Uzaq, yaxın, məsafəli Esse
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şahnaz ŞAHİN
Evə tibb bacısı çağırmışam, onu tanımıram, əlaqə nömrəsini qeydiyyatda olduğumuz poliklinikadan götürmüşəm. Xanımı peşəkar işçi kimi xeyli tərif də ediblər... Razılaşdığımız vaxtda qapının zəngi çalınır, gözlükdən baxıram gələn odur, "xoş gəldin" deyib içəri dəvət edirəm. Bir az kənara çəkilib onun ayaqqabılarını rahat soyunmasını gözləyirəm. Amma cavan tibb bacısı ayağını soyunmağa tələsmir, dəhlizi bir baxışıyla "reviziya" edib üzünü mənə tutur: "Bu xalçanın üstünə niyə üzlük çəkməmisiz, həm gigiyenik düz deyil, həm də tez kirlənir..." Evimə ilk dəfə ayaq basan adamın etik olmayan sualı mənə həm qəribə, həm də yersiz görünür. Yadıma bir abxaz atalar sözü düşür, "çatışmayan şeyləri qonaq tez görər..." Amma gördüyünü dilinə gətirməyi nə qədər düzgündür?..
Xalqımızın qonaqpərvərliyi hər kəsə bəllidir, hətta naxələf qonşularımıza belə. Qonağa xüsusi hörmət, diqqət göstərmək də xalqımızın həyat tərzidir. Bineyi qədimdən qonaq hər evdə əziz tutular, onun üçün bir otaq ayrılardı. O, əlvan rəngli, ipək üzlü yun yorğan-döşəkdə yatar, yeməyin ən ləziz tikəsi onun qabına qoyulardı. Qonağı elə bu gün də evin bərəkəti hesab edir, hörmət və ehtiramla qarşılayır, qulluq göstərirlər. Şəms Təbrizi də "qapımıza deyil, qəlbimizə vuran buyursun" söyləməklə gələn adam hər kimsə məhz niyyətinin saf, təmiz olmasını vacib hesab edirdi...
Azərbaycan folklorunda, dastan və atalar sözlərimizdə də qonağın müqəddəs sayılması, onun hörmətinin yüksək tutulması ilə bağlı xeyli dəyərli fikir və məqamlar vardır. On səkkizinci əsrin əvvəllərinə aid olan "Qabusnamə"də də qonaq getmək və qonaq qəbul etmək qaydaları haqda ayrıca bölüm yer alır...
Nəzərə alaq ki, bu xanım evimə qonaq kimi deyil, müəyyən ödəniş qarşılığında tibbi xidmət göstərmək üçün dəvət olunub. Mən də canımın ağrıdığına rəğmən, nəzakət qaydalarını unutmuram. Bəs onda qonaq nədən özünü ilk dəfə ayaq basdığı, özü də iş üçün gəldiyi və vur-tut bircə saat olacağı evdə bu qədər rahat və sərbəst hiss edə bilir?..
Əvvəlcədən sistem köçürmək üçün lazım olan şəraiti yaratmışam, dərmanlarımı da çıxarıb kiçik masanın üstünə düzmüşəm. Spirt, müxtəlif ölçülü şprislər də öz yerində... Xanım bir əlində telefon işə başlayır, mən də yerimi çarpayıda rahatlayıb gözləyirəm. O, hazırladığı maye dolu şüşəni xüsusi asqıya keçirib qolumu dirsəkdən yuxarı rezinlə sıxıb iynəni damarıma yeridir...
Arada qalxıb icazəsiz filansız, soruşub eləmədən mətbəxə keçib telefonunu şarj yığması üçün elektrik qaynağına birləşdirir. Halbuki bunu elə olduğu otaqda edə bilərdi...
Dərman asta axmalı, xəstənin vəziyyəti daim nəzarətdə saxlanmalıdır. Xanım isə öz işindədi, "tik-tok"da gəzişir, maraqlı hesab etdiyi videoları izləyir və s. Mən də onu izləyirəm. Nəhayət bir də başını qaldırıb baxır ki, maye bitib, amma sona çatmadan bir şpris vitamin qarışığını əlavə etməliydi. Tez əlini atıb şprisi götürüb rezinə taxır və bütün bu dəqiqələrdə də yenə telefon əlindən düşmür! Demək olar ki, bu adam işini tək əlilə görür və deməli, daşıdığı məsuliyyəti də sonadək dərk eləmir...
Düşünürəm, adamların da dadı var, şirini, acısı, turşaşirini... Onları yaxşı-pis deyə ikiyə bölmək necə, doğrudurmu, bilmirəm, axı bu bölgü də nisbidir. Düşüncələrim üzümə xəfif bir təbəssüm qondurur, eynim açılır, sevinirəm, inanıram ki, hamımızın hardasa heç zaman tanımadığımız, haqqında heç nə bilmədiyimiz yaxşı adamlar yaşayır və həm də yaşadır... Deyirəm:
...heç vaxt görmədiyim
a yaxşı adamlar,
Bu fani dünyaya bir bəxşiş adamlar
Sizinlə rahatdı yaşamaq,
dağ boyda sevinci, kədəri zamandan
zamana daşımaq...
qəhrəman adamlar, laməkan adamlar,
hər şeydən narahat,
hamıdan nigaran adamlar...
O gün mən o xanıma həm insan kimi, həm də işçi kimi bələd oldum, bələd olduğun yola isə bələdçi istəməzlər. Və doqquz tibbi prosedurum qalsa da, daha ona müraciət etməməyə qərar verdim...
Baxış sayı:107
Bu xəbər 27 Noyabr 2026 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















