Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Röya bu gün açıq havada konsert verəcək Foto

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Zəfər Gününə həsr olunan fləş mob Video

Uşaqlıq xatirələri həyatımıza yön verir

Vətəndaşlıq və istiqlal poeziyası

Vətəndaşlıq və istiqlal poeziyası

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

BƏXTİYAR VAHABZADƏ – 100

“Azərbaycan xalqının, Azərbaycan dövlətinin istiqlal və azadlıq mücadiləsində Bəxtiyar Vahabzadənin xidmətləri böyükdür”.

Heydər ƏLİYEV

XIX əsr Azərbaycan ədəbi mühitinin yetişdirdiyi fikir dühası, söz bahadırı Bəxtiyar Vahabzadə həm böyük alim, publisist, həm də mövzu etibarilə rəngarəng, dərin məfkurəli şair kimi əsrin poeziya aləminə öz möhürünü vurmuşdur.

B.Vahabzadə haqqındakı ədəbi düşüncələrdən biri onun “min il əvvəl, min il sonranın şairi” olması haqqındakı mülahizələrdir.

B.Vahabzadə haqqında yazanların bir qismi də onun poeziyasını “Düşüncə poeziyası”, “Düşündürən poeziya”, özünü “Mifli filosof şair”, “Narahat şair” adlandırmışlar. Bu düşüncə və narahatlıq onun hikmət və müdrikliklə dolu yaradıcılıq aləmində fəlsəfi ağırlığa malikdir.

Yaradıcılığının ana xəttini hissin müdrikliyi təşkil edən Bəxtiyar Vahabzadənin yaradıcılıq uğurlarından biri onun əsərlərində xalqının neçə minillik təcrübəsinin, zəka qüdrətinin, milli-qürurun, mənəvi təkamülün toplanmasının əks-sədasıdır.

Əsərlərinin ana xəttində fəlsəfi ağırlığın, ideoloji mükəmməlliyin hakimliyi onun yaradıcılığındakı azərbaycançılıq ideyasına, milli-mənəvi dəyərləri əks etdirən fəlsəfi düşüncələrə, ana dilinə, torpağa, onun təbiətinə, cəmiyyətə, onun elmi və siyasi təfəkkürünə münasibəti əks etdirən mövzuların zənginliyidir.

Mən həyat yollarından,
Ayaqlarımla deyil,
Əqidəmlə keçirəm

– deyən Bəxtiyar Vahabzadənin mövzuları bu əqidə, iradə, siyasətdə ortaya çıxdığı üçün onun qələmə aldığı mövzular ciddi və böyük problemlərin həllinə yönəlmişdir. Odur ki, Bəxtiyar Vahabzadənin əsərlərinin ana xəttini bütöv Azərbaycan, vətəndaşlıq mövqei, milli-mənəvi dəyərlər, ana dilinə, Vətən torpağına münasibət bildirən mövzular əharə edir. Bu mövzular filosof şairin hikmət və fəlsəfə ilə dolu yaradıcılığının əsas meyarları olduğundan əsərlərindəki siyasi-ictimai və tarixi kəskinliyi ilə seçilir.

Yaradıcılığındakı siyasi və ictimai kəskinlik onun şeirlərində namərd qonşular, torpaqlarımıza göz dikən düşmən ermənilərə 1966-cı ildə yazdığı “Torpaqdan pay olmaz” şeirində belə ifadə edilirdi:

Hardan sənin oldu bizim Qarabağ?
Adı sahibini demirmi aşkar?
Xoşluqla verməzlər torpağı, ancaq,
Qanla möhürləyib, zorla alarlar!

Hələ göz dikmisən Naxçıvana da,
Təbriz də, Sərab da bəlkə səninmiş?
Vartazar yaşayan bütün ölkələr –
Yəni bütün dünya öz vətəninmiş?

Başqa bir şeirində:

“Əcdadımızın türbəsi torpaq-kökümüzdür,
Torpaqsız açan buğda dənindən də dən olmaz”

– deyən Bəxtiyar Vahabzadənin əsərlərindəki vətəndaş mövqei elə “Torpaq”, “Vətən”, “Millət” və “Kök” kəlmələrindən yoğrulmuşdur.

