Icma.az
close
up
RU
Xətadan xali (ədəbi tənqid)

Xətadan xali (ədəbi tənqid)

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Turan Uğur
AYB-nin və AJB-nin üzvü

“Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir.Sadəcə olaraq, onların adlarının sadalanması göstərir ki, xalqımız və diyarımız nə qədər istedadlarla zəngindir - XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli.Yəni onların hər biri böyük bir dünyadır.Onların qoyduqları miras, tarixi-mədəni irs bu gün bizim üçün, onların davamçıları üçün, bütün Azərbaycan xalqı üçün və deyə bilərəm ki, bütün İslam aləmi üçün çox böyük dəyərdir”

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

(Yazıçı, publisist, alim Azər Turanın Şah İsmayıl Xətaidən bəhs etdiyi "Şah İsmayıl Xətai: imtina etmək, yoxsa tarixin gizlin və gerçəklərinə baxmaq" adlı monoqrafiyası haqqında düşüncələrim) Xətai düşmənlərinin cavabını ona görə vermək lazım deyil ki, Xətainin buna ehtiyacı var, əsla! Məhz ona görə cavab vermək lazımdır ki, gələcək üçün presedent yaranmasın və başqa münəvvər insanlarımıza dil uzadılmasın.Çünki bütün tarixi şəxsiyyətlərimiz Şah babamız kimi qüvvətli olub, 500 il öncə ona qarşı çıxanlara bu kimi cavab verməyə bilərlər.

Ancaq uzaqgörən Xətai babamız bizim çiynimizə əlavə yük qoymaq istəməyib, cavabını vaxtında özü verib.

"Gər mənə nifrin edə düşmən, mən ondan inciməm,

Çün münafiqdən gələn qarğış dua nisbətlidir"

Bu mənada yazıçı, publisist Azər Turanın "Ədəbiyyat qəzeti" ndə dərc olunan monoqrafiyası gələcəkdə tarixi irsimizə, öz və söz xəzinəmizə qarşı mənfi tendensiyalar yaranmasın deyə olduqca önəm kəsb edir.

Azər bəy Turanın bu araşdırma və təhlillə zəngin yazısı əslində çox sanballı bir monoqrafiyadır. Bu monoqrafiya bir çox suallara cavab tapmaqdan ziyadə, həm də Yezidi zehniyyətinin gələcəkdə özlərinin qarşısında bu sayaq suallar doğuracaq:

1)Türk oğlu türk, azərbaycan türkcəsində divanları bu gün də Britaniya Muzeyində, İstanbul Millətlər Kitabxanasında, Şeyx Səfi məqbərəsində hifz olunan, sultanımız, şahımız Şah İsmayılın ünvanına söylənilən hədyanlar düşmən dəyirmanına su tökmək, yağı ocağını közərtmək deyilmi?!

2)Türk birliyinin möhkəmlənməyə amadə çağında Xətai irsini yadlara peşkəş vermək, öz tarixinə təslimiyyət donunu biçmək anlamına gəlmirmi?!

3) Şah babamızın fəzilətləri haqqında hələ 1923-cü ildə Salman Mümtazın "Maarif və mədəniyyət" jurnalının 3-cü nömrəsində 14 səhifəlik məqaləsindəki arqumentləri həmin cığallar üçün dəlil sayılmazmı?!...

...Və bu, bir ədalətli sünni alimin həmin zehniyyətin idbar Müaviyəçi, camaatçı məfkurəsinə sahib insanları üçün ibrət dərsi, tarix mühazirəsi deyilmi?!

Özünü 21-ci əsrin "işıqlı ziyalı" sı adlandıranların 100 il öncə yaşamış alimimizdə olan hünər və cürətindən bir zərrə belə tapılmazmı?!

4) Qulağımızın dibində Milli Kitabxanamızın Nadir Kitab Fondunda hifz olunan

Şah babamızın türkcə verdiyi fərmanları fars dilinin hegomon çağlarında türk dilinə, türk kimliyinə sayğı deyilmi?!

5) Sarayda, kargüzarlıqda, diplomatik yazışmalarda və.s ana dilimizin statusunun artması, habelə şairin varsağı, bayatı, qoşma, gəraylı və.s şəkillərdə ən lətif incilər yaratması başımızı uca etmirmi?!

6) Heç rəvamıdır 14 yaşında ikən məhəllələr arası kos-kos oynayanların 14 yaşında

Şah titulunu daşıyan ulu hökmdarımızı ədalətsizcəsinə sorğulasın?

7) Ustaclu, Qacar, Çağan, Qaramanlı, Əfşar, Bayandır kimi oğuz boy və qəbilələrindən təşkil olunmuş Səfəviləri heç bir fars ünsürünə, fars faktoruna rast gəlinməyən məchul bir kimliyə bağlamaq hansı məntiqin təzahürüdür?!

Türk millətinin qürur və iftixar ünvanı olan

Şah İsmayıl Xətaiyə atılan böhtanların mənbəyi və səbəbini aydınlatdığına, onlara tutarlı cavablarına görə Azər bəyə dərin təşəkkürlər!

Azər bəyin monoqrafiyası haqqında düşüncələrimə keçməzdən öncə Xətainin cahana sığmaz bioqrafiyasını qısaca özətləməyim gərəkir.

Kimdir Xətai?

Şah İsmayıl türk dünyasının piri, sultanı, şahı ve seçkin bir şairidir.

Ata tərəfdən, cəddi İmam Museyi Kazımın şəcərəsinə dayanan, ulu babalarından Şeyx Səfiyəddin ocağından pərvazlanan (Onun seyid olması türklükdən çıxmağı anlamına gəlməz) mübarək bir zat Şeyx Cüneydin nəvəsi, Şah Heydərin oğludur.Ana tərəfdən Oğuzun 14-cü boyu Bayandır, yaxud Bayandur (qədim türkcədə "nemətli və abad yer" anlamına gəlir) qəbiləsindən gələn Uzun Həsən kimi tanınan Sultan Həsən Bahadurun nəvəsidir.Anası Həlimbəyim Ağadır.Həlimbəyim Ağanın ləqəbi Aləmşah bəyim, yaxud Ələmşah bəyimdir.Şəmsəddin Sami bəy və digər təzkirəçilər Ələmşahı Aləmşah yazdıqları kimi ingilis mühərrirlərindən Ser Con Molkoli də yazdığı tarixi kitabında Aləmşüa yazaraq bir növ yanlışa yol vermişdi.Şah İsmayılın nənəsi Şeyx Heydərin anası Xədicə bəyimin Sultan Həsənin bacısı olduğunu nəzərə alsaq, İsmayılın hər iki tərəfdən Ağqoyunlu hökmdarına qovuşduğunu görmüş olarıq.

Bir məqamı da qeyd edim ki, Xətaiyə şeir yazmaq istedadı cəddi, ulu babalarından olan Şeyx Səfidən keçib, zira Şeyx Səfi də manidar şeirləri ilə aləmdə məşhur olub:

Hərgah kirəsi bəxəlvəti-yar ey del,

Əz mən bərəsan səlami-büsyar ey del.

Və anki xəbər əz xərabiyi-halimi-gu,

Zinhar ey del, həzari-zinhar ey del.

Ancaq Şeyx Səfidən fərqli olaraq Xətaidə şeir dili farscadan daha çox türkcəmizdə rast gəlirik, həm də dupduru azərbaycan türkcəsində.

Ümumiyyətlə, həmin çağlarda saraylarda farsca qonuşularkən türkcəyə üstün bir status verən Şahımız olub.

Osmanlıda Novruz bayramının keçirilməsi Əməvi zehniyyəti ucbatından öləziyən vaxtlarda, Şah İsmayıl Novruzu qutsal bayram sandı, 62 beytlik bahariyyədən oluşan "Dəhnamə" ni yazdı.

Azərbaycan türkcəsini saray dili yapdı.Yüzlərcə fərmanlarını türkcə verdi, Əhli-beyt düşməni - məlun Müaviyənin, mülhid Yezidin arxasınca gedənlərə divan tutdu.İslamın təhrif olunmuş dəyərlərini ehya etdi, Əhli-beyt sevgisini önə çəkdi.Fəth etdiyi torpaqlarda ilk olaraq

12 imamın isminə, sonra isə öz adına xütbə oxutdu.

