Xalq artisti Habil Əliyevin qızı: Atamın müalicəsi ilə özüm şəxsən məşğul olmuşam
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Atam çox şərəfli həyat sürdü. Müslüm Maqomayev, Yaşar Nuri dünyasını dəyişəndə nə qədər ağladı. "Cavanlar ölür, mən yaşamağa utanıram..." deyirdi. Anam da "hərənin bir alın yazısı var, Allah onlara o ömrü yazıb...", - deyə təsəlli verirdi".
Oxu.Az xəbər verir ki, bu sözləri "Kaspi" qəzetinə müsahibəsində Xalq artisti Habil Əliyevin qızı, Xətai rayonundakı 6 saylı Şəhər Poliklinikasının həkimi Kəmalə Habilqızı deyib.
"Həkim olmağımız atamın arzusu idi"
- Kəmalə xanım, Habil Əliyevin üç qızının üçü də həkimdir. Musiqinin içində böyüyən bir ailədə niyə tibb sahəsinə meyil etdiniz? Bu, öz istəyiniz idi, yoxsa valideynlərinizin seçimi?
- Məndə uşaqlıqdan musiqiyə həvəs var idi. İndiyə qədər də evdə özüm üçün ifa edirəm. Həkim olmağımız atamın arzusu idi. Deyirdi ki, mən özüm həkim ola bilməmişəm, müharibə dövrünə düşüb, ailəni saxlamaqdan ötrü məcbur olub kamançanı seçmişəm. Amma bütün övladlarım həkim olmalıdır. Bacılarım uşaq həkimidir, mən isə müalicə-profilaktika fakültəsini bitirmişəm. Qardaşım Rəvan isə bir balaca mübahisədən sonra musiqi sahəsində fəaliyyət göstərdi. Sonradan da fəaliyyətini dayandırdı. Bizim musiqiçi olmamağımızla bağlı atamın narazılığı bu sahənin çətinliyi ilə bağlı idi.
- Bəs siz həkim olandan sonra ata kimi xoşbəxt idimi?
- Mən evimizin böyük övladıyam. Atam həmişə deyirdi: "Narahat olma, sən musiqiçi olmadın, amma o musiqi sənin sənətində çox rol oynayacaq. Sənə insanları duymaqda, onlara yardım etməkdə kömək edəcək. Həkimliyin özü incəsənətdir. Xəstə içəri daxil olanda həkimin üzünün təbəssümü, onu qəbul etməsi, ona yanaşması, müsbət enerji ötürməsi - Allah bunu hər adama vermir. Sən musiqini bilirsən, duyursan. İnsanlara da o dərəcədə həssas yanaşacaqsan. Musiqi duyumu olmayan həkimlər xəstə ilə münasibətdə əziyyət çəkəcək". Atam məsləhət verirdi ki, mən bu dünyada qonağam, çalışın, mənə rəhmət oxutdurun. Xəstələrə elə yanaşın, elə qulluq edin ki, "sağ ol" desinlər. İndi müşahidə edib görürəm ki, atam doğru deyib. Elə bir pasiyent olmur ki, mənim qəbulumdan gülə-gülə, atama rəhmət oxuya-oxuya çıxmasın. Bacılarım pediatrdır, mənim işim isə daha çətindir: əsəbi xəstələr, müharibə veteranları, qazilərimiz - hamısı bu otağa müraciət edir. Onların hamısının öhdəsindən səbirlə, bacarıqla gəlməyə çalışıram. 48 ildir həkim işləyirəm. Təqaüdə getməyimə aylar qalıb. Elə bilirəm, bu illər ərzində atamın arzuladığı kimi həkim ola bilmişəm. Pasiyentlər məni qucaqlayıb ağlayanda, təşəkkür edəndə bunu hiss edirəm və sevinirəm.
"Atamın müalicəsi ilə özüm şəxsən məşğul olmuşam"
- Heç atanız müalicəsini sizə etibar edirdimi?
