Həyat dolu ömür yolu
Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rafiq Ələkbərov
Milli Mətbuat - 150
Əməkdar jurnalist Rafiq Ələkbərovun cismani yoxluğundan 24 il ötür
Bəşər övladı Tanrıdan ona ayrılmış müddəti – ömür adlandırılan zaman kəsiyini şərəflə yaşayıb, qürur-fəxarət dolu bir həyat səhifəsinə çevirməlidir. Elə bir səhifə ki, daim xatırlansın, tarix kimi öyrənilsin, mühafizə edilsin, xələflərinə, gələcək nəsillərə nümunə göstərilsin...
Əlbəttə, insan dünyaya gələndən taleyinə yazılan qismətlə - yolla irəliləyir. Lakin xeyir, savab əməllər alın yazısını dəyişmək gücündədir, - deyir müqəddəs kitablarımız. Arzular, istəklər, ümidlər bu istiqamətdə inamla addımlamağa böyük güc verir. Hədəfə çatmaq, istəyinə nail olmaq, bütün bunlarla bərabər həyatı elə yaşamaq lazımdır ki, mənəvi cəhətdən ölümsüzlüyə qovuşasan. Bir gün bu dünya ilə vidalaşandan sonra hər zaman xoş xatirələrlə yad ediləsən. Adın çəkiləndə hər kəsin üzündə təbəssüm, dilində xoş kəlmələr, haqqında yalnız və yalnız xeyirxahlıq, insanlıq, sevgi dolu xatirələr canlansın. Sağlığında söylədiyin adi söz, atdığın kiçik addım cismən yoxluğunda belə, müdrik kəlam, nəsihət, örnək, ibrət dərsi kimi, doğru yolun açarı olaraq həyatlara rəng qatsın, köməyə yetişsin. Əməllərindən başqaları da bəhrələnsin, yaratdığın bütün gözəlliklər ömür xəzinəsinə, elm, ədəb, müdriklik dəryasına çevrilsin. Yaşadığın hər an əsl insanlıq məqamında cilvələnsin, özündən sonra dərin, unudulmaz iz qalsın. Gərək bu dünya ilə əbədi məkanın arasında elə körpü qurasan ki, hər saniyə onu keçib evlərin, könüllərin, yaddaşların qonağı ola, kainatın əbədi sakini məqamına yüksələ biləsən!..

Beləcə, hər kəs o xeyirxah izlərin, işlərin sahibini – səni arayacaq, axtaracaq. Çünki özün də sələflərinin möhtəşəm izi ilə addımlamısan, haqq-ədalətin, yardımlaşmanın, hümanizm prinsiplərinin ən ali zirvəsini fəth etmisən. Bir sözlə, sağlığında əsl məktəb, gözəlliklərlə dolu ümman yaratmısan. Elə ümman ki, bitib-tükənməzdir, qəlblərə hakim kəsilib insani duyğularla dolu həyat ağacını sirab edir, gərəkli ömür sürməyə səsləyir. Elə məktəb ki, hər kəsin yolunda mayakdır, ən dəyərli tövsiyə, nəsihətdir, ibrətamiz hekayələr toplusudur. Məqsədi, məramı isə peşəsindən, rütbəsindən asılı olmayaraq hər kəsə yaşam düsturu öyrətmək, ən kamil insan obrazını gələcək nəsillərə çatdırmaq, nümunəvi şəxsiyyət məziyyətləri aşılamaq, yazılanları, deyilənləri həqiqi kredoya, həyat amalına çevirməkdir. Tarixə, hekayəyə, epopeyaya dönən insanlar isə daim yaşayırlar.
Gözəl insan, qayğıkeş valideyn, peşəsinin vurğunu, əsl vətənpərvər, uca şəxsiyyət, həqiqi ziyalı... – vurğulanan yüksək xüsusiyyətlər məcmusu həmişə hər kəsə nəsib deyil. Bunlara nail olmaqdan ötrü işini, peşəsini sevən, Vətənə, millətə, dövlətçiliyə böyük dəyər verən, müsbət keyfiyyətlərini əməyində, xarakterində, bacarığında göstərən bir ziyalı, şəxsiyyət və vətəndaşlıq məqamı çox vacibdir. Yaşadığın qısa zaman ərzində öyrəndiklərini öyrətmək, həyat müşahidələrini gələcəyə daşımaq böyük hünər tələb edir.