Şeirlərində Hz.Məhəmmədi (ə.s) şəriət, Hz.Əlini (ə.s) təriqət gülü deyərək öydü.Ayrıca Anadolu ələvilərinə sahib çıxdı.Münafiq Müaviyə ilə Hz.Əlini bir səfə qoyanların ahını aldı.Haqqı batildən qorudu.Səfəvi imperiyasını qurarkən Azərbaycan - qızılbaş - türkmən

ulusunun qafasında bütöv bir dövlət anlayışını yaratdı.Sultan Səlimin farsca şeirlərinə türkcə qarşılıq verdi:

Sultan Səlim:

Dər səfər gəştənü in bisərvü samaniyi-ma,

Bəhri cəmiyyəti-del-hast pərişaniyi-ma....

Şah İsmayıl Xətai:

Diyari-eşqə sultanam, dilə mən də zəmanəmdə,

Vəzirimdir qəmü-qüssə oturmuş iki yanımda...

Məmaliki-Azərbaycana valiləri həp türklərdən təyin etdi.Kəndindən sonra türkcə yazmaq bir dəb halını aldı.Məhəmməd Füzuli, Şahi Şərqi, Azəri Çələbi, Qövsi Təbrizi, Hatifi, Cahi və daha yüzlərlə şairimiz Xətaini örnək aldı.

Xülasə, Şah İsmayıl həm ədəbiyyatımızda, həm dövlətçiliyimizdə, həm ictimai təfəkkürümüzdə bir etalondur.Bəs bu etalonu görmək istəməyənlərə Azər Turanın monoqrafiyası hansı cəhətdən cavabdır?

Öncə ona aydınlıq gətirim ki, Azər bəyin yazısı sırf monoqrafiya kimi qəbul edilməlidir.Məsələyə həm konseptual baxış, mövzuya kompleks yanaşma, onlarla mənbə və məxəzin bir problemə yönəlməsi yazının monoqrafiya kimi yozulmasını şərtləndirir.

Monoqrafiyada konkret suallara konkret iqtibas və dəlillərlə cavab verilir:

Müəllif yazının giriş hissəsində haqlı olaraq Nihal Atsızın "Osmanlı-Səfəvi savaşı bir iç savaşıdır" təbirini önə çəkir və bu frazanı monoqrafiyanın finalında da xatırlatmaqla, Türk birliyinin hər amaldan öndə gəldiyinə nişan verir, həm də bugünkü məqamda.Heç quşqusuz ki, Türk məmləkətləri indiki qədər bir-birinə yaxın olmamışlar.Hələ-hələ Anadolu türkü dediksə, axar sular durulur.Deməli, bu mövzunu qabartmaq, Çaldıran savaşını ikidəbir tarix vitrininə çıxartmaq bədəsil insanların mənfur niyyətindən xəbər verir.

Azər Turan Xətaini mübarək şəcərədən uzaq tutmağa çalışanları elə öz silahları ilə vurur.Osmanlı başbilənlərinin - ll Bəyazidin Xətaiyə " böyük padşah, Türk və Dəyləm diyarlarının, əcəm məmləkətlərinin əzəmətli hökmdarı, dövrümüzün Cəmşidi, böyük Allahın yardım etdiyi Şah İsmayılın Allah dövlətinin əsaslarını gücləndirsin" deyə məktublar yazır.

Azər bəy yazısında səhih olmayan, qərəzli tarixçilərin də qərəzli yanaşmalarını alt-üst edir.Bu haqda professor, Xətaişünas alim Tufan Gündüzün də fikirləri ilə üst-üstə düşür.Tufan Gündüz Osmanlı cəbhəsindən baxıldığı üçün Xətai haqqında uydurmaların, cəfəngiyyatın yazıldığını dönə-dönə bildirir.Şah İsmayılın türk oğlu türk olduğunu və Azərbaycan dövlətçiliyi üçün nadir şəxsiyyət olmasına diqqət yetirir.Hətta Xətaini Azərbaycan tarixindən çıxarsan bu tarixdən heç bir şey qalmaz deyibən hər kəsin həddini bilməsi gərəkdiyini dilə gətirər.

Bu məqamda sayğıdəyər alimimiz Azər Turan da çox haqlıdır:

"Təəssüf ki, son günlər Xətai mövzusunda diskussiyada iştirak edənlərin çox azı istisna, əksəriyyəti orta əsrlərə məxsus osmanlı tarixlərinə istinad edir.Amma orta əsr saray tarixçilərinin yazdıqlarında təhrif olmayıbmı?! Onlardakı düşmən intonasiyadan sərf nəzər edilməsə, əks-təqdirdə, babalarımızın simasında ortaya nəinki faşist, hətta adamyeyən vampir bir zümrənin çıxması ehtimalı da çox yüksəkdir"

Azər Turan sonra cəfəng yazılardan nümunələr gətirməklə oxucu ilə həmin saxta müəllifləri üzbəüz qoyur.Yəni məntiqini işə sal, gör hansı məsəllərlə səni uyudur, hansı nağıllarla səni ovudurlar, ay biçarə!

Məsələn, Hoca Sadəddinin, yaxud Solakzadənin kitablarında yazılanlar kimi:

"Şah İsmayıl, Alaüddövlənin paytaxtını yaxıb yıxdı; əcdadının məzarlarını açıb sümüklərini atəşə verdi.Nəql edirlər ki, Alaüddövlənin oğlunu və qızını kabab etdirmiş və İranilər bir-birinin əllərindən qapıb yemişlər"

Mən bu sitatı Hammerin "Böyük Osmanlı tarixi" kitabından gətirdim.Amma diqqət yetirilməli bir nöqtəni də gözardı etməyək.Osmanlı müəllifləri "gördüm" demir, "nəql edirlər" deyir...

Amma fakt Hammerin kitabına tarixi gerçək kimi düşür.Sadəddin, yaxud Solakzadə hər deyiləni yazıya almasaydı, şübhəsiz ki, onların İranilər adlandırdığını Hammer İran mərdumxorları (adamyeyənləri) deyə mübaliğələndirməyəcəkdi

Azər bəy tarixi mənbələrə üz tutarkən qərəzi, naşılığı, həmin dövrün mühitini və.s amilləri doğru-dürüst saf-çürük etməyin, olaylara məntiqi yanaşmağın tərəfdarı kimi çıxış edir.

Azər bəyin monoqrafiyanın "Xətainin məzhəb faşizmi, yoxsa Osmanlı müftisinin fitvası" hissəsindəki sağlam əks-arqumentlərlə çıxışı təqdir olunmalıdır.Öz gözündə tiri görməyib, özgə gözündə çöp axtaranlara əsaslı bir cavabdır bu hissə:

"Xətaini məzhəb faşizmində suçlayanlara professor İsmayıl Hakkı Uzunçarşılının "Büyük Osmanlı tarixi" kitabında Xoca Sadəddinin "Tacüt-Təvarih" əsərində verilmiş belə bir məlumatı xatırladıram: "Padşah Anadoluda aram edən Qızılbaşları təftiş üçün hükkami-məmalikə hökmdar göndərib, yeddi yaşından yetmiş yaşına varınca Qızılbaş olduğu sabit olanların ismlərini dəftərə qeyd ilə kəndisinə göndərilməsini əmr etmişdi.Padişahın əmri üzərinə təhqiq və təftiş nəticəsində qırx min adam tevkif olunaraq kimi qətl edilmiş və kimisi həbs olunmuşdur".

Səfəvi təriqətinin saliklərinə öncə Səlim tərəfindən belə amansız divan tutulub."

Azər Turan bu dəlil və arqumentlərlə Fazil Mustafa və onun kimi Xətai düşmənlərinə tutarlı cavab vermiş olur və həmən də adamda belə bir sual yaranır:

Görəsən, Xətai müxalifləri eyni iddia ilə Sultan Səlim və başqa padşahları da faşist adlandırıb suçlaya bilirmi, yoxsa Fazil Mustafanın insaf, ədalət, mürvət arabasının çarxları yalnız birtərəfli işləyir?

Fazil Mustafanın cəfəng, rasional düşüncədən min kilometr uzaqda olan fikirlərini, diletant tarixçilərin belə özünə rəva bilmədiyi sözlərini xatırlayaq:

"Bizim mirasımız Məhəmməd Əmin Rəsulzadə və məsləkdaşlarının Rusiyanın işğalı nəticəsində İran bataqlığından qopara bilinən və ilk fürsətdə müstəqilliyini qazana bilən Azərbaycan dövlətidir"

Deputatımızın məntiqinə "bərəkallah!" Deməli, ermənilərin illər boyu hayqırdığı böhtanlarına:

"Azərbaycan tarixi 1918-dən bu yana var, ondan öncə Azərbaycan olmayıb" haqq qazandırmış olmurmu?!

Necə olur ki, bu aspektdə ermənilərlə Fazil Mustafanın fikirləri tən gəlir?

İkincisi, hansı ölkə 1000 il, 500 il öncəki mirasından əl çəkərək əllərini bala batırıb? Hansı cümhuriyyətlər keçmişdə monarxiya, ya başqa quruluşlarda olduğu üçün öz xanədanlıqlarını, səltənətlərini danıb?

İndi fransızlar Lüdoviklərindən əl üzməlidir ki, nə var, nə var bu gün respublika quruluşunda yaşayır?

Yaxud almanlar Vilhelmindən, Bismarkından imtina etməlidir ki, daha həmin imperiyaları tarixə qovuşub?

Əksinə, bütün ölkələr özlərini bir az da qədimə aparmaq naminə canfəşanlıq etdikləri məqamda Fazil Mustafanı bu qəflətə vardıran hansı reallıqlardır.Və nə üçün onun reallıqları Camaatçı, Nurçu, Gülənçi zehniyyəti ilə eyni havada, eyni ahəngdə səsləşir?

Və 35 milyonluq azərbaycan türkünün yaşadığı el-obamıza, əsrlər boyu başkəndi Təbriz olmuş səltənətlərimizə sayğısızlıq deputatın və onun yandaşlarının hansı qərəzindən irəli gəlir?

Azər Turanın F.Mustafaya cavabı tam məntiqlidir:

"Mirasımız müstəqillik qazanmış Azərbaycan dövlətidir.Amma Rusiya işğalı nəticəsində deyil.Belə çıxır ki, Azərbaycanın səadəti Rusiya işğalı nəticəsində mümkün olub? Elə isə...

Əvvəla, bu, Səfəvi dönəmində olmayıb.Qacarlar dövründə olub.İrana hökm edən Qacarlar da bizdən deyilmi?

Bu, başqa söhbətin mövzusudur.

Amma bu gün bu müzakirələr qızışdıqca Rusiyanın Cənubi Qafqaz siyasətində, xüsusən, Azərbaycanda çox marağında olduğu şiə-sünni münasibətləri yenidən gündəmə gətirilir, Şah İsmayıl dövründə Şirvanda baş vermiş savaşlar və qırğınlar yada salınır.Kimsə Xətainin ana qatili olduğunu deyir, adekvat olaraq əks arqument - Yavuzun ata qatili olması yada salınır.

(Xətainin ana qatili olmasını təsdiqləyəcək heç bir qaynaq və mənbə göstərilmir)

Qeyd: Professor Tufan Gündüz və başqa tarixçilər bunun cəfəng olduğunu isbatlayıb, Xətainin anasını ömrünün sonuna kimi Təbrizdə yaşamasına dair dəlillər sundular)

Azər Turan yanaşması ilə belə həssas məqamlara korafəhm şəkildə toxunanların yalnız Rusiya cəbhəsinə yardım etmiş olduğunu izah edir.

"Azərbaycan mədəniyyətinin dominantı olan Təbriz miniatür məktəbi də, Şeyx Səfi xalçası da Səfəvi irsidir.Biz imtina edək, İranmı sahib çıxsın?"

Monoqrafiyanın bu bölümü məsələyə daha konseptual yanaşılıb.Fikrimizdə geniş üfüqlər açan bu başlıqda təkcə keçmişə yox, həm də millət olaraq gələcəyədönük addımlarımız hesablanıb.

Sitat: "Fazil Mustafa bildirir ki, "səfəviliyin bizim bugünkü milli mirasa aid edilməsinin heç bir məntiqi izahı yoxdur"

Doğrudanmı, yoxdur? Səfəvi varisliyindən imtina ediriksə, o zaman çox şeylərdən imtina etməliyik.Milli varlığımızın mədəni kimlik simvolu olan Təbriz miniatür məktəbindən imtina etməliyik? Sultan Məhəmmədin, Ağa Mirəkin, Mir Müsəvvirin, Mir Seyid Əlinin, Sadiq bəy Əfşarın bizim mədəniyyətə dəxli olmadığına inanmalıyıq?

Xətainin bədii irsindən imtina etməliyik?

"Şeyx Səfi" xalçasının bizə aid olmadığını söyləməliyik?

Şah İsmayılın sarayındakı Aşıq Qurbanidən imtina etməliyik?

Qeyd: Azər bəyin bu sadaladıqlarına bir əlavə də mən edim və belə bir sual ünvanlayım:

235 illik Səfəvilər dönəmində - təxminən 2000-dən çox "Təbrizi" nisbəsi və təxəllüsü ilə şeirdə xarüqələr yaradan şairlərimiz olub, onlardanmı üz döndərək?

"Biz bu mirasla varıq.İmtina etsək, sözün bütün mənalarında quru yerdə qalmarıqmı?"

Azər bəyin bu ritorik sualları həm də yerində və lazımınca deyilmiş cavablardır.Bu cavablar azman tədqiqatçımız Salman Mümtazın fikirləri ilə necə də səsləşir.

Vaxtilə Salman Mümtaz da Xətai irsini bizim mənəvi və mədəni sərvətimiz hesab edib:

"Şah İsmayıl alim və şairləri ziyadəcəsinə sevən bir zat olub, müharibə əsnasında məmləkətlər fəth etdiyi zaman bir çox alim, şairlə görüşmüş və onlara fövqəladə hüsn-təvəccöh göstərmişdir.Bağdadı aldığı zaman dahi şairimiz Füzuli ilə görüşmüş və ona ehtiram etmişdir.Füzuli dəxi Şah İsmayıldan məmnun qaldığı üçün "Bəngü Badə" əsərini Xətaiyə təqdim etmişdir"

"Qalib olmuş mənə məhabəti-bəng,

Vəhm edib eylərəm hər işdə dirəng.

Cami-mey sun ki, ta dilliranə,

Mədh edim padşahi-dövranə.

Bu sürahidən olmayın xoşhal,

Dürdi-nisbət müdam ola pamal.

Məclisəfruzi-bəzimgahi-

Xəlil,

Cəmi-əyyam, Şah İsmayil.

Ondan asudədir qəniyyü gəda,

Xəllədəllahü mülkəhü əbəda..."

Salman Mümtaz

"Maarif və Mədəniyyət" jurnalı, 1923-cü il, nöm:3.

Göründüyü kimi Salman Mümtazın bu incə təsbiti Azər Turanın da nəzərindən saqınmayıb və məntiqi bir təsbitlə monoqrafiyada ehtiva olunub.Mən bu monoqrafiyanı xətadan xali, tam nöqsansız və kompleks işlənmiş elmi əsər kateqoriyasında görürəm.Nə xoş ki, Azər Turanın XƏTADAN XALİ, şahanə yazısının hava kimi, su kimi gərəkli olduğu vaxt məhz Şah babamızın baxtına yazılmış!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 Sentyabr 2026 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see337

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see284

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see278

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see268

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see228

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see226

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see225

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see219

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see206

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see205

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see196

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see193

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see192

Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20 Sentyabr 2026 13:28see191

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see188

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see188

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see187

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see185

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see179

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri