Xatirələrdə yaşayan “çörəkli insan”
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Həyatda yüksək mövqe yalnız bilik və peşəkarlıqla deyil, həm də möhkəm mənəvi dəyərlər, əzmkarlıqla qazanılır. Bu keyfiyyətləri özündə birləşdirən insanlar cəmiyyətin etimadını qazanaraq şəxsiyyət kimi tarixdə iz qoyurlar. Belə görkəmli dövlət xadimlərindən biri də Azərbaycanın kənd təsərrüfatının, qida sənayesinin və ölkənin taxıl təminatının möhkəmləndirilməsində mühüm xidmətlər göstərmiş Rəhim Cəmilov olmuşdur.
O, yüksək peşəkarlığı, idarəçilik bacarığı və fədakar fəaliyyəti ilə sovet dövründə Azərbaycanın ən problemli sahələrindən biri olan taxıl və çörək təsərrüfatının inkişafına mühüm töhfələr vermişdir. Müstəqilliyin ilk illərində ölkədə çörək qıtlığının aradan qaldırılması, strateji taxıl ehtiyatlarının formalaşdırılması və Fransadan humanitar taxıl yardımının cəlb edilməsində onun xidmətləri xüsusi əhəmiyyət daşımışdır.
Rəhim Cəmilovun fəaliyyətində Azərbaycan–Türkiyə qardaşlığının möhkəmləndirilməsi də önəmli yer tuturdu. Türkiyəyə rəsmi səfəri zamanı keçirdiyi görüşlər və mətbuata, o cümlədən 10 aprel 1991-ci ildə “Yurddaş” qəzetinə verdiyi müsahibədə səsləndirdiyi “Çalışmaq lazımdır ki, Azərbaycandan uzaqlarda yaşayan həmvətənlərimiz doğma torpağa yadlaşmasınlar” fikri onun milli təəssübkeşliyini, soydaşlarımızın milli kimliyinin və Vətənlə mənəvi bağlılığının qorunmasına verdiyi dəyəri aydın şəkildə ifadə edirdi.
Rəhim Cəlil oğlu Cəmilov 8 avqust 1941-ci ildə Zaqatala şəhərində anadan olmuşdur. Bu il anadan olmasının 85 illiyi tamam olan Rəhim Cəmilov 1960-cı ildə Zaqatala şəhər 1 nömrəli orta məktəbini bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, 1965-ci ildə mühəndis ixtisası üzrə ali təhsilini başa vurmuşdur.
Əmək fəaliyyətinə elə həmin il Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda kiçik elmi işçi kimi başlamış, 1967-ci ildə institutun aspiranturasına qəbul olunmuşdur. 1970-ci ildə Şəki–Zaqatala zonası üzrə tütünçülük təsərrüfatlarında əsas istehsal fondlarından səmərəli istifadə problemlərinə həsr olunmuş namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. Tədqiqatında kənd təsərrüfatında resurslardan səmərəli istifadə və istehsalın iqtisadi səmərəliliyinin artırılması məsələlərini elmi əsaslarla araşdırmışdır.
Elmi fəaliyyətində qazandığı uğurlar nəticəsində 1972-ci ildə böyük elmi işçi vəzifəsinə irəli çəkilmiş, daha sonra isə dövlət idarəçiliyi sahəsində məsul vəzifələrə cəlb olunmuşdur. 1974–1978-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Plan Komitəsinin Kənd Təsərrüfatı İdarəsi rəisinin müavini, 1978–1980-ci illərdə isə komitənin Təbiətin Mühafizəsi şöbəsinin rəisi kimi kənd təsərrüfatının inkişafının planlaşdırılması, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji siyasətin formalaşdırılması istiqamətində mühüm fəaliyyət göstərmişdir.
1980-ci ildən Rəhim Cəmilov fəaliyyətini Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində davam etdirmişdir. O, əvvəlcə Kənd Təsərrüfatı şöbəsinin müdir müavini, sonra şöbə müdiri, 1983–1986-cı illərdə isə Yeyinti sənayesi şöbəsinin müdiri olmuşdur. Bu vəzifələrdə respublikanın aqrar və qida sənayesi kompleksinin inkişafına dair dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində yaxından iştirak etmişdir.
Rəhim Cəmilovun dövlət idarəçiliyində qazandığı təcrübə ictimai-siyasi fəaliyyətində də öz əksini tapmışdır. O, 1980 və 1985-ci illərdə Zəngilan seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat, 1986-cı ildə Azərbaycan Kommunist Partiyasının XXXI qurultayında Nəzarət-Təftiş Komissiyasının üzvü seçilmişdir.
1986-cı il yanvarın 23-də Azərbaycan SSR-in taxıl məhsulları naziri təyin olunan Rəhim Cəmilov 1991-ci ilədək bu vəzifədə çalışmış, müstəqilliyin ilk aylarında isə Azərbaycan Respublikası Ali Sovetinin 23 may 1991-ci il tarixli qərarı ilə yenidən taxıl məhsulları naziri təyin edilmişdir. O, ölkənin strateji əhəmiyyət daşıyan taxıl təsərrüfatına rəhbərlik edərək dövlət taxıl fondunun formalaşdırılması, taxılın qəbulu və saxlanılması, elevator və anbar şəbəkəsinin idarə olunması, un və yarma istehsalının əlaqələndirilməsi, dövlət sifarişlərinin yerinə yetirilməsi və çörək sənayesinin xammalla təmin edilməsi kimi mühüm istiqamətlərə rəhbərlik etmişdir.
Rəhim Cəmilovun nazir olduğu illər SSRİ-nin ən mürəkkəb iqtisadi dövrünə təsadüf edirdi. Kənd təsərrüfatında məhsuldarlığın azalması, yanacaq və texnika çatışmazlığı, logistika problemləri, mərkəzləşdirilmiş planlaşdırma sisteminin zəifləməsi və ardıcıl olmayan iqtisadi islahatlar taxıl təsərrüfatının fəaliyyətinə ciddi təsir göstərirdi. Belə bir şəraitdə nazirliyin əsas vəzifəsi respublikanın çörək təminatında fasilələrin yaranmasına yol verməmək, taxıl ehtiyatlarını səmərəli idarə etmək və un istehsalının davamlılığını təmin etmək idi.
1986–1991-ci illərdə Taxıl Məhsulları Nazirliyi Azərbaycanın ərzaq təhlükəsizliyinin əsas dayaqlarından biri hesab olunurdu. Nazirlik taxıl qəbul məntəqələri və elevatorların fəaliyyətini əlaqələndirir, onların texniki vəziyyətinə nəzarət edir, unüyütmə müəssisələrinin istehsal planlarını təsdiqləyir, dövlət taxıl ehtiyatlarının qorunmasını və rayonlardan dövlət tədarükünün təşkilini təmin edirdi. Bu fəaliyyət SSRİ Dövlət Taxıl Məhsulları Komitəsinin vahid sistemi çərçivəsində həyata keçirilsə də, onun respublikada səmərəli təşkili və idarə olunmasında Rəhim Cəmilovun peşəkarlığı mühüm rol oynamışdır.
1990–1991-ci illər Azərbaycanın tarixində ən mürəkkəb keçid mərhələlərindən biri idi. Sovet İttifaqının süqutu ilə yaranan iqtisadi böhran, təsərrüfat əlaqələrinin qırılması, taxıl idxalında yaranan çətinliklər, nəqliyyat sistemindəki problemlər və maliyyə çatışmazlığı ölkənin ərzaq təminatını ciddi təhlükə altına salmışdı. Belə bir şəraitdə Taxıl Məhsulları Nazirliyinin əsas vəzifəsi daxili bazarın tələbatını ödəmək, dövlət taxıl ehtiyatlarını qorumaq və çörək istehsalının fasiləsizliyini təmin etmək idi.
1991-ci ilin mayında Rəhim Cəmilovun Azərbaycan Respublikasının taxıl məhsulları naziri vəzifəsinə təsdiq edilməsi onun yalnız sovet idarəetmə sistemində deyil, həm də dövlət müstəqilliyinə keçid dövründə ölkənin strateji ərzaq siyasətinin həyata keçirilməsində mühüm rol oynadığını göstərirdi. Onun 1986–1991-ci illərdəki fəaliyyəti dövlət idarəçiliyində ardıcıl rəhbərlik, planlı iqtisadiyyat şəraitində strateji ərzaq sektorunun səmərəli koordinasiyası və mürəkkəb keçid mərhələsində taxıl təminatının davamlılığının qorunmasına yönəlmiş çevik idarəçilik prinsipləri ilə səciyyələnirdi. Bu dövrün qiymətləndirilməsi isə ayrı-ayrı rəhbərlərin fəaliyyətindən daha çox, SSRİ-nin dərin iqtisadi və siyasi böhranı fonunda aparılmalıdır.
1991–1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Aqrar-sənaye şöbəsinin müdiri vəzifəsində çalışan Rəhim Cəmilov müstəqil Azərbaycanın aqrar siyasətinin formalaşdırılmasına da öz töhfəsini vermişdir. Onun dövlət fəaliyyəti həm sovet idarəetmə sisteminin son mərhələsini, həm də Azərbaycanın müstəqilliyinin ilk illərini əhatə edən mühüm bir dövrü əks etdirir.
Rəhim Cəmilovun uzunillik dövlət qulluğu və aqrar-sənaye kompleksinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilmişdir. O, xalq təsərrüfatının inkişafına verdiyi töhfələrə görə SSRİ Ali Sovetinin qərarı ilə "Şərəf nişanı" ordeni, müstəqil Azərbaycanın aqrar-sənaye kompleksinin inkişafındakı səmərəli fəaliyyətinə görə isə Azərbaycan Respublikasının Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Ömrünün sonunadək elmi yaradıcılıqdan ayrılmayan Rəhim Cəmilov zəngin idarəçilik təcrübəsini elmi axtarışlarla üzvi şəkildə birləşdirərək kənd təsərrüfatı və qida sənayesinin inkişafına həsr olunmuş çoxsaylı layihə və təşəbbüslərin müəllifi olmuşdur. Onun irəli sürdüyü ideyalar aqrar-sənaye kompleksinin səmərəliliyinin yüksəldilməsi, müasir idarəetmə mexanizmlərinin tətbiqi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və milli iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi kimi strateji istiqamətləri əhatə edirdi. Müstəqil Azərbaycanın aqrar siyasətinin formalaşması və bu sahədə yeni yanaşmaların tətbiqi prosesində onun elmi baxışları və praktik təcrübəsi mühüm rol oynamışdır.
Rəhim Cəmilovun ömür yolu dövlətə və xalqa vicdanla xidmət nümunəsidir. O, müxtəlif məsul vəzifələrdə çalışdığı bütün dövrlərdə yüksək peşəkarlığı, prinsipial mövqeyi, təşkilatçılıq bacarığı və vətənpərvərliyi ilə seçilmiş, ən çətin şəraitdə belə dövlət maraqlarını şəxsi maraqlardan üstün tutmuşdur. Onun rəhbərlik etdiyi illərdə həyata keçirilən tədbirlər Azərbaycanın ərzaq təminatının qorunmasına, aqrar sahənin idarə olunmasının təkmilləşdirilməsinə və dövlətçilik ənənələrinin möhkəmlənməsinə mühüm töhfə vermişdir.
Bu gün Rəhim Cəmilovun zəngin irsi yalnız keçmişin qiymətli bir səhifəsi deyil, həm də gələcək nəsillər üçün məsuliyyətli dövlət qulluğunun, peşəkar idarəçiliyin və Vətənə sədaqətlə xidmətin örnəyidir. Onun fəaliyyəti sübut edir ki, dövlətin inkişafında zəngin iz qoyan şəxsiyyətlər təkcə tutduqları vəzifələrlə deyil, həm də yaratdıqları dəyərlər, formalaşdırdıqları ənənələr və xalqa xidmət fəlsəfəsi ilə yaşayırlar. Azərbaycanın aqrar siyasəti və dövlət idarəçiliyi tarixində Rəhim Cəmilovun adı məhz belə şəxsiyyətlər sırasında ehtiramla xatırlanır və gələcək nəsillər üçün də nümunə olaraq qalacaq.
Namiq QƏDİMOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 10 Avqust 2026 19:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















