Icma.az
close
up
RU
Xalqın taleyinə qovuşmuş “Ömür yolu”

Xalqın taleyinə qovuşmuş “Ömür yolu”

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Ədəbiyyat milli kimliyin bədii təcəssümüdür

Azərbaycan ədəbi–ictimai fikrinin tanınmış nümayəndəsi, müstəqil dövlətçilik quruculuğunda özünəməxsus yeri olan, müasir poeziyamızın öncüllərindən biri kimi şöhrət qazanan Sabir Rüstəmxanlının adı həm sözün gücünü, həm də milli düşüncənin əzmini ifadə edir. Xalqın yaddaşını, ağrısını, ümidini misralara köçürən, dəyərli əsərləri ilə dövrünün ruhunu canlandıran şair söz adamı olaraq qələmi, siyasətçi kimi mövqeyi ilə hər zaman millətin maraqlarına xidmət edib. Xalq şairi ilə söhbətimizdə keçdiyi yaradıcılıq yolundan, siyasi baxışlarından və bu günün reallıqları barədə düşüncələrindən danışdıq.

– Sabir müəllim, poeziyanızda Vətən, azadlıq və insanın qəlb ağrısı kimi mövzular ön plandadır. Bu duyğuların formalaşmasında hansı dövr və hadisələr həlledici rol oynayıb?

– Bu, dəyərlər mənim doğulduğum və uşaqlıq illərimi keçirdiyim mühit və gördüyüm tərbiyə ilə bağlıdır. Yardımlı iki tərəfdən Güney Azərbaycanla sərhəddir. Xəritəyə baxdıqda bizi dövrələmiş sərhəd dar ağacına bənzəyir. Elə bil, dar ağacından asılmış vəziyyətdəyik. Yaylaqlardan Ərdəbil, Savalan görünür, ancaq keçə bilməzdik. Başqa bir yolumuzun da Salyanla Biləsuvar arasında Sovet sərhəd qoşunları tərəfindən kəsildiyini və rayondan çıxanların geri qayıtmasının müşkül bir iş olduğunu bilirdik. Kənd camaatının, qohum-əqrəbanın hansı əziyyətlə yaşadıqlarını da görürdük. Ata-anamızın hansı ehtiyaclar içində yaşadıqları bizi uşaqlıqdan qoparır, böyüklər kimi düşünməyə, onlara yardımçı olmağa və yaxşı oxumağa sövq edirdi.

Ötən əsrin 50-ci illərində müharibə yaraları sağalmamışdı, həlak olanlar və itkin düşənlər üçün axıdılan göz yaşları qurumamışdı. Bununla belə, adamların ürəyində böyük bir ümid, xatirələrində tarixdən və mifologiyamızdan gələn bir qəhrəmanlıq ruhu, işıq var idi. Vətən və ayrılıq duyğusu yaylaqlarımızın söykəndiyi o sərhəd məftillərindən, mübarizə ruhumuz və ümidlərimiz böyüklərimizin söhbətlərindən doğulurdu. Şübhəsiz, məktəbin, müəllimlərimizin və o illərdə əldən-ələ gəzən kitabların, deyək ki, Mirzə İbrahimovun uşaq düşüncələrimizi şimşək işığı kimi aydınladan “Gələcək gün” romanının da böyük təsiri olmuşdu. Bəxtimdən 5-ci sinifdə ədəbiyyat müəllimim (Qazax rayonunun Yuxarı Salahlı kəndindən idi) özü azadlıq ruhunun daşıyıcısı idi və bizə, ilk növbədə, Vətən sevgisi aşılamışdı.

Ağrı, kədər kənd uşaqlarının ömürlük yoldaşı olur. Nə qədər böyüsən, şöhrətlənsən də kənd axşamlarında başının üstündəki parlaq ulduzlara baxa-baxa duyduğun tənhalıq, qəriblik hissi heç vaxt ürəyindən silinmir. İndi yeniyetməlik illərində yazdığım “Günəş doğmazdan qabaq”, “Torpaq şırımı”, “Azadlıq”, “Həsrətindəyəm” adlı şeirlərimi gözdən keçirəndə o yaşda bu duyğuların haradan doğulduğuna və mübarizə eşqinə necə kökləndiyimə özüm də təəccüblənirəm.