- Atamın müalicəsi ilə özüm şəxsən məşğul olmuşam. Deyirdi, ay bala, bütün dünyanı gəzmişəm, sən demə, həkimim öz yanımda imiş, adam öz evindəkinin qədrini bilmir. Bilsəydim, heç indiyə qədər başqa həkimə getməzdim. Bir dəfə mənim müalicəmdən sonra efirə çıxmışdı. Qohumlar anama zəng edib: "Niyə Habilin köhnə lent yazısını, cavanlığını göstərirlər?" - soruşanda anam cavab vermişdi ki, "köhnə lent yazısı deyil, iki gün əvvəl çəkilib. Kəmalənin müalicəsindən sonra yaxşılaşıb, cavanlaşıb".
"Mən Tibb İnstitutunun yolunu tanımayacağam"

- Yadımdadır, o vaxt Tibb Universitetində oxumağın öz çətinlikləri vardı. Vəzifəli adamların övladları, rüşvət məsələsi və s. daha çox hallanırdı. Sizin təhsilinizdə Habil Əliyevin məşhurluğu nə qədər rol oynadı?
- İnstituta qəbul olmamışdan atam mənimlə üzbəüz söhbət etdi. Dedi ki, qızım, həkimlik müqəddəs sənətdir. Necə məsuliyyətlə oxuyub imtahanlara hazırlaşmısan, instituta qəbul olandan sonra da yüksək səviyyədə bilik almalısan, mənə alqış-dua etdirməlisən. Mən Tibb İnstitutunun yolunu tanımayacağam. Elə etməlisiniz ki, mənim ora gəlməyimə ehtiyac olmasın, heç ehtiyac olsa da gəlmərəm. Əgər yaxşı oxumasanız, qoy sizi institutdan çıxarsınlar, bu, mənə ən böyük yaxşılıq olar. Mən tapşırıqla oxuyan həkimləri heç vaxt qəbul etməmişəm.
Həqiqətən də atam biz oxuyan müddətdə institutun yolunu tanımadı. Hərdən soruşurdu ki, "Kəmalə, neçənci kursda oxuyursan?" Atam həmişə deyirdi ki, həkimin və müəllimin savadsızı olmaz. Bu, qəbahətdir. Həkim savadsız olsa insanı ya öldürəcək, ya da şikəst edəcək. Bütün sənətlər, hətta musiqiçi də qocalanda hörmətdən düşür. Müəllimlik və həkimlik yeganə sənətdir ki, qocaldıqca hörməti artır. Gör neçə ilin həkimidir, müəllimidir, o daha yaxşı bilər deyirlər.
Kövrək, ciddi, zarafatcıl, ağır xasiyyətli
- Habil Əliyevin zarafatları, lətifələri, baməzə söhbətləri dillər əzbəri olub. Evdə də zarafatcıl idi?

- Atam çox tanınmış musiqiçi olsa da, ailədə bizə atalıq, nəvə-nəticələrinə babalıq edəndə məşhurluğu yaddan çıxırdı. Çox kövrək idi, söz deməmiş gözü dolurdu. Övladları da ona oxşayıb. Məni həm xarici görkəmcə, həm də kövrək olmağıma görə ona çox oxşadırlar. Çox qayğıkeş, diqqətli idi. Yeddi nəvəsi var. 11-ci nəticəsi mayın 14-də doğuldu. Nəticələrdən biri - Rəna bacımın nəvəsi atamın adını daşıyır. Habil bütün nəslin istəklisidir. Atam yeri gələndə çox ciddi idi. Heç vaxt bizə tərif deməzdi. "Mən övladımı tərifləməliyəm? Mənim övladım, Şərqiyyənin oğlu-qızı belə olmalıdır", - deyirdi. İnstitutu həyəcanla, qorxu, streslə qurtarıb diplom alanda sakitcə "təbrik edirəm, o gün olsun ki, o diploma layiq olub savadlı həkim olasan, atan kimi sənətdə özünü doğrultmağı bacarasan!" dedi. Atamın həm də ağır xasiyyəti vardı. Biz evə bir az gec gələndə əsəbiləşərdi: "O qazanın ağzı açılmalıdır, evdəkilər sizi gözləyir. Evə vaxtında gəlmək lazımdır. İşinizi elə qurun ki, həmin vaxtda evdə olun", - deyirdi.
Evimizdə ciddi qayda-qanun hökm sürürdü. Kişinin kişi, qadının qadın yeri vardı. Anama yüksək dəyər verirdi. "Evin böyüyü Şərqiyyədir, ananızın sözünə qulaq asın. Mən səfərlərdə oluram, evə o nəzarət edir", - deyirdi. Anam institutu qırmızı diplomla bitirmişdi, amma atam onu bircə gün də işləməyə qoymadı: "Mən qastrollara gedirəm, bu uşaqların tərbiyəsi, məktəbi var", - dedi. Anam təkid edəndə "səni elə saxlayacağam, işləyən qadınlar sənə həsəd aparacaq", - dedi. Atam gözəl ailə başçısı idi. Anam onu sevmədən ailə qurmuşdu, amma sonra elə sevirdi ki, sanki əvvəldən istəyib evlənmişdi. "Sən işləməyi neynirsən, sən mətbəxin akademikisən", - deyirdi. Anamın gözəl əl qabiliyyəti, biş-düşü vardı. Anamın xasiyyəti də ciddi idi, hər işimizə - geyim-keçimimizə, oturuşumuza-duruşumuza qarışırdı. Hərdən ağlayıb "sən qəddarsan, ata səndən mülayimdir", - deyirdim.
Atam kürəkənlərini də çox istəyirdi. "Əvvəl qızlarımı çox istəyirdim, indi qızlarımı kürəkənlərimə görə çox istəyirəm. Onlar mənim oğlanlarımdır", - deyirdi. Həqiqətən, kürəkənlər də atamın hörmətini saxlayırdılar.

"Kimin nə sözü olsa, Filarmoniyaya gəlsin..."
- Habil Əliyevin lətifələrindən ibarət bir kitab da çap olunub. Zarafatları əsasən sənət dostları haqqında idi. Evinizə sənət dostlarından kimlər gəlib-gedirdi?
- İncəsənət işçiləri bizim evimizi tanımayıb. Atam əvvəldən onlara deyib ki, mənim evimdə cavan yoldaşım, gənc qızlarım var. Heç evə telefonla zəng olunmasını da xoşlamırdı. "Kimin nə sözü olsa, Filarmoniyanın bağına gəlsin, səhər saat 11-dən günorta 3-ə qədər orada oluram", - deyirdi. Ayrı-ayrı adamlar da sözləri, xahişləri olanda ora gedirdilər. Hamısına da kömək edirdi. "Mən sadə bir kamança ifaçısıyam, gedərəm xahiş edərəm, düzələr, lap yaxşı, elə bir adama rast gələrəm, düzəlməsə, məndən inciməyin", - deyə adamları boşuna arxayın salmağı xoşlamırdı. Amma iş həmişə də düzəlirdi. O, insanlara kömək etməyə çalışırdı. Deyirdi ki, məni ucaldan da xalqım, onun alqışları oldu. Atam xalqını, Vətənini çox sevirdi. Qastrollara tez- tez gedirdi. ABŞ-də, İranda və başqa ölkələrdə bəzən aylarla qalmalı olurdu. Gələndə hönkür-hönkür ağlayırdı. Onu çox yerə dəvət edirdilər, amma deyirdi ki, vətənimsiz, xalqımsız heç yerdə yaşaya bilmərəm.
- Sənət dostları xatırlayır ki, ustadı daha çox İranda sevirmişlər...
- İrana hər gedişində onun qalması üçün 3-4 villa ayırırdılar. Bir dəfə anamla getdi, hətta 5-6 ay orada qaldılar. Onlar atamı o qədər sevirdilər ki, buraxmaq istəmirdilər. Bir dəfə Fəxri Xiyabanda olanda atam üçün "Yasin" surəsini oxuyurdum. Rəhmətə gedən il idi. Tehran və Təbrizdən məzarını ziyarət etməyə bir neçə avtobus adam gəlmişdi. Yaxınlaşıb "Siz Habil ağanın kimisiniz?", - deyə soruşdular. Qızı olduğumu bilincə, məni bağırlarına basıb ağladılar. İranda 40 gün atam üçün yas verildi. Küçələrdə də ehsan verir, kasıb-kusubu yedirdirdilər. Bacımın oğlu İrana dəvət olundu. Gələndən sonra anama "məni duz kimi yalayırdılar. İranlılar babanı nə qədər sevirmiş...", - deyə heyrətini bildirdi.

- Nəvə-nəticələr arasında Habil Əliyevin sənətini davam etdirən oldumu?
- Qiymətli kamançasını bağışladığı nəvəsi də, nəticəsi də olub, amma hələ ki, sənətini davam etdirən yoxdur. Atam həmişə deyirdi ki, bu çox ağır sənətdir, uşaqların bu sahəyə getməsini istəmirəm.
"Atam çalışdı ki özündən sonra izini qoysun"
- Habil müəllimin ölümündən sonra xatirəsi necə anılır?
-Atam bir dəfə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanıma "muğamımız itir-batır. Muğam ana laylamızdır, onu xilas edin", - deyə müraciət etmişdi. Sağ olsun Mehriban xanım, bu sahədə çox böyük işlər görüldü. Mehriban xanım bir dəfə atama "Habil müəllim, siz elə deyirsiniz insana öləndən sonra qiymət verilir. Nə arzunuz var, deyin, sağlığınızda edək", - deyə bildirmişdi. Atam da Ağdaşdakı musiqi məktəbinin vəziyyətinin pis durumda olduğunu bildirmişdi. Atamın xahişindən sonra Ağdaşda çox müasir və geniş musiqi məktəbi tikildi. Məktəbə Habil Əliyevin adı verildi. Bizi məktəbin açılışına dəvət etmişdilər. Məktəbdə Habil Əliyev adına kamançaçalanlardan ibarət ansambl da yaradıblar. Atam çalışdı ki, özündən sonra izini qoysun.
- Habil Əliyevin son günlərini necə xatırlayırsınız?
- Atam çox şərəfli həyat sürdü. Müslüm Maqomayev, Yaşar Nuri dünyasını dəyişəndə nə qədər ağladı. "Cavanlar ölür, mən yaşamağa utanıram...", - deyirdi. Anam deyirdi ki, hərənin bir alın yazısı var, Allah onlara o ömrü yazıb. Atam xəstələnəndə yataqda çox qalmadı. Rəhmətə gedənə qədər özünü yaxşı hiss edirdi. Prezident İlham Əliyev və Mehriban xanımın göstərişi ilə evdə yüksək səviyyədə tibbi kömək təşkil edilmişdi. Qohum-əqrəba başının üstündə idi. Onu çox sevirdilər. Həm çörək verən adam idi, həm də hamının problemlərinə kömək edirdi. Arabir gözünü açanda "Şərqiyyə, məni soruşub edən, gəlib-gedən?", - deyə soruşurdu. Anam "Ay Habil, jurnalistlər əl çəkmir" dedi. Atam dedi ki, mən onları çox sevirəm. Onlar məni həyatım boyu işıqlandırıblar. Allah qoysa, yataqdan durum, qəşəng bir süfrə açarsan, onları qonaq çağıracağam... Amma arzusu ürəyində qaldı. Biz bilirdik ki, yataqdan durmayacaq...
Hökumətimiz sağ olsun, atamın xatirəsinə sağlığında da, ölümündən sonra da layiqincə qiymət verib. Heydər Əliyev Fondu atamın 80 illik yubileyinə həsr olunmuş musiqi albomu hazırlayıb.
Atam 1-ci Fəxri Xiyabanda dəfn olunub, böyük heykəli ucaldılıb. Məzarı üstündə güllər heç solmur, daim gəlib-gedən var.
Bizi narazı salan telekanalların laqeydliyidir. Elə bil heç Habil Əliyev kimi bir sənətkar olmayıb. Əvvəllər atamı daha çox yad edirdilər. İllər keçdikcə unudulur, yaddan çıxır...
Bu münasibətdən biz övladları bir qədər incidik. Amma bu gün siz gəlmisiniz, onu doğum günü ərəfəsində xatırlayırsınız. 28 may - Habil Əliyevin doğum günüdür. İndi atamın ruhu buradadır. Demək, unudulmayıb...


