiyyətinə böyük töhfə idi. Çünki biz bu akademiyanı illərlə gözləmişdik. O vaxtlar Sankt-Peterburqdan başlayaraq Moskva, Kiyev, Xarkov, Lvov, Tbilisi və Daşkənd kimi böyük şəhərlərdə rəssamlıq məktəbləri, akademiyalar fəaliyyət göstərirdi, lakin Azərbaycanda belə bir akademiya yox idi.
Dahi lider bu boşluğu dərhal gördü və 2000-ci ildə Rəssamlıq Akademiyasının yaradılması ilə ölkədə incəsənət təhsili sahəsində yeni bir mərhələ başladı. Bununla yanaşı, Rəssamlar İttifaqının balansında olan bütün emalatxanaların rəssamlara tamamilə pulsuz, şəxsi mülkiyyət kimi verilməsi Ulu öndərin yaradıcı insanlara göstərdiyi diqqətin ən parlaq nümunələrindəndir. Bu addım təkcə maddi dəstək deyil, həm də mənəvi bir təşviq idi.
Bütün bu addımların hər biri Heydər Əliyevin yaradıcı insanlara, ölkənin bədii irsinə və incəsənətinin inkişafına göstərdiyi diqqətin bariz təzahürüdür. Bu gün həmin qayğının nəticələri bütövlükdə mədəniyyətin inkişafında özünü göstərir.
Faiq SÜCƏDDİNOV,
Xalq artisti, bəstəkar:
– Ulu öndər Heydər Əliyev musiqini dərindən sevən, memarlıq sənətini yüksək səviyyədə bilən, ümumiyyətlə, çoxşaxəli şəxsiyyət idi. Onunla bağlı çoxlu xatirələrim var.
1988-ci ildə uçmaq təhlükəsi olduğuna görə Azərbaycan Dövlət Akademik Musiqili Teatrın (ovaxtkı Musiqili Komediya Teatrı) binası sökülmüş və əməkdar mühəndis Əliş Ləmbəranskinin rəhbərliyi ilə yeni binanın inşasına başlanılmışdı. Teatrın binasının tikilib istifadəyə verilməsinə xüsusi diqqət və qayğı göstərən Ümummilli lider Heydər Əliyev tikinti işləri ilə tanış olarkən bildirdi ki, burada mütləq milli ornamentlər olmalıdır. Sonra gülümsəyərək dedi: “Əliş, sən bunları yaxşı bilirsən axı!”
Mən 1970-ci illərdən etibarən onun çıxışlarını, musiqiyə, mədəniyyətə bağlılığını yaxından izləmişəm. Məsələn, 1941–1942-ci illərdə Azərbaycanda caz orkestri yaradılmışdı. Onun rəhbərləri Tofiq Quliyev və Niyazi idi. Onlar Naxçıvanda 10 konsert vermişdilər. Gənc leytenant Heydər Əliyev həmin konsertlərin hamısına gəlirmiş. Tofiq Quliyevlə də həmin dövrdə tanış olmuşdular.
Ümummilli liderin musiqiyə sevgisini göstərən bir hadisə də yaddaşıma həkk olunub. Bakıdan Neft Daşlarına gəmi yola düşərdi. Heydər Əliyev Zərifə xanımla birlikdə tez-tez həmin səfərlərdə olurdu. Çünki gəmiyə xüsusi olaraq piano gətirilirdi. Orada onlar birlikdə musiqi dinləyərdilər, Zərifə xanım özü də gözəl piano ifa edirdi...
Bir hadisənin də şahidi olmuşam. Moskvadan əməkdar incəsənət xadimi, məşhur bir musiqişünas Bakıya gəlmişdi. Heydər Əliyev onu qəbul edərkən dedi ki, “Gəlin sizə Azərbaycan bəstəkarları məktəbi haqqında danışım”. O, böyük məhəbbətlə Fikrət Əmirovun yaradıcılığından, simfonik poemalarından, muğam əsərlərindən, Qara Qarayevin klassik irsindən danışdı. Həmin xanım heyranlıqla dedi: “Heydər Əliyev, siz bunu o qədər gözəl və peşəkar səviyyədə bilirsiniz ki, mən sizə dəfələrlə təşəkkür etməyə söz tapa bilmirəm. Siz son dərəcə bilikli insansınız”.
1980-ci ildə Azərbaycanda 8 nəfərə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi. Onların arasında Mirzə İbrahimov, Rəşid Behbudov, maestro Niyazi, Qara Qarayev də vardı. Həmin dövrdə Ukraynada bu mükafatı yalnız 2 nəfər almışdı, Azərbaycanda isə 8 nəfər. Bu, Azərbaycan mədəniyyətinin təntənəsi idi və bütün bunların arxasında Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə olan böyük sevgisi, diqqəti və himayəsi dayanırdı.
Dahi lider teatr sənətini də mükəmməl bilirdi. O, aktyorlarla peşəkar teatr terminologiyası ilə danışır, “bu səhnəni çox bəyəndim”, “bu epizodu daha güclü oynamaq olardı” kimi qeydlər edirdi. Bu, onun teatr sənətini necə dərindən bildiyini göstərirdi.
Mən hər zaman deyirəm ki, o, mədəniyyətin böyük dostu idi. Zaman keçdikcə, biz onun böyüklüyünü daha yaxşı anlayırıq. 1993-cü ildə ikinci dəfə ölkə rəhbərliyinə qayıdışından sonra o, ölkə prezidenti kimi yenidən mədəniyyətə, incəsənətə qayğı göstərir, demək olar ki, bütün tədbirlərdə iştirak edirdi. Həmişə maraqlanırdı ki, Tofiq Quliyev hansı əsəri yazıb, Fikrət Əmirovun yeni yeni ifa edilənəsəri hansıdır, Cahangir Cahangirov hansı yeniliyi yaradıb və s. Bir dəfə mənə dedi: “Yaxşı mahnılar yazırsan”. O dövrdə mən İlhamə Quliyevaya bir neçə mahnı yazmışdım və deyilənə görə, Ulu öndər həmin onları çox sevirdi.
Mən və sənət dostlarım üçün Ulu öndər hər zaman ilham mənbəyi olub. Biz dahi liderin xatirəsinə əsərlər yazmağı özümüzə borc bilmişik. Heydər Əliyevin xatirəsinə fortepiano üçün yazdığım “Rekviyem” Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında səslənib və Azərbaycan Televiziyasında yayımlanıb.
İllər keçdikcə, biz bu insanın böyüklüyünü daha dərindən anlayırıq, Ulu öndər nəinki müdrik siyasətçi, həm də musiqinin, teatrın, sənətin böyük dostu idi. O, sənət adamlarına həmişə çox diqqətli idi. Onlara təqaüdlərin verilməsinə, evlə təmin olunmalarına şəxsən nəzarət edir, həyat şəraiti ilə maraqlanır, yubileylərində iştirak edirdi. Hətta ən kiçik jestləri belə unutmayan son dərəcə nəcib insan idi.
Hazırladılar:
Mehparə ƏLİYEVA,
Fidan ƏLİYEVA,
Ləman TƏHMƏZ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 13 Dekabr 2025 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