– Ötən əsrin sonlarında böyük tirajla çap edilən və əl-əl gəzən “Ömür kitabı” toplusu xalqı azadlığa və müstəqilliyə çağırırdı. Bu əsəri yazarkən iç dünyanızda nə baş verirdi?

– Bu kitabı 1985-ci ildə yazmağa başlamışdım. Həm Azərbaycanda, həm dünyada gedən prosesləri yaxından izləyirdim. Moskvada və qonşu respublikalarda tariximizlə, mədəniyyətimizlə bağlı nəşr olunan kitablarda, dərc edilən yazılarda yanlış, bəzən də qəsdən təhrif olunmuş məlumatlar məni ağrıdırdı. Bir sıra mənəvi dəyərlərimiz saxtakarlıqla qonşu xalqların adına yazılırdı. Yəni bizi talayırdılar. Həm tariximiz, həm bu günümüz müxtəlif əyri güzgülərdə fərqli şəkildə göstərilirdi.

Əleyhimizə yazılmış məqalələrə, kitablara nəinki Moskva mətbuatında, heç öz qəzet və jurnallarımızda da cavab vermək olmurdu. Bizi tənqid edə bilərdilər, amma biz ağzımızı açan kimi “Olmaz, milli münasibətlərə zərər gələr, bu məsələlərə mərkəz (Moskva) özü cavab verəcək”, – deyə yollarımızı bağlayırdılar. Bütün bunlara münasibət bildirmək istəyi mənə rahatlıq vermirdi. Bu, təəssübkeşlik duyğusu idi və mən öz ölkəmi, xalqımı layiqincə tanıtmaq istəyirdim. Həmin ildən başlayaraq kitabı yaza-yaza bəzi hissələrini ədəbi jurnallarımızda çap etdirirdim.

Kitab 1988-ci ildə ilk dəfə Azərbaycan dilində, sonra da rus dilində nəşr olundu. Mənə elə gəlirdi ki, hamının bildiyi və məclislərdə hər gün danışdığımız şeyləri yazıram. Buna görə də əsərin bu qədər böyük maraqla qarşılanacağını gözləmirdim. Hər halda, insan bir məclisdə ürək sözlərini deyəndən, necə rahatlanırsa, yaxud çoxdan çiyninə yüklənmiş borcunu verəndən sonra necə sakitləşirsə bu kitabdan sonra bir müddət buna bənzər hisslər yaşadım.

Amma təəssüf ki, vəd etdiyim kimi kitabın ikinci hissəsini yazmaq mənə qismət olmadı. İkinci hissə Güney Azərbaycana həsr olunmalı idi. Siyasətə qarışmaq o arzumun qarşısını kəsdi. Amma “Xətai yurdu” və “Vətəndaşlığın əlifbası” kitablarımı “Ömür kitabı”nın davamı sayıram.

– Sizcə, bu gün gənc şairlərin yaradıcılığında çatışmazlıq nədir?

– Düzünü deyim ki, mən ömrüm boyu qüsur axtarmaqdansa, uğurlara sevinmişəm. Ümumiyyətlə, yaşlı nəsildə gəncləri bəyənməmək vərdişi var. Bu ənənə uzaqlaşmaq lazımdır. İnsanların həyatındakı və xarakterindəki çatışmazlıqları araşdırmaq, bir neçə yazı ilə və ya ilk addımlarına baxıb müəllifə qiymət vermək çətindir. İstedadlı cavanlarımız çoxdur. Bəyənmədiyim bir şey var ki, o da bəzi gənclərin keçmiş, daha doğrusu, özlərindən əvvəlki ədəbiyyata inkarçılıqla yanaşmalarıdır.

Ötən əsrin 90-cı illərində dünyaya gələn, keçdiyimiz yoldan, kitablarımızın hansı şərtlər altında yazıldığından xəbəri olmayan bəzi gənc yazarlar deyirlər ki, filankəs böyük ədəbiyyatda yoxdur.

Ədəbiyyat təkcə metafora, bənzətmə, şeir deyil. Həm də xalqın taleyi, dövlətin ideoloji xəttidir, yəni milli ideologiya meydanıdır. Poeziya yalnız şairin öz iç dünyasını oyması və orada həbs olunub qalması deyil. Ona görə də bəzən meydana yeni çıxan ədəbiyyatçılar deyirlər ki, poeziyada publisistika, sentimentallıq, emosiya olmaz.

Əksinə, bunların hamısının poeziyaya aidiyyəti var. Çünki poeziya mürəkkəb bir sistemdir, həm də çox fərqlidir. Hətta səssiz, sözsüz poeziya var. Sənət insanın azadlıq ehtirasını göstərməli və bu ehtirasdan doğmalıdır. Bizim keçdiyimiz yol millətin varlığı, ana dili, milli azadlıq uğrunda mübarizə yoludur. Xalqın səsi olmağa, onun sözünü deməyə çalışmışıq. Bütün bunları görməmək ancaq xəstə təfəkkürün məhsuldur. Mən inanıram ki, gənc yazarlar bütün bunlarla daha yaxından tanış olandan sonra fikirləri dəyişəcək.

– Deyirsiniz ki, ədəbiyyat taleyin və düşüncənin aynasıdır. Bu güzgüdə müasir ədəbi mühit necə görünür?

– Ayna özünü göstərməz. Mən ədəbiyyat aynasına baxanda ədəbi mühitdən daha çox, onun təsvir etdiyi həyatın, taleyimizin və düşüncə tərzimizin problemləri haqqında düşünürəm. Bu, çox geniş bir mövzudur. Çünki milli taleyimiz və ona yanaşma tərzimiz, şəxsən mənim fikrimə görə, hələ arzuladığımız kamilliyə, yetkinliyə çatmayıb. Ədəbiyyat xalqın tale və düşüncənin bədii tarixidir. Təsəvvür edin ki, XIX əsrə qədər ədəbiyyatımızda milli kimlik məsələsi, demək olar ki, olmayıb. İnsan, Tanrı, vəhdəti-vücud, irfani ədəbiyyat olub.

Amma dünyada gedən dəyişikliklər, milli dövlətlərin yaranması milli şüuru da dəyişdirib. Bunun nəticəsidir ki, XIX əsrdən etibarən məhz türk, Azərbaycan kimliyini göstərən əsərlər yaranıb. XX yüzil milli kimliyin daha mükəmməl şəkildə dərk olunması dövrüdür. Qarabağ savaşında bu kimlikdən qürur duyan gənclərimiz qeyrətlə savaşırdılar. Milli duyğular həm həyatımızda, həm ədəbiyyatımızda getdikcə güclənir.

Müasir dövrdə inteqrasiya, qloballaşma pərdəsi arxasında milli xarakterin dəyişilməsinə yönəlik yeni sənət və təbliğat növləri ortaya çıxır. Bir yandan süni intellekt, bir yandan da insan azadlığı adına təbliğ olunan antiinsani münasibətlər kütləvi şüursuzluğa, əxlaqi aşınmaya səbəb olur ki, bu da cəmiyyəti böyük problemlərlə üzləşdirəcək. Lakin Azərbaycanda bu sürəcə müqavimət göstərən, onu ləngidən başqa bir proses də var. Bizdə də, Güney Azərbaycanda da milli kimliyin dərki və qorunması prosesi getdikcə güclənir. Bu yol bizi hara aparacaq bəri başdan demək çətindir.

– Ədəbiyyat cəmiyyəti dəyişdirmək, yönləndirmək missiyanı necə davam etdirir?

– Ədəbiyyat cəmiyyəti yönləndirə, ona öz başlıca hədəflərini və mübarizə yollarını göstərə bilir. Lakin bu, müəyyən bir mərhələni əhatə edir. O “inqilabi” mərhələdən sonra cəmiyyət yenə əvvəlki yolu ilə gedir, ənənəvi həyat tərzi ilə yaşayır. Yəni cəmiyyətin dəyişməsi uzun bir prosesdir. Burada bir çox amillər rol oynayır: hakimiyyət, idarəçilik üsulları, qanunlar, dövrün ümumi ab-havası. Və bu sırada xüsusi yeri olan ədəbiyyat... Ədəbiyyat əslində bütün bu dediklərimin üstündədir. O hakimdir, sonda hər şeyin qiymətini verir. Bu gün hakimiyyətdən, qanunlardan asılı vəziyyətdə görünsə də, asılı deyil, yaradıcılıq prosesində onların hamısını böyük humanist ənənələr və insanlıq, azadlıq, milli ideallar baxımından dəyərləndirilir, yazılır.

Görünür, ədəbiyyatın bu gücünü dərk edən müasir dünya bilərəkdən onun geniş şəkildə populyarlaşmasında o qədər də maraqlı deyil. Sovet dövründə əksinə idi, ədəbiyyat o sistemin ideoloji aləti sayıldığına görə dövlət orqanları da onun geniş yayılmasında və hər kəsə çatdırılmasında maraqlı idilər. Kapitalist sistemində, “inkişaf etmiş” ölkələrdə isə belə bir maraq yoxdur. Bu vəziyyətdə də qarşılıqlı bir qorxu çıxır ortaya: hakimiyyət ədəbiyyatdan, ədəbiyyat hakimiyyətdən qorxur. Etimad mühiti dağılır. Tarix küləklərinin haradan-hara əsdiyini duyan ədəbiyyat, ilk növbədə, xalqı qaranlıqdan işığa, əsarətdən ağ günə çıxarmağa bələdçi olmalıdır.

– Yazıçı və şairin sənətkarlığı ilə vətəndaş məsuliyyətinin nisbəti, yaxud vəhdəti necə olmalıdır?

– Vətəndaş məsuliyyəti hər bir vətəndaşa aid olan məsələdir. Qələm sahibləri isə siyasi gündəmi və zamanın keçici rüzgarlarını nəzərə almadan millətin gələcəyinə xidmət edən böyük ideallara köklənməyi bacarmalı, bu idealları və insan talelərinı bədii üsullarla göstərməlidir. Yazıçı və özünü ziyalı sayan hər kəs haqqa tapınmalı, ədalətə, humanist dəyərlərə bağlı olmalıdır. Həyat şərtlərindən asılı olmayaraq bədii əsər insanlığın qorunmasına kömək etməlidir.

Vətəndaş duyğusu olmayan yerdə yazıçının fəal həyat mövqeyindən danışmaq mümkün deyil. Yazıçının mövqeyindən söhbət gedəndə mənim yadıma, ilk növbədə, Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir düşür. Vətəndaşlıq təkcə çılpaq tərənnüm, Vətən sevgisinin birbaşa izharı deyil. Vətəndaşlıq yazıçının ruhundan doğmalıdır. Vətəndaşlıq xalqa məxsus ən yüksək keyfiyyətlərin keşiyində dayanmaqdır. Şeirdə bədiilik zəifdirsə, ana dili təhrif olunursa, bu, yalançı vətəndaşlıqdır. Vətənin adına bağlanmaq, ata-ananın verdiyi ad ola-ola özünü həm də yurdun oğlu elan etmək böyük istedad və cəsarət tələb etməklə yanaşı, həm də ömürlük bir məsuliyyətdir.

– Söz ki, ana dilindən düşdü, siz uzun illərdir bu mənəvi sərvətin keşiyində dayanır, onun qorunmasına və inkişaf etdirilməsinə çağırırsınız...

– Ana dilinin qorunması ölüm-dirim məsələsidir. Dil varsa, xalq da var, yoxdursa, o da yoxdur. Buna görə də Bakıya gəldiyim və burada dilimizin rəsmi məclislərdən dışlanmasının şahidi olduğum gənclik illərimdən başlayaraq, ana dilinin qorunması əsas qayğılarımdan biri olub. 1978-ci il Azərbaycan SSR konstitusiyasının müzakirəsində də dilimizin dövlət dili statusu alması uğrunda səsini ilk qaldıranlar sırasında Yazıçılar İttifaqı və bizlər var idik. Şeir kitablarımdan birinin “Sağ ol, ana dilim” adlandırılması da təsadüfi deyildi. Latın qrafikasına keçid məsələsini də 1989-cu ildən buraxdığımız “Azərbaycan” qəzetində biz qaldırmışdıq və sonra müstəqil Azərbaycanın parlamentində bunu qanunla həyata keçirdik.

Ölkə rəhbərliyi dilimizin qorunması haqqında dəfələrlə sərəncamlar verib, proqramlar hazırlanıb. Lakin ana dilinin qorunması hər bir vətəndaşın vəzifəsidir. Mənim yaratdığım “Azərbaycan dil qurumu” adlı ictimai təşkilat da dilimizin qorunması və inkişafı məsələlərinə kömək məqsədi daşıyır. Gənclərin dilə münasibət məsələsi isə məncə daha çox onların ailələrinin problemidir. Küçədə, meydanda rusca danışan gənclərlə söhbət edərkən onların bu məsələyə çox ayıq və ağıllı münasibətinin şahidi olmuşam: “bizim nə günahımız, valideynlərimiz uşaq ikən bizi rus məktəbinə qoyublar və nəticədə rusca düşünürük...”. Yəni dilimizi qorumaq istəyiriksə, ana dilli məktəblərimizi qorumalı və uşaqlarımızı bu məktəblərdə oxutmalıyıq.

Son məlumatlara görə dünyada 8 mindən artıq dil var, amma onların bir çoxu sürətlə sıradan çıxır, unudulur. Dünya əhalisinin böyük hissəsi təxminən 15-20 dildə danışır. Türk dili də bu dillərdən biridir. Dünyanın ən qədim və geniş yayılmış dillərindən olan Türk dil qrupunun və o sırada Azərbaycan türkcəsinin gələcəyinə nikbin baxıram. Tarix boyu bizim ilahiyyatımız ərəbcə, siyasətimiz farsca olsa da, ruhumuz türk dilində yaşayıb. Yüz illər üstümüzə gələn böyük güclərin rəsmi dilləri qarşısında sınmayan, əksinə, böyüyüb təmizlənən dilimiz, texnologiyalar və qloballaşma təhlükəsinə də müqavimət göstərib yaşayacaq. Qloballaşma böyük güclərin ortaya atdığı texniki və intellektual istismara yol açır.

Dünyanı vahid bir dövlətə çevirib, vahid bir dildə danışdırmaq arzusu, bəlkə də yaxşı niyyətdir, lakin həmişə iflasa uğrayıb. Dünya xalqlarının hər biri öz dili, mədəniyyəti, milli xarakteri ilə gözəldir. Şair və yazıçılar ana dilinin əsgərləridir. Söz bizim səngərimizdir və orada sonuncu patrona - sonuncu sözə kimi vuruşmalıyıq. Şair və yazıçıların ən böyük xidməti öz ana dillərində gözəl əsərlər yazmaq və bu dilin sehrini, cazibəsini qoruyub saxlamaqdır. Bəzən bir dəyərli əsəri orijinalda oxumaq üçün onun yazıldığı dili öyrənirlər.

Şair və yazıçılar isə ana dilinin qorunmasına, ilk növbədə, yazdığı əsərlə xidmət edirlər. Əgər bir əsər oxunur, əldən-ələ gəzirsə, o artıq dilin də inkişafına təsir göstərir. Dilə olan marağı artırır. Bu mənada, elə əsərlər yazılmalıdır ki, onu oxusunlar. Kitablar oxucuya əlçatan deyilsə, kitabxanaların bir hissəsi ləğv olunubsa, bu, böyük bəladır. Elektron kitabxanalarda da kitablarımızı yerləşdirmək çox vacibdir. Eyni zamanda, dünya ədəbiyyatı ardıcıl şəkildə tərcümə olunmalıdır.

– Bəs mədəniyyət sahəsində sizi ən çox narahat edən nədir?

– İllər uzunu bizdə qəribə bir meyil müşahidə etmişəm. O şey ki, tariximizi qədimləşdirir, zənginləşdirir, o şey ki, Azərbaycan mədəniyyətinin halal malıdır, yüzlərlə müqavimətə rast gəlir. Lakin tariximizi təhrif edən ziyanlı fikirlər özünə çox tez yol tapır.

Mədəniyyət millətin həyat tərzidir: geyim-keçim, mətbəx, danışıq, ünsiyyət formaları, milli dəyərlərə münasibət və s. nəticə etibarilə mədəniyyətimizin göstəriciləridir. Təəssüf ki, həmişə olduğu kimi, yenə “idxal olunan” dilə və mədəniyyətə meyilliyik. Xarici paltarları bədənimizin, xarici mədəniyyətləri ruhumuzun libasına çevirir, bunu müasirlik və üstünlük hesab edirik. Bundan bəsit yanaşma ola bilməz. İlk növbədə, bu xəstəliyin sağaltmasının qayğısına qalmalıyıq.

– Sizcə, milli kimlik duyğusunu daha çox hansı ədəbi növ, janr ifadə edə bilər–poeziya, nəsr, yoxsa dramaturgiya?

– Bizim mühitimizdə kütləvilik baxımından poeziya ilə müqayisə oluna bilən ədəbi janr yoxdur. Lakin tarixi xatırlayanda dramaturgiyanın nə qədər təsirli və cəlbedici bir sahə olduğunu görürük. Qədim yunan şəhərlərinin, demək olar ki, hamısında açıq hava teatrları, amfiteatrlar vardı. Onların təsəvvüründəki allahların və cəmiyyətin bütün sorunları bu səhnələrə çıxarılır və oradan sürətlə bütün topluma yayılır, yaddaşlara köçürdü.

Bizdə peşəkar teatrın tarixi o qədər də qədim deyil, lakin M.F.Axundzadənin “Hacı Qara”, C.Məmmədquluzadənin “Ölülər”, Cəfər Cabbarlının “Od gəlini”, Hüseyn Cavidin “İblis”, Səməd Vurğunun “Vaqif” pyeslərinin cəmiyyətdə necə qarşılandığı və insanlara necə təsir göstərdiyi bəllidir. Cəlil Məmmədquluzadənin nəsri və Mirzə Ələkbər Sabirin “Hophopnamə”si də milli kimliyin, siyasi işğal nəticəsində xalqın uğradığı deformasiyanı və sağalmaq yolunu göstərmək baxımından parlaq örnəklərdir.

“Avesta”nın ev tikməyə, yurd salmağa, torpaq becərməyə, halal əməyə çağıran nəğmələrindən, “Dədə Qorqud”un Vətən yolunda ölümü şərəf sayan qəhrəmanlıq boylarından üzü bəri Azərbaycan bədii sözü həmişə insanlığın əbədi qayğılarından danışmış, ədalətin, düzlüyün, nəcibliyin, azad düşüncənin tərəfində dayanmışdır.

– Siz həm də Azərbaycanın siyasi tarixində fəal rol oynamısınız. Ədəbiyyatdan siyasətə keçid hansı zərurətdən yarandı?

– Mən ədəbiyyatla siyasət arasında uçurum və ya sədd görmürəm. Böyük ədəbiyyatla böyük siyasət arasında müəyyən məqsəd bağlılıqları da var. Əslində, mən bunların hər ikisinə milli-mənəvi quruculuq işi kimi baxıram. Siyasətdən çox uzaq görünən əsərlərin də nəticə etibarilə siyasi bəhrələr verdiyinə dair misallar çəkmək olar. Dahi şairlərimiz Nizami Gəncəvi də, Füzuli də siyasətdən uzaq olmayıblar. Şah İsmayıl Xətai, Vaqif, Mirzə Fətəli Axundzadə, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov... Hamısının taleyində və yaradıcılığında siyasətlə ədəbiyyatın bir-birini tamamladığını görürük.

Məni siyasətə öz yazılarım gətirib. Lakin deputat, siyasi partiya rəhbəri olmağım bir sıra problemlər yaradıb. Ədəbiyyat aləmində “yazıçının siyasətdə nə işi var?”, və yaxud “o artıq bizdən aralanıb” deyiblər, mənə qarşı bir soyuqluq yaranıb. Bəzən hətta ədəbi-icmalarda belə adım çəkilməyib. Siyasət mühitində də “yazıçının siyasətdə nə işi var, gedib əsərlərini yazsın” deyib bizlərə xor baxanlar da olub. Amma məncə, hər iki yanaşma yanlışdır. Yazıçı öz vicdanına, milli ideallarına bağlıdır və siyasətin də bu dəyərlərə çox ehtiyacı var. Mən bu cür yazmış və bu cür yaşamışam. Bütün ömrünü faciəli bir aldanışla qondarma ideologiyalara sərf etmiş ədəbiyyat adamları boş əllə və boş ürəklə ortada qalırlar.

– Bugünkü Azərbaycan siyasətində ziyalı sözü necə əks-səda verir?

– Ziyalı bütün dövrlərdə gizli və ya açıq şəkildə cəmiyyəti yönləndirən, onun düşüncələrini aydınlaşdıran əsas güc olub. Bu gün də siyasətimizdə əsas söz sahibləri ziyalılardır. Bu sözün çəkisi azdır-çoxdur bunu müəyyənləşdirmək çətindir. Mətbuatda və ara danışıqlarında tez-tez “haradadır bizim ziyalılarımız?”, “ziyalılarımız hara baxırlar?” kimi narazılıqlara rast gəlirik. Zaman “ziyalı” anlayışının mahiyyətini və çəkisini dəyişib.

Bir vaxtlar ziyalı deyiləndə yalnız oxumuş, savadlı adamlar nəzərdə tutulurdu. Yəni yazı-pozunu bilən, kitab oxuyan və elmlərdən başı çıxan, işıqlı adam, aydın. Lakin aydın olmaq yetərli deyil. Ziyalı toplumun yolunu aydınlatmalıdır. Bu cür ziyalılar – Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Cəlil Məmmədquluzadə, Sabir, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli səviyyəsində ziyalılar hər zaman yetişmir.

Yəqin, elə buna görə də indi oxumuşların sayı artsa da, ziyalıların sayı o qədər də artmır. Millətin ziyalıdan gözləntisi çoxdur, hər zaman onun sözünə ehtiyac duyur. Lakin ziyalı sözü hər zaman bərkdən səslənmir, şifahi deyilmir, çox vaxt yazılır, oxu səviyyəsi aşağı düşdükcə, xalq yazılan kitablardan məlumatsız olduqca yazıçıdan və ziyalıdan narazılıq da artır. Məncə, ziyalıya qiymət verməzdən öncə onu tanımaq, gördüyü işlərin mahiyyətinə varmaq, əsərlərini oxumaq lazımdır.

– Gənclərin siyasətə marağı və fəallığı sizi qane edirmi?

– Qane etmir. Böyük bəstəkarımız Qara Qarayevin bir sözü var. Sənətdə vakuum olmaz, olsa onu antisənət tutacaq. Siyasətdə də belədir. Yüksək intellektli, ağıllı, xarici dilləri bilən, öz millətini sevən gənclər yaradıcılığı bəhanə edib siyasətdən kənarda dayansalar onların yerini vecsiz adamlar tutacaq. Kənardan baxıb irad bildirməklə heç nəyi dəyişmək olmur. Yaxşısı budur, proseslərin iştirakçısı olasan və xalqın istəklərinin gerçəkləşməsi, dövlətinin nüfuzunun yüksəlməsi yolunda çalışasan.

– Milli Məclisdə səsləndirdiyiniz hansı təşəbbüsünüzü qürurla xatırlayırsınız?

– 1990-cı il seçkilərindən sonra mən Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin üzvü və Qaçqınlarla İş Komissiyasının sədri idim. Qəsdən bu çətin sahəni mənə tapşırmışdılar. Yəni “müxalifətçidir, həmişə narazılıq edir, qoy indi işləsin, görək bu çətin vəziyyətdən necə çıxacaq?”. Ən ciddi işlərimdən biri Ermənistandan köçüb gələnlərin Bakıda ermənilərlə ev dəyişməsinə və onların qeydiyyata alınmasına kömək göstərməkdir. Bundan əlavə, mən “Müstəqil Azərbaycan” deputat blokunun həmsədri idim. İstiqlalçı deputatlardan biri olaraq, SSRİ-nin tərkibindən çıxmağa səs vermişdim (17 mart, 1991).

Müstəqillik bəyannaməsi (30 avqust, 1991), “Dövlət Müstəqilliyinin Bərpası haqqında Konstitusiya Aktı” (18 oktyabr, 1991) bizim təşəbbüs və təzyiqimizlə qəbul edilmişdi. Bundan sonra dil, əlifba, elm, təhsil və mədəniyyətimizin müxtəlif sahələri ilə bağlı bütün qanunların qəbulunda fəal iştirak etmişəm. Parlamentdə olduğum illərin ən ciddi hadisəsi 1991-ci ilin 18 oktyabrında qəbul etdirdiyimiz “Dövlət Müstəqilliyinin Bərpası haqqında Konstitusiya Aktı”dır. Həmin gün sevincimizdən ağlayırdıq. O vaxt yazmışdım ki, 18 oktyabr 1991-ci il mənim ən xoşbəxt günümdür.

– Bu gün gənclik illərinizdəki Sabir Rüstəmxanlıya nə demək istərdiniz?

– Çətin sualdır. Onsuz da gənclik illərinin Sabiri tərs idi və sözümə baxmayacaqdı. Hansı yolu seçmişdisə, elə o yolla gələcəkdi. Amma hər halda ona “ata-anana daha həssas ol, ömür əbədi deyil, onlara olan sevgini sıxılmadan bildir, daha tez-tez get və onlara daha çox vaxt keçir!”, – deyərdim.

Cəmiyyətimiz dəyişilib, ehtiyac, maddi sıxıntılar, işsizlik adamları bezikdirəndə hətta müstəqillik uğrunda mübarizə aparanları da günahlandırırlar. Şeirlərimin birində demişdim “Şöhrət artıranın qeybəti artır”. Yəni yolsuz - izsiz, ucqar bir kənddə, ətrafında ancaq dağları və başının üstündə mavi göyləri və ulduzları görən gənc oğlan dünyanı gəzib dolanandan və bir çox arzularına qovuşandan sonra tez-tez atasının ona məsləhətlərini xatırlayır. Atam balaca ocağından böyük dünyanı görürdü. O mənə “siyasətdən uzaq dur” deyirdi. Onun bu sözləri şeirə belə köçmüşdü:

“Hökumətə sataşma, silahın yox, ordun yox,
Arxada dayanmağa sözü bütöv yurdun yox,
Aradan götürərlər, izin, tozun da qalmaz,
Kitabını bağlarlar, bircə sözün də qalmaz.
Malımız, mülkümüz yox, başımızı soxmağa
Başqa bir ölkəmiz yox, ölən yerimiz bura, qalan yerimiz bura...
Hər dost deyən dost deyil, saxtadır dilində can,
Ayağın büdrəyəndə qaçacaqlar arxandan...”

Amma sonra məni hadisələrin gur axarında görəndə: “İndi ki, bu yolu seçdin, sona kimi get” demişdi. Sona kimi getdik və müstəqilliyimizə nail olduq.

– Yazmadığınız, macal tapmadığınız hansısa mövzu varmı?

– Yaş artdıqca, mövzular da artır, amma yazmağa vaxt və güc çatmır. 15 cildlik seçilmiş əsərlərim nəşr olundu. 5-6 cildlik də kənarda qalan yazılarım var. Onları da səliqəyə salmalıyam, ancaq içimə dolan yeni mövzular buna mane olur.

– Oxucularınıza və gənc yazarlara sözünüz?

– Oxucu səsi, onun verdiyi qiymət sənətkarın mənəvi dayağıdır. Bu səs xalqın səsidir. Oxucu öz məktublarında sadə, səmimi sözlərlə bəzən, hətta tədqiqatçıların da duya, deyə bilmədikləri, yan keçdikləri həqiqətlərdən danışır. Onları bədii əsərin yaşamaq iqtidarına aydınlıq gətirən barometrə bənzətmək olar.

Oxuculara demək istərdim ki, “bizdə ədəbiyyat yoxdur, yazarlarımız dünya miqyasına çıxa bilmirlər” kimi təbliğatına uymasınlar. Biz də dünyanın bir parçasıyıq. Qoy onlar dünya ədəbiyyatı ilə yanaşı, öz ədəbiyyatımızı da oxusunlar, sevsinlər, tanıtsınlar. Gənc yazarlarımıza isə çətinlikdən qorxmamağı, böyük amallarla düşünməyi, yaşamağı, ənənələrimizə sayğı ilə yanaşmağı və yaradıcılıqdan zövq almağı arzulayıram.

– Maraqlı söhbətə görə təşəkkür edirik.

– Sağ olun.

Müsahibəni apardı:
Mehparə ƏLİYEVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Noyabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see249

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see228

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see162

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see160

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see149

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see147

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see147

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see146

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see137

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see135

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see135

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see132

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see131

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see130

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see129

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see128

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see128

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see126

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see125

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri