UNEC alimi Sankt Peterburq Beynəlxalq İqtisadi Konqresində məruzə ilə çıxış edib FOTOLAR
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2025-ci il aprelin 8-9-da Rusiyanın Sankt-Peterburq şəhərində S.V.Vitte adına Yeni Sənaye İnkişafı İnstitutu tərəfindən təşkil olunmuş “Əmək və cəmiyyətin transformasiyası: bilik, yaradıcılıq, noonomika” mövzusunda X Sankt-Peterburq Beynəlxalq İqtisadi Konqresi keçirilib.
"AzPolitika" xəbər verir ki, Konqresdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadi və texnoloji elmlər” kafedrasının professoru, iqtisad elmləri doktoru Babayev Əlican Pirican oğlu iştirak edib.

Konqres çərçivəsində aşağıdakı mövzularda elmi müzakirələr aparılıb:
Yeni qlobal iqtisadi reallıqda əməyin məzmunu və rolunun dəyişməsi;Yaradıcı komponent və kreativ sənayelər: gələcək qlobal dəyişikliklər dövrünə doğru irəliləyiş;6-cı və 7-ci texnoloji ukladların proqnozlaşdırılması: inkişafın alternativ paradiqmaları və "zoo-noo" balansı;Bilik və yaradıcılıq siyasi iqtisadın kateqoriyaları kimi – noonomika nəzəriyyəsi və təcrübəsində bu anlayışların məzmununun təkamülü və transformasiyası;Elmi liderlik və kadrlarla təminat baxımından müstəqillik: uzunmüddətli strateji inkişafın tərkib hissələri.Konqresin “Müasir siyasi iqtisadın inkişafının yeni istiqamətləri” bölməsində moderatorluq edən prof. Ə.P. Babayev “Noonomika nəzəriyyəsi və praktikası baxımından əmək prosesinin məzmununun dəyişməsi və siyasi iqtisadın vəzifələri” mövzusunda məruzə ilə çıxış edib.
Çıxışında müəllif qeyd edib ki, müasir elmi-texniki tərəqqi nəticəsində əmək prosesinin xarakterində və məzmununda baş verən sürətli dəyişikliklər iqtisad elmi qarşısında yeni məsələlər qoyur. Həm texniki, həm də sosial xarakterli bu dəyişikliklər cəmiyyətin strukturuna və inkişafına əhəmiyyətli dərəcədə təsir etdiyindən, onlar həm noonomika, həm də siyasi iqtisad baxımından ciddi araşdırma mövzusuna çevrilir.

Əmək fəaliyyəti və sosial inkişaf məsələləri tarixən siyasi iqtisadın tədqiqat obyektinə daxil olub. Nisbətən yeni elm sahəsi olan noonomika isə son illər texnoloji dəyişikliklərin yaratdığı ictimai transformasiyaları öyrənməklə bu sahədə öz mövqeyini gücləndirir. Müəllifin fikrincə, bu iki sahənin araşdırma predmetləri müəyyən nöqtələrdə kəsişir və bir-birini tamamlayır.
Ə.P. Babayev çıxışında vurğulayıb ki, son onilliklərdə texnoloji dəyişikliklər nəticəsində zehni və fiziki əmək arasında əvvəlki sərhədlər itməkdədir. Bu isə əməyin mürəkkəblik dərəcəsinin müəyyən olunmasında yeni maddi və sosial meyarların formalaşmasına, nəticə etibarilə əmək bazarında ödəniş münasibətlərinin və bütövlükdə sosial strukturların dəyişməsinə səbəb olur.

Konqres çərçivəsində, həmçinin Rusiya Elmlər Akademiyasının müxbir üzvü, S.V.Vitte adına Yeni Sənaye İnkişafı İnstitutunun direktoru, Rusiya Azad İqtisadiyyat Cəmiyyətinin prezidenti, iqtisad elmləri doktoru, professor Sergey Bodrunovun “Noonomika” kitabının Azərbaycan dilinə tərcümə olunmuş versiyasının təqdimatı keçirilib. Kitab UNEC əməkdaşları – professor Babayev Ə.P. və iqtisad elmləri üzrə fəlsəfə doktoru Quliyeva A.Ə. tərəfindən tərcümə olunub.
Konqresin proqramı, foto və video materialları ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür: : https://disk.yandex.ru/d/sk5eWR_78hJxjg; https://inir.ru/spec-2025/
“Noonomika” kitabı nədən bəhs edir?
