Icma.az
close
up
RU
Vaşinqton Zirvəsinin nəticələri və gələcək perspektivlər Təhlil

Vaşinqton Zirvəsinin nəticələri və gələcək perspektivlər Təhlil

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Region, xüsusən də Azərbaycan və Ermənistan üçün mühüm əhəmiyyətə malik olan 8 avqustda Vaşinqtonda keçirilən Zirvə görüşü bir sıra vacib məsələlərin müzakirəsi və sənədlərin imzalanması ilə başa çatdı. Bu görüş Cənubi Qafqaz regionunda yeni reallıqların başlanğıcı olaraq tarixə keçdi. Sülh prosesinin hər zamankından daha yaxın olması, tərəflər arasında ticari və iqtisadi əməkdaşlığın mümkün hala gətirilməsi, lazımsız qurum və sənədlərin ləğvi istiqamətində aparılan birgə təşəbbüsləri yeni nizamın ilkin addımları hesab etmək olar. İndi isə görüşün detalları, nəticələri və gələcək prespektivləri haqqında müzakirə aparmaq olar.

Sammitin Azərbaycan-ABŞ qarşılıqlı münasibətlərinə təsiri

Azərbaycan və ABŞ arasında əldə olunmuş strateji tərəfdaşlıq məlum olduğu kimi bir neçə istiqaməti əhatə edəcəkdir. Bunlara enerji, ticarət və tranzit əlaqələrinin daxil olduğu regional əməkdaşlıqlar; süni intellekt və rəqəmsal dünya ilə bağlı yatırımlar və əməkdaşlıqlar; müdafiə və hərbi sahədə əməkdaşlıq, terrorizmlə birgə mübarizə, kəşfiyyat məlumatlarının bölüşdürülməsi və digər mühüm məsələlər aiddir.

Enerji sahəsində əməkdaşlıqlar daha əvvəldən mövcud olsa da, “ExxonMobil” və “SOCAR” arasında yeni qurulacaq əlaqələr, birgə fəaliyyətlər bu gün və gələcək üçün xüsusi əhəmiyyətə malikdir. Mövcud neft-qaz ehtiyatlarının çıxarılmasında yeni texnologiyalardan istifadə, həmçinin, yeni ehtiyatların araşdırılıb kəşf edilməsi üçün böyük imkanlara çıxış əldə etmək şansı mövcuddur. Bu da neft-qaz sektorunda həm mövcud mövqenin qorunmasına, həm də gələcək üçün yeni imkanlar əldə etməyə şərait yaradır. Bununla yanaşı, ticari və iqtisadi əməkdaşlıqlar çərçivəsində yerli neft və qaza tələbat artırıla və satışı genişləndirilə bilər. Bu da Azərbaycanın Qərbə və digər alıcı dövlətlərə satış potensialını ciddi şəkildə artıracaqdır.

Digər bir sahə isə tranzit əlaqələrinin inkişaf etdirilməsi, yeni regional layihələrin işlənib hazırlanması və istifadəyə verilməsi ehtimallarıdır. Sözsüz ki, “Tramp marşrutu” (TRİPP) bu proseslərin başlanğıcı və lokomotivi ola bilər. Eyni zamanda digər mövcud layihələrin də daha geniş şəkildə istifadəsi həyata keçirilə bilər.

Azərbaycan üçün xüsusi əhəmiyyətə malik məsələlərdən biri də məhz süni intellekt və rəqəmsal texnologiyalarla bağlı əməkdaşlıq şanslarıdır. Mövcud reallıq ciddi şəkildə bu sahənin inkişaf etdirilməsini və tətbiqini tələb edir. ABŞ ilə uyğun istiqamətdə aparılacaq birgə əməkdaşlıqlar, bu sahəyə ayrılacaq yatırımlar Azərbaycan üçün  elmi-texnoloji sahədə böyük avantajlar təqdim edəcək. Dünyanın texnoloji nəhəngləri sırasında olan ABŞ şirkətləri və qurumlarının birgə fəaliyyətə verəcəyi dəstək və yatırımlar bu sahədə böyük uğurların əldə edilməsi üçün böyük fürsət təqdim edir.

Uzun illərdir mövcud olan və haqsız yerə tətbiq edilmiş olan 907-ci düzəlişin aradan qaldırılması da öz növbəsində ikitərəfli əməkdaşlıqlar üçün, xüsusən də müdafiə və hərb sahəsi üçün yeniliklər və şanslar gətirir. Bu düzəlişin ləğvi Azərbaycan müdafiə sənayesinin inkişafı və daha da güclənməsi üçün yeni imkanlar yaradacaq. Amerikan istehsalı hərbi-texnoloji məhsulların alışı, istismarı və birgə istehsal işlərinin aparıla biləcək olması ilə yanaşı, ən vacib amillərdən biri də məhz amerikan kəşfiyyat məlumatlarına çıxış əldə etmək şansının olmasıdır.

Aydındır ki, dövlətlər arasında ən güclü və müasir kəşfiyyat orqanlarına və sisteminə malik olan güclərdən biri də ABŞ-dir. Ukraynanın Rusiya ilə müharibədə ən böyük üstünlüklərindən biri də məhz amerikan kəşfiyyat məlumatlarından istifadə edə bilməsidir. Həmçinin İsrail və bir sıra digər müttəfiq dövlətləri də  bu məlumatlara çıxışa malikdir. Bu da onlar üçün bir çox üstünlüklər qazandırır. Azərbaycanın bu xidmətdən istifadə edə biləcək olması regionda daha güclü və təhlükəsiz mövqe sərgiləməsinə xidmət edə bilər. İstər İran, istər Rusiya, istərsə də digər dövlətlərə qarşı təhlükəsizliyin təmin olunması istiqamətində mühüm yardımları olacaqdır.

Terrorizmlə mübarizə isə öz növbəsində 2001-ci ildən bu yana davam edən, ikili münasibətlərdə xüsusi əhəmiyyətə və çəkiyə malik olan əməkdaşlıq sahəsidir. Bu sahənin də inkişafı və tətbiqi Azərbaycanın sülh quruculuğuna verəcəyi töhfələri göstərəcəkdir.

Görüş zamanı əldə olunmuş digər mühüm qərarlardan biri də ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı birgə razılığın əldə olunmasıdır. Minsk qrupunun münaqişə ilə əlaqəli fəaliyyətlərinin heç bir faydasının olmaması, hətta əksinə xeyirdən çox zərər verməsi və mövcud sülh quruculuğu prosesinə mənfi təsir etməsi həmin qrupun ləğvini tələb edir. Bu da Azərbaycanın artıq neçə ildir dediyi və irəli sürdüyü fikirləri bir daha təsdiqləyir. Minsk qrupunun üzvləri olan ABŞ və Fransa tərəfindən artıq bu fikir dəstəklənsə də, Rusiya tərəfindən konkret və birmənalı fikir səsləndirilmir. Bu da öz növbəsində Rusiyanın maraqlarını və regionda sülhə mane olmaq istəklərini gündəm də saxlayır.

Görüşün Azərbaycan üçün əlamətdar olan əsas mövzularından biri də Naxçıvanla uzun zaman sonra maneəsiz bağlantının qurulması olacaq. “Tramp marşrutu” vasitəsilə ticari və iqtisadi nailiyyətlərlə yanaşı Naxçıvanla əlaqənin bərpa olunması tarixi prosesdir. Azərbaycanın 30 ildən artıq müddətdir ki, bu yoldan məhrum olması bu müddət ərzində böyük itkilərə və çətinliklərə səbəb olub. Ona görə də bu yolun ən qısa zamanda açılması və istifadəyə verilməsi məqsədəuyğun olacaqdır.

Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı sənədin paraflanması və gələcək perspektivlər

Ağ Evdə baş tutan görüş sadəcə Azərbaycan və ABŞ arasında əməkdaşlığın inkişafı və möhkəmlənməsini əhatə etmirdi. Təbii ki, görüşün əsas mövzusu Azərbaycan və Ermənistan arasında sülhün təmin edilməsi və sülhə doğru daha bir vacib addım atmaq idi. Dövlət rəsmiləri arasında sülh sazişinin yekun variantının paraflanması son illərdə bu istiqamətdə atılan ən böyük addım oldu. İki tərəf arasında əldə olunacaq sülh müqaviləsi həm region, həm də hər iki dövlət üçün mühüm əhəmiyyətə malikdir. Buna görə də ən qısa zamanda bu işin başa çatması sahəsində işlərin aparılması lazımdır. Çünki bunun bir sıra vacib səbəbləri var:

 1. İlk növbədə regionda mövcud olan qüvvələrin fərqli maraqlara sahib olmasıdır. Məlumdur ki, həm Rusiya, həm də İran Cənubi Qafqazda xüsusi maraqlara malikdirlər. Buna görə də regionda onların nəzarəti altında olmayan heç bir dəyişikliyin olmasını istəmirlər. Xüsusən də ABŞ-nin vasitəçiliyi ilə baş tutacaq bir proses hər iki dövlət tərəfindən sərt qarşılanacaq. Artıq bu cür fikirlər səsləndirilməyə də başlanıb. İran rəsmisi Əli Əkbər Vilayətinin mövzu ilə bağlı sərt və təhdidkar açıqlamaları buna bir nümunədir.

2. Digər bir təhlükə isə Rusiya tərəfindən gözlənilir.  Son 2 aya yaxın müddətdir ki, Rusiya Ermənistanın Gümrü ərazisində yerləşən hərbi bazası üçün yeni texnikalar və silah-sursatlar tədarük edir. Bu müddət ərzində artıq 20-ə yaxın hərbi yük daşıyan təyyarə həmin bazaya eniş edib. Gətirilən texnikalar arasında yaxın və şəhər döyüşləri üçün nəzərdə tutulmuş olan silah-sursatların olması diqqəti cəlb edir. Azərbaycanın mövcud gücü və potensialı nəzərə alındıqda, eyni zamanda müttəfiq dövlətlərinin də gücünü hesaba qatdıqda Rusiya Azərbaycana qarşı birbaşa fəaliyyət göstərə bilməyəcəkdir. Bunu nəzərə alaraq, əsas müdaxilə aktoru olaraq Ermənistan hədəf alına bilər. Burada dövlət çevrilişi cəhdi və revanşist qüvvələrin hakimiyyətə gətirilməsi mövcud sülh danışıqlarına çox ciddi zərbə vura bilər. Bu da Rusiya və İranın öz maraqlarına nail olmasına gətirib çıxara bilər. Buna görə də sülh prosesinin daha qısa zamanda başa çatdırılması lazımdır.

3. Bu cür kənar təsirlərlə yanaşı Ermənistanın özünün də daxilində baş verə biləcək hadisələr var ki, bunlar da sülh üçün təhlükələr yarada bilər. Məlumdur ki, Ermənistanın sülh müqaviləsini imzalamaq üçün konstitusiyasında müəyyən dəyişikliklər etməlidir. Bu proses üçün də 2026-cı ildə növbəti parlament seçkilərinin keçirilməsi gözlənilir. Bu zaman əsnasında iki təhdid yarana bilər. Birincisi, həmin müddətə qədər revanşist qüvvələrin və ya kənar qüvvələrin müdaxilələri, ikincisi isə parlament seçkilərinin gözlənilən nəticəni verə bilməməsi və revanşist qüvvələrin üstünlük əldə etməsi ilə hakimiyyəti ələ keçirməsi. Hər iki hal sülh proseslərinə ciddi zərər verəcəkdir ki, bunun qarşısının alınması üçün prosesin sürətləndirilməsini qarşı tərəfdən tələb etmək və kənar qüvvələrin təsirindən qorunmağa kömək etmək nəzərdə tutula bilər. Belə bir vəziyyətdə də ABŞ-nin məsələyə daxil olması xüsusi əhəmiyyətə malik olacaqdır. Çünki Nikol Paşinyanın timsalında Ermənistan bu cür çətinliklərin öhdəsindən gələ biləcək potensialda deyil. Belə bir halda ABŞ-nin “Tramp marşrutu”nu ən qısa zamanda açması lazımdır. Əks təqdirdə işlər yenidən uzana bilər.

4. Başqa bir səbəb isə məhz ABŞ ilə əlaqəlidir. ABŞ-nin sülh məsələsinin həllində iştirak etmək istəməsi Donald Tramp və administrasiyası ilə bağlıdır. Məlum olduğu kimi Donald Tramp bu il “Nobel” mükafatını qazanmaq istəyir. Bunu da sülh adamı timsalında etmək istəyir. Bütün atılan addımlar da məhz buna hesablanıb deyə bilərik. Digər regional münaqişələrdə də fəal rol alan Donald Trampın əsas məqsədi Rusiya-Ukrayna münaqişəsini bitirməklə istədiyi mükafatı almaqdır. Belə bir vəziyyətdə Ermənistanla bağlı hər hansı bir axsaqlıqda sülh prosesinin ləngiməsi və ya təxirə salınması ABŞ-nin bu məsələ ilə bağlı maraqlarına təsir edə bilər. Əsas təsirlərdən biri də regiona və sülh prosesinə olan marağını itirməsi ola bilər. Belə bir halda artıq  danışıqların inkişaf etdirilməsində və ya davam etdirilməsindən imtina edə bilər.

Bütün bunları nəzərə aldıqda Ermənistanın sülh müqaviləsinin imzalanması prosesini ən qısa zamanda başa çatdırmağa çalışması lazımdır. Əks təqdirdə ilk növbədə özü bunun ağır nəticələri ilə qarşılaşmalı olacaq.

Qeyd olunanları nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, əgər ziddiyyət yaradacaq məqamlar və proseslər baş verməsə, tərəflər arasında sülh müqaviləsi ən tezi 6-8 aya, ən geci isə 2 ilə qədər olan müddətdə imzalana bilər. Məsələnin tez başa çatması üçün parlament seçkilərinin qabağa çəkilməsi və işlərin sürətləndirilməsi lazımdır. Əks təqdirdə təxmini bir il sonraya nəzərdə tutulan seçkilər və digər proseslərlə sülh müqaviləsinin imzalanması 1-2 il arasında dəyişə bilər.

Nurlan Umudov

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistrant

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Avqust 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Makron Rusiya əleyhinə yeni sanksiyalar paketinin hazırlanmasından danışdı

13 Avqust 2025 19:27see205

220 kiloluq qadın ərinin üstünə yıxıldı Ən qeyri adi ÖLÜM

13 Avqust 2025 22:26see146

5 min manatlıq reklam qiyməti: Blogerlər buna görə lüks həyat yaşayır AÇIQLAMA

13 Avqust 2025 19:32see143

Himalay dağlarında 50 dən çox insan həlak olub

15 Avqust 2025 09:55see125

Rusiya yenidən kiberhücumlarda ittiham olunur...

13 Avqust 2025 22:17see123

Pezeşkian Netanyahunun cavabını verdi “Bu, sadəcə illüziyadır”

13 Avqust 2025 22:08see122

Sabiq deputatdan Tibb Universitetində təhsil haqqının 2 min qaldırılmasına sərt reaksiya: Bu, kasıb istedadlı gənclərə qənim kəsilməkdir

14 Avqust 2025 15:19see121

Metodlar ölkələrə və onların təhsil sistemlərinə görə dəyişir Ekspert

13 Avqust 2025 19:30see120

Naxçıvanda AĞIR QƏZA Ölənlər var

15 Avqust 2025 00:49see120

İstanbul, Ankara, İzmir... Türkiyənin üç böyük şəhəri içməli su təhlükəsiylə üz üzə

15 Avqust 2025 12:46see120

Tramp dünyada sülh üçün hərbi bazaya gedir

15 Avqust 2025 04:20see118

Azərbaycanda abortların sayı açıqlandı Yeniyetmələr də var

13 Avqust 2025 19:08see118

Naxçıvanda sənaye istehsalı 14 % artıb

14 Avqust 2025 09:33see118

Mən niyə sülh istəyirəm?!

14 Avqust 2025 18:18see118

Formula 1 də məktəblər bağlanacaq? RƏSMİ

14 Avqust 2025 13:49see117

Qarabağ ın oyunundakı maskotla bağlı RƏSMİ AÇIQLAMA

14 Avqust 2025 16:33see117

Banklar kartların keşbek faizlərini AZALDIR SƏBƏB

14 Avqust 2025 12:31see117

Neftçi nin baş icraçı direktoru: Çempionluq haqqında danışmaq tez olar

13 Avqust 2025 19:24see116

220 kiloluq qadın ərinin üstünə yıxıldı Ən qeyri adi ÖLÜM

13 Avqust 2025 19:26see112

Tanınmış rusiyalı bloqerə 100 milyon cərimə və səkkiz illik həbs

14 Avqust 2025 16:22see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri