Valideynlərin peyvənd qorxusunu necə dəf etmək olar?
Icma.az, 525.az saytına istinadən bildirir.
Azərbaycanda hamilə qadınların və digər vətəndaşların viruslu hepatitlərdən qorunması, skrininqi və müalicəsi üçün ayrılan maliyyə vəsaiti birbaşa dövlət büdcəsi və İcbari Tibbi Sığorta (İTS) fondu tərəfindən qarşılanır. Bu vəsaitlər müxtəlif istiqamətlərə yönəldilir.
“Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin sədri Zülfiyyə Mustafayevanın sözlərinə görə, vəsaitin yönəldiyi istiqamət ilk növbədə icbari tibbi sığorta zərfi hesabına pulsuz xidmətlərlə təminatdı:
- Hamilə qadınların qadın məsləhətxanalarında keçdiyi bütün rutin müayinələr və hepatit testləri sığorta zərfinə daxildir və vətəndaş üçün tamamilə pulsuzdu. Məsələn, skrininq testləri: hamiləliyin əvvəlində və sonunda icra olunan hepatit B (HBsAg) və lazım gəldikdə hepatit C testlərinin xərcləri İTS tərəfindən maliyyələşdirilir. Bundan başqa həkim qəbulu və laboratoriya xərcləri, qan analizləri, ultrasəs müayinəsi (USM) və infeksionist/ginekoloq qəbulu tam dövlət təminatındadı. Eyni zamanda, yenidoğulmuşların mühafizəsi (peyvənd və immonoqlobulin) üçün də dövlət müvafiq vəsait ayırır. Bu hepatit B daşıyıcısı olan analardan doğulan körpələrin yoluxmasının qarşısını almağa yönəlik tədbirlərin maliyyələşdirilməsini nəzərdə tutur.
Doğuşdan sonrakı ilk 12 saat ərzində vurulan hepatit B vaksini də dövlətin maliyyəsi altındadı. Qiyməti baha olan və virusun neytrallaşdırılması üçün kritik rol oynayan hepatit B immunoqlobulini (HBIG) tibb müəssisələrinə dövlət vəsaiti hesabına tədarük edilir və pulsuz tətbiq olunur.
- Yoluxmuş qadınların müalicə dərmanları necə maliyyələşdirilir?
- Viruslu hepatitlərin müalicəsində pulsuz dərman təminatı (antiviral müalicə) mövcuddu. Səhiyyə Nazirliyi və TƏBİB-in xüsusi komissiyaları tərəfindən xroniki Hepatit B və C pasiyentlərinin, o cümlədən göstəriş olduqda hamilə qadınların müalicəsi üçün yüksək aktivli antiviral dərman preparatları pulsuz paylanır. Məsələn, hepatit B üçün "tenofovir" qrupundan olan preparatlar, hepatit C üçün tam sağalmanı təmin edən müasir "sofosbuvir" və "daklatasvir" kombinasiyaları dövlət tərəfindən maliyyələşdirilərək xəstələrə pulsuz verilir.
- Bu sahədə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların fəaliyyətini necə qiymətləndirmək olar?
- Beynəlxalq fondların dəstəyi uzun illərdi, mövcuddu. Hamilələr arasında hepatit B skrininq proqramlarının ilk genişmiqyaslı tətbiqi və cihaz təminatı illər öncə beynəlxalq humanitar fondların, xüsusilə Postropoviç-Vişnevskaya Fondunun maliyyə dəstəyi ilə başlayıb. Hazırda bu xərclər tamamilə Azərbaycan dövlətinin daxili səhiyyə büdcəsinə transfer edilib.
- Uşaqlar arasında peyvəndləşmə prosesində hansı çətinliklər mövcuddu?
- Bizim ölkədə hazırda ən narahatedici hal peyvəndlərə inamsızlıq və valideynlərin müxtəlif şübhələr nəticəsində bilərəkdən körpələri peyvəndlərdən yayındırmasıdı. Səhiyyə Nazirliyinin təsdiq etdiyi Milli Peyvənd Təqviminə əsasən, uşaqların virus hepatitlərinə və digər təhlükəli infeksiyalara qarşı peyvəndlənməsi dövlət hesabına (ödənişsiz) və ciddi qrafik üzrə həyata keçirilir. Doğum evində vurulan ilk hepatit B peyvəndindən sonra, uşağın orqanizmində tam immunitet formalaşdırmaq üçün peyvəndləmə digər aylarda davam etdirilir. Uşaq doğulduqdan sonra poliklinika qeydiyyatına alınır və aşağıdakı aylarda peyvənd mərhələlərindən keçir:
İlk 24 saat ərzində doğuş evində hepatit B-yə qarşı ilk doza (HepB-1) və vərəmə qarşı BCG peyvəndi vurulur. 2-ci ayda hepatit B-yə qarşı ikinci doza (HepB-2) tətbiq edilir. Bu doza adətən göyöskürək, difteriya, tetanos, polioinfeksiya qarşı kombinəedilmiş (beşvalentli) peyvəndin daxilində vurulur. 3-cü ayda pentavaks (göyöskürək, difteriya, tetanos, polioinfeksiya) və pnevmokok əleyhinə peyvənd tətbiq edilir. 4-cü ayda hepatit B-yə qarşı üçüncü doza (HepB-3) və yenə kombinəedilmiş beşvalentli peyvənd formasında vurulur və bununla da hepatit B-yə qarşı əsas immunizasiya başa çatır.
Amma peyvənləşmə 1 yaşdan sonra da davam edir. 12-ci ayda (1 yaş) qızılca, məxmərək və parotit (qulaqardığı) əleyhinə (QMP) peyvənd, həmçinin pnevmokok revaksinasiyası vurulur. 18-ci ayda (1.5 yaş) da göyöskürək, difteriya, tetanos və polioinfeksiyaya qarşı təkrar peyvəndləmə (revaksinasiya) aparılır. 6 yaşda difteriya, tetanos və QMP (qızılca, məxmərək, parotit) peyvəndlərinin təkrar dozaları vurulur.
- Valideynlərin peyvənd qorxusunu necə dəf etmək olar?
- Göründüyü kimi, peyvəndləşmə tam şəkildə milli protokola uyğun şəkildə yerinə yetirilir. Sadəcə, bəzi məsələlər var ki, valideynlər və uşaq həkimləri bu qaydalara əməl etməklə peyvənd prosesini tam təhlükəsiz vəziyyətə gətirməlidi.
Bunlar nədən ibarətdi: Peyvəndlər mütləq uşağın yaşayış yeri üzrə qeydiyyatda olduğu dövlət uşaq poliklinikalarında həyata keçirilməlidi. Müxtəlif özəl tibb müəssisələrində həyata keçirilən peyvəndlərə dövlət məsuliyyət daşıya bilməz.
Çünki vurulan hər bir peyvənd uşağın tibbi kartına və valideynə verilən xüsusi "Peyvənd pasportu"na qeyd olunur. Bu sənəd gələcəkdə uşaq bağçasına və məktəbə qəbul zamanı mütləq tələb olunacaq. Peyvənddən əvvəl uşağa həkim baxışı olmalıdı: sahə pediatrı uşağı müayinə edərək (qızdırma, boğazda qızartı, allergiya və s. yoxlanılır) risklərin mövcudluğunu yoxlayır. Əgər uşaq tam sağlamdırsa, peyvənd otağına yönləndirilir.
Baxış sayı:74
Bu xəbər 25 Avqust 2026 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