Qeyd etdiyimiz kimi, UNEC əməkdaşları – professor Ə.P.Babayev və iqtisad elmləri üzrə fəlsəfə doktoru A.Ə. Quliyeva “Noonomika” kitabını Azərbaycan dilinə tərcümə edirlər. Bəs kitab nədən bəhs edir?

Bununla bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad elmləri doktoru Əlican Babayevin fikirlərini təqdim edirik:
İctimai inkişafın keyfiyyətcə yeni xüsusiyyətlərini açıqlayan və buna nail olmağın real yollarını təklif edən noonomika nəzəriyyəsi bəşər sivilizasiyasının sosial-iqtisadi inkişaf perspektivlərinin vahid nəzəri baxımdan əsaslandırılmasını təmin edir. Noonomika nəzəriyyəsinin müəllifi Rusiya Elmlər Akademiyasının müxbir üzvü, iqtisad elmləri doktoru, professor Sergey Bodrunovdur.
Haşiyə: Sergey Bodrunov - S.Y. Vitte adına Sankt-Peterburq Yeni Sənaye İnkişafı İnstitutunun (YSİİ) təsisçisi (1997) və direktorudur. İnstitutun tədqiqat fəaliyyətinin əsas mövzusu iqtisadiyyatın sənayeləşməsi, ortamüddətli və uzunmüddətli institusional, iqtisadi və texnoloji effektlərin proqnozlaşdırılması ilə bağlı məsələlərin geniş spektridir.
Rusiyada və xaricdə çap olunmuş 1000-dən çox elmi nəşrin, o cümlədən 37 monoqrafiyanın müəllifi olan S.D.Bodrunovun ən mühüm əsərləri iqtisadiyyatın sənaye sektorunun inkişafı; iqtisadi qərarların reallaşdırılmasında informasiya texnologiyalarının tətbiqi; iqtisadiyyatın mürəkkəb sənaye sahələrinin (o cümlədən təyyarəqayırma və cihazqayırma sahələrinin) inkişafının konseptual platformalarına aid nəzəri və praktiki araşdırmalar; iqtisadiyyatın innovativ və investisiya parametrlərinin tədqiqi, gələcəyin iqtisadiyyatında əməyin intellektuallaşmasına aid nəzəri tədqiqatlara həsr edilmişdir. O, Rusiya iqtisadiyyatının yenidən sənayeləşdirilməsi strategiyasının ən böyük tədqiqatçılardan biridir.

S.Bodrunov ikinci nəsil yeni sənaye cəmiyyəti və bu cəmiyyətin yenidən sənayeləşdirilməsi konsepsiyasının, noonomika nəzəriyyəsinin müəllifidir. Onun “Noonomika” kitabı 2018-ci ilin iyul ayında “XXI əsrdə siyasi iqtisadın inkişafına sanballı töhfə” kimi Ümumdünya Siyasi İqtisad Assosiasiyasının (WAPE) mükafatına layiq görülmüşdür. Noonomika nəzəriyyəsi kursu Rusiyanın aparıcı universitetlərində tədris edilir.
S.Bodrunov 2016-cı ildən bu günə qədər Ümumrusiya Azad İqtisadi Cəmiyyətinin Prezidentidir (bu qurum Rusiya İmperator Azad İqtisadi Cəmiyyətinin hüquqi varisidir, 2025-ci ildə onun yaradılmasından 260 il keçir).
S.Bodrunov 2015-ci ildən Sankt-Peterburq İllik Beynəlxalq İqtisadi Konqresinin (SPİK) təsisçisi, təşkilatçısı və Prezidenti, 2015-ci ildən “İstehsal. Elm. Təhsil” Ümumrusiya Elmi Konqresinin Sədri, Rusiyada və xaricdə keçirilən bir çox elmi forumların iştirakçısı və təşkilatçılarından biridir. Rusiya Elmlər Akademiyasının Prezidenti ilə birlikdə Rusiyanın ən böyük elmi-akademik məkanı olan Moskva Akademik İqtisadi Forumunun (MAİF) həmsədridir.