Ağaclar
Kök üstə boy atır,
Ucalır.
Ağaclar
Kökündən güc alır.
Dünyada hər şeyin kökü var.
Torpağın da, daşın da.
Adamsa kökünü
Gəzdirir başında.

Millətin güvəninin köklə bağlılığının əsil ifadəsi olan bu poeziya nümunəsində olduğu kimi, kökünü bilməyən xalqın fəlakətə uğraması B.Vahabzadə poeziyasında belə ifadə edilmişdir:

Bir xalq üçün səfalət,
Ya aclıq, ya fəlakət.
Bir elə zillət deyil.
Amma millət qul olsa,
Ayaqlarda çul olsa,
Fikircə yoxsul olsa,
O, hələ millət deyil”.

Şeirlərinin birində Bəxtiyar Vahabzadə:

Yaşamaq yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa, yaşamır demək,
Onun yaşamağı yanmasındadır – deyir.

Gerçəkdən də, zaman-zaman xalqının taleyini düşünən şair XX əsrdə yaşadığı totalitar sovet rejimi içərisində üzləşdiyi haqsızlıq və ədalətsizliklərlə mübarizəyə girmiş, xalqının haqqını almayınca yanıb-yaxılmış, şam kimi damla-damla göz yaşı tökmüşdür. Şamın yanması həyat əlaməti olduğu kimi, insanoğlunun da duya-duya, şam kimi əriyə-əriyə, yana-yana yanması onun yaşama bəlgəsidir. Odur ki, “yaşamaq yanmaqdır” hikmətinin ifadəsi B.Vahabzadənin bütün yaradıcılığı üçün xarakterikdir və əsərlərinin ana xəttinin içindən keçən bir sonluqdur.

Şair sovetlər birliyinin 70 il davam edən totalitar rejiminin təsiri altında siyasi qadağaların hökm sürdüyü bir sistemdə “öz sərvəti özünə qənim olmuş” Azərbaycan xalqının sərvət və ləyaqətinin, dil və şərəfinin tapdalanmasını əsərlərində əks etdirmək üçün müxtəlif ədəbi üsullardan, sətiraltı ifadələrdən məharətlə istifadə edən müdrik Bəxtiyar Vahabzadə hansı cəsarətlə sözlərini deyə bilirdi. O, bir ədəbi üsul olaraq xalqının dərdini yabançı adreslərdə göstərir və özünün dediyi kimi, “millətinin dərdini özgəyə ünvanlayaraq, başqasının yasında öz ölüsünə ağlamağı” belə poetikləşdirirdi:

İçimi göstərmədən cahil tutan güzgüyə,
Üzdə gülüb, ürəkdə nisgilimə ağladım.
Millətimin dərdini ünvanlayıb özgəyə,
Başqasının yasında öz ölümə ağladım.

Bu cəhətdən ustad Bəxtiyar Vahabzadə vaxtilə dillərdə əzbər olan “Latın dili”, “Ələddinin çırağı”, “Hayd park” şeirləri, “Leninlə söhbət” poeması, tarixi “Fəryad” əsəri”, “Dörd yüz on altı” poeması kimi əsərlərində bu üsuldan istifadə edirdi.

“Leninlə söhbət” poemasında şair zahirən Leninə hüsn-rəğbətini göstərsə də, əslində, Leninin əsərlərindən gətirdiyi sitatlarla yaşadığı rejimdə olan haqsızlığı ifşa edirdi. İlk baxışda Leninə hüsn-rəğbət hiss olunsa da, onun rus millətçi (velikorus) şovinizminə qarşı olduğunu öz sitatlarından əsas gətirərək, Azərbaycan xalqının, Azərbaycan dilinin tarixi haqlarının vəkilinə çevrilir, sətiraltı ifadələrlə leninizmin yalanlarını belə poetikləşdirirdi:

Yalanlar al-əlvan, yalanlar min-min,
Deyir gecəyə bax, zülməti görmə.
Yalanlar... Ağ yalan qara köynəyin,
Üzünə rəng çəkir, gözünə sürmə.

Göründüyü kimi, “Leninlə söhbət” poeması B.Vahabzadə yaradıcılığında müşahidə olunmuş, lakin qadağaların hökm sürməsi səbəbindən zamanında birbaşa açıqlanmayan bəzi məqamların şərhi idi.

Tarixi “Fəryad” əsərində də, “Dörd yüz on altı” poemasında da ustad sənətkar B.Vahabzadə eyni bədii üsuldan istifadə edirdi. İlk baxışda sovet mövzusunda qələmə alınmış “Dörd yüz on altı” poemasında II Dünya müharibəsində faşizm üzərində qələbə münasibətilə Mozdokdan Berlinə qədər gedən 416-cı Azərbaycan diviziyasının qəhrəmanlığından bəhs edilir. Əslində, başqa bir ideya isə bu əsərdə 1937-ci ildə faşist Almaniyasında Buhenvald ölüm kampları qurularkən sovetlər birliyində də şiddətlənən kütləvi həbslər və sürgünlərin eyni vaxta təsadüf etdiyini şairin oxucuya hiss etdirməli idi.

Buhenvald salındı otuz yeddidə,
Fikir zəncirləndi, vicdan boğuldu.
Tarixin ləkəsi bu ağır ildə,
İnsan ahı üstə il təhvil oldu.

Bu misralarda şair 1937-ci ildə sovetlər birliyindəki repressiyanın Buhenvalddan heç də geri qalmadığına işarə edərək, 1937-ci ili tarix olaraq xüsusi vurğulayır və yaddaşları oyadırdı. Azərbaycan ziyalılarının da repressiyaya məruz qaldığı 1937-ci illərə bir daha işarə edirdi.

“Dörd yüz on altı” poemasında B.Vahabzadə II Dünya müharibəsində məğlubiyyətə uğramış faşist Almaniyasının müharibədən sonrakı illərdə “Panther Faust” kimi ölüm saçan silahla silahlanmasının bir üz qarası olduğunu vurğulayır. Bu silahın məhz alman ədəbiyyatında vaxtilə mərhəmət təbliğ edən bir bədii əsər olan “Faust”un “Panther Faust” adı ilə eyniləşdirməsinə şairin sanki bir etiraz notası idi:

Utan, utan, Almaniya,
Mərhəməti, insanlığı,
Bədxahlığa, alçaqlığa,
Axı, niyə dəyişdin?
Bir dahinin əsərini
Sən mərmiyə dəyişdin.
O, “Faust”la insanları,
İnsanlığı çağırdı.
“Panther-Faust” paketindən,
Bu torpağın sinəsi,
İndi yağır-yağırdı.

B.Vahabzadənin çox zaman tarixə və başqa ölkələrə istinad edərək yazdığı “416” kimi əsərlərlə bərabər “Dar ağacı” (1972), “Fəryad” (1981-1984) adlı pyeslərinin, “Amerika gözəli” (1982), “Mərziyə” (1984), “Bağışlayın, səhv olub” (1984) poemalarının, “Şairləri öldürdülər” (1978), “Ehramların önündə” (1969), “Qara qutu” (1978) kimi onlarla əsərinin hədəfi içərisində yaşadığı totalitar rejim idi. Zəngin yaradıcılığa malik Bəxtiyar Vahabzadənin hər hansı bir əsərini götürüb şərh etsək, bu əsərin hər birində zaman hansı sözü demək istəyirsə, o sözü B.Vahabzadənin müdrikliklə ifadə etdiyinin şahidi olarıq. “Gülüstan”da Rusiyanın və İranın Azərbaycanı işğalının, “İki qorxu”da sovet dönəmindəki kommunist rejiminin meydana gətirdiyi mənəvi təxribatın, “Şəhidlər”də sovet rejiminin son illərində Azərbaycan xalqını məhv etməyinin, soyqırımı planlı şəkildə həyata keçirməyin pərdə arxasını görürük.

Tarixdən məlumdur ki, sovet rejiminin 1937–1953-cü illər arasındakı həbslər, böhranlar dövründə Azərbaycan xalqının milli musiqisi üzərində də təxribatlar aparılmağa çalışırdı. Xalqın saz, tar kimi milli alətləri gerilik əlaməti kimi ortadan götürülməyə çalışılır, bunların yerinə rus və qərb çalğı alətlərini qəbul etdirmək üçün hər cür tədbirlər görülür, təbliğatlar aparılırdı. Bütün bu tarixi yaddaşında yaşadan B.Vahabzadə 1972-ci ildə “Muğam” poemasını yazdı. B.Vahabzadə Azərbaycan muğamı dedikdə ilk ağla gələn tar, qaval, müğənni olduğunu, Azərbaycan muğamının heç bir muğama bənzəməyən özünəməxsus bir milli muğam olduğunu poetikləşdirdi.

Poemanın “Segah” fəslində “Anamın öz südütək halalımsan, halalım”, – deyə Azərbaycan muğamını tarixi poemaya çevirən şair poemanın hər fəslini bir muğama həsr edir, hər bir muğamı şeirin dili ilə poetikləşdirir:

Daş ürəklərdə yanıb daşları sındırdı muğam,
Haqqa düşmən olanı haqqa tanıtdırdı muğam.

Bəxtiyar Vahabzadə sanki ədəbi vəsiyyətini də muğama bağlayırdı.

Dəfn edin siz məni zabul segahın mayəsinə,
Deyirəm, bəlkə məni bir gün oyandırdı muğam

– deyərək, Azərbaycan muğamına, xalqın ölməzliyinə təminat verən dəyər kimi baxırdı.

Vətən sevdalısı olan B.Vahabzadənin milli musiqi mədəniyyətimizə, klassik ədəbiyyatımıza, bu ədəbiyyatın gözəlliyini şərh edən ana dilinin saflığının qorunmasında böyük xidmətləri danılmaz həqiqət kimi çox qiymətlidir. O, daim axtarışda olub dilimizin nəhayətsiz gözəlliklərini əsərlərinə gətirən, əsərlərini Azərbaycan adlı Ananın halal südündən yoğuran mütəfəkkir-şair, milli filosofdur.

60-70 illik yaradıcılığını azərbaycançılıq, türkçülük, dövlətçilik məfkurəsinə, milli-mənəvi dəyərlərin qorunmasına həsr edən müdrik şair və yüksək məfkurə sahibi və elm adamı kimi Bəxtiyar Vahabzadə sözün əsil mənasında Vətən, torpaq, xalq, onun dilinin, tarixinin fədaisi olmuşdur. Totalitar sovet rejimi illərində deyə bildiklərinə cəsarəti çatmış, bədxahlardan ehtiyat edib deyə bilmədikləri həqiqətlər isə “dilinin uğrunda” qalsa da, bunu

Çəkilmişəm qınıma,
Qorxuram mən.
Yalan desəm, Tanrıdan,
Doğru desəm, bəndədən –
şəklində etiraf etmişdir.

Yüksək intellekt sahibi bir insan, düşünən və düşündürən şair kimi əsl vətəndaşlıq duyğuları daşıyan, Allahın insanoğluna verdiyi Vətən sevgisinin daşıyıcısı olan filosof şairimiz Bəxtiyar Vahabzadə dünənin və sabahın vətənpərvər şairidir. Bu xüsusiyyət onun haqqında yazılanlarda da yetərincə yer almışdır.

Əslən azərbaycanlı, İranın Məşhəd şəhərində yaşayan Mehdi Münəccimi Nəmqan Bəxtiyar Vahabzadəyə yazdığı bir şeirində Vahabzadənin milli ruhunu, onun bütöv Azərbaycan düşüncəsini dilə gətirmişdir:

Sən həyatın boyu dünyadan ədalət istədin,
Şərə meydan oxuyub, zülmə qiyam eyləmisən.
Bəxtiyar oldu adın, dərd-qəmi ləzzətlə yeyib,
Bilirik, sən özünə keyfi haram eyləmisən.

Maarifə HACIYEVA,
filologiya elmləri doktoru, professor

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:321
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 May 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see828

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see290

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see287

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see281

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see271

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see271

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see253

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see243

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see242

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see223

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see221

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see218

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see213

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see207

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see204

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see203

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see197

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see195

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see187

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri