Icma.az
close
up
RU
Vətəndaş məmnunluğu ideyasını ön plana çəkən idarəetmə modeli

Vətəndaş məmnunluğu ideyasını ön plana çəkən idarəetmə modeli

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

23 İyun Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür

Prezident İlham Əliyev:

Rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır. Rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyindəki insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki, rəğbət olacaq...

Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan insanlar önə çəkilməlidir, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir və əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Ona görə kadr siyasəti bu prinsiplər əsasında qurulmalıdır.

İdarəetmənin xarakteri hər bir ölkənin dövlətçilik sisteminin fundamental sütunlarından birini təşkil etməklə yanaşı, siyasi sabitliyinin, hüquqi və institusional dayanıqlılığının təminatında mühüm rol oynayır. Azərbaycan Respublikasında dövlət idarəetmə sisteminin müasir çağırışlara cavab verən şəkildə formalaşdırılması prosesi onilliklər ərzində mümkün olmuş, bu sahədə əsaslı struktur və məzmun dəyişiklikləri baş vermişdir. Bu islahatların başlıca məqsədi çevik, şəffaf və vətəndaşyönümlü idarəetməni təmin etmək, xalqla dövlət arasında inam və etimadı gücləndirməkdir.

İnkişaf etmiş dövlətlərin təcrübəsi təsdiqləyir ki, demokratik inkişafın mühüm şərtlərindən biri çağdaş tələblərə uyğun, səmərəli idarəetmə sistemini təmin edən, intellektual səviyyəyə malik kadr potensialının formalaşdırılmasıdır. Bu isə yalnız hüquq və azadlıqların üstün tutulduğu, idarəetmənin sosial sifarişə əsaslandığı, qanunun aliliyinə söykəndiyi cəmiyyətlərdə mümkündür.

Azərbaycan siyasi ənənəsində idarəetmə modellərinə münasibət tarixən milli dəyərlər və ədalət anlayışı ilə şərtlənmişdir. Xüsusilə dövlət müstəqilliyinin bərpasından sonra bu dəyərlərin tətbiqi idarəçilik praktikasında özünü qabarıq göstərmiş, cəmiyyətin demokratik inkişafına xidmət edən ardıcıl kadr islahatları həyata keçirilmişdir. Milli maraqlara xidmət edən idarəetmə modelinin formalaşması üçün monolit və peşəkar komandanın formalaşması, idarəetməyə yeni ruh və məzmun gətirilməsi bu gün də əsas hədəflərdən biridir. Strateji sektorlarda yüksək ixtisaslı, ictimai və dövlət maraqlarına sadiq kadrların yerləşdirilməsi inkişafın zəruri şərtinə çevrilmişdir.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən kadr siyasəti bütün dönəmlərdə milli və dövlət maraqlarının təminatına xidmət etmiş, milli kadrların irəli çəkilməsi dövlətçiliyin güclənməsinə sanballı töhfələr vermişdir. 1969-cu ildən başlayaraq ulu öndərin siyasi iradəsilə Azərbaycanda həyata keçirilən kadr islahatları həm hüquq-mühafizə, həm də təhsil, elm və hərbi sahələrdə sistemli yanaşmaların təməlini qoymuşdur. Bu islahatlar dövlətçilik ənənələrinin bərpası və yeni nəsil milli kadrların yetişdirilməsi baxımından dönüş nöqtəsinə çevrilmişdir.

Ulu öndərin məşhur “Qoy, ədalət zəfər çalsın!” tezisi hələ sovetlər birliyi dövründə böyük əks-səda doğurmuşdur. Böyük strateq qanunçuluğu və mənəvi saflığı idarəetmənin ayrılmaz komponenti kimi qəbul edir, hüquq pozuntularına qarşı qətiyyətli mövqe nümayiş etdirirdi. Dövlət qulluğunda fərdi məsuliyyət, xalq qarşısında hesabatlılıq, vicdanla işləmək meyarları onun formalaşdırdığı idarəetmə mədəniyyətinin əsasını təşkil edirdi. Ümumiyyətlə, milli kadrlara üstünlük verilməsi sovet dönəmində milli kimliyin qorunması baxımından əhəmiyyətli olmuş və bu siyasət 1991-ci ildə müstəqilliyin bərpası zamanı öz bəhrəsini vermişdir.

1991–1993-cü illərdə ölkənin yaşadığı siyasi və iqtisadi böhran göstərdi ki, təsadüfi şəxslərin hakimiyyətə gəlişi, idarəetmədə qeyri-peşəkarlıq, siyasi məsuliyyətsizlik dövlətçiliyi ciddi təhlükə ilə üz-üzə qoya bilər. AXC–Müsavat hakimiyyəti dövründə kadrların siyasi mənsubiyyətə və şəxsi münasibətlərə əsasən təyinatı dövlət idarəçiliyini sarsıdan qərarların qəbuluna gətirib çıxarmışdı. Belə bir vəziyyətdə ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi öz xilaskarını tapdı. Onun rəhbərliyi ilə ölkədə siyasi sabitlik bərqərar edildi, idarəetmədə intizam, məsuliyyət qaydaları yenidən formalaşdırıldı. Komandada fəaliyyət göstərən məmurların məsuliyyət hissi artırıldı, onların fəaliyyətinə yüksək meyarlarla yanaşmaq ənənəsi bərpa edildi.

Ulu öndər Heydər Əliyev yaxşı işləyən dövlət qulluqçularını mükafatlandırmaqla yanaşı, verilmiş göstərişləri lazımi səviyyədə yerinə yetirə bilməyən, qulluq səlahiyyətlərini aşan, xalq kütlələrində açıq narazılıq doğuran hərəkətlərə yol verən məmurları müşavirələrdə açıq ifşa edir, bu addım digərlərinə yaxşı örnək olurdu: “Azərbaycanın dövlət başçısı, prezidenti kimi mənə yaxşı işdən savayı heç bir mükafat vermək, xoş söz demək lazım deyil. Bunların heç biri mənə lazım deyil. Yaxşı işləyin, iş görün. Amma təmiz iş görün, mənəvi saflığı təmin edin. İşlərin yaxşı getməməsinin səbəblərindən biri də mənəviyyatın pozulmasıdır. Vəzifəli şəxs hamı üçün əxlaq nümunəsi olsun, saflıq nümunəsi, mənəvi təmizlik, işgüzarlıq nümunəsi olsun. Əgər bu, yoxdursa, əksinə, vəzifəli şəxslər rüşvət alırlarsa, yaxud insanların hüquqlarını tapdalayırlarsa, digər ayrı yollara gedirlərsə, onda başqalarından nə gözləmək olar?!” – bu sitat bir daha təsdiqləyir ki, Ulu öndər dövlət idarəçiliyində məmur məsuliyyəti meyarlarını düzgün müəyyənləşdirmiş, hər bir komanda üzvünün işinə xalqın rəyi əsasında qiymət vermiş, özünün zəngin təcrübəsini onlara təlqin etməyə çalışmışdır.

1995-ci il 12 noyabr tarixdə qəbul edilmiş mütəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası Azərbaycan dövlətçiliyinin hüquqi bazasını müəyyənləşdirmiş, idarəetmədə səlahiyyət bölgüsünü – qanunverici, icra və məhkəmə hakimiyyətinin müstəqil fəaliyyətini təmin etmişdir. Bu sənəd müasir hüquqi dövlətin təməlini qoymuş, idarəetmədə hüququn aliliyini, vətəndaşların hüquq və azadlıqlarının təminatını prioritet elan etmişdir.

Ümummilli lider Heydər Əliyevin 29 dekabr 1998-ci il tarixli “Azərbaycan Respublikasında dövlət idarəetmə sistemində islahatların aparılması üzrə Dövlət Komissiyasının yaradılması haqqında” fərmanı da bu mənada mühüm əhəmiyyət kəsb edir. Fərmanda göstərilirdi ki, cəmiyyətin demokratikləşməsi və bazar münasibətlərinin daha da inkişaf etdirilməsi üçün dövlət idarəetməsində dərin islahat başlanılması prinsipi müəyyənləşdirilmişdir. Fərmanda dövlət idarəetmə sisteminin səmərəliliyinin artırılması, iqtisadiyyatın tənzimlənməsi, dünyaya inteqrasiyasının təmini baxımından beynəlxalq standartlara cavab verən idarəetmə sisteminin, eləcə də hüquqi bazanın yaradılması vacibliyi vurğulanırdı.

Ümummilli liderin “Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaradılması haqqında” 3 yanvar 1999-cu il tarixli fərmanının dövlət idarəçiliyi işinin təkmilləşdirilməsi, bu sistemdə mütəxəssislərin hazırlanması baxımından müstəsna əhəmiyyəti xüsusi vurğulanmalıdır. Müstəqillik dövründə dövlət idarəçiliyi sahəsində müasir təfəkkürə, yüksək savada malik ixtisaslı mütəxəssislərin yetişdirilməsi olduqca vacib məsələdir. Akademiyanın 26 illik fəaliyyəti də məhz bu məqsədlərin gerçəkləşdirilməsinə yönəlmişdir. Bu elm ocağı öz vəzifələrini uğurla yerinə yetirməyə çalışır və dövlət quruculuğu prosesinə mühüm töhfələr verməkdədir.

Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2000-ci il tarixdə imzaladığı “Dövlət qulluğu haqqında” Qanun isə dövlət idarəçiliyinin norma və prinsiplərini, mahiyyətini, həyata keçirilmə formalarını əhatə edən təkmil sənəddir. Bir sıra beynəlxalq təşkilatlardan müsbət rəy almış həmin Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində münasibətləri, dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Qanunda göstərilir ki, dövlət qulluğu Azərbaycan Respublikası Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.

Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul olunmaq hüququna, bu sahədə müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə dair müddəaları prokurorluq, ədliyyə, milli təhlükəsizlik, daxili işlər, gömrük, vergi, xarici işlər və s. orqanlarında dövlət qulluğu keçən şəxslərə də aiddir. Hərbi qulluqçular, o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçiləri isə qanunla dövlət qulluqçusu sayılmırlar.

Qanuna əsasən, Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbulu, icrası və icrasına nəzarət, eləcə də dövlət orqanlarının səmərəli fəaliyyəti və dövlət qulluqçuları tərəfindən qulluq funksiyalarının icrasının təmin edilməsi dövlət qulluğunun əsas vəzifələri kimi təsbit olunmuşdur.

Eyni zamanda, vətəndaşların dövlət qulluğuna müsabiqə əsasında cəlb edilməsi və bu sahədə şəffaflığın təmin olunması, vətəndaşların öz qabiliyyətlərinə, xidmət nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunda hər hansı bir vəzifəni tutmaqda hüquq bərabərliyi, irqindən, etnik mənsubiyyətindən, dilindən, cinsindən, sosial mənsubiyyətindən, ailə, əmlak və qulluq vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən və s. asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi, onların sosial və hüquqi müdafiəsi, özləri və ailələri üçün layiqli həyat səviyyəsinin təmin edilməsi, dövlət orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş zərərə görə dövlət orqanlarının məsuliyyət daşıması qanunda öz əksini tapmışdır.

Göründüyü kimi, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi idarəetmə və kadr siyasəti müstəqil Azərbaycanın dövlət idarəçiliyi sisteminin təməlini təşkil edir. Bu strateji xətt son 22 ildə Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Kadr potensialının formalaşdırılması, peşəkar və vətənpərvər dövlət qulluqçularının hazırlanması ölkənin davamlı inkişafını təmin edən əsas amillərdəndir.

Son illərdə bu sahədə həyata keçirilən ardıcıl islahatlar dövlət idarəetməsinin effektivliyini artırmaqla yanaşı, vətəndaş məmnunluğunun yüksəldilməsinə, dövlətin ictimai institutlarla qarşılıqlı fəaliyyətinin daha şəffaf və hesabatlı mexanizmlərlə tənzimlənməsinə şərait yaratmışdır. Dövlət qulluqçularının cəmiyyət və dövlət qarşısında rolunu və məsuliyyətini qiymətləndirmək məqsədilə 23 iyun tarixi Azərbaycan Respublikasında Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilmiş bu bayram BMT Baş Məclisinin Dövlət Qulluğu Günü ilə bağlı qərarına uyğunlaşdırılmış, dövlət qulluğunun milli və beynəlxalq səviyyədə əhəmiyyətini əks etdirən mühüm tarixə çevrilmişdir. Bu sərəncam həm də dövlət qulluqçularının peşəkarlığına, etik davranışına və xalqla səmərəli münasibət qurmaq bacarığına verilən siyasi qiymətin bariz nümunəsidir.

2018-ci ildən sonra ölkəmizdə geniş vüsət alan institusional islahatlar idarəetmənin səmərəliliyinin artırılması ilə yanaşı, dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi məqsədinə də xidmət edir. Dövlət başçısının təşəbbüsü ilə ardıcıl olaraq həyata keçirilən sosial islahatlar çərçivəsində dövlət qulluqçularının məvacibləri mərhələli şəkildə artırılır. Bu proses dövlət qulluğuna olan marağın artmasına, bu peşənin cəmiyyətdə nüfuzunun yüksəlməsinə, insan kapitalının dövlət sektoruna cəlb edilməsinə münbit şərait yaradır. İslahatların ümumi məntiqi göstərir ki, dövlət idarəçiliyində keyfiyyət dəyişiklikləri yalnız hüquqi mexanizmlərlə deyil, həm də sosial-siyasi, mənəvi komponentlərlə uzlaşdırılaraq həyata keçirilir. Dövlət qulluqçularının sosial rifahının yüksəldilməsi, əməyin stimullaşdırılması və peşəkarlığının təşviqi idarəçilik keyfiyyətinin artırılması ilə bilavasitə bağlıdır.

Prezident İlham Əliyev dövlət qulluğu institutunun davamlı inkişafını strateji prioritet kimi müəyyənləşdirir, kadr siyasətində çeviklik, şəffaflıq və peşəkarlığın artırılması istiqamətində mühüm addımlar atır. Aparılan sistem xarakterli islahatlar – dövlət qulluqçularının fəaliyyətinin çevik, şəffaf və innovativ meyarlar üzərində qurulması, ilk növbədə, vətəndaş məmnunluğunun artırılmasına yönəlmişdir. Dövlət başçısının siyasi iradəsi ilə son 7 ildə mərkəzi və yerli icra hakimiyyəti strukturlarında geniş kadr dəyişiklikləri aparılmışdır. Bu dəyişikliklər dövlət idarəetməsində yeni düşüncə tərzinin və müasir yanaşmaların tətbiqini sürətləndirmiş, ictimai rəyin daha həssas nəzərə alındığı mühitin formalaşmasına zəmin yaratmışdır.

Həyata keçirilən kadr siyasəti, ilk növbədə, gənc, yüksək ixtisaslı, təşəbbüskar və ictimai fəallığı ilə seçilən şəxslərin dövlət idarəçiliyinə cəlb edilməsini hədəfləyir. Yeni təyin olunan şəxslərin öz sahələrində kreativ yanaşmaları, vətəndaşlarla açıq dialoq qurmaq bacarığı və idarəetmədə şəffaflığa üstünlük vermələri dövlət xidmətlərinə olan etimadın artmasına səbəb olur. Paralel olaraq, yeni idarəetmə tələblərinə uyğunlaşmaqdan imtina edən, korrupsiya və digər hüquqazidd əməllərlə məşğul olan məmurlara qarşı sərt tədbirlərin görülməsi qanunun aliliyinin təminatı baxımından mühüm rol oynayır.

Prezident İlham Əliyevin tez-tez vurğuladığı mühüm məqamlardan biri də dövlət qulluqçularının insanlarla səmimi münasibət qurması, təvazökar davranması və nümunəvi vətəndaş obrazını formalaşdırmasıdır. Dövlət qulluqçusunun həm də dövlətin vətəndaş qarşısında təmsilçisi və siması olması yanaşması bu sahədə etik və mənəvi meyarların aktuallığını artırır.

Son on beş ildə ölkədə yaradılmış “ASAN Xidmət”, “ASAN Kommunal” və “DOST” mərkəzləri də dövlət-vətəndaş münasibətlərində yeni mərhələnin başlanğıcını qoymuşdur. Bu xidmətlərin əsas məqsədi dövlət idarəçiliyində vətəndaşa xidmət anlayışını önə çəkmək, bürokratik maneələri aradan qaldırmaq, operativliyi və şəffaflığı təmin etməkdir. Müasir dünya Azərbaycan brendi olan “Asan Xidməti”i öyrənir və tətbiqi məqsədilə ölkəmizin dəstəyindən istifadə edir. Bu günlərdə daha bir ölkədə - Efiopiyada “ASAN xidmət” modeli əsasında yaradılmış “MESOB” dövlət xidməti mərkəzinin rəsmi təqdimatının keçirilməsi deyilənləri təsdiq edir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya” dövlət idarəetməsinin mühüm institutlarından biri olan dövlət qulluğu sisteminin inkişafı məqsədi ilə əsas hədəfləri müəyyən edən çoxşaxəli mükəmməl sənəddir. Strategiyanın məqsədi dövlət qulluğunda insan resurslarının idarə edilməsində müasir texnologiyaların tətbiqi, kadr potensialının artırılması, dövlət qulluqçularının etik və peşəkar keyfiyyətlərinin yüksəldilməsi, dövlət idarəetməsinin səmərəliliyinin artırılmasıdır. Strategiyanın həyata keçirilməsi dövlət idarəetməsində şəffaflıq, hesabatlılıq və peşəkarlıq prinsiplərinin güclənməsinə real töhfə vermişdir.

Sonda xüsusi vurğulamaq istərdik ki, 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü təkcə dövlət qulluqçularının peşə bayramı deyil, həm də dövlətin idarəetmədə keyfiyyət, səmərəlilik və insan amilini əsas götürən islahatlarının strateji yanaşmasının təzahürüdür. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dövlət qulluğu sistemi davamlı təkmilləşir, vətəndaşa xidmət prinsipi əsas meyara çevrilir. Bu addımlar dövlət idarəetməsinin modernləşdirilməsi prosesinin dönməz və sistemli xarakter daşıdığını göstərir. Azərbaycanın dövlət qulluğu modeli təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də uğurlu və effektiv idarəetmə nümunəsi kimi tanınır.

İsaxan VƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:35
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 İyun 2025 01:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail höküməti orduya əmr verdi: İranın Məşhəd və Təbriz şəhərləri...

21 İyun 2025 00:49see140

Şiraz və Tehranda hərbi obyektlər bombalandı

20 İyun 2025 08:36see133

Fernando Muslera Argentina klubu ilə anlaşdı

20 İyun 2025 12:37see131

Dilarə Əliyevanın qardaşının SON DURUMU

20 İyun 2025 11:14see131

18 ildir evlənməyən cütlük: Özümüzü evli kimi hiss edirik

20 İyun 2025 16:40see124

46 illik ömür...

20 İyun 2025 08:17see124

Mərhum Xalq artistinin qızı adını dəyişir

20 İyun 2025 10:39see119

“Bütün Ukrayna bizimdir” Putindən ŞOK AÇIQLAMALAR

20 İyun 2025 23:30see119

İran raketləri İsrailin cənubunu hədəfə aldı

20 İyun 2025 09:32see118

Putin: İrandakı vəziyyətə baxmayaraq, Buşehr AES də işləri davam etdiririk

20 İyun 2025 21:11see117

Malik İsaqov vətəndaşların problemlərini yerindəcə həll etdi FOTOLAR

20 İyun 2025 17:45see117

DSK sədri vəfat etdi

20 İyun 2025 16:21see117

İran üçün sınaq, Çin üçün strateji risk İsrail müharibəsinin dərin tərəfləri

20 İyun 2025 17:50see116

Xameneiyə sui qəsd olsa... ABŞ nədən ehtiyat edir?

20 İyun 2025 09:00see116

Bakıda UFC gecəsi Yenilənir

22 İyun 2025 00:18see115

Nazirlik 19 milyona nələr alacaq ki? Şübhə çəkən sövdələşmə var

20 İyun 2025 09:25see115

Hərbi texnikalar Ermənistandan Qarabağa belə gətirilib... Saakyan təsdiqlədi

21 İyun 2025 21:26see114

Sakinləri narahatdır: Şəkər tozu tapılmır, bahalaşma gözlənirmi?

20 İyun 2025 11:07see114

KİV: İsrail İran ABŞ razılaşmasını gözləmək niyyətində deyil

22 İyun 2025 01:15see113

Televiziya və radio şirkətinin Tehrandakı binası dağıdılıb

20 İyun 2025 07:36see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri