Icma.az
close
up
RU
Ulu Öndərin zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətid

Ulu Öndərin zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətid

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, müstəqilliyimizin xilaskarı, Ulu Öndər Heydər Əliyevin anım günüdür. 2003-cü ilin 12 dekabr tarixindən bizləri ayıran 22 il Ümummilli Lider Heydər Əliyevin siyasətinin uğurla davam etdirilməsinə şahidlik edir. Vətənini, torpağını, xalqını canından artıq sevən, Azərbaycanı daim zirvələrdə görmək istəyən və buna nail olan Ulu Öndər elə möhkəm təməl yaratdı ki, onun üzərində Azərbaycan daha möhtəşəm uğurlara, zəfərlərə imza atır. Bu gün Ümummilli Liderin ruhu şaddır. Vaxtilə Onun ən böyük arzusu olan işğal altındakı torpaqlarımızın azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı və bu ərazilərdə yeni həyatın başlanması artıq reallığa çevrilib. Şəhidlərimizin qanı, canı bahasına əldə olunan Zəfərimiz, suverenliyimizin tam bərpası Azərbaycanın müstəqillik tarixini daha da zənginləşdirərək, uğur səhifələrinin sayının artmasını şərtləndirir. Ümummilli Liderin özünün də qeyd etdiyi kimi, “Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”

Təbii ki, bu əbədiliyi şərtləndirən dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövründə Azərbaycanın bugünü, gələcəyi üçün gördüyü misilsiz işlər, eyni zamanda, bu siyasətin davamını təmin edən 1 oktyabr 2003-cü ildə xalqa müraciəti oldu. Ulu Öndər xilaskarlıq missiyasını 1993-cü ildə baş verən iyun hadisələri zamanı Azərbaycanı daxili və xarici düşmənlərdən qorumaqla da təsdiqlədi. Varlığı sual altında olan, AXC-Müsavat cütlüyünün xəyanətləri üzündən dağılmaq təhlükəsi ilə üz-üzə qalan respublikamızı parçalanmaqdan xilas edən, ölkədə yaranan qarşıdurmaları aradan qaldıran, separatizimin qarşısını alan, müstəqilliyimizi istəməyənlərin ölkəmizdə sabitliyin pozulması üçün etdikləri müdaxilələri aradan qaldıran Ulu Öndər Heydər Əliyev ondan nicat gözləyənlərin ümidi oldu. 1991-1993-cü illərdə Azərbaycanda yaşanan faciəli hadisələr ölkəmizin müstəqilliyini sual altına qoymuşdu. Xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün dövlət çevrilişindən, hakimiyyətin güc yolu ilə zəbt edilməsindən sonra vəziyyət daha da ağırlaşmışdı. Ölkəmizdə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat hakimiyyəti talançılıqla məşğul idi. Torpaqlarımız işğal altına düşmüşdü və bununla bağlı çoxsaylı qaçqınlar-köçkünlər yaranmışdı. AXC-Müsavat hakimiyyəti qardaş qanı axıtdı, vətəndaş müharibəsinə başladı və bu, xalqımızın böyük faciəsi idi. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə yaşananlar müstəqillik tariximizin qaranlıq səhifələrində xüsusi yer alıb. Tariximizin bu səhifələrini vərəqlədikcə lider amilinin hər bir ölkənin inkişafında, gələcəyində əsas amil olduğunu daha aydın şəkildə görürük. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi. Bu qayıdış Azərbaycanı böyük bəlalardan xilas etdi. Dahi şəxsiyyət Heydər Əliyevin cəsarəti, zəkası, təcrübəsi, xalqın öz dahi rəhbərinə inamı sayəsində Azərbaycan xaosdan, anarxiyadan, özbaşınalıqlardan, iqtisadi böhrandan xilas oldu, inkişaf, tərəqqi dövrünə qədəm qoydu, torpaqlarımızın işğalının qarşısı alındı. Ümummilli Lİder öncə bu çağırışı etdi ki, müstəqilliyimizi və suverenliyimizi daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməlidir. Dünya azərbaycanlıları bu çağırışı böyük ruh yüksəkliyi ilə qarşıladı, müstəqil Azərbaycanın bugünü və gələcəyi üçün birlik, həmrəylik nümayiş etdirdi. Azərbaycan 50 milyonluq dünya azərbaycanlılarının Vətəni kimi diqqətdə oldu.

Ölkə iqtisadiyyatının bərbad hala salındığı, dövlət büdcəsinin dağıdıldığı, daxili qarşıdurmalara bilərəkdən münbit şərait yaradıldığı o çətin günlərdə Azərbaycanın müstəqilliyi naminə həyatını təhlükəyə atan, xalqın təkidli tələbinə cavab olaraq Bakıya qayıdan Ulu Öndər liderlik fəaliyyətini daha mürəkkəb siyasi şəraitdə, geniş sferada davam etdirdi. 3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində ümumxalq etimadını qazanaraq respublikaya rəhbərliyə başlayan müdrik şəxsiyyət Heydər Əliyev zəngin dövlətçilik təcrübəsinə arxalanaraq xalqın itirilən inamını özünə qaytardı.

Ən ümdə vəzifə kimi torpaqlarımızın işğaldan azad edilməsini qarşıya qoyan Ulu Öndər Heydər Əliyev bu sahədə də böyük müdriklik göstərirdi, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün var gücü ilə çalışırdı. Ordu quruculuğu istiqamətində apardığı islahatları ilə müdafiə qüdrətimizin möhkəm, etibarlı təməlini qoyan dahi şəxsiyyət böyük fəlakətlər qarşısında olan Azərbaycan naminə hamını birliyə səslədi. Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin etmək üçün bütün çətinlikləri aradan qaldıran, 1994, həmçinin 1995-ci illərdə baş verən dövlətçiliyə qəsd cəhdlərinin qarşısını siyasi iradəsi ilə alan Ulu Öndərin ətrafında daha sıx birləşən xalqımız Azərbaycanın inkişafı naminə aparılan quruculuq işlərində də birlik, həmrəylik nümayiş etdirdi.

Dövlət başçısı İlham Əliyev ötən ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində qeyd etmişdir ki, son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.

Ulu Öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycan qısa zamanda sabitlik diyarına çevrildi. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur. Hazırda Azərbaycan ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunur, dünya siyasətinə təsir imkanları artır. BMT-nin, ATƏT-in, Qoşulmama Hərəkatının üzvü, Cənubi Qafqazın lider ölkəsi kimi tanınan Azərbaycan dünyada söz sahiblərindən biri kimi böyük nüfuz qazanıb. Dünya ictimaiyyətinin diqqətlə izlədiyi beynəlxalq tədbirlərə ev sahibliyi edən, sivilizasiyalararası körpü rolunu uğurla davam etdirən Azərbaycanın türk birliyinin, İslam həmrəyliyinin möhkəmlənməsindəki rolu da əvəzsizdir. Bu həmrəyliyin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılıb. Tarixi Zəfərimizin, suverenliyimizin bərpasının yaratdığı reallıqlar fonunda bu birlik, həmrəylik daha da möhkəmlənir. Qarabağın tacı Şuşa Türk dünyasının, İslam dünyasının mədəniyyət paytaxtı kimi dünyanın diqqətində oldu. Dünya azərbaycanlılarını bir araya gətirərək onların V- Zəfər Qurultayına şahidlik edən Şuşa, eyni zamanda, Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə ev sahibliyi etdi. Azərbaycanın ötən il COP29-a ev sahibliyi isə bir daha əməkdaşlıqda, yeni körpülərin qurulmasında nə qədər maraqlı olduğunu təsdiqlədi. Azərbaycan, eyni zamanda, ötən il D-8 təşkilatına üzv qəbul edildi. Bu gün işğaldan azad edilmiş ərazilərimiz beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması da özündə mühüm məqamları ehtiva etdi. Dahi şəxsiyyətin anadan olmasının 100 illiyi ilə bağlı olan bu mühüm addım, həmçinin cənab İlham Əliyevin 20 illik Prezidentlik dövrünün təqdimatı oldu. Artıq bütün vədlər yerinə yetirilmişdir. Azərbaycan 2023-cü ilin sentyabrında suverenliyini tam bərpa edərək yeni dövrə qədəm qoydu. “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərə yüksək səviyyədə nail olduğunu nümayiş etdirdi. 44 günlük İkinci Qarabağ müharibəsində qazandıgımız Zəfər, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad edilmiş bütün ərazilərimizdə dalğalanan Bayrağımız Ulu Öndərin vəsiyyətinin gerçəkləşməsi, müstəqilliyimizin əbədi qarantı Ümummilli Lider Heydər Əliyevin xidmətlərinin təqdimatı kimi dəyərləndirilir. Azərbaycanın müstəqilliyi əbədi, sarsılmaz və dönməzdir!

Təbii ki, Ulu Öndər Heydər Əliyevin zamana və məkana sığmayan xidmətlərini bir yazıda əhatə etmək çətindir. Bu fikir daim xüsusi qeyd edilir ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli və dahi şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ümummilli Liderin zəkasının işığında qədəm qoydu. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin həyat amalının təntənəsidir.

Ulu Öndər Heydər Əliyevin xidmətlərindən bəhs edərkən ölkəmizin həyatında mühüm dönüş nöqtələrindən biri kimi Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Bu gün isə böyük əminliklə qeyd edirik ki, Ümummilli Liderin bugünün və gələcəyin partiyası kimi dəyərləndiyi Yeni Azərbaycan Partiyası ölkədə gedən bütün proseslərin mərkəzində dayanır. YAP nəinki ölkəmizin, regionun aparıcı təşkilatıdır. Ən əsası YAP ənənələri olan partiyadır. Yeni Azərbaycan Partiyası tarixi Zəfərimizin reallıqları əsasında təsdiqlədiyi, müasir çağırışları özündə ehtiva edən “Biz birlikdə güclüyük!” devizi altında yeni Proqramından irəli gələn vəzifələri uğurla yerinə yetirir. Tarixi Zəfərimiz bu partiyanın həyatında da yeniliklərə, təkmilləşməyə yol açdı. Partiyanın VII qurultayında qəbul edilən yeni qərarlar, yeni formalaşan tərkib Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ oldu. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın partiyanın Sədrinin Birinci müavini təyin edilməsi YAP-ın həyatında mühüm hadisə kimi dəyərləndirildi.

Ulu Öndərin 2003-cü ildə xalqa tarixi müraciəti Heydər Əliyev siyasətinin davamının, bugünkü və gələcək uğurların əsası oldu. Azərbaycan əməkdaşlıq və sülh gündəliyinin müəllifi kimi dünyanın diqqətindədir. Bu ilin avqust ayında dövlət başçısı İlham Əliyevin ABŞ-a səfəri mühüm nəticələrlə tarixə yazıldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, avqustun 8-də Vaşinqtonda baş verənlər, əslində, Cənubi Qafqazda qarşıdurmanın və gərginliyin sonu deməkdir. Otuz ildən çox davam edən işğala 44 günlük Vətən müharibəsi nəticəsində son qoyuldu və Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi, torpaqlarını geri qaytardı. Vaşinqton razılaşması münaqişənin, müharibənin sonudur. Yenə də məhz biz danışıqlar formatının təşəbbüskarı olduq. Biz sülh sazişinin layihəsini təqdim etdik. Əslində, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan-Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır. Vaşinqton sazişi Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır.

Bu gün azad Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir. Soydaşlarımız doğma yurd-yuvalarına qayıdışın sevincini yaşayır. Artıq 6 şəhər, 2 qəsəbə və 20-dən artıq kənd sakinlərinə qovuşub. Azad edilmiş bütün ərazilərimiz quruculuq meydanına çevrilib. Aparılan genişmiqyaslı bərpa-quruculuq işləri şəhərsalmanın Azərbaycan təcrübəsini dünyaya təqdim edir. Ağdamda, Zəngilanda və Xankəndidə keçirilən Azərbaycan Milli Şəhərsalma forumları Azərbaycanın malik olduğu imkanların, təcrübənin təqdimatı oldu. 2026-cı ildə isə Bakı yenidən dünyanın diqqətini özünə cəlb edəcək. Azərbaycan paytaxtında Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası keçiriləcək. Məzmununa və əhatə dairəsinə görə bu Forum BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransından sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma hesab olunur. Bu mühüm tədbirin Bakıda təşkili yalnız regional deyil, həm də qlobal miqyasda şəhərsalma, dayanıqlılıq və ətraf mühit sahələrində Azərbaycanın artan liderliyini nümayiş etdirir.

Ümummilli Lider Heydər Əliyevin irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun xidmətləri də ölçüyəgəlməzdir. Fondun Mehriban xanım Əliyevanın rəhbərliyi ilə gördüyü işlərin miqyası olduqca böyükdür. Hazırda bütün səylər işğaldan azad edilmiş ərazilərimizin bərpasına yönəldilib. Bu baxımdan Fondun erməni vəhşiliklərinə şahidlik edən tarixi və dini abidələrimizin bərpası istiqamətində fəaliyyətini xüsusi vurğulamaq gərəkdir. Fondun hər bir layihəsi qalib Azərbaycanın təqdimatına xidmət edir. Hər bir addımın əsasında Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin təbliği dayanır.

Heydər Əliyev yolunun uğurlu davamı Azərbaycanın bütün sahələrdə inkişafını, tərəqqisini qaçılmaz edir. Yeni dövrə qədəm qoyan Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində prezident, parlament və bələdiyyə seçkilərinin keçirilməsinə nail oldu. Tariximizin növbəti qürurverici səhifələri yazıldı. Dövlət başçısı İlham Əliyev ötən ilin fevralında keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində “Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi” söyləyərək onu da əlavə etdi ki, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. 

Qısa təhlil belə bir ümumiləşdirməyə əsas verir ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları bundan sonra da Azərbaycanın davamlı uğurlarının əsası olacaq. Nə qədər ki, Azərbaycan dövləti, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır! Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, Onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Vüqar Rəhimzadə,

Milli Məclisin deputatı


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:38
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 Dekabr 2025 01:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see252

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see239

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see196

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see186

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see186

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see182

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see173

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see155

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see146

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see140

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see137

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see132

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see130

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see129

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see127

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see127

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see122

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see122

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see121

ABŞ da universitetdə atışma olub, ölən var YENİLƏNİB

10 Dekabr 2025 04:45see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri