Xarici onlayn xidmətlərə vergi tələbi
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti tərəfindən təsdiqlənən "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi Qaydası"nda dəyişiklik edilib. Bununla bağlı, Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentlər alıcısı Azərbaycanda olan iş və xidmətlərin təqdim edilməsindən dövriyyəsi təqvim ili ərzində 10000 ABŞ dollarının manat ekvivalentini keçdikdən sonra 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdır. Dövriyyəsi 10 min ABŞ dollarının manat ekvivalentindən aşağı olan qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması isə könüllü olaraq həyata keçiriləcək.
Şirkətlər 30 gün ərzində elektron qaydada vergi uçotuna alınmalıdır
İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, Azərbaycanda rəqəmsal xidmətlər bazarının genişlənməsi xarici elektron ticarət platformalarının vergiyə cəlb olunması məsələsini də aktuallaşdırır. Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, Azərbaycanda vergi uçotunda olmayan şəxslərə elektron xidmətlər göstərən qeyri-rezident elektron ticarət platformalarının illik dövriyyəsi 10 min ABŞ dollarının manat ekvivalentini keçdikdə, həmin şirkətlər 30 gün ərzində elektron qaydada vergi uçotuna alınmalıdır. Yeni mexanizmin qüvvəyə minməsi ilə rəqəmsal xidmətlər üzrə ƏDV-nin dövlət büdcəsinə ödənilməsi təmin edir. Bu dəyişiklik rəqəmsal iqtisadiyyat üzərində nəzarətin gücləndirilməsi baxımından ədalətlidir. Çünki bu şirkətlər Azərbaycan bazarına daxil olaraq ölkəmizdə gəlir əldə edirlərsə, vergi də ödəməlidirlər. Azərbaycanda müəyyən dövriyyə formalaşdıran xarici rəqəmsal platformaların vergi öhdəliyinin yaranması tamamilə normaldır.
İllik 10 min dollara qədər dövriyyəsi olan şirkətlər bu mexanizmdən kənarda qalır
Ekspert qeyd edib ki, söhbət 10 min dollarlıq dövriyyədən gedir: "İllik 10 min dollara qədər dövriyyəsi olan şirkətlər bu mexanizmdən kənarda qalır. Bu həddin müəyyənləşdirilməsi həm inzibatçılıq, həm də kiçikhəcmli xidmətlərin əlavə yükə məruz qalmaması baxımından məqsədəuyğundur. Ümumilikdə isə vergi bazası genişlənəcək".
İqtisadçının dediyinə görə, rəqəmsal xidmətlərin həcmi ildən-ilə artır və bu sahədə yaranan dövriyyənin vergiyə cəlb olunması artıq zərurətə çevrilir: "Hazırda süni intellekt, avtomatlaşdırma, onlayn ticarət və digər rəqəmsal xidmətlər sürətlə inkişaf edir. Bu sahələr böyüdükcə dövriyyə də artır və həmin gəlirlərin vergiyə cəlb olunması vacib məsələyə çevrilir. Eyni zamanda, bu dəyişiklik statistik göstəricilərin yaxşılaşmasına da imkan verəcək. Hansı sahədə xidmət göstərilirsə, orada iqtisadi dəyər yaranır və həmin dəyərin uçotunun aparılması vacibdir. Hesab edirəm ki, yeni mexanizm nəticəsində büdcə gəlirlərinin artması ilə yanaşı, ƏDV-nin toplanması və vergi inzibatçılığı da təkmilləşəcək. Vergi daxilolmalarının artması dövlət büdcəsi üçün əlavə gəlir mənbəyi yaradacaq. ƏDV-nin toplanması və inzibatçılığı yaxşılaşacaq. Eyni zamanda, bazarda fəaliyyət göstərən şirkətlər üçün daha bərabər vergi qaydaları formalaşacaq. Yerli platformalar vergi ödədiyi halda, xarici platformaların vergi ödəməməsi rəqabət baxımından düzgün yanaşma deyildi. Yeni mexanizm bu fərqi aradan qaldıraraq rəqabət şərtlərinin bərabərləşməsinə və sağlam rəqabətin formalaşmasına müsbət təsir göstərəcək".
Bu qərarın ölkənin rezident sahibkarlarına, onlayn xidmətləri göstərənlərə aidiyyəti yoxdur
X.Kərimli vurğulayıb ki, Nazirlər Kabinetinin təsdiq etdiyi bu qərarın ölkənin rezident sahibkarlarına, rezident onlayn xidmətləri göstərənlərə heç bir təsir və aidiyyəti yoxdur. Əksinə, bu qərar həmin şəxslərin rəqabət vəziyyətini eyniləşdirir: "Qeyri-rezident şəxslərə münasibətdə belə bir məhdudiyyətin olmaması Azərbaycan daxilində vergi ödənmədən öz xidmətlərini satmaq imkanı yaradırdı. Yerli rezident xidmət göstərən şəxslər isə ölkə daxilində bütün vergiləri ödəmək məcburiyyətində olduğuna görə, rəqabət aparmaqda çətinlik çəkirdilər. Bu baxımdan 10 min dollarlıq dövriyyənin qoyulmasının təsiri ancaq qeyri-rezident elektron xidməti təşkil edənlərə aiddir. Yəni xarici sahibkarlar ölkəmizdə gəlir əldə edirsə, vergi ödəmələri, vergi rejiminin yerli sahibkarlarla eyni olması da tamamilə məntiqlidir".
Burada əsas məqam odur ki, iri qeyri-rezident şəxslər Azərbaycan bazarı kiçik olduğundan həmin addımdan sonra burada fəaliyyətdə maraqlı olmaya bilərlər: "Qərarın əsas riskli tərəfi məhz budur. Nəticədə iri qeyri-rezident şəxslərin ölkəmizdə fəaliyyət göstərmək istəkləri azala bilər".
X.Kərimli bildirib ki, həmin inzibatçılığın həyata keçirilməsi bu platformaların xidmətlərinin qiymətinin artmasına da gətirib çıxara bilər: "Nəticədə bu xidmətdən istifadə edən yerli şəxslərin xərcləri də arta bilər. Qərarın faydalı tərəflərinə gəldikdə, nəticədə həmin sahə üzrə ölkədə rəqabət mühiti yaxşılaşacaq. Yerli sahibkarlarla bərabər şərtlər formalaşacaq və dövlətin vergi gəlirlərinin bazası genişlənəcək".
Məsələnin iqtisadi mahiyyəti yalnız fiskal gəlir artımı ilə məhdudlaşmır. Əsas məsələ rəqabət mühitində balansın qorunmasıdır. Yerli şirkətlər ƏDV və digər vergi öhdəliklərini yerinə yetirdiyi halda, xarici platformaların oxşar xidmətləri vergi yükündən kənarda qalırdısa, bu, bazarda qeyri-bərabər şərtlər yarada bilərdi. Yeni mexanizm həmin disbalansı aradan qaldırmağa yönəlib. Bu, xüsusilə reklam xidmətləri, bulud texnologiyaları, proqram təminatı abunəlikləri və onlayn platformalar kimi seqmentlərdə aktualdır.
Beynəlxalq təcrübədə də oxşar hədlər tətbiq olunur. Məsələn, Avstraliyada qeyri-rezident rəqəmsal xidmət təminatçıları üçün minimal dövriyyə limiti mövcuddur ki, bu da mikro subyektlərin əlavə xərclərlə üzləşməsinin qarşısını alır. Bu baxımdan yanaşma həm fiskal effektivlik, həm də biznes mühiti baxımından ölçülüb-biçilib.
İqtisadçı ekspert Akif Nəsirli qeyd edib ki, qısamüddətli perspektivdə bəzi xidmətlərin qiymətində artım ehtimalı istisna deyil, çünki ƏDV yükü son istehlakçıya ötürülə bilər. Lakin orta və uzun müddətdə bazarın adaptasiya qabiliyyəti bu effekti neytrallaşdırmağa meyillidir. Rəqəmsal xidmət bazarı yüksək rəqabətli olduğundan, şirkətlər qiymət strategiyalarını optimallaşdırmaq məcburiyyətində qalırlar. Eyni zamanda, vergi daxilolmalarının artması dövlət büdcəsinin qeyri-neft sektorundan gəlirlərinin şaxələndirilməsinə töhfə verə bilər. Dünya Bankının qiymətləndirmələrinə görə, rəqəmsal xidmətlərin effektiv vergiyə cəlb olunması inkişaf etməkdə olan ölkələrdə vergi gəlirlərini 0.2-0.4 faiz ÜDM həcmində artıra bilir.
Bu dəyişiklik institusional baxımdan da əhəmiyyətlidir. Rəqəmsal iqtisadiyyatın tənzimlənməsi yalnız texniki prosedur deyil, suveren vergi hüququnun rəqəmsal müstəvidə tətbiqidir. Sərhədsiz xidmət modelində dəyərin harada yaradıldığı və harada vergiyə cəlb olunmalı olduğu sualı qlobal müzakirələrin mərkəzindədir. Azərbaycan modeli istehlakın baş verdiyi yurisdiksiyada vergitutma prinsipini əsas götürərək beynəlxalq praktika ilə uzlaşır.
Nəticə etibarilə, yeni mexanizm fiskal intizamın gücləndirilməsi, rəqabət mühitinin balanslaşdırılması və rəqəmsal iqtisadiyyatın şəffaflığının artırılması baxımından sistemli yanaşma kimi dəyərləndirilə bilər. Qlobal tendensiyalar göstərir ki, rəqəmsal xidmətlərin vergiyə cəlb olunması artıq seçim deyil, zərurətdir və bu istiqamətdə atılan addımlar iqtisadi transformasiyanın təbii mərhələsi kimi formalaşır.
"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin sədri Elvin Abbasovun sözlərinə görə, illik dövriyyəsi 10 min ABŞ dollarından çox olan qeyri-rezident şirkətlər üçün qeydiyyat məcburi olacaq. Bu halda vergi öhdəliyi birbaşa xarici platformanın üzərinə düşəcək və vətəndaşlardan əlavə ƏDV tutulmur: "Dövriyyəsi 10 min dollardan aşağı olan xarici şirkətlər üçün isə könüllü uçot mexanizmi tətbiq ediləcək. Belə platformalar qeydiyyatdan keçmədikləri halda, onların xidmətlərindən istifadə zamanı banklar tərəfindən ƏDV tutulması davam edəcək. Bununla yanaşı, həmin şirkətlər istənilən vaxt könüllü şəkildə uçota dura biləcəklər. Yeni yanaşma məhdudlaşdırıcı deyil, könüllü əməletmə prinsipinə əsaslanır. Vergi orqanları beynəlxalq təcrübəyə, xüsusilə OECD-nin tövsiyələrinə uyğun olaraq sərt qadağalar və ya bloklama mexanizmləri əvəzinə, rəqəmsal bazarın şəffaflığını və cəlbediciliyini qorumağa üstünlük verirlər".
Sevinc QARAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 18 Sentyabr 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