2018-ci ildə “Noonomika” kitabı “XXI əsrdə siyasi iqtisadın inkişafına sanballı töhfə kimi Ümumdünya Siyasi İqtisad Assosiasiyasının (WAPE) Mükafatına layiq görülmüşdür. İndiyə qədər 15 ölkədə 10 dildə nəşr edilmiş “Noonomika” kitabı dünyanın ən böyük kitabxanalarının - ABŞ Konqres Kitabxanasının, Böyük Britaniya, Çin Xalq Respublikası, Kanada, İsrail, İspaniya və digər ölkələrin milli kitabxanalarının fondlarında saxlanılır. Noonomikaya aid tədris kursları Rusiyanın 10 universitetinin proqramlarına daxil edilmişdir, bu kurslar M.V. Lomonosov adına Moskva Dövlət Universitetində, Çin, Qırğızıstan, Belarus, İsrail universitetlərində də oxunur. Ural Dövlət İqtisad Universitetində, Kemerovo Dövlət Universitetində, Rusiya Elmlər Akademiyasının Voloqda Elmi Mərkəzində noonomika mərkəzləri fəaliyyət göstərir. Bir sıra ölkələrdə hər il bu problemə həsr edilmiş genişmiqyaslı konfranslar keçirilir, elmi jurnallar, tədris ədəbiyyatı nəşr olunur. Noonomika nəzəriyyəsi əsasında dünya təsərrüfat ukladları nəzəriyyəsi, stratejiləşmə nəzəriyyəsi, sosial inkişaf nəzəriyyəsi, geosiyasi iqtisadiyyatda noointeqrasiya nəzəriyyəsi və bir sıra başqa böyük elmi istiqamətlər inkişaf edir.
Noonomika bir elmi istiqamət və nəzəri platforma olmaq etibarilə, texnoloji dəyişikliklərin və cəmiyyətin strukturunda onlardan irəli gələn dəyişikliklərin tədqiqinə əsaslanan mürəkkəb transformasiya nəzəriyyəsidir.
“Noonomika” termini, təməli professor Vernadski tərəfindən qoyulmuş rus mədəni və fəlsəfi ənənələrinə əsaslanan ictimai quruluşa humanist münasibət bəsləyən iqtisadiyyat haqqında ənənəvi təsəvvürlərin sintezidir.
Eyni zamanda, noonomika nəzəriyyəsinin özəyini iqtisadi elmlər, ilk növbədə klassik siyasi iqtisad və sistemli təhlil təşkil edir. Noonomika nəzəriyyəsi bir sıra müasir nəzəri konsepsiyalarla - Samir Amin və Vallerstaynın qlobal sistemli yanaşma, Rusiya Elmlər Akademiyasının akademikləri S.Y.Qlazyev və D.S.Lvovun texnoloji ukladlar nəzəriyyəsi, professor Çen Enfu və başqalarının “İntellektual iqtisadiyyat” konsepsiyası kimi anlayışlarla bağlıdır. İnstitusional istiqamətin nümayəndəsi olan amerikan alimi Con Kennet Helbreytin əsərlərinə xüsusi diqqət yetirilmişdir. Bu əsərlər intensiv texnologiyalar haqqında biliklərə əsaslanan yeni texnoloji uklada keçid dövründə iqtisadiyyatda və sosial sahədə baş verən dəyişikliklərin trayektoriyasını və mahiyyətini müəyyənləşdirən İkinci nəsil yeni sənaye cəmiyyəti (YSC.2) konsepsiyası üçün baza rolu oynamışdır.
“Noonomika” sözündəki “noo” tərkib hissəsi yunan dilində ağıl, dərrakə mənasında işlənən “noos” sözündəndir, lakin bu halda “ağıl, dərrakə” dedikdə mücərrəd bir anlayış nəzərdə tutulmur. Ağlın, dərrakənin meyar bazası bəşəriyyətin daim can atdığı, indi də səy göstərdiyi ən ali dəyər olan həqiqətdir. “Noonomika” termininin ikinci hissəsi – “nomos” da yunan mənşəli olub, hər hansı məkanın təşkilinin əsas prinsipinə, bütün varlığın mövcudluğunun universal qanununun əsas prinsipinə istinad etmək üçün istifadə olunur.
İqtisadiyyat iqtisadi cəmiyyətdə təsərrüfatçılıq üsulu olduğu kimi, noonomika da qeyri-iqtisadi cəmiyyətdə, noocəmiyyətdə təsərrüfatçılıq üsuludur. Bu halda noocəmiyyət mücərrəd konstruksiya deyil, inkişaf etmiş texnosferə əsaslanan cəmiyyətdir, belə cəmiyyətdə insanların tələbatlarının yaranmasına və təmin edilməsinə yeni yanaşma formalaşmışdır.
Bu gün şahidi olduğumuz ən möhtəşəm transformasiya texnoloji sahədə müşahidə olunur. Bu transformasiyanın məzmunu maddi istehsalın əsasən sənaye xarakterli yeni keyfiyyətə keçiddir. Müasir texnoloji inqilabın fərqləndirici xüsusiyyəti olan bu yeni keyfiyyət biliklərin tətbiqi sahəsində ciddi irəliləyişdir. Məsələnin iqtisadi cəhətinə gəldikdə, istehsal xərclərinin tərkibində biliklərin payı artır, maddi ehtiyatların payı isə nisbətən azalır. Bu halda intensiv bilik texnologiyalarına əsaslanan dominant sənaye texnoloji ukladın dəyişməsi təkcə texnologiyanı deyil, həm də cəmiyyətin özünün simasını dəyişir.
Beləliklə, bəşəriyyətin inkişafının magistral yolu aşağıdakı vektorla müəyyən edilir: müasir iqtisadi inkişaf paradiqmasının ikinci nəsil yeni sənaye cəmiyyəti (YSC.2) mərhələsindən keçməklə Noonomikaya – tələbatların qeyri-iqtisadi üsulla ödənilməsinə transformasiya. Bu cür dəyişikliklərin ilkin səbəbi elmi və texnoloji tərəqqidir. Bu, noonomika nəzəriyyəsinin mərkəzi ideyalarından biridir.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, bilik tutumlu texnologiyaların inkişafı nəticəsində maddi istehsal prosesində işçinin birbaşa iştirakı azalır - Marksın proqnozlaşdırdığı kimi, istehsalın məqsədlərinin müəyyən edilməsi və nəzarət funksiyalarının insanın öhdəsində qalan hissəsi getdikcə azalır, xammal və materiallarla birbaşa manipulyasiyalar isə avtonom texnoloji vasitələrlə icra edilir. Sənaye robotlarından, “əşyalar interneti”ndən, maşın öyrənməsindən və 6-cı uklada xas olan digər texnologiyalardan bugünkü səviyyədə istifadə edilməsi bu yolda yalnız ilk addımdır.
İntensiv biliklərə əsaslanan istehsalın inkişafı ilə bağlı obyektiv proseslər insanın özünü inkişaf etdirməsi, təhsil, yaradıcılıq üçün vaxtını artıracaqdır. Üstəlik, bu da aşkardır ki, əmək fəaliyyətinə sərf edilən vaxtın azalması nəticəsində yaradıcı komponentin artması qaçılmazdır. Gələcəkdə insanın özünün inkişafı naminə texnosferin nisbətən avtonom inkişafını istiqamətləndirən biliklər və yaradıcılıq insanın əsas funksiyalarına çevrilir, onun üstünlük verdiyi dəyərlər isə tədricən daha artıq maddi nemət və xidmətlər uğrunda mübarizədən yaradıcı fəaliyyət prosesində şəxsiyyətin öz imkanlarını reallaşdırmağa tərəf dəyişir.
Beləliklə, intensiv bilik texnologiyalara əsaslanan istehsalın maddi, texnoloji əsasında baş verən dəyişikliklər cəmiyyətin qlobal transformasiyasına səbəb olur, bu cəmiyyətdə simulyativ tələbatlar həqiqətən humanist keyfiyyətlər və dəyərlərlə əvəz olunacaq.
Noonomikaya keçid 4 əsas amilin təsiri ilə bağlıdır, bu amillərin təzahürü getdikcə daha çox nəzərə çarpır. Bu onu göstərir ki, noonomika hansısa spekulyativ futuristik quruluş deyil, konturları artıq bu gün aşkar görünən gələcək sosial quruluşun modelidir. Noonomika nəzəriyyəsində bu amillər “sivilizasiya transformasiyası amillərinin kvadriqası” və ya “Noonomika kvadriqası” adlanır. Bu ad məşhur “Apollon kvadriqası” - qədim yunan əsatirinə görə, dörd amili bildirən dörd at qoşulmuş və Dərrakə ilə idarə olunan tale arabası ilə əlaqələndirilir.
Sivilizasiya transformasiyasının birinci amili, heç şübhəsiz, elmi-texniki tərəqqi amilidir. Məhz bu amil insanın qeyri-simulyativ tələbatlarının tam həcmdə ödənilməsi üçün maddi zəmin yaradır.
Noonomikaya xas olan dörd amildən ikincisi mülkiyyətin diffuziyasıdır.
Belə adlandırılan birgə istehlak iqtisadiyyatı bizim dövrümüzün geniş yayılmış əlamətinə çevrilmişdir, onun imkanları, əsas etibarilə, elmi-texniki tərəqqinin və Sənaye 4.0 ukladının inkişafı ilə bağlı idi. Belə adlandırılan assosiativ, birgə istehlakın müxtəlif formalarının bazarı genişlənir: ko-vorkinq, ko-livinq, kar-şerinq, kik-şerinq və s., bu bazarın yeni variantları yaranır. İstehlaka yanaşmaların belə dəyişməsi - mülkiyyət və mənimsəmə sərhədlərinin aradan qalxması mülkiyyətə münasibətin dəyişməsinə dəlalət edir.
Burada belə bir mühüm məqam var ki, artıq yalnız özəl mülkiyyətin diffuziyasından deyil, bütövlükdə mülkiyyətin xüsusi bir təsisat kimi diffuziyasından söhbət gedir. Mülkiyyətin əhəmiyyəti azaldıqca, cəmiyyətdə iqtisadi əlaqələr məkanı da daralır, yəni iqtisadi cəmiyyətin özü tədricən yox olur. Bu, məhz ictimai istehsalın və mənimsəmənin bir növünün başqası ilə əvəz edilməsinə səbəb olan texnologiyaların tərəqqisi ilə əlaqədardır (və gələcəkdə də belə olacaq).
Noonomik transformasiyaya xas olan üçüncü amil “cəmiyyətin sosiallaşması”dır. Bu amil digərləri ilə sıx bağlıdır: texnoloji tərəqqi və mülkiyyətin diffuziyası insanın sosiallaşmaya səbəb olan keyfiyyətlərinin inkişafına yol açır.
Noonomika nəzəriyyəsində cəmiyyətin sosiallaşması prosesi dedikdə sosial təşkilatın səviyyəsinin, cəmiyyətdə davranış mədəniyyətinin, müvafiq norma və qaydaların, cəmiyyətdə bərqərar olmuş dominant dəyərlərin dəyişməsi başa düşülür. Bu dəyişikliklər ictimai təsisatların müntəzəm olaraq yenidən qurulmasını nəzərdə tutur. İnsan sosiallaşma prosesinin məhsuludur, çünki məhz bu proses sayəsində o, “bioloji (zooloji) varlıq”dan insana çevrilir, həqiqətən “insani” keyfiyyətlər, NOO- keyfiyyətlər kəsb edir.
Digər tərəfdən, getdikcə sosiallaşan insan, ictimai varlığa və ictimai şüura, həyat fəaliyyətinə və hərəkətlərə xas olan yeni dəyərlər və motivlər gətirməklə, sosial-siyasi və iqtisadi təsisatları “zoo”dan “noo”ya transformasiya etdirir. Təzədən qurulmuş bu yeni təsisatlar isə, öz növbəsində insana, fərdlər cəmiyyətinə müvafiq surətdə əks təsir göstərərək, insanın özünün nootransformasiyasını gücləndirir.
Dördüncü amil həmrəyliyin bir ideya kimi, ideologiya kimi, praktika kimi bərqərar olmasıdır.
Noonomika nəzəriyyəsi həmrəyliyi fərdləri, sosial qrupları və təsisatları vahid sistem halında birləşdirən və bu sistemi dəyişdirən qarşılıqlı fəaliyyətin sinergetik effekti kimi qiymətləndirir.Həmrəylik sosial aktorların qarşılıqlı fəaliyyətinin elə tipinə əsaslanır ki, orada gerçəkliyin iqtisadi, bazar qavrayışına xas olan mübarizə və rəqabətin yerini birgə fəaliyyət münasibətlərinə xas olan dəyərlərin, məqsədlərin və üsulların vəhdətinin qarşılıqlı dərk edilməsi tutur.
Bu gün biz həmrəylik ideyalarının mütləq mənada intibahını müşahidə edirik. Həmrəylik fenomeni, o cümlədən, Çinin və Avrasiya İqtisadi Birliyinin “Bəşəriyyətin vahid taleyi” konsepsiyasının əsasını təşkil edir. Dünyada təsir qüvvəsi sürətlə artmaqda olan yeni birlik – BRİKS də oxşar ideyalara əsaslanır.
Beləliklə, hazırda yaşadığımız sivilizasiya transformasiyasının yuxarıda qeyd edilən dörd istiqaməti (və ya dörd vektoru), genezisin və ictimai quruluşun yeni, perspektivli tipinə - noonomikaya doğru irəliləyişin mənbəyini, məqsədini, mexanizmini və vasitələrini xarakterizə edir".