Bütün ömrünü milli mətbuatımıza həsr etmiş Əməkdar jurnalist Rafiq Ələkbərov məhz belə media və dövlət xadimlərindən idi. Yuxarıda sadalanan müsbət məziyyətlər onun xarakterində sıx birləşdiyindən tələb olunan həyat yükünü təkcə çiyinlərində deyil, həm də ürəyində daşımış, varlığı ilə kamil şəxsiyyət kimi yetişmiş, qəlbi Azərbaycana, xalqa xidmət yolunda döyünərək başqalarının taleyini də özününkü bilmişdir. Təbiəti, insanları, dünyanı sevmək bacarığı ilə hər kəsdən fərqlənirdi Rafiq müəllim. Onun bütün dünyanı ağuşuna sıxmaq istəyi, həyatı sevmək, xeyirxahlıqlarla dolu ömür sürmək, yaşadıqlarını yaddaşın, təxəyyülün, məhəbbətin, qələmin gücü ilə bəyan etmək istedadı həm də ağır zəhmət tələb edirdi. Maraqlı, vacib, xalq üçün faydalı bir peşənin sahibi kimi təkcə yazmaq deyil, baş verənləri dolğunluğu ilə lazımi ünvana çatdırmaq, həqiqi jurnalist yanaşması sərgiləməklə hər kəsin qəlbinə yol tapmışdı. Əsl qələm adamı xarakteri, mükəmməl vətənpərvərlik, vətəndaşlıq prinsipləri ilə daim yaşadı, yaratdı; qələmində, ürəyində, fikir–düşüncəsində, ideya və amallarında daşıdı bu peşənin sirrini, yükünü. Jurnalist gözü ilə baxdı, yazdı, vətəndaş kimi qiymətləndirdi, ziyalı mövqeyindən nəticə çıxarmağı öyrətdi. Qələmin qarşısında daha uzaqlara getmək, ağırı yüngülə çevirmək, qaranı ağa döndərmək, bəd əməlləri yaxşılıqlarla əvəzləmək tələbi qoydu. İlk növbədə, bir xilqət, yaradılış olaraq özü-özünə tələbkarlıqla yanaşdı, həyatın sınaqlarından, imtahanlarından üzağ çıxmaq üçün hazırlaşdı. Doğruluğu, xeyirxahlığı, alicənablığı, səmimiyyəti, ailəcanlılığı ilə örnək olan bir ömür yaşadı. Kəndinin, rayonunun, ən nəhayət Azərbaycanın fəxri oldu Rafiq müəllim...

Bildiyimiz kimi, dövrünün düşünən beyni, açıq fikirli, uzaqgörən ziyalısı Həsən bəy Zərdabi 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk sayının nəşri ilə milli mətbuatımızın əsasını qoydu. O vaxtdan 150 il keçir, əsryarımdır ki, həqiqət çarçıları cəmiyyəti düşündürən problemlərin həlli, xalqı mütərrəqi ideyalara səsləməklə, əsl maarifçilik işi aparır, milli, bəşəri dəyərlərin mühafizəsi və təbliğində mühüm rol oynayırlar. Rafiq Ələkbərov da ötən yüzilliyin əllinci illərinin ortalarından etibarən Azərbaycan mətbuatının inkişafına böyük töhfələr verib, işinə sevgisi, diqqət və məsuliyyəti, düzgün mövqeyi ilə fərqlənib.
Rafiq Abdulla oğlu 1939-cu il mayın 17-də ölkəmizin dilbər güşələrindən biri, Qəbələnin Kürd kəndində ziyalı ailəsində doğulmuş, orta məktəbi əla qiymətlərlə oxumuş, 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirmişdi. İlk əmək fəaliyyətinə 1956-cı ildə Qəbələ rayon mətbuatı “Mübariz” qəzetində ədəbi işçi kimi başlayıb, 1963-1965-ci illərdə “Sovet kəndi” qəzeti redaksiyasında korrektor, xüsusi müxbir, məsul katib və şöbə müdiri vəzifələrində çalışıb. İşinə məsuliyyətlə yanaşması, verilən tapşırıqları vaxtında və peşəkarlıqla icrası, günün aktual məsələlərini qabarıq şəkildə işıqlandırması imzasını daim oxucuların diqqətində saxlayıb. Mətbuatda fəallığına, qələminin gücünə, dövrün çatışmazlığı və gələcəyi doğru görmək bacarığına görə 1977-ci ildə Moskva şəhərində Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında təkmilləşdirmə kurslarına göndərildi. Partiya təhsilini müvəffəqiyyətlə başa vurub vətənə qayıtdıqdan sonra Ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə Azərbaycan KP MK-nın ideologiya şöbəsində təlimatçı vəzifəsinə təyinat aldı.1979-1986-cı illər ərzində bu sahədə uğurla fəaliyyət göstərərək televiziya və mətbuatı kurasiya etdi. Peşə borcunu layiqincə yerinə yetirən, dövrün tələblərinə cavab verən jurnalist, idarəçi savadı, təşkilatçılığı və etikası sərgiləyən, rəhbərliyin etimadını qazanan Rafiq müəllim 1986-1992-ci illərdə Mərkəzi Komitənin mətbu orqanı “Təşviqatçı” (“Dialoq”) jurnalının baş redaktoru olmuşdur. Uzunmüddətli əmək fəaliyyətində fərqləndiyinə, çoxsaylı uğurlarına və jurnalistikanın inkişafına verdiyi töhfələrə görə 1989-cu ildə “Azərbaycan Respublikasının Əməkdar jurnalisti” fəxri adı ilə təltiflənib. Rafiq Ələkbərov hansı sahəyə göndərilsə də, hər zaman fəaliyyətini mükəmməl şəkildə həyata keçirmiş, insanların rəğbətini qazanmışdır. 1992-2000-ci illərdə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətində başçının köməkçisi, Ərazi hakimiyyət orqanları ilə iş şöbəsinin müdiri, AR Vergilər Nazirliyinin kadr siyasəti və hazırlığı idarəsində baş mütəxəssis vəzifəsində çalışmışdır. İşini, ailəsini, dostlarını, bir sözlə canlı həyatı, ətrafında xoşbəxt mühiti sevən ustad jurnalist həmişə, hər yerdə öndə idi. Daşıdığı vəzifəyə məsulluğu, qayğıkeş ailə başçısı, ata kimi diqqət və qayğısı ilə, insanlığı səbəbindən bu dünyada yaxşı ad qoydu Rafiq müəllim. Daim təşəbbüskar oldu, öndə getdi, bütün gözəllikləri yaşadı və yaşatdı, bu günə yalnız xoş xatirələr, insanlıq ünvanına gözəl sözlər, xeyirxahlıqla dolu ömür dastanı yazdı və getdi.

İnsanları, təbiəti, kainatı sevən Rafiq Abdulla oğlu 2001-ci il iyunun 21-də bu dünya ilə vidalaşıb Haqqa qovuşdu. Özündən sonra xoş xatirələri, dünəni, keçən günləri yaşadan və bəzən də yaxınlarına, əzizlərinə təskinlik, ömür yoluna davam gücü verə biləcək kəlmələri yadigar qaldı. Saysız-hesabsız, şirinli-acılı xatirələr, sağa-sola burulan, uzandıqca hey uzanan enişli-yoxuşlu ömür yolu ilə hekayə kimi yaddaşlara, könüllərə yazılan, bəzən kövrəldən, bəzən də güldürən əsl insan həyatı yaşadı.

Bu gün onun həyatını, fəaliyyətini əks etdirən şəxsi əşyaları, sənədləri, fotoları, məqalələri, fəxri fərmanları Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin fondunda mühafizə edilir. Tarixə çevrildi, cümlələrə, sətirlərə, kitablara yazıldı yaşantıları. Ən başlıcası isə tanıyanların qəlbində bir sevgi abidəsi ucaltdı. Həyat dolu ömür yolu olub hər kəsə, xüsusən də gənc nəsillərə, bu çətin, amma şərəfli cığırda ilk qədəmlərini atan jurnalistlər üçün bir nümunə, örnək oldu ustad Rafiq Ələkbərov. Allah qəriqi-rəhmət eləsin, məkanı nurla dosun!
İlhamə SEYİDOVA
Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinin elmi işçisi







Nurlu ömür yolu FOTOLAR
28 Aprel 2025 15:38
Nəsillərə nümunə olan ömür yolu
14 Aprel 2025 10:46
Nümunəvi ömür yolu... Millət vəkili yazır
15 Aprel 2025 12:00
Ömür boyu tək həyat yoldaşı seçən heyvanlar: İtirdikdə yasa saxlayırlar FOTOLAR
04 İyun 2025 14:26
Azərbaycanın dinamik inkişafına həsr olunmuş ömür yolu
08 May 2025 17:38

