Icma.az
close
up
RU
Verginin kartdan karta görə cərimələri… BANKLAR SATQINÇILIQ EDİR

Verginin kartdan karta görə cərimələri… BANKLAR SATQINÇILIQ EDİR

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son zamanlar vergi orqanı sahibkarları “kartdan karta” əməliyyatlarına görə kütləvi cərimələyir. Məsələnin qısaca mahiyyəti belədir. İstehlakçı malın və ya xidmətin haqqını öz kartından sahibkarın qeyri-sahibkar kartına köçürür və təbii ki, bu halda kassa çeki vurulmur, nəticədə də sahibkar vergidən yayınır. Eynilə istehlakçı həmin pulu sahibkara nağd şəkildə də versəydi, amma çek vurulmasaydı, analoji vergi yayınması halı baş verəcəkdi. Yəni burada pozuntunun mahiyyəti sırf “kartdan karta” deyil, çekin vurulmamasıdır. Çünki, məsələn, “kartdan karta” əməliyyatı əsnasında çek vurulsa, bu nağd əməliyyat kimi rəsmiləşmiş olacaq və vergi orqanının sahibkara pretenziyası olmayacaq. Çünki vergi orqanını maraqlandıran sahibkarın rəsmi dövriyyəsidir.

Sahibkarın belə etməsi başadüşüləndir. Vergi yükünü azaltmaq istəməyən sahibkar heç yerdə yoxdur. O cümlədən qanun pozuntusu yolu ilə. Əsas odur ki, bunu gizli edə bilsin (bizdə isə bunun üçün mənəvi motivasiya da var: “onsuz da hökumət oğrudur!”). Təbii, əksər hallarda bu pozuntu ödənişin sadəcə nağd şəkildə həyata keçirilməsi yolu ilə edilir və bundan, bir qayda olaraq, heç kəsin xəbəri də olmur. Lakin hazırda insanlarımızın çoxu kartdan istifadə edir və əllərində nağd pulları olmur. Buna görə də işi asanlaşdırmaq üçün istehlakçı pulu sahibkarın qeyri-sahibkar kartına köçürür. İlk baxışdan nağd ödəniş kimi bu əməliyyat da gizli qalmalıdır. Əlbəttə, əgər istehlakçı sahibkardan şikayət etməsə. Bir qayda olaraq, şikayət etmir də. Necə ki, pulu nağd ödəyib çek almayanda da şikayət etmir. Bəs onda vergi orqanı bu hallardan necə xəbər tutur?

Çox sadə! Bu məlumatı vergi orqanına banklar ötürür. Tam qanunsuz olaraq. Müştərilərinin bank sirri rejimini kobud şəkildə pozaraq, satqınçılıq edərək. Xatırladıram ki, vergi orqanı yalnız sahibkar bank hesabları barədə məlumatı banklardan məhdudiyyətsiz əldə edə bilər. Qeyri-sahibkar hesabları, o cümlədən vətəndaşların kart hesabları barədə məlumatı isə vergi orqanı yalnız məhkəmə yolu ilə əldə edə bilər, amma bunun üçün də gərək əsas olsun və buna xeyli zaman və səy sərf etmək lazımdır. Buna görə də özünə əziyyət verməyən vergi orqanı bu məlumatı banklardan birbaşa alır. Məndə olan məlumata görə ən azı ölkənin ən iri bankları vergi orqanına bu məlumatları kütləvi şəkildə təqdim edir.

Vergi orqanı həmin məlumata baxıb görür ki, aha, filankəsin kartına müxtəlif mənbələrdən vəsaitlər daxil olub. Bunun əsasında sahibkara vergi, cərimə və s. hesablayır (bir qayda olaraq, pozuntu hallarından xeyli çox: çünki hər köçürmə malın və ya xidmətin haqqı deyil axı, qohum-tanışdan da pul gəlir bir çox hallarda). Savadlı sahbikar təbii ki, bundan qorxmur və vergi orqanını məhkəməyə verib onu uda bilər (üstəlik bank sirrini pozmuş bankı da məhkəməyə verib təzminat ala bilər). Çünki vəsaitin karta daxil olması hələ o demək deyil ki, köçürmənin təyinatı sahibkarlıqdır. Axı pulu kartımıza qohum, dost, tanışlar, bizə borc verən, yaxud borc qaytaranlar da edə bilər. Bunun əksini sübut etmək vergi orqanının vəzifəsdir. Təbii ki, hətta reallıqda “kartdan karta” malın və ya xidmətin ödənişi olubsa belə, amma istehlakçı şikayətçi deyilsə, vergi orqanı bunun əksini sübut edə bilməyəcək. Heç buna imkanı və vaxtı da yoxdur.

Lakin reallıqda sahibkarların əksəriyyəti savadsız və qorxaq olduqları üçün dərhal əllərini yuxarı qaldırıb vergi orqanının tələbini yerinə yetirərək cəriməni ödəyirlər. Hətta pozuntu olmayan hallar üzrə (məsələn, hətta əgər köçürmənin təyinatı sahibkarlıq olmayıbsa: qohum-tanışdan pul gəlibsə). Vergi orqanı da mətbuatda bar-bar bağırır ki, cərimələdim sahibkarları. Bundan sonra digər sahibkarlar daha çox qorxur və onları çağıran kimi vergi orqanının istədiyi məbləği ödəyir. Bu minvalla da ilin sonunda vergi orqanı büdcəni doldurur. Başqa cür doldurmaq olmur axı: ölkədə sahibkarlıq üçün vəziyyət get-gedə daha da əlverişsiz olur, inhisarçılıq tüğyan edir…

Təbii, bu, vergi orqanının müvəqqəti uğurudur. Çünki bundan sonra sahibkarlar sadəcə “kartdan karta” əməliyyatlarını etməyəcək və ya azaldacaqlar. Vergidən yayınmaq istədikdə isə ödənişi nağd şəkildə qəbul edəcəklər. Uzaq başı istehlakçıdan xahiş edəcəklər ki, qardaş (bacı), qurban olum, get bankomatdan pulu nağdlaşdır gətir. İstehlakçı da bunu edəcək. Çünki xalqımız vergini daha çox xərac kimi qəbul edir və bu məsələdə hökumətin deyil, sahibkarın tərəfindədir. Düşünür ki, onsuz da hökumət o pulu mənə yox, özünə xərcləyəcək, başına daş salacaq, oğurlayacaq və s. Hətta Milli Məclisdə son büdcə müzakirəsi zamanı da gördük ki, deputatların sosial problemləri qaldırmağa belə haqqı yox imiş. Bunu görən millət niyə vergi ödənişində maraqlı olsun axı?!.

Digər tərəfdən, savadlı və tədbirli sahibkarlar vergi və bankların bu özbaşınalığına qanuni yolla da müqavimət göstərəcəklər. Qeyd etdiyim kimi, banklar bank sirrini pozduğuna görə sahibkara təzminat ödəməlidir (yeri gəlmişkən, bank seçəndə ehtiyatlı olmaq lazımdır, xüsusilə iri banklarla). Vergi orqanı isə “kartdan karta”nın yayınma əməliyyatı olduğunu sübut etməlidir. Bunu etmək isə çox çətindir. Uzaqbaşı bir neçə əməliyyat üzrə sübut edə biləcək, buna görə də sahibkardan qəpik-quruş tuta biləcək. Amma xeyli vaxt sərf etmiş olacaq.

Odur ki, ilin sonunda vergi orqanının bu büdcə doldurma əməliyyatı bir daha ölkədə necə eybəcər hüquq, iqtisadi, bank və fiskal sistemin mövcud olduğunu göstərdi. Hökumət və xalq, hökumət və sahibkar, bank və sahibkar (istehlakçı) arasında əməkdaşlıq yoxdur. Qarşılıqlı etimadsızlıq, xəbərçilik var. Növbəti ildə də hamı gözləyəcək ki, görək bu dəfə vergi orqanı nə fənd işlədəcək, nədən yapışıb büdcəni doldurmaq istəyəcək. Bəlkə də nəsə yenə tapdı. Amma bu tapıntıların dairəsi get-gedə daralır, növbəti illərdə büdcəni doldurmaq xeyli çətinləşəcək. Deməli, qarşıda bizi çox ağır sosial-iqtisadi illər gözləyir…

P.S. Təbii, mən vergidən yayınmağa haqq qazandırmıram. Hər bir pozuntuya olduğu kimi. O cümlədən bankların da bank sirrini pozmasına…

P.P.S. Vergi orqanına konkret (təkzibolunmaz) vergidən yayınma ilə bağlı tikinti şirkətləri barədə dəfələrlə müraciət etmişəm, amma tədbir görmürlər. Belə qanunpərəstdirsə Dövlət Vergi Xidməti, niyə heç nə etmir? Deməli, biri yayına bilər, digəri yox? Bax, bu yazımda izah etmişdim: https://www.facebook.com/1130710918/posts/10232133289651575/

Əkrəm Həsənov

VƏKİL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Dekabr 2024 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri