Xaricdən aqronom gətirməklə problemlər həll olmayacaq Deputat
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
“Xaricdən aqronom gətirməklə ziyanla işləyən istixanaların bütün problemləri həll olunmayacaq”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bugünkü plenar iclasında Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, layihə aqronom, bağçılıq mütəxəssisi və baytar həkimlərin ölkəyə cəlb edilməsini nəzərdə tutsa da, ilk növbədə yerli kadr potensialının vəziyyəti araşdırılmalıdır. Onun sözlərinə görə, Azərbaycanda uzun illər kənd təsərrüfatı üzrə mütəxəssis hazırlığı aparılıb və bu sahədə formalaşmış ənənələr mövcuddur.
Zahid Oruc xatırladıb ki, sovet dövründə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu hər il minlərlə ali təhsilli mütəxəssis bitirirdi. O, Azərbaycan Dövlət Aqrar Universitetinin göstəricilərinə də diqqət çəkib. Belə ki, 2017-ci ildə universitetin 880 əyani və 269 qiyabi bakalavr məzunu olub. 2024/2025-ci tədris ilində isə aqronomluq ixtisasını 80, baytarlıq təbabətini 76 nəfər bitirib.
Deputatın fikrincə, əsas məsələ kadr hazırlığının azalması deyil, diplomlu mütəxəssislərin aqrar təsərrüfatlarda işləməsinə mane olan səbəblərdir. O, Kənd Təsərrüfatı nazirinin açıqlamasına istinadən bildirib ki, aqrar ixtisas məzunlarının öz sahələri üzrə məşğulluq göstəricisi son üç ildə 32 faizdən 65 faizə yüksəlib. Bununla belə, kəndlərdə və aqroparklarda mütəxəssis ehtiyacının yaranma səbəbləri araşdırılmalıdır.
Zahid Oruc istixanaların sayının və pomidor istehsalının azalmasını da diqqətə çatdırıb. Onun sözlərinə görə, ölkədə 2023-cü ildə 3 228 istixana fəaliyyət göstərdiyi halda, bu rəqəm 2024-cü ildə 3 027-yə, 2025-ci ildə isə 2 995-ə düşüb. İstixana pomidorunun istehsalı da 2023-cü ildəki 268,9 min tondan 2025-ci ildə 156,8 min tona enib.
Deputat hesab edir ki, bu azalmanı yalnız aqronom çatışmazlığı ilə əlaqələndirmək düzgün deyil. Təbii qazın qiyməti, istehsalın maya dəyəri və xarici bazarlarda satış qiymətlərinin aşağı olması yerli şirkətlərin rəqabət qabiliyyətinə təsir göstərir.
O, Rusiyanın tərəvəz idxalı ilə bağlı göstəriciləri də müqayisə edib. Bildirib ki, Rusiya 2024-cü ildə 1 milyon 717 min tondan çox tərəvəz, o cümlədən 479 min ton pomidor idxal edib. Həmin il Azərbaycanın bu ölkəyə pomidor tədarükü 141,9 min ton olub. 2025-ci ildə isə Rusiyaya Azərbaycandan 166,1 min ton pomidor və 141 min tona yaxın xurma göndərilib.
Zahid Oruc aqrar sahədə xarici mütəxəssislərin cəlb edilməsinin müəyyən ehtiyacları qarşılaya biləcəyini, lakin bunun yerli kadr potensialının qiymətləndirilməsini əvəz etməməli olduğunu vurğulayıb. O, ölkənin vaxtilə keçmiş sovet məkanına aqrar sahə üzrə mütəxəssislər ixrac etdiyini xatırladaraq, mövcud vəziyyətin və kadr itkilərinin səbəblərinin yenidən araşdırılmasını vacib sayıb.
Deputat qanunvericilikdə xaricdən gələn mütəxəssislərin peşə təcrübəsini müəyyənləşdirən şəffaf meyarların təsbit olunmasını təklif edib. Xüsusilə onların təhsilinin və peşə ixtisasının yoxlanılmasının təmin edilməsinin, yerli aqronom, bağçılıq mütəxəssisi və baytarlar üçün ödənişli təcrübə və mentorluq proqramlarının həyata keçirilməsinin vacibliyini bildirib.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 03 Noyabr 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















